Milli Qəhrəman Təbriz Xəlilbəyli
istiqlal şairi Xəlil Rza Ulutürkün misralarında
Həyatda ən böyük zirvə şəhidlikdir. Bu zirvəyə
ucalanlar yaddaşlara əbədi həkk olan qalalardır.
Elə qala ki heç bir qüvvə -
yağış, qar, tufan, düşmən gülləsi
yıxa, dağıda bilməz.
Zaman-zaman Azərbaycan xalqı da düşmənlərlə
mübarizədə belə qalalara arxalanıb. Cavanşirdən, Tomrisdən,
Babəkdən, Koroğludan, Qaçaq Nəbidən yol
alıb gələn igidlik dərsi indi Mübarizlərin,
Əliflərin, Salatınların, Riyadların, Çingizlərin...
və daha neçələrinin həyatında davam edib, gələcək
nəslə bir örnək, nümunə olub.
Bu gün belə igidlərdən birinin doğum
günü ərəfəsindəyik. Azərbaycanın Milli Qəhrəmanı
Təbriz Xəlilbəylinin. Hamımızın
yaxşı tanıdığı, Azərbaycanın istiqlal
şairi Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəylinin.
Bu ad günü ərəfəsində birdən-birə
qələmim qəhrəmanı öz dilimlə vəsf etmək
istəmədi. Qələmim övladı haqqında
şeirlər yazmış, misralar tükətmiş bir
şair atanın qələminə boylandı. Qələmlər danışdı, dərdləşdi.
Qərar
verdim: mən bu qəhrəmanlığı atanın dili ilə
danışdırmalıyam. Bütün həyatını
xalqına, onun müstəqilliyinə, azadlığına həsr
etmiş, bu uğurda daş zindanlara razı olmuş şair
X. Rza Ulutürkün dili ilə:
Qoy sənə
doğulan günəş deyim ki,
Nurunla açılan al səhərəm mən.
Yeddi il yol gələn, a mənim ilkim,
Gəldiyin yollara gül düzərəm mən.
Doğulduğu anda şair qələminə güc
verib onu ilhama gətirən övlad sevinci sətirlərin
yaddaşına düzüldü. Şair ata oğlunun gələcəyi
üçün arzular qurdu, xəyalların qucağında pərvazlandı.
Ata
oğluna ad qoydu: Təbriz! Azərbaycanın səhəri
Təbrizi öz oğluna qardaş görmək istədi.
Atanın arzusu qanadlandı, coşdu, daşdı:
Ey bala Təbrizim,
gün o gün olsun
Ana Təbrizimə
mən azad deyim,
Ustad Şəhriyarla görüşüm olsun.
Təbrizi Təbrizə qol-qanad deyim.
Hələ körpə balasının gələcək
ta leyini bilməyən ata indidən onu döyüşlərdə,
səngərlərdə mübarizədə arzuladı. Çünki
qəlbi vətən sevgisi ilə vuran şair Azərbaycanın
istiqlalı üçün ər oğulların
olmasını arzulayırdı. Və
oğlunun dünyaya gəlişi adı bir atanın sevinci
deyildi, həm də istiqlal mücahidinin yeni bir əsgərin
doğuluşu üçün duyduğu sevinc idi.
Arzular,
könlümdə çeşmə-çeşmədir,
Arzular qoynunda boy atmış könül.
Səni
arzum üçün, amalım üçün,
Səni döyüş üçün yaratmış
könül.
Nağıl dili yüyrək olar, - deyib
atalarımız. Təbrizin nağılında da qəhrəman
tez böyüdü, boya-başa çatdı. Oxudu, tay-tuşlarına qarışdı.
Atanın bir an da olsun nəzərindən
uzaqda olmadı bu inkişaf. Ata baxdı, Ata
narahat oldu, Ata qayğılandı, Ata bəzən təəssüfləndi,
bəzən də sevindi oğlunun hər addımından.
Ancaq o, inanırdı, inanırdı ki, Xəlil
Rza övladı əsl istiqlal mücahidi olacaq, Vətənin
müstəqilliyi üçün çarpışan ərlər
sırasında onun Təbrizi də öndə olacaq. Vaxt-vədə yetişdi. Bir gün yurdumuzun
üstünü alan quzğunları
susdurmaq, onları öz yerində oturtmaq üçün Təbriz
silahlandı, cəbhəyə könüllü olaraq yola
düşdü. Ata bu gedişə xeyir-dua verdi.
Doğuluşundan dünya boyda sevinc qapan Ata
yanılmadığını görüb fərəhləndi.
Ata oğlunun bu səfərdən geri dönüşü ola bilməyəcəyini bilə-bilə arxasınca
su səpdi, köksü qabardı qürurdan.
Bəli, istiqlal şairi bir istiqlal övlad
yetişdirmişdi.
Qara bığlar şəvə kimi... kürək enli,
qamət uca.
Könüllüydü... ön cəbhəyə
varıb getdi uça-uça.
Kimsə sütül köçəçəkdir bu
dünyadan, kimsə qoca.
28 yaşa məgər çatdı Təbriz Xəlilbəyli?
Şəhidliyə gedən yola
çıxmışdı Təbriz Xəlilbəyli. Bu yolla
addımlayırdı və addımladıqca da
dönmürdü, qorxmurdu tutanlardan, boranlardan. Ananın
gözləri yolda, sevgilisinin gözləri yolda, Atanın
gözləri... Və bir gün o müdhiş
xəbər qapını döydü. Açmadılar.
Pəncərədən boylandı, sızıb
evdəkilərin üzünə baxdı. Gəlmişəm. Nə edəcəksiniz?
Məni necə qəbullanacaqsınız?
- deyərək meydan suladı. Ana çaşdı, döyükdü. Xəbəri Vətən dərdi ilə
yaralanmış şair qəlbinə, beyninə, necə
ötürəcəyinə qərar verə bilmədi. Bu qəlb bir də övlad yarası alacaqdı.
Görəsən, dözə biləcəkdimi?
Şair ürəyi haray saldı bu acı xəbərdən,
yeri-göyü titrətdi qələmindən süzülən
misralardakı fəryad. Ancaq özündən
çox yenə də Ananı, oğlunun sevgilisini, bir də
Vətəni düşündü şair.
Aç
başından qara şalı, can Firəngiz, sən
ağlama!
O məqbərə
yerdi-göydü...baş daşını qucaqlama.
Mərmərində dövrə dönür
yağış göydən dama-dama.
Üstündəki ehtişama matdı Təbriz Xəlilbəyli.
Misralara axıtdı acı göz yaşlarını
şair. Misraları qınadı, misralara ağladı,
onları günahkar bildi, bəlkə “Ata qəlbi təskinlik
tapa”ümidi ilə. Şair ürəyi
toxtadı, amma Ata qəlbi yox. Qürur, and
yeri olan şəhid oğlunun nə vaxtsa
qayıdacağı, onları sevindirəcəyi ümidi
ilişib qaldı Atanın qəlbinin bir küncündə.
Və özü də bilmədən bu təskinlik
aldanışı onun qəlbini yavaş-yavaş
ağrıtdı, incitdi, göynətdi, susmasına səbəb
oldu.
Bəs nə üçün səhər tezdən
hamıdan tez oyanırsan?
Qapı zəngi çalınanda yüyürürsən,
boylanırsan.
Bəlkə gəldi?!
Möcüzəyə inanmırsan, inanırsan.
Dağı
bəlkə dağ çiynindən atdı Təbriz Xəlilbəyli!
Atanın oğul həsrəti gün-gündən
böyüdü, artdı. Gözlər
qapıda, ürəyi səksəkədə qaldı. Az qala hər gün getdiyi Şəhidlər
Xiyabanındakı ziyarət yeri - Təbrizin uyuduğu məzar
da Ataya rahatlıq gətirmədi. Oğlunun əbədiyyətə
qovuşduğu torpaq da gözlərini yollardan
yığmadı.
Məqbərənə
gül düzərək,
Gülüm,
Təbrizim, Təbrizim!
Doğrudanmı
səni tapdı
Ölüm,
Təbrizim, Təbrizim!
Ata
ikilik-ziddiyət arasında vurnuxurdu: biri oğlunun
doğuluşundan qazandığı sevinc payı idi, digəri
ölümündən aldığı acı zərbə
idi. Təbriz doğulanda elə bilmişdi ki, Azərbaycanın
qədim şəhəri Təbrizə qovuşdu. 200 illik ayrılıq, hicran dərdinə son qoydu.
Və daxilində elə bir ümid
yaranmışdı ki, nə vaxtsa Təbriz də geri
qayıdacaq, Cənubi Azərbaycan yarası sağalacaq.
Sən
tapınan, o tapınaq,
Cüt Təbrizi
qovuşduraq,
Ey bəxtəvər,
ey üzüağ,
Balam, Təbrizim,
Təbrizim!
Günlər, aylar ötdü. İllər yerdəyişmə
etdi. Təbriz dönmədi. Heykəlləşib Şəhidlər
Xiyabanını bəzədi. Şair qələmi
dayanmadan oğlunu - bir Vətən övladını tərənnüm
etdi. Yorulmadı, usanmadı. Sətirlər sətirləri qovdu, bəndlərdə
birləşdi, qovuşdu. Bəndlər də
birləşib ölməz şeirlərə döndü.
Ancaq Təbriz, minlərlə şəhid dönmədilər.
Onları ziyarətə gələnlərə
“biz sizinləyik” mesajını vəd etdilər. Şəhidlər daşlarda, daşlar məzarların
üstündə qərarlaşdılar.
Və bir
gün ataya şad xəbər verdilər: ona Xalq şairi
adı vermişdilər.
Zənglər
ara vermir... Təbrik edənlər,
Muştuluq umanlar görün nə qədər.
Söykəyib
arxamı mərmər divara,
Sakit dayanmışam, əlimdə dəstək.
Baxın gözlərimdən axan yaşlara.
Deyirəm:
- Balamın qan bahasıdır
Başıma qoyulan bu qızıl çələng.
Şair bu adı ona verilən təskinlik payı “qan
bahası”kimi qəbul edir. Ona bu gün verilən
ad nədənsə sevinc, xoşbəxtlik gətirmir. Axı o, bu sevinci balası Təbrizin də görməsini
istəyirdi. Dünyada ən böyük
xoşbəxtlik öz bəxtəvərliyini
yaxınlarınla bölməyindir. Əgər
onlar yoxdursa, qazandığın uğurların da heç bir
anlamı yoxdur.
Şair boğazında yığılıb qalan
sevincini udur və o da qələmini yerə qoyub silaha
sarılmaq, şəhid olmaq arzusuna düşür.
Çələng
sənin olsun, avtomat mənim
Şövqünü səninlə bölmək istərəm.
Sən Vətən
uğrunda keçdin canından
Mən Sənin uğrunda ölmək istərəm.
Ancaq şair qələmi ilə çoxdan “Şəhidlik”
zirvəsinə qalxmışdı. Meydan hərəkatı,
Lefortova zindanı, bir də yaradıcılığı buna
sübut idi.
Bu meydanda anladım ki, nə quzuyam, nə də ceyran.
Azərbaycan bu gün doğur özü boyda Azərbaycan!
... Və
bu yerdə hiss edirəm ki, ağlayan qələmim "Dayan! Bəsdir”-deyir. Bir "Şəhid” atanın
öz şəhid oğluna həsr etdiyi misraların
hayqırtısına daha dözə bilmirəm, dərdə
boyun əymək istəmirəm... Birdən-birə daxilimdə
başqa bir hiss də mənə pıçıldayır:
“Axı onlar Azərbaycanın işıqlı sabahı, gələcəyi
üçün çarpışıblar. Əgər
onlar özlərini fəda etməsəydilər,
bugünkü günümüz - müstəqilliyimiz,
inkişafımız, Azərbaycanı dünyada tanıdan
uğurlarımız da olmazdı”. O xalq xoşbəxt
xalqdır ki, azadlığı uğrunda öz
qızını, oğlunu qurban versin. Müstəqillik
verilmir, alınır. Bunun
üçün candan keçmək lazımdır. Bu mənada
Azərbaycan xalqının başını uca tutmağa,
qürur hissi keçirməyə tam mənəvi haqqı
var. Çünki Azərbaycanın Təbrizləri,
Çingizləri, Salatınları, Riyadları, Aqilləri
kimi yüzlərlə şəhidlik zirvəsinə yüksələn
igidləri var. Və şəhidlərin amalı birdir: “Təki
Vətən sağ olsun!”
Bu yerdə mən də silkinib qəddimi düzəldirəm,
başını dik tuturam. Azərbaycanın gələcəyi
üçün mübarizəni davam etdirməyi dərk edirəm.
Şəhidlərin bizə ərmağan qoyduğu Müstəqil
Azərbaycanı biz də gələcək nəsillərə
sağlam şəkildə təhvil verməliyik axı. . .
Sətirləri yenə də Ulutürk qələmi ilə
tamamlamaq istəyirəm.
İtib-batmaq
üçün yaranmamışam,
Dünənəm, bugünəm, gələcəyəm
mən.
Bir
gün bu dünyadan köçsəm də nə qəm,
Dünyaya yenidən gələcəyəm mən.
Ruhəngiz ƏŞRƏFQIZI,
Neftçala
525-ci qəzet 2018.- 8 fevral.- S.8.