Akademik Teymur Bünyadovla Xalça
Muzeyində görüş
Azərbaycan Xalça Muzeyində
muzeyin inkişafı və kolleksiyalarının
tədqiqində əməyi
olan tarixçi-etnoqraf
alim, Əməkdar Elm
Xadimi, "Şərəf"
ordenli akademik Teymur Bünyadovun "Azərbaycan xalça sənəti" adlı mühazirəsi dinlənilib.
Muzeyin direktoru,
ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə
fəlsəfə doktoru
Şirin Məlikova akademikin həyat və fəaliyyəti haqqında məlumat verib.
Bildirib ki, bu ildən etibarən
muzeydə muzeyin yaradılması, inkişafı
və kolleksiyalarının
tədqiqində əməyi
olmuş alimlərə
həsr olunmuş silsilə mühazirələr
keçiriləcək. Bu silsilədən ilk tədbir
Teymur Bünyadova həsr edilib. O, dəyərli ziyalı, akademik Teymur Bünyadovun Azərbaycan Xalça Muzeyi ilə bağlı fəaliyyətindən bəhs
edib: "Teymur Bünyadov uzun müddət muzeyin fond satınalma komissiyasının
üzvü, eləcə
də 1992-ci ildən muzeyin nəzdində fəaliyyət göstərən
Mədəniyyət və
Turizm Nazirliyinin ekspert komissiyasının üzvü olub. Muzeyin kolleksiyalarının zənginləşdirilməsi
məqsədilə təşkil
olunmuş elmi ekspedisiyalarda da fəal iştirak edib, kolleksiyalar haqqında tarixi-etnoqrafik, bədii sənətkarlıq
məlumatların əldə
edilməsində böyük
əməyi olub".
Şirin Məlikova bildirib ki, Teymur Bünyadov
"Azərbaycan xalça
sənətinin qorunması
və inkişaf etdirilməsi haqqında"
Azərbaycan Respublikasının
qanununun hazırlanmasının
təşəbbüskarıdır.
Ümumilikdə 30-dan artıq kitabın,
1000-ə yaxın məqalənin
müəllifi olan akademik Azərbaycan etnoqrafiya elminin yaradıcılarından olmaqla
bərabər, həm
də bu elmin daxilində "tarixi etnoqrafiya məktəbi"nin əsasını qoyub, 8 elmlər doktoru, 35-dən çox fəlsəfə
doktoru yetişdirib.
Akademikin çoxillik elmi, bədii və publisistik yaradıcılığından da söz açan Şirin Məlikova onu ölkəmizin müstəqilliyini, dövlətçiliyini uca tutan ictimai-siyasi xadim kimi xarakterizə edib.
Qeyd edilib ki, görkəmli alimin elmi, pedaqoji və ictimai-siyasi xidmətləri hər zaman yüksək qiymətləndirilib. O, 2005-ci ildə "Şöhrət" ordeni, 2008-ci ildə "Əməkdar Elm Xadimi" fəxri adına, 90 illik yubileyi münasibəti ilə yanvarın 18-də ölkə başçısının müvafiq Sərəncamı ilə "Şərəf" ordeninə layiq görülüb.
Dəyərli alimi yubileyi münasibətlə təbrik edib Şirin Məlikova ona diplom və xatirə hədiyyəsi təqdim edib.
Tədbirin təşkilinə görə muzey rəhbərliyinə təşəkkürünü bildirən Teymur Bünyadov "Azərbaycan xalça sənəti" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə xalça sənətinin çoxəsrlik tarixindən, müasir inkişafından danışan görkəmli akademik Azərbaycan Xalça Muzeyinin bu qədim el sənətinin yaşadılması, gələcək nəsillərə çatdırılması və təbliği istiqamətindəki rolunu yüksək qiymətləndirib.
Sonda tədbir iştirakçılarının suallarını cavablandıran alim, eyni zamanda bədii yaradıcılıq nümunələrindən nümunələr səsləndirib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 6 fevral.- S.7.