"Azaflıyam, eldir dostum, qardaşım..."

 

UNUDULMAZ SAZ-SÖZ SƏNƏTKARIMIZ MİKAYIL AZAFLININ ÖMÜR SALNAMƏSİNİ ONUN QIZI AŞIQ GÜLARƏ AZAFLI İLƏ VƏRƏQLƏDİK

 

Mən dustağa bir xəbər ver,

Açılıbmı yaz, ay bülbül?

Dərdim çoxdu, sənə deyim,

Qələm götür, yaz, ay bülbül...

 

Bu kədərli misraların müəllifi olan Aşıq Mikayıl Azaflı (Mikayıl Cabbar oğlu Zeynalov) 21 mart 1924-cü ildə Tovuz rayonunun Azaflı kəndində dünyaya gəlib.

 

Mikayıl Azaflı sağlığında klassikləşən ustad aşıq olub. Aşıq poeziyasının bütün şəkillərində əsl sənət nümunələri yaradan klassik aşıq ənənələrini layiqincə davam etdirən sənətkardır. 1984-cü ildə IV Aşıqlar qurultayında çıxış edib Aşıqlar Birliyinin sədr müavini seçilib. Ümumittifaq Musiqi Cəmiyyətinin Rəyasət Heyətinə üzv seçilib, 1989-cu il martın 19-da Cəmiyyətin İdarə Heyətinin sədri İ.K.Arxipovanın dəvəti ilə Moskvaya gedərək Plenumda iştirak edib. 1989-cu il mayın 17-də "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. İlk şeirlər kitabı 1987-ci ildə "Qoca Qartal" adı ilə "Yazıçı" nəşriyyatında çap olunub. Kitab 1988-ci ildə Türkiyədə, 1993-2003-cü illərdə İranda eyni adla nəşr edilib. 2000-ci ildə "Azaflı yaradıcılığı dünyanın tarixi abidəsidir", 2008-ci ildə, demək olar ki, yaradıcılığının çox hissəsini əhatə edən "Qoca Azaflıyam", 2010-cu ildə "De, kimdən küsüm", 2013-cü ildə "Zindan məktubları" kitabları nəşr olunub. Mikayıl Azaflı 1990-cı ilin oktyabrın 10-da dünyasını dəyişib, doğma kəndində, "Qərib Seyid" qəbiristanlığında dəfn edilib.

 

Görkəmli sənətkar haqqında onun qızı Aşıq Gülarə Azaflı ilə söhbətləşdik.

 

- Öncə Mikayıl Azaflının uşaqlıq dövründən söhbət açardız. Çünki tanınmış insanların sənət adamlarının uşaqlıq illəri diqqət cəlb edir. Həmişə belə insanlar həyatın keşməkəşli dövrünü uşaqlıq illərində yaşayır.

 

- Babam (Azaflı ailəsində ataya baba deyirlər) uşaq vaxtından yetim olub. Mikayıl Azaflı atası Zeynalov Cabbar Zeynal oğlunu erkən itirib. O, anası Nənəxanımın himayəsində böyüyür. Babamgil iki qardaş olublar. Qardaşı iri süd qazanına düşərək yanıb. Babama bir müddət anası baxır. Onun 3 yaşı tamam olanda anası Mikayılı əmisi Həsən kişiyə verir. Həsən kişi yaxşı saz çalarmış. Mikayıl babam ilk dərsini Həsən əmisindən alır. Bir müddət sonra Həsən kişi dünyasını dəyişir babam onların övladlarına baxmalı olur. Həyat babama elə dərs keçir ki, ömrü boyu haqsızlığı nəzmə çəkir.

 

- Mikayıl Azaflının həyatında orta məktəb illəri xüsusi yer tutur. Həyatının ən ağır günləri bu illərdən başlayır. Ustad aşığın orta məktəb dövründə başına gələn həmin müsibətdən söhbət açardız.

 

- Babam həqiqətən Stalini çox istəyib. Bu sevgi həmin dövrdə digər insanlarda da olub. Yeddinci sinifdə oxuyanda Stalinin şəkilini kitabının üzərinə yapışdırır. Uşaqlardan biri bu şəkili eybəcər formaya salır üzərinə mürəkkəb tökür. Bu hadisəni direktora xəbər verirlər. Babam direktora deyir ki, mən eləməmişəm. Direktor deyir: "Mənim sənə köməyim bu olar ki, qaç canını qurtar. Artıq NKVD- xəbər veriblər". Bununla da babamın qaçaqlıq həyatı başlayıb. Babam deyirdi ki, meşələrdə gizlənirdim, ağacların başında yatırdım yıxılmamaq üçün özümü kəmərlə ağaca bağlayırdım. Gecələr isə qəbiristanlıqda yatırmış. Çünki ən təhlükəsiz yer qəbiristanlıq idi. Bu ərəfələrdə babam Goranboyda qohumların yanına gedir. Bir ay burada qalır. Qaçmaq səbəbini qohumlarımız bildikdən sonra babamı saxlamırlar. Bu hadisə mənim mamamla evlənənə kimi davam edir. Anam Şanba Əsrik kəndindəndir. Nənəm Mikayıl Azaflını üzə çıxararaq qaçaqçılıq həyatından qurtarır. Babamın təvəllüdünü dəyişərək başqa bir adamın yerinə Goranboy rayonundan müharibəyə göndərirlər. Babam danışırdı ki, dil bilməməzlikdən verilən komandaları anlamırdıq və rus zabitləri buna görə başqa millətin əsgərlərini güllələyirdilər. Babam da rus dilini bilmədiyi üçün bir dostu ilə çox çətinliklə oradan qaçır və  Bakıya gəlir. Bu xəbəri bir yolla M.C.Bağırova çatdırırlar və o vaxta qədər bu xəbərlə Bağırovun yanına gələnlər çox olubmuş. Bu hadisə 1944-cü ildə olur. Onun gətirdiyi xəbərə heç kəs inanmır və onu həbs edirlər. Həbsin səbəbi babamın adının Tovuz rayonu siyahısında olmamasıdır. Çünki babamı müharibəyə Goranboydan aparırlar. Sağlığında Mikayıl Azaflı Əli Kafkasiyalı ilə bu haqda geniş söhbət edib.

 

- Sənətkarın ailəsi haqqında da ətraflı danışmaq yerinə düşərdi.

 

- Babamla anamın 4 övladı olur və mənasız bir səbəb üzündən ayrılırlar. Uzun bir müddət ayrı qalırlar. Bu zaman babam başqa bir xanımla ailə qurur. Bundan iki övladı olur. Babam uşaqlara xatir yenidən barışır. Bunun ayrıca bir əhvalatı var. Babamın Mirələkbər adlı bir dostu vardı. Bir gün babam onlara gedirgörür ki, bütün ailə bir arada deyib-gülüb xəngəl yeyirlər. Bu zaman babam doluxsunur. Mirələkbər babamdan bunun səbəbini soruşur. Babam əhvalatı Mirələkbər kişiyə danışır. Mirələkbər uzun müddətdən sonra atam və anamı barışdırır. Mən və bacım Brilliant olurbundan sonra babama şər ataraq yenidən həbs edirlər. Həbsdən qayıdandan sonra isə daha üç bacım dünyaya gəlir. Dilarə, Məzahir, Minayə, Hakim, Gülara, Brilliant, Nüşabə, Ulduz, Maral - bunlar Şanbadan olanlardı. Atamın Güləndam xanımdan Məlahət və Hökmran adlı iki övladı olub.

 

- Mikayıl Azaflı bir dəfə Aşıq Hüseyn Bozalqanlının qəbri üzərində yatır. Bu haqda aşıqlar çox danışıb. Həmin əhvalat haqqında söhbət açardız.

 

- Salyan aşıqları Tovuz aşıqlarına bağlama - qıfılbənd göndərirlər. Həmin bağlamanı heç kəs aça bilmir. Bağlamanı Aşıq Yusif kişiyə göndərirlər. Yusif kişi deyir ki, Mikayıl, elimizin, obamızın şairi indi sənsən və bunu ancaq sən aça bilərsən. Babam bu bağlamanı açır. Ancaq bir yerində ilişib qalır. Gecə yuxusuna Aşıq Ələsgərlə Aşıq Hüseyn Bozalqanlı girir. Üzlərini Mikayıldan döndərib deyirlər ki, səndən küsmüşük. O nə qıfılbənddir ki, aça bilmirsən. Səhər Azaflı oyanır. Aşıq Əkbərin yanına gedir. Və birlikdə Hüseyn Bozalqanlının məzarına gedirlər. Babam "Məzarına ziyarətə gəlmişəm, Yad ellər üstümə ayaq alıbdır" şeirini deyirorada da yatır. Yuxuda Aşıq Hüseyn Bozalqanlı deyir: "Əsəd, Mikayıl gəlib, gör nə istəyir?" Aşıq Əsəd deyir: "Mən ondan küsmüşəm. Mikayıl aygünü bölüb çıxa bilmir, mən onadeyim". Beləcə bu bağlamanı açır və  babam buna cavab yazır. Hadisə təxminən 1954-cü ildə olub.

 

- Mikayıl Azaflının deyişmələri içərisində xüsusilə Molla Əhmədlə deyişməsi diqqət cəlb edir. Bu deyişmə necə yaranıb?

 

- Radioda aşıq musiqisinin yeni-yeni səsləndirilən vaxtları olub. Aşıq Şakirlə Aşıq Pənah çıxış edir. Tovuzun o vaxtkı birinci katibi Kərimov aşıqları çağırıb deyir: "Necə olur ki, Tovuz aşıqlar yurdu ola, amma radioda çıxış etməyələr. Siz də çıxış etməlisiniz". Aşıqlar yığışıb xor oxumaq istəyirlər, amma hansı sözü oxuyacaqları üstündə sözləri çəpləşir. Biri S.Vurğunun "Azərbaycan" şeirini, başqa biri isə Hüseyn Bozalqanlının "Yaşa-yaşa, Azərbaycan" şeirini təklif edir. Konsert pozulur. Azaflı bu münasibətlə "Bizim aşıqların xor düzəltməyi, Tükənməz aylara, illərə qaldı" şeirini deyir, aşıqlar inciyirlər. Raykoma gedib şikayət edirlər ki, Azaflının sazı alınsın. Özünə də aşıqlıq eləməyə qadağa qoyulsun. Təsadüfən o vaxt nəşr olunan "Kommunist" qəzetinin müxbiri gəlib ora çıxır. Deyir ki, bu şeir təhqir deyil, tənqiddir. Sonra aşıqlar kimə deyirlərsə ki, Mikayıla tənqidi şeir yazsın, heç kim razı olmur. O zaman aşıq Qəhrəman Molla Əhmədin yanın gedir. Xahiş, minnət edir ki, Mikayıla cavab versin. Molla Əhməd bir şərtlə razılaşır ki, onun adı olmasın. Şeiri "Bənnaçı" imzası ilə Mikayıla göndərirlər. Şeir Azaflının aşıqlara yazdığı "Qaldı" rədifli şeirinə cavabdır. "Nə müddətdir çalışırsan söz üçün. Hələ çatmamısan başa nə qaldı" misraları ilə başlayır. Aşıq Qəhrəman şeiri aşıqlar arasında yayır. Müəllifi məlum olur. Bundan sonra Molla Əhməd və Mikayıl Azaflı arasında deyişmə başlayır. Axırda Qəhrəman deyir ki, belə ara vurmaqla əcəb elədim. Mən belə etməsəydim, bu cür şeir-dastan yaranmazdı. Bundan sonra bu iki insanın səs-sorağı hər yana yayılır. Molla Əhməd çox güclü şeriyyəti olanqorxmaz insan idi. Molla Əhməd yaşca Mikayıl Azaflıdan böyükdür. Azaflıya həcv də yazıb. Bir dəfə məclis yığılır və deyişmə başlayır. Axırda babam dodaqdəyməz, diltərpənməz, zindani, dilsiz təcnis ilə Molla Əhmədi bağlayır.

 

- Bildiyimizə görə, Azaflı Mikayıl həm də Səməd Vurğunun xeyir-duası ilə aşıqlıq sənətinə başlayıb. Onların görüşü necə alınıb?

 

(Ardı var)

 

Mahmud ƏYYUB

Aşıqlar Birliyinin üzvü

525-ci qəzet  2018- 6 fevral.- S.6.