Nəğmələrlə qazanılan
şöhrət və əbədiyyət
UNUDULMAZ BƏSTƏKARIMIZ
ŞƏFİQƏ AXUNDOVA KÖNÜLLƏRDƏ,
YADDAŞLARDA YAŞAYIR
Xədicə RƏHMAN
Musiqi bənzərsiz
çiçəklərin açdığı və
alaq otlarının cücərib boy ata bilmədiyi ülvi bir diyardır. Duyğularımıza qanad verən bu sənət bizi notların qanadlarında əvvəlcə
bəstəkarın xəyal
dünyasına, ordan da lap uzaq aləmlərə
aparar.
Məhz belə bir qüdrətə
malik fitri musiqi istedadıyla dünyaya göz açmışdı Şəfiqə
Axundova. İnsan duyğularına toxunan mahnılarla könüllərdə əbədilik
qazanan Şəfiqə
xanımın sənətinə
məhəbbətim bəstələrinə
sevgimdən yaranıb.
Böyükdən kiçiyə hər kəsin dilinin əzbərinə çevrilib
onun mahnıları. "Həyat, sən nə şirinsən",
"Nədən oldu?",
"Mehriban olaq",
"Hardasan, sevgilim"
yüzlərlə mahnının,
romansların, xor üçün silsilələrin,
simfonik orkestr üçün suitaların,
"Ev bizim, sirr bizim" operettasının və onu Şərqdə opera yazan ilk qadın bəstəkara çevirən
"Gəlin qayası"
operasının müəllifidir
Şəfiqə xanım.
İncəsənətdə retro mahnılar deyilən ifadə var. Bir vaxtların çox populyar mahnıları illər sonra retro sayılır. Şəfiqə Axundovanın nəğmələrini
nədənsə retro adlandırmağa
çətinlik çəkirəm.
Bu nəğmələr həmişə təzə,
sevilərək ifa olunan və dinlənilən əsərlərdir.
Yəni həmişə müasirdir.
Bu da onları
yaradan bəstəkarın
böyük istedadından
qaynaqlanır.
Şəfiqə Axundovanın həyat və yaradıcılıq
yolu əksəriyyətə
məlum olsa da, yenə də
onun ömür səhifələrini vərəqləmək
istəyirəm.
Şəkili olduğunu söyləməsinə
gərək yox idi əslində, qoruyub saxladığı
o şirin ləhcəsi
onu dərhal ələ verirdi. 1924-cü il yanvarın 21-də
"Gəncəlilər" məhəlləsində Qulam
kişinin ailəsində
dünyaya göz açmışdı. O, hələ
uşaq ikən ailəsi Bakıya köçür. Ş.Axundova burada
6 saylı məktəbdə
təhsil alır, sonralar isə 173 saylı orta ümumtəhsil məktəbində
oxuyur. Ancaq onun üçün
əsl məktəb, şübhəsiz ki, dahi Üzeyir Hacıbəyli ilə ünsiyyəti olub.
1940-cı
ildə Mirzə İbrahimov və həyat yoldaşı Sara
xanımın vasitəsilə
Ü.Hacıbəyli ilə
tanış olan Şəfiqənin həyatında yeni mərhələ başlayır.
Bir bəstəkar,
sənətkar və şəxsiyyət kimi yetişməsində Üzeyir
bəyin misilsiz rolunu fəxarət hissi ilə qeyd edən Şəfiqə xanım onu mənəvi atası adlandırırdı. Bəstəkar
öz dahi müəlliminə olan məhəbbət və ehtiramını ona ithaf etdiyi "Xatirə" pyesi ilə, Xuraman Vəfanın sözlərinə
bəstələdiyi "Yaşadacaq
el səni", Xanımana
Əlibəylinin sözlərinə
"Dahi sənətkar"
əsərləri ilə
tərənnüm edib.
OPERA
ALƏMİNƏ HƏCƏR CƏSARƏTİLƏ...
Şərqin qadın bəstəkarları
içərisində ilk dəfə
olaraq məhz Şəfiqə xanım
opera yaradıb. 1974-cü ildə
Xalq yazıçısı
Süleyman Rəhimovun
povesti üzrə İskəndər Coşqunun
librettosu əsasında
yaratdığı "Gəlin
qayası" operası
ilə bəstəkar
öz yaradıcılığında
ən yüksək zirvəni fəth edib. Həmin günləri Şəfiqə
xanım belə yada salırdı:
"1972-ci il idi. Yazıçı Süleyman
Rəhimov povestini radioya təqdim edəndən sonra zəng vuraraq tamaşanın musiqisini mənim yazmağımı
arzuladığını dedi.
"Bacarmaram, bu, çox ağır işdir.
İndiyədək heç bir
qadın bəstəkar
opera yazmayıb" - deyərək
imtina etdim. Süleyman müəllim qətiyyətlə dilləndi:
"Həcərə qədər
heç bir qadın at belinə minib əri ilə bərabər döyüşə getməmişdi.
Həcər döyüşə bilmədi? Döyüşdü. Sən də yaza bilərsən. Radio tamaşasında əsas musiqini yazmısan. Ürəkli
ol və işə başla".
Beləliklə, Şəfiqə xanım olduqca məsuliyyətli, əziyyətli bir işə başlayır. Operanı yazarkən
7 ay, özünün dediyi
kimi, "ev dustağı" olur.
İstedad və zəhmət
sonunda bəhrəsini
verdi. Şəfiqə Axundova təkcə Azərbaycanda deyil, bütün Şərqdə
opera janrında əsər
yazan ilk qadın bəstəkar kimi adını musiqi tarixinə yaza bildi. Ancaq onun bu uğurunu xoş qarşılamayanlar da oldu, çox maneələrlə üzləşdi.
Hər şeyə
rəğmən, "Gəlin
qayası" operasının
premyerası uğurla
keçir. Premyeradan sonra onu ilk təbrik edənlərdən
biri də Süleyman Rəhimov olur. O, fərəhlə
bəstəkara yaxınlaşıb:
"Sən Qaçaq
Nəbinin Həcəri
kimi atı minib bütün bədxahları qılıncladın"
- deyir...
LAYLAY,
HƏYATIM, LAYLAY...
Az qala hamı əzbər bilir onun "Lay-lay"ını. Analarımızın bizə beşik başında oxuduğu bu nəğməni Şəfiqə xanım öz oğlu mərhum Taleh Hacıyev üçün
bəstələyib. "Taleh mənim taleyimdir" deyərdi bəstəkar. Oğlu onun
əsərlərinin ilk dinləyicisi
olmaqla bərabər, həm də bu əsərlərin səhnəyə hazırlıq
dövründə, müğənnilərin
hazırlaşdırılmasında anasına yaxından kömək edirdi. Anasının bəstəkarlıq istedadından ustalıqla bəhrələnmişdi Taleh.
Onun bəstələdiyi
mahnılar - "Belə
qəmli dayanma",
"Bəxtəvərlik nəğməsi",
"Sənsiz yaman darıxmışam", "Bu sevda" və başqaları görkəmli
sənətkarımız Rübabə
Muradova, Flora Kərimova,
Məmmədbağır Bağırzadə,
Elmira Rəhimova, Təranə
Vəlizadə, Səkinə
İsmayılova, Könül
Kərimovanın ifasında
zövqlə, ustalıqla səslənib.
Təəssüf ki, ömrünün
gənclik illərində
Şəfiqə xanımın
gözünün ağ-qarası,
bircə oğlu Taleh sağalmaz xəstəliyə tutulur.
Uzun müddət xəstəliklə
mübarizə aparsalar
da, 2008-ci ilin iyul ayında o, vəfat edir.
İllər Şəfiqə xanımdan
çox şeyləri
almışdı. Həyat sonda
ona ən böyük zərbəsini
də vurmuş, Şəfiqə xanım bircə balasını da itirmişdi. Ancaq musiqilər bəstələməkdən,
bir də həyatı sevməkdən
əsla yorulmadı Şəfiqə xanım.
"Yazmasam, yaşaya
bilmərəm" - deyərdi
son gününəcən.
Övladından sonra bu dünyada beş
il yaşadı. Oğlu kimi Şəfiqə xanım da iyul
ayında dünyadan gedib. Sənətinin şöhrəti sərhədlər aşan
bəstəkar, ölümsüz
mahnılar müəllifi
Şəfiqə xanımın
fiziki ömrü bitsə də, mənəvi həyatı
davam edir. Elə bir gün
olmur ki, Şəfiqə
xanımın bəstələdiyi
yüzlərlə nəğmədən
heç olmasa biri efirdə səslənməsin. Zaman keçir,
onun mahnılarını
oxuyan müğənnilər
yaşlanır, bəziləri
isə artıq dünyasını dəyişib.
Əvəzində, gənc müğənnilər
bu mahnıları öz repertuarlarına salıb yenidən oxuyur, qəlbləri oxşayırlar. Şəfiqə Axundova insanlara böyük sarsıntıların
musiqi qarşısında
necə kiçik olduğunu aşılayır
öz əsərlərilə.
Elə bunları bilərək və gələcəyi görərək
Şəfiqə xanım
özünü xoşbəxt
sənətkar adlandırırdı.
Üzeyir Hacıbəyov məktəbinin
davamçılarından biri
olan Şəfiqə xanımın adı Azərbaycanın ən görkəmli bəstəkarları
ilə yanaşı çəkilir. Musiqimizin ən parlaq
simaları olan nəhəng sənətkarlar,
o cümlədən, Şəfiqə
Axundova fərqli janrlara üstünlük veriblər. Bu mənada, Şəfiqə
xanım məhz gözəl mahnıları
ilə sonsuz şöhrət qazanıb,
bu janr onu
tanıdıb, sevdirib.
SƏNƏT
YOLDAŞLARININ YADDAŞINDAKI ŞƏFİQƏ XANIM
Xanəndə Canəli Əkbərov:
"Üzeyir bəyin
tələbə kimi sonbeşiyi sayılan Şəfiqə Axundova böyük hörmət və ehtirama layiq xanımdır. O, istər dövlət, istərsə də xalq tərəfindən sevilib. Şəfiqə xanım yaradıcılığını
elə qurdu ki, Azərbaycan mədəniyyətini gülüstana
çevirdi. Mən sevinirəm
ki, onun əsərinin baş qəhrəmanı olmuşam.
"Gəlin qayası"nda oynadığım
Camal onun həmişə diqqətində
idi. Bundan başqa, onun
bəstələdiyi mahnıları
da ifa etmişəm.
Mən fəxr edirəm ki, bir dost, qardaş kimi onunla ünsiyyətdə
olmuşam".
Bəstəkar Sərdar Fərəcov:
"Şəfiqə Axundova
ömrünün sonuna
kimi dahi müəllimi Üzeyir bəyin amallarına, ideyalarına sahib idi. O, Üzeyir bəyin ən böyük arzusunu reallaşdırdı,
Şərqdə opera yazan
ilk qadın oldu. Şəfiqə xanım təkcə
bəstəkar deyildi,
həm də gənclər üçün
ideal idi. Bununla bərabər,
Şəfiqə xanımın
yaradıcılıq yolunu
izlədikcə müxtəlif
janrlarda əsərlər
yaratdığını görürük.
Mövcud olan musiqi janrlarının hamısına
müraciət edib, uğurlu nümunələr
yaradıb. Yaradıcılığının şah damarı
mahnı janrı idi. O, heç vaxt unudulmayacaq. Azərbaycan xalqının yaddaşında
həmişə yaşayacaq".
Müğənni Aybəniz Haşımova:
"Şəfiqə xanımın
yeri həmişə görünəcək. İstər insan,
istərsə də sənətkar kimi. Amma düşünürəm ki,
Şəfiqə xanım
xoşbəxt sənətkardır.
Çünki heç də
hər sənətkar
onun kimi sənətinin gücünü
tam mənada sübut edə bilmir".
525-ci qəzet 2018.- 8 fevral.- S.7.