Qara Qarayevin 100 illiyi silsilə tədbirlərlə
qeyd edilir
Prezident İlham Əliyevin Sərəncamına əsasən,
dahi bəstəkar Qara Qarayevin 100 illiyi ölkənin müxtəlif
mədəniyyət və incəsənət ocaqlarında
qeyd olunur. Bununla bağlı fevralın 5-i və 6-da bir
sıra tədbirlər keçirilib.
Ölməz
bəstəkarın yubileyi Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasında təntənəli
şəkildə qeyd edilib. Dövlət və
hökumət rəsmilərinin, tanınmış elm və mədəniyyət
xadimlərinin iştirak etdikləri tədbirdə qonaqlar əvvəlcə
Filarmoniyanın foyesində görkəmli bəstəkarın
ömür yolundan bəhs edən fotosərgiyə
baxıblar.
Mərasimdə
Baş nazirin müavini, Xalq yazıçısı Elçin
Əfəndiyev dahi bəstəkarın 100 illiyinin ölkəmizdə
silsilə tədbirlərlə qeyd edilməsini tarixi hadisə
adlandıraraq deyib: "Qara Qarayev bütün
yaradıcılığı boyu ayrı-ayrı klassiklərə
müraciət edib. Bu məqamda ilk olaraq Nizami
yada düşür. Çünki Nizami mövzusu bəstəkarın
hələ gənclik illərində xor üçün
yazdığı "Payız"dan tutmuş "Leyli və
Məcnun" simfonik poemasına, "Yeddi gözəl"
baletinə, "Nizami" filminə bəstələdiyi
musiqiyədək onun yaradıcılığının ana xəttini
təşkil edib. Onun müraciət etdiyi digər
böyük bəşəri simalar sırasında Ömər
Xəyyam, Şekspir, Servantes, Löpe de Veqa, Puşkin,
Lermontov, Fransisko Qoya, Merime, Edmon Rostan, Cəlil Məmmədquluzadə
və başqaları var". E.Əfəndiyevin fikrincə,
Qara Qarayev musiqisi Şekspir dünyasını da, Mirzə Cəlil
dünyasını da eyni yüksək sənətkarlıqla
ifadə edir, çünki onun öz sənət
dünyası üçün ən səciyyəvi cəhətlərdən
biri Şərq mədəniyyəti ilə Qərb mədəniyyətinin
vəhdəti idi: "Biz tez-tez
bu məlum və haqlı fikirlə razılaşırıq
ki, "Böyük sənətkarlar ölmür, onlar həmişə
yaşayırlar" və bu mənada Qara Qarayev xoşbəxt
sənətkardır. Ancaq o, yalnız xoşbəxt
sənətkar, xoşbəxt bəstəkar deyil, həm də
xoşbəxt pedaqoqdur. O, yalnız öz əsərlərində
yaşamır, eyni zamanda, tələbələrinin Azərbaycanda
da, dünyanın bir çox səhnələrində, konsert
salonlarında səslənən musiqilərində
yaşayır və bu, əlbəttə, onun ruhunu şad
edir".
Qara
Qarayevin hələ yeniyetmə çağlarında Azərbaycan
xalq musiqisinin əsaslarını Üzeyir Hacıbəylidən
öyrəndiyini, sonralar Dmitri Şostakoviçin sinfində təhsil
aldığını bildirən natiq deyib ki, Qarayev sinfinin
yetirmələri ondan aldıqları sənət estafetini
sonrakı nəsillərə ötürüblər və
ötürürlər. Həmin sənət
estafeti nəsillərdən-nəsillərə keçərək,
daha artıq bəşəri vüsət əldə edir.
Baş
nazirin müavini çıxışının sonunda, Ulu
Öndər Heydər Əliyevin yaratdığı ənənələri
layiqincə davam etdirərək Qara Qarayevin 100 illiyi münasibətilə
xüsusi Sərəncam imzalayan Prezident İlham Əliyevə
dərin təşəkkürünü ünvanlayıb.
Yubiley mərasimində
Elşad Bağırovun dirijorluğu ilə Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik
Orkestri çıxış edib. Konsertdə
Qara Qarayevin klassik Süita (4 hissədə), 2 saylı
Simfoniya, violin və simfonik orkestr üçün Konsert (3
hissədə) və Simfonik orkestr və xor üçün
"Qoya" simfoniyası (3 hissədə) səsləndirilib.
Qara
Qarayev adına Mərkəzi İncəsənət
Məktəbində konsert proqramı təqdim edilib. Konsertdə Mədəniyyət və Turizm
Nazirliyinin, eləcə də musiqi ictimaiyyətinin görkəmli
nümayəndələri iştirak ediblər.
Tədbirdə Q.Qarayevin həyat və
yaradıcılığı haqqında slayd-şou və
videoçarx göstərilib. Konsertin təşkilatçısı
və aparıcısı məktəbin müəllimi,
musiqişünas Leyla Həsənova böyük bəstəkarın
həyat və yaradıcılığı haqqında ətraflı
məlumat verib. Bəstəkarlar
İttifaqının katibi Zemfira Qafarova dahi bəstəkarın
Azərbaycan musiqisinin inkişafında böyük xidmətlərindən
danışıb, onun insani keyfiyyətlərindən və
pedaqoq kimi fəaliyyətindən söz açaraq bildirib ki,
bəstəkarın irsi son dərəcə geniş və zəngindir.
Q.Qarayev musiqinin bütün janrlarında
uğur qazanıb, novatorluğu və bədii cəhətdən
yüksək səviyyəsi ilə fərqlənən yeni əsərlərə
imza atıb. Onun milli və dünya musiqi mədəniyyətinin
qızıl fonduna daxil olan baletləri, simfonik poeması,
simfoniyaları, kamera-instrumental əsərləri, kinofilm və
teatr tamaşalarına bəstələdiyi əsərlər
bunu bir daha təsdiq edir. Tədbir konsert
proqramı ilə davam edib.
Konsertdə
Əməkdar artist Vaxtanq İmanovun bədii rəhbərliyi
ilə "İpək yolu" kamera orkestri, Xalq artisti Rasim
Abdullayevin rəhbərliyi altında simli kvintet, Əməkdar
artistlər Əziz Qarayusifli, İlqar Hacıyev, Əyyub
Əliyev, Nadir Məlikov, Aleksey Miltıx, Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının baş müəllimi
Fəridə Sultanova, həmçinin, Q.Qarayev adına Mərkəzi
İncəsənət Məktəbinin qabaqcıl müəllimləri
Nurlan Cəfərli (tar), Vəfa Əhmədova (fortepiano),
İranə Əliyeva (fortepiano), Mətanət Nurullayeva
(fortepiano), Nuray Bayramova (fortepiano), Qəmər Mahmudova
(fortepiano) və başqaları Qara Qarayevin müxtəlif
janrda bəstələdiyi əsərlərindən ibarət
rəngarəng musiqi nömrələri təqdim ediblər.
Dahi bəstəkara həsr olunmuş növbəti tədbir
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində
olub. Tədbirdə Mədəniyyət və turizm
nazirinin müavini Sevda Məmmədəliyeva Q.Qarayevin 100 illik
yubileyinin ölkəmizdə və xaricdə silsilə tədbirlərlə
qeyd edildiyini söyləyib. Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə
öz sənət müəllimi haqqında fəxrlə
söz açıb, onun bənzərsiz musiqi
dünyasından danışıb. Muzeyin direktoru, sənətşünaslıq
doktoru Alla Bayramova və digər çıxış edənlər
bildiriblər ki, dünya şöhrətli bəstəkarın
əsərləri keçmiş SSRİ respublikalarında,
ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya və
Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində
müvəffəqiyyətlə səsləndirilir. Tədbir incəsənət ustalarının
ifalarıyla davam etdirilib.
Milli İncəsənət Muzeyində isə bu
münasibətlə təşkil olunmuş "Qürur və
düha. Yaşayan əfsanə" sərgisinin
açılış mərasimi keçirilib. Mərasimdə
çıxış edən Rəssamlar İttifaqının
sədri, Xalq rəssamı Fərhad Xəlilov dahi bəstəkar
haqqında fikirlərini bölüşüb:
"Yadımdadır ki, ABŞ-dan qayıdanda özü ilə
simfocaz valları gətirmişdi. Bu, Bakıya gətirilən
ilk simfocaz musiqisi idi və melomanların onu necə dinlədiklərini
indi də xatırlayıram".
"Qara
Qarayev XX əsr musiqi mədəniyyətinin simasını
müəyyənləşdirən nadir istedad sahiblərindən
biri idi", - deyə çıxışına başlayan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin rektoru, professor Fərəh Əliyeva daha sonra
deyib: "Qara müəllim üslub, janr, forma yeniləşməsinin
fövqündə durmaqla yanaşı, klassik dəyərlərə
söykənən bəstəkar idi. Bəstəkarın
klassika ilə müasirliyin vəhdətdə olduğu
yaradıcılığında Nizami mövzusu aparıcı
yer tutur. Bugünkü sərgi də bir
növ təsviri sənət nümunələrində
yaşayan Azərbaycan musiqisini təcəssüm etdirir".
Sonra
iştirakçılar sərgi salonunda nümayiş olunan əsərlərlə
tanış olublar. Sərgidə
bəstəkarın yaradıcılığına ithaf
olunmuş 40-dək qrafika, rəngkarlıq, heykəltəraşlıq
və dekorativ tətbiqi sənət nümunələri yer
alıb. "Bəstəkar ürəkli rəssam"
Mikayıl Abdullayevin dahi Nizaminin "Yeddi gözəl"
poemasına həsr etdiyi tablolar, görkəmli rəssam Elmira
Şahtaxtinskayanın Qara Qarayevin obrazını əks etdirən
portret-plakatı, heykəltəraş Cəlal
Qaryağdının bəstəkarın şərəfınə
yaratdığı mərmər büst və məşhur
klassik əsərlərə çəkilmiş
illüstrasiyalar maraqla qarşılanıb. Sərgidə bəstəkarın
gənclik illərini, tələbəlik həyatını,
eləcə də yaradıcılıq
axtarışlarını əks etdirən yağlı və
sulu boya ilə çəkilmiş portretlər,
qravüra və xalça nümunələri də yer
alıb. Həmçinin, bəstəkarın "Yeddi gözəl"
və "İldırımlı yollarla" baletlərinə,
"Leyli və Məcnun" simfonik poemasına və digər
əsərlərinə çəkilən illüstrasiyalar
nümayiş olunan əsərlər sırasındadır.
Dünən
isə M.F.Axundzadə adına Azərbaycan
Milli Kitabxanasında dahi bəstəkara həsr olunmuş
"Unudulmaz bəstəkar Qara Qarayev" adlı kitab sərgisi
açılıb. Tədbiri kitabxananın
direktoru Kərim Tahirov açaraq dahi bəstəkarın milli
musiqi irsimizə dəyərli əsərlər bəxş
etdiyini deyib. Qeyd edib ki, ötən ay
ABŞ-ın və dünyanın ən nüfuzlu universitetlərindən
olan Kaliforniya Los-Anceles Universitetinin kitabxanasında olarkən
amerikalılar ona bəstəkarın 1961-ci ildə I Beynəlxalq
Los-Anceles musiqi festivalında böyük əks-səda
doğuran çıxışını xatırladıblar.
Direktor bu sözləri eşidərkən mədəniyyətimizi
dünyanın hər yerində tanıdan xalqımızın
bu cür nümayəndəsinin olması ilə bir daha fəxarət
hissi keçirdiyini vurğulayıb. O, həmçinin,
kitabxana tərəfindən də elektron məlumat
bazasının və biblioqrafik vəsaitin
hazırlandığını, silsilə tədbirlərin
keçiriləcəyini qeyd edib.
Daha sonra kitabxananın nəşriyyat işləri
üzrə baş mütəxəssisi Gülbəniz Səfərəliyeva
və direktor müavini Ədibə İsmayılova sənətkarın
çağdaş musiqi mədəniyyətimizin
inkişafındakı, özünəməxsus dəyərli
əsərləri ilə musiqimizin dünya səviyyəsində
təbliğindəki misilsiz xidmətlərindən
danışıblar.
Sonra tədbir
iştirakçıları sərgi ilə tanış
olublar. Sərgidə görkəmli bəstəkarın
not-musiqi əsərləri, görkəmli şəxsiyyətlərin
bəstəkar haqqında söylədikləri fikirlər, Azərbaycan
və xarici dillərdə haqqında yazılmış
kitablar və dövri mətbuat materialları nümayiş
olunub.
Qara Qarayevin 100 illiyilə bağlı maraqlı bir təşəbbüs
isə Azərbaycan Xalça Muzeyində gerçəkləşdirilib. Dünəndən etibarən
Muzeydəki ekspozisiyada fon musiqi olaraq Qara
Qarayevin əsərləri səsləndirilir.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 7 fevral.- S.7.