Görkəmli alim Bəxtiyar Məmmədzadə yad edildi

 

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda görkəmli filoloq alim, tədqiqatçı Bəxtiyar Məmmədzadənin anım günü keçirilib.

 

Tədbirdə tanınmış ədəbiyyatşünaslar, ictimaiyyət nümayəndələri, yazıçılar, mərhumun tələbələri, yoldaşları, ailə üzvləri jurnalistlər iştirak ediblər.

 

Bakı Dövlət Universitetinin dosenti, filoloq-alim Məti Osmanoğlu B.Məmmədzadə haqqında geniş məlumat verib, xatirələrini bölüşüb. Bildirib ki,  B.Məmmədzadə 1947-ci ildə Sabirabadda anadan olub, 1964-cü ildə Bakıda S.S.Axundov adına 172 nömrəli orta məktəbi qızıl medalla bitirərək, elə həmin il Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsil almağa başlayıb. 1969-cu ildə Azərbaycan Dövlət Uiversitetinin filologiya fakültəsini Azərbaycan dili ədəbiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdikdən sonra 1969-1972-ci illərdə təyinatla Biləsuvar rayonunun Xırmandalı kəndində orta məktəbdə Azərbaycan dili ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərib.

 

1972-ci ilin oktyabr ayından Azərbaycan Dövlət Uiversitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllimi, 1980-1984-cü illərdə baş müəllim, 1984-2010-cü illərdə dosent kimi elmi-pedaqoji fəaliyyətini davam etdirib. 1994-cü ildən 2010-cu ilə qədər Bakı Asiya Universitetinin şərqşünaslıq filologiya fakültələrinin dekanı vəzifəsində işləyib. O, əsasən XIX əsr Azərbaycan ədəbiyyatı tarixi, mətnşünaslıq, əruzun nəzəri əsasları, ədəbi-tənqid tarixi, elmin tədrisi metodikası fənlərini tədris edib, Azərbaycan ədəbiyyatının tarixi nəzəriyyəsi poetika sahələrində tədqiqat işi aparıb.

 

1979-cu ildə "Nəcəf bəy Vəzirovun komediyalarında sənətkarlıq" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Seyid Əzim Şirvani sənətkarlığı mövzusunda doktorluq dissertasiyasını tamamlayıb.

 

2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Bəxtiyar Məmmədzadə 4 kitabın, tədris proqramları yüzə qədər çap olunmuş elmi məqalənin müəllifidir.

 

M.Osmanoğlu çıxışında diqqəti alimin "Seyid Əzim poetikası" əsərinə çəkərək deyib ki, bu əsər mütləq yenidən nəşr olunmalıdır. Çünki bu, klassik-divan ədəbiyyatımızın poetikasını öyrənməkdən ötrü mükəmməl vəsaitdir, Azərbaycan ədəbiyyatşünaslığının əsas mənbələrindən biridir.

 

B.Məmmədzadəni bir müəllim, pedoqoq kimi də xatırlayan M.Osmanoğlu onun təkrarsız müəllim olduğunu, dərslərinin ədəbi tamaşa kimi keçdiyini deyib.

 

BDU-nun dosenti Etibar Talıblı mərhum alimin yüksək şəxsi keyfiyyətlərindən söz açıb: "Biz hər zaman Bəxtiyar müəllimdən öyrənmişik, həm müəllim, həm də dost kimi. İnsanın düzgün yol göstərənlərə həmişə ehtiyacı olur. Bəxtiyar müəllim də bizimçün düzgün yol göstərən insan idi. O, yaşından, vəzifəsindən, cəmiyyətdəki statusundan asılı olmayaraq, hər kəslə səmimi, xeyirxah münasibət qura bilirdi".

 

Sona Xəyal mənalı, pak bir ömür yaşamış alim haqqında danışaraq qeyd edib ki, Bəxtiyar Məmmədzadə dərin biliyi, intellekti, aydın nitqi olan alim-pedaqoq, ali insani dəyərləri özündə təcəssüm etdirən dəyərli şəxsiyyət idi: "Bəxtiyar müəllim heç kəsə bənzəməyən nəcib davranışları ilə seçilirdi, onun hər məqaləsi bir kitab qədər zəngin, əhatəli alınırdı".

 

Daha sonra ədəbiyyatşünas, Firudin Qurbansoy, şairlərdən Ağasəlim Əmiri, Seyid Məcid Əsri çıxış edərək mərhum haqda fikirlərini bölüşüblər.

 

Sonda mərhumun ailəsi adından oğlanları - ilahiyyat üzrə fəlsəfə doktoru Elçin Məmmədzadə və Araz Məmmədzadə çıxış edərək tədbirin keçirilməsinə, atalarının ehtiramla anılmasına görə Yazıçılar Birliyinin rəhbərliyinə, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet  2018.- 6 fevral.-  S.7.