Nuru Paşanı layiq olduğu şəkildə tanıtmağa davam edəcəyik”

 

Tanınmış türk ziyalısı, tarixçi-yazar, “Nuri Killigilkitabının müəllifi Atilla Oralın “525-ci qəzet”ə müsahibəsi

 

- Azərbaycan istiqlaliyyətinin ən böyük hərbi dəstəkçisi olan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın həyat fəaliyyətini tədqiq etməyə vaxt başlamışdınız?

 

- Təxminən 20 ildir ki, Nuru Paşanın həyat fəaliyyətini araşdırıram. 928 səhifəlik ilk kitabım 17 illik zəhmətimin nəticəsi idi. Kitabı 2016-cı ilin iyununda çap etdim. Mənim öz nəşriyyatım var. Əsərlərimin hamısını özüm çap edib nəşriyyatım vasitəsi ilə satıram.

 

- Bunun səbəbi nədir?

 

- Kitablarıma çoxlu tarixi sənəd, foto, arxiv materialları daxil etdiyimə görə, maya dəyəri yüksək olur. Mağazalara verəndə istər-istəməz qiymətlər çox artır, gənclərin, tələbələrin, geniş oxucu kütləsinin kitablarımı almağa maddi imkanı çatmır. Oxucular nəşriyyatımı tanıyır, bizimlə birbaşa əlaqə yaradırlar, ona görə kitablarımı münasib qiymətə ala bilirlər.

 

- “Nuri Killigilkitabınızın ilk nəşri neçə nüsxə idi? 

 

- İlk nəşri 3000 nüsxə idi. İndi özümdə lap az qalıb. İşgalden kurtuluşa İstanbuladlı kitabımdan isə özümdə qalıb, bukinistlərdə. O kitab indi 10 dəfə baha qiymətə satılır. Yaxın gələcəkdə həmin kitabımı da yenidən nəşr etməyi planlaşdırıram.

 

- Nuru Paşanın həyat fəaliyyətini araşdırmaq hardan ağlınıza gəlmişdi?

 

- Türk silah sənayesində özəl sektorun iki mühüm nümayəndəsindən biri olan Şakir Zümrə barədə kitab yazarkən, belə demək mümkünsə, qarşıma o biri böyük silah istehsalçısı - Nuri Killigil çıxdı. Ənvər Paşa kimi, onun qardaşı Nuru Paşanın da həyat fəaliyyəti barədə Türkiyə ictimaiyyətinin, demək olar ki, məlumatı yox idi. 1910-cu illərin əvvəllərində Liviya cəbhəsində mübarizə aparan Nuru Paşa daha sonra Osmanlı imperiyasının həyata keçirməyə çalışdığı siyasətə uyğun olaraq, Qafqaz İslam Ordusunun komandanı təyin edilmiş 28 may 1918-ci ildə qurulan Azərbaycan Cümhuriyyətini hərbi cəhətdən dəstəkləmək üçün Gəncəyə göndərilmişdi. Əmisi Xəlil Paşanın müəyyənləşdirdiyi hərbi əməliyyat planı çərçivəsində Ərzurumlu Mürsəl Paşanın da verdiyi dəstəklə Nuru Paşanın komandanlığındakı qüvvələr 15 sentyabr 1918-ci ildə Bakını yad ünsürlərdən təmizləmiş, həmin gün Gəncəyə - baş nazir Fətəli xan Xoyskiyə teleqram göndərən Nuru Paşa hökumətin dərhal azad edilmiş paytaxta köçürülməsini istəmişdi. Desəm ki, Nuru Paşa Azərbaycanı canından çox sevib - əmin olun ki, heç bir mübaliğəyə yol vermirəm. Nuru Paşa Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın mühüm simvollarından biridir. Bakının işğaldan azad edilməsinin birinci ildönümündə - 15 sentyabr 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin onun barəsində yazdığıHaqq yerini tutduğu günadlı yazısını oxumağı hamıya tövsiyə edirəm. O yazıda Rəsulzadə Nuru Paşanın Azərbaycan üçün dəyərini sərrast şəkildə ifadə edib.

 

- Məcburiyyət qarşısında qalıb Azərbaycanı tərk edəndən sonra Nuru Paşa haralarda fəaliyyət göstərdi, hansı işlərlə məşğul oldu?

 

- Osmanlı imperiyasının birinci dünya müharibəsində məğlub olmasından sonra Nuru Paşanın səlahiyyətlərinə son qoyuldu. İstanbula qayıdan Nuru Paşa 1919-ci ilin yazında həbs edilib İstanbulu işğal edən ingilislərə verildi, ingilislər isə onu Batumiyə apararaq orada edama məhkum etmək istəyirdilər. Nuru Paşanı 15 sentyabr 1918-ci ildə Bakıya girərkənermənilərə ziyan vurmaqdaittiham edirdilər. Azərbaycan hökumətinin qurduğu planla Nuru Paşa Batumidə həbsxanadan qaçırıldı. Bir müddət Ərzurumda, daha qısa müddət Ankarada qalan Nuru Paşa oradan Almaniyaya gedərək 1924-cü ildə İstanbula qayıtmışdır. Ənvər Paşanın 4 avqust 1922-ci ildə Orta Asiyada ermənilər tərəfindən şəhid edilməsindən sonra ailə hərbi işlərdən tamamilə uzaqlaşmışdır. Nuru Paşa kiçik qardaşı Ərtuğrul ilə 1926-cı ildə Kütahyada çini zavodu açmışdır. 1930-cu illərin ortalarında isə Türkiyənin bəzi mühüm hərbi-strateji sənaye sahələrinə investisiyalar qoyub, İstanbulda silah-sursat istehsal edib. İkinci dünya müharibəsi başlayarkən Nuri Killigil Şakir Zümrə özəl sektorda Türk silah sənayesinin ən mühüm iki istehsalçısı idilər. Türkiyə ikinci dünya müharibəsində iştirak etməsə ordumuz daima döyüşlərə hazır vəziyyətdə saxlanılırdı güllədən top mərmisinə, tapançadan qısa lüləli toplara, qumbaralardan təyyarə bombalarına qədər bəzi silah-sursatımızı Nuru Paşanın zavodu istehsal edirdi. Təəssüf ki, müharibədən sonra bu işləri davam etdirmək mümkün olmadı.

 

- Niyə?

 

-Dünya müharibəsi davam edərkən - 30 yanvar 1943-cü ildə İngiltərənin baş naziri Uinston Çörçill Adanaya gələrək prezident İsmət İnönü ilə görüşdü. Çörçil, eyni zamanda, ABŞ prezidenti Ruzveltin adından gəlmişdi. Əsas məqsəd müharibədən sonra Türkiyə ilə silah-sursat sahəsində əməkdaşlıq idi. Müharibədən sonra ABŞ prezidenti Trumenin qəbul etdiyi qərarla Türkiyəyə böyük miqdarda silah yardımı edildi. Bu vəziyyətdə özəl sektora aid olan silah zavodlarının işləməsi çox çətin idi. Şakir Zümrə öz zavodunun fəaliyyət sahəsini dəyişdirərək soba istehsal etməyə başladı. 1948-ci ildə İsrail dövləti qurulandan sonra Nuru Paşanın zavoduna ərəb dövlətlərindən sifarişlər gəlməyə başladı. BMT Təhlükəsizlik Şurası İsrail ilə müharibəyə girən ərəb dövlətlərinə silah satışını qadağan etmişdi. Nuru Paşa isə ərəblərin sifarişlərini yerinə yetirməklə yanaşı, Misirdə Suriyada silah zavodları tikmək üçün ilk addımları atmışdı. İstanbuldakı zavoddan ərəblərə təhvil verilən silah-sursat gizli yollarla Fələstin cəbhəsinə göndərilirdi. Bu vəziyyət beynəlxalq qüvvələrin diqqət mərkəzində idi. Digər tərəfdən, Trumen yardımlarına çox əhəmiyyət verən Türkiyə hökuməti Nuru Paşanın silah istehsal etməsinə müsbət baxmırdı. 2 mart 1949-cu ildə günorta Nuru Paşa xanımını Qahirəyə yola salıb zavoduna gəldi, saat 16:55-də zavodun kimya laboratoriyasında dəhşətli partlayış baş verdi. Partlayışda zavodun işçiləri xəsarət almasın deyə, Nuru Paşa ən təhlükəli nöqtəyə gedərək yanğını söndürməyə çalışsa da, zavodun digər 27 işçisiylə birgə həlak oldu. Onun meyitinin bir hissəsi 20 gündən sonra körfəzdən tapıldı. Dəfn namazının qılınmasına icazə verilmədən Ədirnəqapı qəbristanında dəfn edildi. Onların dəfn edildiyi yerəNuru Paşa şəhidliyiadını da mən vermişəm.

 

- Kitabınız çıxandan sonra həm Türkiyə, həm Azərbaycanda Nuru Paşa ilə bağlı köhnə təsəvvürlərin dəyişdiyini bilirik. Kitabdan başqa hansı işləri gördünüz?

 

- Nuru Paşa şəhidliyi bir Türk adamının maddi dəstəyi ilə tamamilə yenidən quruldu. İndi o şəhidlikdə Türkiyə və Azərbaycan bayraqları dalğalanır. 28 sentyabr 2016-cı ildə Nuru Paşa şəhidliyində ilk dəfə dəfn namazı qılındı, azərbaycanlı bacı-qardaşlarımızın orada iştirak etməsi bizi çox sevindirdi. Ondan əvvəl isə məni Bakıya dəvət etmişdilər, orada kitabımın imza mərasimləri keçirildi. Azərbaycanda Nuru Paşaya verilən dəyər gözümün qabağına gələndə kövrəlirəm. İstanbul bələdiyyəsi bir vaxtlar Nuru Paşanın zavodunun olduğu yerə Nuri Killigil parkı adını verdi. 15 sentyabr 2017-ci ildə Xaliç körfəzinin sahilində Nuri Killigil parkını açdıq. Artıq hər il martın 2-də Nuru Paşa şəhidliyinə, sentyabrın 15-də isə Nuri Killigil parkına gedərək onun və digər şəhidlərin əziz xatirəsi önündə baş əyirik.

 

- Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Cümhuriyyətimizin 100 illiyi geniş tədbirlərlə qeyd ediləcək. O çərçivədə hansı işləri görməyi planlaşdırmısınız?

 

- Cənab prezident Əliyevə bu qərara görə dərin təşəkkürümü bildirirəm. Daha əvvəl prezident Ərdoğan da Nuru Paşanın iki ölkənin qardaşlığının mühüm simvollarından biri olduğunu demişdi. Cənab Ərdoğana da təşəkkür borcumuz var. Azərbaycan Cümhuriyyətinin 100-cü ilini birlikdə keçirməliyik. Bir neçə ay əvvəl Bakıdan mənə müraciət edərək kitabımı Azərbaycan türkcəsində çap etmək istədiklərini bildirdilər. Bu, məni həddən artıq sevindirdi. İndi kitabımın tərcüməsi üzərində gedir, 100 illik yubiley ərəfəsində çıxacağına inanıram. İstanbuldakı Hərbi muzeydə Nuri Killigil sərgisi keçirməyə planlaşdırırıq. Nuru Paşa ilə bağlı bütün işləri biz 3 dost birlikdə planlaşdırıb həyata keçirmişik, onların adlarını çəkməyimə icazə vermirlər. Bundan sonrakı əsas hədəflərimizdən biri də beynəlxalq Nuri Killigil simpoziumu keçirməkdir. Nuru Paşa Azərbaycan və Türkiyə üçün heç vaxt  unudulmaması lazım olan adamdır. Bizonun layiq olduğu şəkildə tanınmasına çalışacağıq.

 

Aydın AĞAZADƏ

İstanbul, fevral 2018

 

525-ci qəzet  2018.- 6 fevral.- S.4.