"Azaflıyam, eldir dostum,
qardaşım..."
UNUDULMAZ
SAZ-SÖZ SƏNƏTKARIMIZ MİKAYIL AZAFLININ ÖMÜR
SALNAMƏSİNİ ONUN QIZI AŞIQ GÜLARƏ AZAFLI
İLƏ VƏRƏQLƏDİK
Mən dustağa bir xəbər ver,
Açılıbmı yaz, ay
bülbül?
Dərdim çoxdu, sənə deyim,
Qələm götür, yaz, ay
bülbül...
Bu kədərli misraların müəllifi olan
Aşıq Mikayıl Azaflı (Mikayıl Cabbar oğlu
Zeynalov) 21 mart 1924-cü ildə Tovuz rayonunun Azaflı kəndində
dünyaya gəlib.
Mikayıl Azaflı sağlığında klassikləşən
ustad aşıq olub. Aşıq poeziyasının bütün
şəkillərində əsl sənət nümunələri
yaradan və klassik aşıq ənənələrini layiqincə
davam etdirən sənətkardır. 1984-cü
ildə IV Aşıqlar qurultayında çıxış
edib və Aşıqlar Birliyinin sədr müavini
seçilib. Ümumittifaq Musiqi Cəmiyyətinin Rəyasət
Heyətinə üzv seçilib, 1989-cu il
martın 19-da Cəmiyyətin İdarə Heyətinin sədri
İ.K.Arxipovanın dəvəti ilə Moskvaya gedərək
Plenumda iştirak edib. 1989-cu il mayın 17-də
"Əməkdar mədəniyyət işçisi" fəxri
adına layiq görülüb. İlk şeirlər
kitabı 1987-ci ildə "Qoca Qartal" adı ilə
"Yazıçı" nəşriyyatında çap
olunub. Kitab 1988-ci ildə Türkiyədə,
1993-2003-cü illərdə İranda eyni adla nəşr
edilib. 2000-ci ildə "Azaflı
yaradıcılığı dünyanın tarixi abidəsidir",
2008-ci ildə, demək olar ki,
yaradıcılığının çox hissəsini əhatə
edən "Qoca Azaflıyam", 2010-cu ildə "De, kimdən
küsüm", 2013-cü ildə "Zindan məktubları"
kitabları nəşr olunub. Mikayıl
Azaflı 1990-cı ilin oktyabrın 10-da dünyasını dəyişib,
doğma kəndində, "Qərib Seyid" qəbiristanlığında
dəfn edilib.
Görkəmli sənətkar haqqında onun qızı
Aşıq Gülarə Azaflı ilə söhbətləşdik.
(Əvvəli
ötən sayımızda)
- Bildiyimizə görə, Azaflı
Mikayıl həm də Səməd Vurğunun xeyir-duası ilə
aşıqlıq sənətinə başlayıb. Onların görüşü necə alınıb?
- Bu hadisə
babamın gənclik illərində olub. O vaxt babam Goranboyda
olanda Borsunlu Məzahirin təşkil etdiyi aşıqlar məclisinə
gələrir. Bir gün Məzahir Daşqın
Vurğunun gələcəyini deyir. Vurğun
gəlir və şeir oxuyur. Babam da
şeir oxuyur. Vurğun soruşur: "Ay bala, Şəmsəddindənsənmi?"
Sonra ən böyük istəyinin nə
olduğunu soruşur. Babam müəllim
olmaq istədiyini deyir. İki kağız
yazır. Birini aşıq Mirzəyə
ki, bu adamdan yaxşı aşıq olar, onu şagirdliyə
götür. İkincisini də Qazax müəllimlər
seminariyasının direktoruna ki, onu seminariyaya qəbul etsin.
Bir də öz xətti ilə "Saqiya"
şeirini yazıb verir. Babamı
seminariyaya qəbul edirlər. Amma təsadüfən
kəndlərindən bir nəfər gəlib ora
çıxır. Babamı görəndən sonra gedib
direktora deyir ki, bu adam siyasi məhbusdur,
burada nə işi var? Babamı seminariyadan azad
edirlər. Artıq Aşıq Mirzə də
dünyasını dəyişmiş olur. Babam Aşıq Əsədin yanında şagirdliyə
başlayır. Onun ölümündən
sonra Aşıq Yusifin şagirdi olub. Mikayıl
Azaflı əvvəllər sırf şair kimi tanınıb
və sonralar aşıqlıq edib. 1960-cı
illərə aid əlimizdə şəkil var. Orada bir
çox görkəmli şair və yazıçılar,
eyni zamanda aşıqlar var. Şəkil hansısa qəzet
üçün çəkilib. Şəklin
arxasında "Şair Mikayıl Azaflı"
yazılıb. O vaxt babam Coşqun təxəllüsü
ilə şeirlər yazıb.
-
Aşıq Əkbərlə də Mikayıl Azaflı
çox yaxın dost olublar...
-
Doğrudur. Elə onların ölümü arasında da az fərq var. Babam kimi Aşıq Əkbər
də ilk vaxtlar aşıq olmayıb. Bir dəfə
babam Əkbərə deyir ki, balaban ifasını dayandır və
aşıqlığa başla. Sənin
gözəl səsin var. Beləcə, Aşıq Əkbər
aşıqlıq sənətinə başlayır. Babam Əkbəri "Aşıq sənətinin
bülbülü" adlandırırdı.
- Həyat elə gətirir ki,
haqsız yerə Mikayıl Azaflı yenidən zindan həyatı
yaşayıb. Bu necə baş verib?
- Babam
haqsızlığa dözməyib. Sözü
üzə deyən insan olub. Bununla
bağlı şeirlər yazırdı. Bu
şeirlər də çoxlarına xoş gəlmirdi. Bu səbəbə görə də ona şər
ataraq tutmaq istəyirdilər. Nəhayət,
evdə silah saxlamaq adı ilə onu tuturlar. Şübhəsiz ki, bu, yalan idi. 1962-ci ildə atamız tutulur. Mikayıl
Azaflıya 5 il həbs cəzası kəsilir
və bunun 4 ilini zindanda yatır. 1965-ci ildə
azadlığa buraxılır.
Babam zindanda olanda ən çox yanına gedib-gələn
Məmməd Quliyev adlı bir dostu idi. Məmməd
Quliyev Göyçə mahalından olub. Bu
şəxs Ağstafaya gəlib və toyda hər kəs
"Mikayıldan oxu", "Qızı ilə deyişməsindən
oxu" deyir. Bu deyişməni oxuyanda hər
kəs ağlayır. Məmməd kişi
buna təəccüblənir. Bu hadisədən sonra Məmməd
kişi babamla ünsiyyət yaradır. Beləcə atamla dostluq əlaqələri qurulur.
Məmməd Quliyev, Adil Həsənov və soyadını
xatırlamadığım İsmayıl əmi babamın ən
yaxın dostları olub.
Babam zindandan çıxanda bütün aləmə səs
yayıldı ki, Mikayıl azad olunub. Bu zaman, bəlkə,
bizə 100-dən artıq başı bəzəkli
qurbanlıq quzular göndərilmişdi. Aşıq
Əsginazı, Aşıq Mahmudu, Aşıq İmranı,
Aşıq Əkbəri, Aşıq Murad Niyazlını,
Mülklü Həsəni və digərlərini bu məclisdə
gördüm. Evimizə hər yerdən
aşıqlar gəlmişdi. Məclisdə
Göyçə, Borçalı, Gədəbəy, Gəncə,
Kəlbəcər və digər bölgələrimizin
aşıqları da vardı. Təkcə
aşıqlar yox, Azaflını sevən insanlar evə
axın edirdilər.
- Mikayıl Azaflının zindanda yazdığı məşhur
şeirlərindən biri olan "Ağarmayın, ay
saçlarım" şeirinin tarixçəsini eşitmək
istərdik.
-
Babamızı həbs edərkən
üzünü-başını tük basıbmış. Buna görə bərbər
çağırırlar. Mikayıl Azaflı
güzgüyə baxarkən özünü tanımır və
görür ki, güzgüdən elə bil başqa adam boylanır. Saçı-saqqalı
bir neçə gün içində ağarıb. Orada "Güzgü" şeirini yazır. Düzü, zindanda ondan xahiş edirlər ki, bu
saç-saqqalın ağarmasına görə bir şeir yaz.
Bu gün məşhur olan o şeir beləcə
yaranır. Nazpəri Dostəliyeva
İçərişəhərdəki Novruz şənliyində
"Ağarma, ay saçlarım" havasını oxuyanda
Ümummilli liderimiz Heydər Əliyev qulaq asıb çox bəyənmişdi.
- "Qoca Qartal"
şeirinin yaranma tarixi haqqında cəmiyyətdə müxtəlif
fikirlər var. Bəs atanız bu şeirin yaranma tarixini sizə
necə danışıb?
- Bir
gün babamı Şamlıq dərəsinə toya
çağırırlar. Azaflı toya gedir.
Getdiyi kənddə onun yaxın bir dostu olur.
Uzun bir zamanmış ki, görüşmürlərmiş.
Toy başlayır. Azaflı
ha boylanır, ha baxır dostunu görmür. Həmişə bu kəndə toya gələndə
mütləq həmin dostugilə gedərdi. Getməsə də, dostu mütləq
görüşünə gələrmiş. Narahat olur. Amma məclisin ayaq tərəfində
bir adam Azaflını gördükcə
üzünü qəzetlə örtürmüş. Məclisin bu biri başında da bir uşaq dayanmadan
ağlayırmış. Nə isə
Azaflı bir də boylanıb dostunu axtaranda üzünü qəzetlə
örtən adamın dostu olduğunu görür. Bu zaman yanına gedir. Görüşürlər.
Azaflı soruşur ki, ay qardaş, bayaqdan səni
axtarıram hardasan? Dostu deyir: "Azaflı, sağ ol,
dostluqda var ol. Bayaqdan elə mən də məni
axtardığını görürəm. Amma
başıma elə işlər gəlib ki... Bilirsən ki,
yoldaşımla övladımız olmurdu. Valideynlərimiz ayrılmağımızı istədilər.
Ayrıldıq. Onu
başqasına ərə verdilər. Mən
başqası ilə evləndim. Onun
övladı oldu, mənimsə yox. İndi
bayaqdan məclisdə ağlayan uşaq onunkudur.
Özü qəsdlə uşağı ağladır ki, mənə
acıq versin. Mən də ona görə sənə
yaxınlaşmadım ki, ayrılmağımızı bilmirsən.
Birdən onu da soruşub-eləyərsən.
Bir yekəpər əri var.
Danışığını bilməyənin biridir. Araya dava düşər. Azaflı
çoxdan idi ki, "Qoca Qartal"ı yazıb bəstələmişdi.
Amma şeirdəki sətiraltı məna o qədər
açıq idi ki, oxumurdu. İndi əlinə
fürsət düşmüşdü. Şeir
bu ab-havaya çox uyğun idi. Odur ki,
oxumağa başlayır.
Qoca
qartal, nə gəzirsən,
Dağlar qoynunda-qoynunda.
Bala gördüm anasının
Ağlar qoynunda-qoynunda...
İlk bəndi oxuyub qurtaranda məclisin yuxarısından bir yekəpər kişi ayağa qalxır: Aşıq, oxuyursan söz oxu, bu nə sözdür? Qartal harada olmalıdır ki? Dağlarda olar də... Bir də deyirsən ki, bala anasının qucağında ağlayır. Heç bala da ana qucağında ağlayarmı? Azaflı deyir: "Qartal zirvədə olar (Bir vaxtlar dostu vəzifədə olanda məclisin başında oturarmış, indi sıxıla-sıxıla ayaqda oturub axı) dağın qoynunda onun nə işi var. Bir də ki, bayaqdan orda bir qadının qucağında uşaq ağlayır, kirimir. Yəqin anası deyil, uşaq yetimdir, nədir?"
Kişi hirslənir: "Ağzının
danışığını bil, aşıq. Niyə yetim
olur. Onun mənim
kimi kal atası var. Azaflı deyir: "Ay kişi, mən sənə
kal deyə bilmərəm. Kal heyvana deyirlər".
Kişi hirslənir. Arvadını
ağır sözlərlə məclisdən
çıxarır. Azaflı şeirin o
biri bəndlərini də oxuyub qurtarır. Məclis böyük sevgi ilə onu
alqışlayır. Dostu Azaflını
bağrına basır.
Sonralar babam deyərdi ki, o şeir orada
yaranmamışdı. O məclis şeiri tanıtmaq üçün bir
fürsət idi. Əslində, şeir Azərbaycana
həsr olunub. Xəritədə baxanda Azərbaycan
qanadları yolunmuş səmada süzən qartala bənzəyir.
Bütün bəndlərdə Azərbaycanın
faciəsi əks olunub.
- Maraqlıdır, Mikayıl
Azaflının şeirləri Sovetlər dövründə
necə belə tez yayılırdı?
- İnanın buna mən də məəttəl
qalıram. Mikayıl Azaflının şeirləri SSRİ
dövründə sədləri qıraraq türk
dünyasına yayılırdı. Bu, həqiqətən
maraqlıdır. Bunu xalqımızın,
türk dünyasının sənətə və sənətkara
böyük məhəbbəti kimi başa düşürəm.
Bu işdə zəhməti olanları da
xatırlamaq istərdim. O vaxt bir universitet müəllimi
varmış - Mirəli Mənafi. O, İrana gedəndə
babamın şeirlərini istəyir. Məlahət
bacım ona babamın bir çox şeirlərini verir. Sonralar həmin şeirlərin dahi Məhəmmədhüseyn
Şəhriyara çatdırıldığını
eşitdik. Türkiyədə
yayılmasında Qarslı Aşıq İslam Ərdənər
və Aşıq Səbri Şimşəkoğlunun
böyük xidmətləri olub. Yeri
düşmüşkən, bu məqamı da deyim ki,
Azaflının xatirəsinin əbədiləşdirilməsilə
bağlı bir təşəbbüs, neçə ildir ki,
yarımçıq qalıb. 1990-cı ildə
Mikayıl Azaflı dünyasını dəyişəndə
qərara alındı ki, kənd orta məktəbində onun
büstü qoyulsun və məktəbə onun adı verilsin.
Büstü qoyuldu, ancaq təəssüf ki,
adının məktəbə verilməsi məsələsi
həll edilməmiş qaldı.
Mahmud ƏYYUB
Aşıqlar Birliyinin üzvü
525-ci qəzet 2018- 7 fevral.- S.6.