"Gəncliyin səsi" çərçivəsində gənc yazarlarla görüş

 

Fevralın 3-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında 2 Fevral  - Gənclər günü ilə əlaqədar  Mədəniyyət və Turizm Nazirliyinin "Gəncliyin səsi" festivalı çərçivəsində gənc yazarlar Şahanə Müşfiq və Fuad Cəfərli ilə görüş keçirilib.

 

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiya üzrə Dövlət Agentliyi,  Azərbaycan Yazıçılar BirliyiMilli Kitabxananın birgə təşkilatçılığı ilə keçirilən görüşdə tanınmış yazarlar, ziyalılar, gənc şairlər, oxucular və media nümayəndələri, "Asan Xidmət" könüllüləri də iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı, AYB-nin Gənclər Şurasının sədri Elşad Ərşadoğlu gəncləri bayram münasibətilə təbrik edib, "Gəncliyin səsi" festivalı haqqında ətraflı məlumat verib.

 

AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri şair Səlim Babullaoğlu, şairlər Qəşəm Nəcəfzadə, Məhərrəm Şəmkirli fikirlərini bölüşərək gəncləri təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıblar.

 

"Qafqaz Media İctimai Birliyi"nin sədri Azadə Taleh qurumun fəxri fərmanlarını Şahanə Müşfiqə və Fuad Cəfərliyə təqdim edib.

 

Ş.Müşfiq və F.Cəfərli çıxış edərək şeirlərini söyləyib, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar. Yazarlardan Emin Süleymanov, Elvin Əlizadə, Şəhriyar Seyidov, İntiqam Yaşar, Gülnarə İsrafil, Oğuz Arpaslan, Tural Turan, Nuranə Nur, Günel Fərhad, Taleh Mansur, İntiqam İsmayılov, Qabil Ədalət, gənc rəssamlar Elnurə və Aygün İsgəndərovalar çıxış edərək hər iki yazarın yaradıcılığı haqqında düşüncələrini paylaşıblar.

 

Sonda Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Məhəmməd Həmzəyev çıxış edərək, 2 fevral "Gənclər günü" ilə bağlı belə bir növbəti tədbirin bölgələrdə  keçiriləcəyini diqqətə çatdırıb.

 

Milli Kitabxananın təşkil etdiyi "Gəncliyimiz sabahımızdır" adlı kitab sərgisi maraqla qarşılanıb.

 

XƏDİCƏ

 

525-ci qəzet  2018.- 6 fevral.-  S.7.