"Hasarın o üzü"ndəki
yaşantılar və... dualar
Şahanə MÜŞFİQ
Bir-birinə zidd iki fikir var cəmiyyətimizdə. İkisi də məşhur, ikisi də populyar.
Birində deyilir ki, həqiqət bir dənədir, hardan
baxırsan bax, elə olduğu kimi də görəcəksən. Yəni dəyişmir,
dəyişdirilmir. Əgər dəyişdirilsə,
onda həqiqət olmur. İkinci fikirdə isə bunun
tam əksi deyilir: hər kəsin həqiqəti özü
üçündür. Baxdığın yerdən,
tutduğun mövqedən asılı olaraq, həqiqət də
dəyişəcək. Hətta buna aid bir karikatura da
var. Deməli, yerdə böyük bir 6 rəqəmi çəkilib və
hər iki tərəfində bir adam dayanıb. Adamlardan
biri altı, o biri isə doqquz deyə qışqırır.
Həqiqətən də şəkli
çevirib baxanda gah altı, gah da doqquz görürsən.
Qısacası, ikisi də haqlıdır. Bəs, onda bu iki fikirdən hansıdır doğru
olan? Yoxsa, doğrudan da həqiqətin iki
üzü var?!
"Üz" demişkən, bu fikirlər bir neçə
gün öncə Gənc Tamaşaçılar
Teatrının səhnəsində baxdığım
"Hasarın o üzü" tamaşasında gəlmişdi
ağlıma.
Yazıçı, dramaturq Əli Əmirlinin
eyniadlı pyesi əsasında teatrın baş rejissoru əməkdar
incəsənət xadimi Bəhram Osmanov tərəfindən
hazırlanmış tamaşa özünün ağır, fəlsəfi
və düşündürücü mövzusu ilə
seçilir. Səhnə işinin
quruluşçu rejissoru Bəhram Osmanov, quruluşçu rəssamı
əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı
Xalq artisti Səyavuş Kərimidir.
Əsər ilk baxışdan sadə, bir ailənin daxilindəki
hadisələrdən bəhs edən adi pyes təsiri
bağışlayır. İkipərdəli səhnə işi cəmi
dörd nəfərdən ibarətdir. Bütün
hadisələr bu dörd nəfərin ətrafında cərəyan
edir.
Tamaşa
dinə qeyri-ciddi baxan və yalnız öz gücünə,
karyerasına güvənən həkim ər, dindar müəllimə
qadın, onların pis mənada müasirlikdə və
azadlıqda ifrata varan, milli əxlaqımıza, mentalitetimizə
ikrahla yanaşan qızı, uşaq evində
böyümüş, mərhəmətə, insan məhəbbətinə
möhtac yeniyetmə qızdan, bir dam altında yaşayan bu
dörd personajın iştirakı ilə baş verən və
sürətlə inkişaf edən hadisələrdən bəhs
edir.
Bir ailə
daxilində, dinə ikili münasibətdən bəhs edən
kəskin konfliktli, iti süjetli səhnə versiyası olaraq
hazırlanmış tamaşada dinə baxış, insan mənəviyyatı,
əxlaq prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə
münasibəti bir ailə çərçivəsində
bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə
önə çəkilir.
Pyesdə bir ailə daxilində dinə iki baxış təsvir
edilir.
Pərdələr açılanda tamaşaçı
namaz qılan ortayaşlı bir qadın görür. Qadın sanki
bütün dünyanı unudub Allahına ibadətini etməkdədir.
Hətta evdən
çıxdığını xəbər vermək
üçün onu səsləyən qızını,
işdən evə gəlib onu qarşılayacaq kimsənin
olmamasından deyinən ərini belə eşitmir. Elə ilk cümlələrdən ailənin daxilindəki
ziddiyyət, fikir ayrılığı tamaşaçıya
bəlli olur. Belə ki, həm evin
qızı, həm də ailənin başçısı
namaz qıldığı üçün qadını ələ
salırlar, dinə lağ edirlər. Qadının
hərəkətlərindən isə həqiqətən də
onları eşitmədiyi görünür.
Ailənin başçısı Qərib alitəhsilli həkimdir. Çox insanı
müalicə edib, əməliyyatlar aparıb. Lakin bir xəstə onun ömrü boyu həyatının
gərgin keçməsinə səbəb olur. Onun həyatı və
qarşılaşdığı xəstəlik Qəribi dərindən
narahat edir. On altı yaşlı bir
qızın beyin qabığında şişi görəndə
sarsılır, həyəcanlanır, qızın çox
yaşamayacağına qəti şəkildə inanır.
Qəribin həyat yoldaşı Humay doktora məsləhət
görür ki, o, Allaha yalvarsın, namaz qılsın. Çünki əgər Allahdan imdad diləyərsə,
özü də yaxşı olar, xəstəsi də. Qərib isə dediyimiz kimi, dinə inanmır. Humayın gecə-gündüz namaz qılmasına,
müxtəlif ayələrdən misal gətirməsinə
etiraz edir. Humay əbədi həyatı
qazanmaq üçün bu dünyada insanları axirət
qorxusu ilə çəkindirir. Yaradana ibadət
edir, adamları inandırmağa çalışır ki, onu
imanla, kamil qəlblə, açılan bəsirət gözü
ilə görmək mümkündür. Yaradan
onlarla başa düşdükləri dildə
danışır. Əsas hikmətsə
örtülüdür, onu imanla, kamil qəlblə, son nəticədə
açılan bəsirət gözü ilə görmək
mümkündür.
Elə bu fikirlərdən aydın olur ki, ər və
arvad bir-birini nə qədər çox sevsələr də,
düşüncələrinə və
dünyagörüşlərinə görə çoxdan
uzaq düşüblər. Artıq onların
arasında özlərinin də görə bilmədikləri
hasar çəkilib. Onlar bir-birlərinə
bir hasarın iki üzündən boylanır, səslənirlər.
Təbii ki, səslərini eşitdirməkləri
də çox çətin olur. Hətta
çox zaman heç biri bir-birini eşitmir.
Valideynlər arasında yaranmış bu hasarın ən
böyük qurbanı isə ailənin tək qızı Zərifdir. Zərifi bu
hasarın görünməyən üzü də
adlandırmaq olar. O, 21 yaşlı universitet tələbəsidir.
Ancaq geyimindən, davranışından
özbaşınalığı hiss olunur. Əsərdə təsvir edilən ailə üzvləri
bir-birini eşitmir. Qadın ərini, yeganə
övladları Zərif isə nə atanı, nə də
ananı eşidir, özünü sərbəst hesab edir, evə
gec gəlir, əxlaqsızlıq edir, atasız uşaq
doğur. Gənc qızın bu
özbaşınalığı ailənin
dağılmasına gətirib çıxarır. Xəstə Humay xanımın real hesab etdiyi bu
dünyada inandığı din adlı hasar ailə üzvlərinin
hərəsini hasarın bir tərəfinə atır.
Zərifin anasına ən çox irad tutduğu məqam
isə dininə, ibadətinə ayırdığı zamana
görə ona diqqət etməməsi, onunla
maraqlanmamasıdır. Bəzən o, çox irəli gedərək anasına
qarşı haqsızlıq etsə də, sözlərində
həqiqət də az deyil. Humay
xanım qızının gənc olduğunu, istəkləri,
arzuları olduğunu, bəzən dərdləşməyə,
onu anlayacaq bir anayla sirrini bölüşməyə ehtiyac
duyduğunu anlamır. Qızını
dinləmədən, nə istədiyini, nə hiss etdiyini
öyrənmədən ya danlayır, ya da ki, dinə, Allaha
ibadətə səsləyir. Onun bu ifrat
aludəçiliyi isə qızını dindən daha da
uzaqlaşdırır. Zərif dini
anasını ondan uzaq salan qüvvə kimi görməyə
başlayır. Peşəkar aktrisa Şəbnəm
Hüseynova Zərif obrazını elə canlı, dinamik
yaradır, çılğınlığını,
yaşının və ailəsindəki pərakəndəliyin
yaratdığı burulğanda azıb qalmasını dəqiqliyilə
canlandırır ki, tamaşaçı onun bu
özbaşınalığına hirslənsə də,
göz yaşlarına kövrəlir, onu da anlamağa, əfv
etməyə "açıq qapı saxlayır".
Əsərdəki başqa bir gənc qız isə həkimin
əməliyyat etdiyi, ancaq başındakı şişə
görə cəmi iki ay yaşayacağını dediyi
Çiçəkdir. Çiçək 16 yaşlı, lap
körpə ikən valideynləri tərəfindən imtina
edilən, uşaqlığını, gəncliyini uşaqlar
evində keçirən xəstə qızdır. Onun başında yaranan xəstəlik Qərib həkim
və onun ailəsilə tanışlığına gətirib
çıxarır. Onun kimsəsizliyini,
çarəsizliyini görən Humay xanımın bu
qızı xəstəxana palatasında tək qoymağa
ürəyi dözmür və ərini razı salaraq evlərinə
gətirir. Həkim qızın
sağalmağına ümid olmadığını desə də,
Humay xanım ümidini üzmür, Allahın möcüzəsinə
inanmaqda, dua etməkdə davam edir. Onun bu
inamı Çiçəyə də sirayət edir. Artıq o da Allahı sevməyə, ona ibadət etməyə,
hər çətinliyində göylərə əl
açmağa başlayır. Özü isə Humay
xanımla söhbətində bunu belə ifadə edir:
"Əgər doktor mənim bədənimi sağaltdısa,
siz mənim ruhumu xilas etdiniz". Gənc aktrisa
Səbinə Məmmədovanın həyat verdiyi
Çiçək sevgiyə, məhəbbətə olan
aclığını Humay xanıma və onun ürəyində
yaratdığı Allaha sevgisi ilə qapayır.
Çiçəyin gəlişi Zəriflə anası
arasındakı uçurumu daha da dərinləşdirir. Artıq Zərif
anasının ibadətindən əlavə, Çiçəyə
olan diqqət və qayğısını da qısqanmağa
başlayır. Getdikcə daha da əsəbi
və içinəqapalı olur. Onun bu
özbaşınalığı başına yeni dərd
açır: evlilikdən kənar hamilə qalır. Təbii ki, tipik azərbaycanlı ailəsində
olduğu kimi, bu ailədə də həmin xəbər
böyük xəyal qırıqlığı,
üzüntü və sarsıntı ilə
qarşılanır. Həmişə
qızının ağıllı olması ilə
öyünən, ona güvənən ata cəmiyyət
arasındakı rüsvayçılığını
düşünür, qızına qəzəblənir.
Xalq
artisti Həmidə Ömərovanın yüksək peşəkarlıqla
canlandırdığı Humay xanım isə Zərifin və
Qəribin təkidlərinə baxmayaraq, uşağı tələf
etməyə razı olmur, bunun dində günah olduğunu deyərək
uşağı həm qızına, həm ərinə, həm
də bütün cəmiyyətə qarşı qoruyur. Bəlkə də onun bu addımının təməlində
illər öncə, gənckən özünün bətnindəcə
tələf etdiyi körpələrinin
peşmanlığı dayanır. Ana ailəsinin
başına gələn bu faciələrin səbəbini illər
öncə etdiyi o günahlarda görür.
Zərifin başına gələn bu olay çoxdan baş ağrısı çəkən Qərib həkimin ağrılarının şiddətlənməsinə səbəb olur. Müayinə zamanı isə ailə ikinci faciə ilə qarşı-qarşıya qalır: Çiçəyin düçar olduğu əlacsız xəstəliyə həkimin özü də tutulub. Həkimin qızına olan qəzəb və ikrahı o həddə çatır ki, xəstəliyinə içində sevinir, çünki qızının atasız dünyaya gətirəcəyi uşaq doğulana qədər özü artıq ölmüş olacaq və nəticədə o, yaşanacaq rüsvayçılığı görməyəcək.
Bundan sonra hadisələr daha sürətli inkişaf
edir. Ailə
üzvlərini bir-birindən ayıran o hasar daha da
böyüyür, Qərib doktor Çiçəyə etdiyi
bu böyda böyük yaxşılığın əvəzində
Allahın verdiyi bu "mükafatın" səbəbini
anlaya bilmir, ilahi ədalətə şübhə ilə
yanaşır.
Əslində, Qərib heç də Allahsız deyil,
Yaradanı tanıyan insandır. Sadəcə bəlkə
də işindən irəli gələn realistliyə sahibdir.
Xanımından fərqli olaraq, hadisələrə
daha real şəkildə, açıq gözlə baxır.
Xalq artisti Nurəddin Mehdixanlının təbiətindən
gələn çılğınlıq, emosionallıq
canlandırdığı Qərib obrazının
açıq düşüncəliliyi, bəzən hadisələrə
ironik yanaşması ilə çuğlaşır.
Ancaq bütün yaşananlar, başlarına gəlmiş
bunca faciə ailənin xanımını Allahdan bir addım
belə uzaqlaşdırmır. Əksinə, İlahi qüvvəyə
daha çox sığınır, vaxtilə etdiyi günahlara
görə əfv diləyir, ailə üzvlərini də
buna səsləyir. Onun fikrincə,
düşdükləri bu çıxılmazlığın
tək yolu Yaradana dua etməkdir.
Sonda sanki hər tərəfdən "tərksilah"
olan xəstə ailə başçısı xanımın
göstərdiyi yola pənah gətirir, Allaha ibadət etməyə
başlayır. Beləliklə, tamaşa, xəstəlikdən
taqəti qalmayan Qərib həkimin etdiyi duaların
ağır sədaları altında yekunlaşır.
Əslində, dramaturq pyesin davamında həkimin və
Çiçəyin ölüb-ölmədiyini, o körpənin
doğulub-doğulmadığını, yəni ailənin
sonrakı taleyini yazır. Ancaq rejissor pyesi
buradaca yekunlaşdıraraq sonluğu
tamaşaçının ixtiyarına buraxır. Hər tamaşaçının öz
düşüncəsində yaratdığı sonluq isə əsərdən
çıxardığı nəticə olacaqdır.
"Hasarın o üzü" fəlsəfi adı ilə
hazırlanan tamaşada əslində Ali Qüdrətin
insanlardan tələb etdiyi mənəvi saflıq, insanpərvərlik
kimi gözəl bəşəri duyğular tərənnüm
olunur. Tamaşanın musiqi tərtibatı, işıq
effektləri də diqqəti cəlb edir. Belə bir fonda gözəl aktyor ifası var.
Tamaşaçı nə əsərin iki saat olmasından, nə
hadisələrin bir məkanda icrasından, nə də
obrazların azlığından yorulur. "Hasarın
o üzü" tamaşaçını güldürən,
güldürə-güldürə düşündürən,
ağladan, ağlatdıqca sevindirən, ancaq bütün
hallarda uzun müddət öz təsiri altında saxlayan
möhtəşəm səhnə işidir.
Bəlkə də dünyaya hasarın bir üzündən
deyil, onun başına çıxıb oradan baxılarsa, həyat
da, yaşamaq da daha asan və əyləncəli olar.
525-ci qəzet 2018.- 7 fevral.- S.7.