Vahid Əziz
yaradıcılığındakı satira
xətti haqqında bir neçə söz
Sadıq MURTUZAYEV
Filologiya üzrə fəlsəfə
doktoru
Ədəbiyyatımızda satira janrından söhbət düşəndə istər-istəməz
klassik ədəbiyyatımızın
Mirzə Ələkbər
Sabir, Mirzə Cəlil Məmmədquluzadə
kimi nəhəngləri
yada düşür və həm də düşünürsən
ki, bəs niyə müasir ədəbiyyatımızda bu
janr öz əhəmiyyətini itirmək
üzrədir, daha doğrusu, təsiri satirik əsərlərimiz
yox dərəcəsindədir.
Ürək yaxan başqa bir məqam isə budur ki, həqiqi satira əvəzinə
"reketçilik" adlanmaqla
insanları şantaj edən, böhtan atmaqla onları hədələyib pul qazanmaq istəyən cinayətkar ünsürlər
mediaya yol tapmışlar...
Vahid Əzizin növbəti şeirlər toplusu olan "Səninlə..."
kitabında son 50 ildə
yazdığı şeirlərindən
seçilmiş 472 şeiri
toplanıb və bunların içərisində
elə satirik çalarlara təsadüf
etdim ki, şairin bu dərin müşahidələrinə
əsaslanıb, satiraya
ədəbiyyatımızda ehtiyacın hələ çox böyük olduğuna şübhəm
qalmadı. Bunları oxuduqca həm
şairin cəmiyyətimizdəki
müşahidələrinə heyran olursan, həm də bu nöqsanların üzə çıxarılmasının
vacibliyinə inanırsan.
Şair "Mənə yüz il ömür arzulamayın" şeirində
özünün (və
eləcə də hər kəsin) vətəndaşlıq borcunun
geniş düsturunu yada salır. Bu sırada
şair gümrah ömür, dost arasında
yerişini itirməmək,
heç kəsin dünyadan cavan köçməsini görməmək,
tay-tuşunu vaxtsız
itirməmək, başqasının
ümidinə qalmamaq,
ləyaqət, təmiz
ad qazanmaq, lənətə
batmamaq kimi müsbət bəşəri
arzular var.
"Vətəndaş sərçələr" şeirində
çox ibrətamiz bir məsələyə toxunan şair, vətənini, yurdunu atıb gedənlərdən
onu heç vaxt tərk etməyən "Vətəndaş
sərçələr"i daha üstün tutur.
"Niyə gəlmirsiniz
Bakıya, qızlar?"
şeirində erməni
əsirliyində qalan
qızlarımızın taleyinə
göz yaşı axıdır və hər bir ləyaqətli
vətəndaşı onları
xilas etməyə səsləyir. Şair "Hər günüm
sizlərsiz zəhərdir,
qızlar" - deyib göz yaşları axıdır.
"Bu gün qurd olacam
- ulaya bilsəm" şeirində şair,
"vicdanına xəyanət
edənləri", "təkcə
özü üçün
yaşayanları", "gününü yalvarışla
keçirənləri", "kin-küdurəti özünə
yoldaş edənləri",
namərdləri, gücsüzlərə,
zəiflərə divan tutanları,
belələrilə dostluq edənləri, əxlaqdan,
namusdan dəm vuran dələduzları,
mərd kişilərə
şər-böhtan atanları,
fahişələrin şəninə
badə qaldıranları
və başqa simasız insanları satira atəşinə tutur.
Böyük şairimiz Mirzə
Ələkbər Sabirə
qəni-qəni rəhmət
diləyib "Özümdən
özümə tövsiyələrim"
adlı şeirində insanlara qarşı xəyanət
içini çulğamış
satqınları qamçılayan
şair, satqın və xəyanətkarları,
alverə qurşanıb
oxumağı atanları,
şəhidlərə, igidliyə
gözü kor olanları və başqa tipləri məhşər ayağına
çəkib lənətləyir.
"On beş nəsihət" adlı şeirində
"Amandır, mənə
qulaq asmayın" epiqrafı ilə başlayan şair "buyruq qulu olanları", özündən güclü
olanlara yaltaqlanıb qarşısında dörd
qat əyilənləri,
ləyaqət, vicdan, insanlıq qeyrət kimi anlayışlardan uzaq olub təhqirlərə,
söyüşlərə dinməyənləri, "bəli",
"buyur", "baş
üstə"dən başqa
söz bilməyənləri,
"İşin içindən
iş çıxar"
bəhanəsilə heç
bir iş görməyən lodurları,
məhəbbətə, sevgiyə
biganə qalıb
"bunlar kasıb-küsub
tərəfindən uydurulub"
deyənləri, üzünü
maskalayanları hədəfə
alır.
"Qürbətdə" şeirində şair gözəl bir obraz yaratmışdır. Qatarından
ayrılıb torpağa
düşən qoca bir durnanın arxasınca yeriyib onu qucaqlayarkən vətən torpağının
qoxusunu alaraq arxası üstə uzanıb can verən bir qocanın faciəsini görürük.
Şairin
"İnsaf" şeirindən
bir parçanı olduğu kimi versəm, hesab edirəm ki, hər şey daha tez nəzərə
çarpar:
"Təzəpir məscidinin
kölgəsində dilənən,
zavallı bir qarıya xeyli pul verdim,
bir axşamüstü.
Qarı
bir mənə baxdı, bir də ki pula,
Dedi:
"Pulu çox vermisən,
Allah qəbul eləməz,
al, götür yarısını".
Neçə vaxtdır düşünürəm,
məmləkətin
O zavallı qarısını,
Düşünürəm çox şeyi..."
Daha sonra şairin nəzərində çoxlu
nadürüstlər canlanır
və o, şeirini:
"Rəhm elə məscidlərin kölgəsində
dilənən
bu bədbəxt insanlara,
Sən ey Gözəgörünməz!
Yoxsulu tacirindən, şairi nazirindən,
Alimi hakimindən
İnsaflı olan millət
Yer üzündən silinməz"
- misraları ilə
tamamlayır.
Şairin
"Qoyun", "Qonağımız
çox qəribə
qonaqdır", "Şair
və şeytan",
"Quyu", "Hamı
yalan danışır",
"Məni insanlardan
qoru" şeirləri
cəmiyyətdəki eybəcərliklərdən
söz açır.
Vahid Əziz
yaradıcılığının üstünlüyü ondadır
ki, o, cəmiyyətdə
gördüyü, müşahidə
etdiyi mənfi hallara biganə qalmır, "Dəhşətə
gəlirəm xəbər
tutanda" şeirində
dediyi kimi, görüb-bildikləri onu
dəhşətə gətirir,
şair hayqırır,
vətənin saf, mübariz oğul-qızlarını,
hətta göydəki
mələkləri də
köməyə çağırır. Burada insan
xarakterindəki biganəlik
ən iyrənc sifət kimi təsvir olunur və Vahid Əziz
bundan əlçatmaz
bir ucalıqdadır.
Vahid Əziz öz yaradıcılığının ən coşqun dövrünü yaşayır və yəqin ki, onun dəqiq müşahidələri və satirik qələmi bundan sonra da alimlərimiz üçün də (çox təəssüf ki, bunlar da xeyli azalıb, Məmməd Arif Dadaşzadə, Mikayıl Rəfili, Əli Sultanlı kimi ədəbiyyatşünas nəhənglərin yeri görünür) tədqiqat meydanı açacaq.
Burada müasir dövrümüzün bir faciəsini də qeyd etmək, elə bilirəm ki, yerinə düşər. İndi gənclərimiz kitab oxumurlar. Güya kitablarla internetdə tanış olurlar və əslində, təbii kitab mütaliəsi ilə bunu əsla müqayisə etmək olmaz. Bu isə gənclərimizin dünyagörüşünə böyük məhdudiyyət yaradan amillərdəndir. Bunun da son nəticədə zərbəsi elə cəmiyyətimizin özünə dəyir.
Mənim ilk publisistik kitabım Sovet dönəmində 30 min tirajla çap olunmuşdu. Az sonra daha 10 min əlavə tiraj verildi. O zamanın məşhur şair və yazıçılarının kitabları isə 100-150 min tirajla çap olunur və bir neçə ildən sonra yenidən daha böyük tirajla çapa verilirdi. Vahid Əzizin bu kitabı isə cəmi min nüsxə ilə çap olunub, həm də yəqin ki, şairin öz pensiyası hesabına və qonorarsız. Lakin vaxtilə şairlərimiz belə kitablara görə böyük məbləğdə qonorar alırdılar.
Bu yaxınlarda vaxtilə məşhur olan bir professorumuzun zəngin kitabxanasını onun oğlunun maşınla aparıb zibilxanada yandırdığını eşidəndə qəlbimdən qara qanlar axdı!
Sonda bir məqamı da diqqətə çatdırım: bəs Vahid Əzizin çox güclü və geniş satirası olduğu halda, məqalənin başlığına niyə "Bir neçə söz" yazdım? Mən 60 il əvvəl böyük Mirzə Fətəli Axundovun təmsilatı olan 6 komediyasının frazeologiyası haqqında namizədlik dissertasiyası yazıb müdafiə etmişəm. Əslində, bu yazını yazmaqda məqsədim həm də budur ki, bu zənginliyi ədəbiyyatşünas alimlərimizin və elmi araşdırmalar üçün mövzu axtaran aspirantların nəzərinə çatdırım. Məqaləni yığcam yazmaqla həm qəzetin çap imkanını nəzərə almışam, həm də yaşımın doxsanı keçməsi geniş tədqiqat aparmaqda, görünür, öz sözünü deyib.
525-ci qəzet 2018.- 6 fevral.- S.7.