Ürək ağrısı, çiçək oğrusu

 

Taleh MANSUR

 

Konvoy maşını həbsxananın darvazasından keçib "şluzda" dayandı. Maşından əliqandallı bir məhkum düşdü. Qarabuğdayı polis serjantı məhkumu, üstü armaturla örtülmüş "şluzdan" keçirib dar qapıya sarı apardı.

 

Növbətçi hissəni keçəndən sonra məhkum dayandı, çevrilib dəhlizin o başından içəri düşən işığa tərəf baxdı. Azadlığını xatırlamaq istədi, işığın dəmir barmaqlıqların arasından süzülüb gəldiyini görüb fikrindən vaz keçdi. Üzünü illərin kədəri çökmüş alaqaranlıq dəhlizə tutdu. Ürəyi sıxıldı, addımlarını yeyinlətdi, azadlığa can atırmış kimi irəliyə şuğudu. Polis serjantı məhkumun ani sürətlənməsini hiss edib, astaca qolundan çəkdi. Azadlığını əlindən aldığı adama kamerasına tələsməyə imkan vermədi. Dəhlizin o bir başında onları iki nəzarətçi qarşıladı. Polis serjantı məhkumun qolundakı qandalı açıb belinə bağladı. Üzünü arıq nəzarətçiyə tutub dedi:

 

- Həə, bu da bizim "Çiçək oğrusu" ləqəbli canimiz Səfərov Azad! Fevral ayının 13-dən 14-nə keçən gecə bir dəstə çiçəyə görə bir cavanı oğlanı qanına qəltan eləyib.

 

- Bir dəstə çiçəyə görə?!

 

- Hə, hə, bir dəstə çiçəyə görə... Görəsən, oğurladığı çiçəkləri kimə hədiyyə etmək istəyirmiş? İfadəsində hər şeyi boynuna alıb. Bir tək o çiçək dəstəsini kimə verdiyindən başqa. Bir çiçək dəstəsinin zibilinə düşmüşük. Düz bir həftədir, gecəmiz-gündüzümüz yoxdu, apar-gətirdəyik. Hə, "student qədeş", cinayət buduye. Təəccüblən e, təəccüblən, hələ cavansan, nə görmüsən? Vaxt gələcək bu xarabada təəccüblənməyə bir şey tapmayacaqsan!

 

Onun acı zarafatına özü qarışıq hamı güldü.

 

Polis serjantı gəldiyi dəhlizlə geri qayıtdı. Yeridikcə belinə bağladığı qandal cingildəyir, ala-qaranlıq dəhliz boyu öz kədərli "mahnısını" oxuya-oxuya işığa qərq olub gözdən itməyə can atırdı. Nəhayət, günəşin səfəqləri qandalın üstündə bərq vurdu. Tanrının gözü qamaşdı. Bu zaman kəsiyində yer üzündə milyonlarla ədalətsizlik yaşandı. Məhkumu həbsxanaya gətirən qandal azadlığa çıxdı. Dəmir parçasından fərqli olaraq bu zaman canı ətdən və sümükdən olan insan övladı həbsxananın ən dərin hücrəsində idi. Nə polis serjantının haqqında dediklərini eşitmişdi, nə də kameraya necə gəldiyindən xəbəri olmuşdu. Nəzarətçi itələyib kameraya salanda ayrıldı öz aləmindən. Qarşısında uzun bir stol, divar boyu cərgələnmiş iki mərtəbli çarpayılar və mis rəngli adamlar dayanmışdılar. Bu adamlar qabaqlar gördüyü adamlardan fərqli olaraq ona gülmürdülər, kədərli-kədərli dirigözlü heykələ dönmüş insana tamaşa edirdilər. Kimsə sual verib yenidən bayaq ayrıldığı aləmə geri qaytarmaq istəmirdi. Az qaldı, mis rəngli adamları bir-bir tutub silkələsin ki, mənə sual verin. Yaxalarına çöküb soruşmaq istəyirdi ki, mənim göz yaşlarımı görmürsünüzmü? Ona hava, su kimi lazım olan bu sözləri eşitmək üçün yalvarmağa belə hazır idi. Nə fayda, dili damağına yapışmışdı. Gücü kameranın dəmir qapısına sarılıb ağlamağa çatdı. Bunu görən kədərli adamların arasında gülüşmə qopdu. Ağlayan adamın ürəyinin dərinliyində iztirab və kədərlə yanaşı, bir əlçim fərəh də yarandı. Onun göz yaşları kədərli adamları gülüşə qərq etmişdi. Bəlkə də, ömrü boyu bu boyda savab iş tutmamışdı. Sonra nə baş verdiyini bilmədi, teatr səhnəsinin pərdəsi kimi gözlərinin önündən qara bir pərdə enməyə başladı. Ayaqları, əlləri boşaldı. Dəmir qapıya sitayiş edirmiş kimi diz çöküb, yıxıldı.

 

Özünə gələndə çarpayıda uzanmışdı. Başının üstündə iki həkim dayanmışdı. Çarpayının yanındakı stulun üstündə şpiris və bir fincan çay var idi. Araya çökən sükutu baməzə həkim pozdu:

 

- A kişi, səni "enbeem"də aldıq əzrayılın əlindən, hara gedirdin cəzanı çəkməmiş? Yəqin təzyiqin sümüyünə düşən mahnı eşidib oynayıb bir balaca. Bu dərmanları da at, düzələcəksən.

 

Kədərli adamlar bu dəfə gülmədilər. Dərin sükut kameranın ağır havasına qarışmışdı. Dəmir barmaqlıqlarla örtülmüş pəncərələr olmasaydı, nəfəs almaq belə olmazdı. Təmiz hava məhkumların umidlərinə həyat verir, kameranın ağır havasında boğulmağa qoymurdu. Yaratdığı bəndələrinin əzablarını Tanrının özü də çəkirdi. İnsan oğlununsa bundan xəbəri yox idi.

 

Azad o gecə həmişəkindən tez yatdı. Yuxuda gəldiyi dəhlizlərlə geri qayıtdı. Dəmir barmaqlıqlardan və divarlardan ruh kimi sivişib həbsxanadan çıxdı. Yuxuda olduğunu dərk edirdi, ancaq yuxu mələklərini incik salıb belə bir şirin yuxudan məhrum olmaq istəmirdi.

 

Küçəyə çıxıb sağa-sola boylandı. Gözə adam dəymirdi, şəhərin səs-küyü kəsilmişdi. Nə fikirləşdisə, səkinin üstü ilə şəhərin yuxarı hissəsinə tərəf irəlilədi. Yağan qar əriyib küçəni buz meydançasına döndərmişdi. Yuxusu ona sürüşüb yıxılmağa qoymurdu. Ona görə də iri addımlarla irəliləyirdi. Brend paltarlar satılan mağazanın yanından keçəndə boğuq bir səs eşitdi. Ətrafa baxdı, üzünü tük basmış səfil bir kişi cırıq pencəyinə bürünüb yuxuya getmişdi. Səfilin yuxusuna boylandı. Adam yuxusunda soyuq bir qış gecəsi küçədə nimdaş pencəyinə bürünüb yatdığını görürdü. Yuxularının belə səfili xoşbəxt etməyə gücü yetməmişdi. Azadın gözləri doldu, başını qaldırıb Tanrıya şükr etdi.

 

Yuxular da nağıl dili kimi yüyrək olur, gəlib bir darvazanın qarşısında dayandı. Sevdiyi qadın - Gülər bu evdə yaşayırdı. Həbsxana divarlarından çətinlik çəkmədən keçən adam Gülərgilin qapısından keçməkdə çətinlik çəkirdi. Öz cəsədini sürüyürmüş kimi ayaqlarını sürüyüb darvazadan içəri girdi. Həyətdən keçib, evə daxil oldu. Gülər həyat yoldaşının yanında deyildi. İri gövdəli həyat yoldaşı üzüüstə uzanıb xoruldayırdı. Ayaqlarının ucunda o biri otağa keçdi. Gülər qızını qucaqlayıb yatmışdı. Qızının ipək saçları üzünə dağılmışdı. Gözlərindən süzülən yaş qızının ipək saçlarını üzünə pərçimləmişdi. Göz yaşlarının döyəclədiyi yanaqlar ipək saçları qucaqlayıb dərin yuxuya getmişdi. Azad çarpayının başına dövrə vurub Gülərin ayaq tərəfində oturdu. Başını zülmətə meydan oxuyan ayaqlara söykədi. Dərin bir yuxuya dalmaq istədi. Yuxuda olduğunu xatırlayıb fikrindən vaz keçdi. Yerindən dik atıldı, Güləri bağrına basmaq istədi, qolları qalxmadı. Fəryad qoparıb yuxudan oyatmaq istədi, səsi çıxmadı. Hönkürmək istədi, qəhər boğdu. Elə bil yer üzünü çiyinlərinə yükləmişdilər. Əlini Gülərə uzatdı, əli zülmətə toxundu. Arxaya dönmədən geri çəkildi. Dəhlizdən keçib həyətə çıxdı. Yağış yağmağa başlamışdı. Anadil quşu kimi zülmətə yağan yağışın səsi gəlsə də, özü gözə dəymirdi. Zülməti və yağışı yara-yara həbsxanaya tərəf qaçmağa başladı. Üzüaşağı küçə ilə gedib sola buruldu. Dayandı, əllərini dizinə qoyub nəfəsini dərdi. Yola davam etmək istəyirdi ki, arxadan addım səsləri eşitdi. Dönüb geriyə baxdı. Qaranlığı yara-yara paltarlı bir adam ona tərəf gəlirdi. Zahirən nurani bir qocanı xatırladan bu adam üzdən gənc idi. Sərxoş adamlar kimi acı-acı gülümsəyirdi. Yoluna davam etmək istədi. Ağ paltarlı adam əlini ona tərəf uzadıb xırıltılı səslə:

 

- Dayan, qardaş, - dedi, bir göz qırpımında Azadın qarşısında peyda oldu. - Gecən xeyir!

 

Azad yoluna davam etmək istədi, zülmət hasara dönüb qarşısını kəsdi. Ağ paltarlı adam gülümsədi:

 

- Mənə hər şeyi danışmadan heç yerə gedə bilməyəcəksən, zülmət qarşını kəsəcək. İşığa çıxa bilməyəcəksən.- Bir anda mülayim səsi ciddiləşdi. - Danış! Danış!

 

Bu səs qaranlıq küçədə əks-səda verdi. Yağışın damcıları silkələndi, gölməçələr ləpələndi. Küknar ağaclarının yarpaqlarındakı yağış damcıları asfalta çırpıldı. Nəhayət, bu səs səfili silkələyib yuxudan oyatdı. Səfil əlini ürəyinin üstünə qoyub: "Lənət sənə kor şeytan, bu nə yuxu idi?", - dedi. Yuxuda gördüyünün gerçək həyatı olduğunun fərqinə varmadı. Azad titrəyən yağış damcılarını da, ləpələnən gölməçələri də, hövlnak yuxudan oyanan səfilin qorxularını da öz canında hiss edirdi. Öz həyatını əzbər bildiyi şeir kimi danışdı. Ağ paltarlı adama uşaq evində böyüdüyündən, univerisitetdə oxuyarkən tanış olduğu qızla yaşadığı sevgidən, daha sonra onu itirdiyindən, bir il öncə təsadüf nəticəsində onu yenidən tapdığından danışdı. Sevdiyi qadının ailə qurduğu adamla xoşbəxt olmadığını, onunla gizlin eşq yaşadığını dedi. Ən nəhayət, bir neçə gün öncə sevgilisinə çiçək almağa pulu olmadığına görə gecəylə çiçək mağazasına oğurluğa girdiyindən, onu yaxalamağa çalışan gənc mühafizəçi ilə savaşıb istəmədən onu öldürdüyündən danışdı. Sol əli ilə həbsxananı göstərib cəzasını orada çəkdiyini, sağ əli ilə bayaq çıxdığı dəmir darvazanı göstərib sevdiyi qadının isə orada yaşadığını dedi. Daha sonra hakim qarşısında günahsız olduğunu sübut etməyə çalışan müttəhim kimi əllərini sinəsinə sıxıb bağırdı:

 

- Axı siz kimsiniz?! Niyə sizə bunları danışıram?!

 

Ağ paltarlı adamda ciddilikdən əsər-əlamət qalmadı, üzündə qorxu qarışıq kədər peyda oldu, səsi titrədi:

 

- Mən kimsəsiz bir adamam, daha doğrusu, adam idim, keçən il martın altısında özümü göyün yeddinci qatından, daha doğrusu, yeddinci mərtəbədən atıb intihar eləmişəm. Özüm də sənin kimi uşaq evində böyümüşəm. - Əlinin arxası ilə gözünün yaşını sildi. - Bu dünyada yuxusuna girə biləcəyim bir adam yoxdur. Ona görə gəlib sənin yuxuna girmişəm. Bunusa çox görmə mənə, qardaş.

 

Azadın əlləri titrədi:

 

- Sənə hər şeyi danışacam dostum, hər şeyi. Gedək! - dedi.

 

İkisi də küçə ilə üzüaşağı həbsxanaya tərəf yol aldılar. Bir xeyli dinməz-söyləməz getdilər. Qəflətən Azad dayanıb paltarlı adamdan soruşdu:

 

- Sağlığında nə işlə məşğul olurdun?

 

- Şeir yazırdım, - dedi paltarlı adam gülümsəyib. - Hamı mənə şair deyirdi. O qədər şair demişdilər ki, öz adımı unutmuşdum. İndi ha fikirləşirəm öz adım yadıma düşmür. Öləndə dil deyənim də olmadı ki, adımı xatırlayım. Mənim adım elə şairdi. Unutduğum adımı mənə uşaq evində qoymuşdular. O adı uşaq evi qarışıq unutmuşam.

 

Azad illərdi axtardığı bir şeyi tapmış kimi sevincək soruşdu:

 

- Sən şairsən?!

 

- İdim...

 

- Onda yəqin ki, sən bütün şeirlərin müəllifini bilirsən?

 

- Demək olar ki...

 

- Bir şeir desəm, müəllifini tapa bilərsənmi?

 

- De gəlsin.

 

Azad gözlərini qıydı, azacıq fikirləşib pıçıltı ilə şeiri deməyə başladı:

 

"Məni bərk-bərk qucaqla,

Mənim xoşbəxtliyimin

Sərhəddidir qolların..."

 

Ağ paltarlı adam nəzərlərini Azaddan çəkmədən şeirin arxasını gözləyirdi. Azad ağır-ağır başını yuxarı qaldırıb paltarlı adamın üzünə baxdı:

 

- Elə bu qədərini bilirəm.

 

- Bəs arxası?

 

- Bilmirəm!

 

- Hardan oxumusan bu şeiri?

 

- Oxumamışam, eşitmişəm.

 

- Kimdən?

 

Azadın yanaqlarından göz yaşları süzülməyə başladı. Ağ paltarlı adam yerində donub qalmışdı. Elə bil ilk dəfəydi ki, ağlayan adam görürdü. Bilmirdi onu sakitləşdirsin, ya dayanıb ilk dəfə gördüyü ürəkdən ağlayan adama tamaşa etsin. Əlini Azadın çiyninə qoydu:

 

- Danış, hər şeyi danış, - dedi.

 

- Bu misraları hər dəfə sevişəndə Gülər mənim qulaqlarıma pıçıldayırdı. Bu misralar onun qaynar bədənindən daha çox yandırırdı bədənimi. Görəsən, kim yazıb bu misraları? Bəzən Güləri unudub bu misraları yazan adamı axtarmağım gəlir.

 

Ağ paltarlı adam acı-acı gülümsədi:

 

- Yox, tapa bilmədim. Sən bu şeiri yazan adamı axtarma, o şeiri ya Gülər yazıb, ya da sən. Bunu sizdən başqa heç kim yaza bilməz, - dedi. - Gecdi, səhər açılır sən öz hücrənə qayıt, mən də öz hücrəmə.

 

Azad əllərini paltarlı adama uzatdı. Əlləri paltarlı adamın əllərinə dəyəndə sanki buludlara toxundu. Həbsxananın qapısına çatanda geri döndü:

 

- Şair...

 

- Nədi, qardaş?

 

- Kaş altıncı mərtəbədən atardın özünü, ayın altısı, altıncı mərtəbə. Gördün, hadisələri necə qafiyələndirdim? Bəlkə də, özünü altıncı mərtəbədən atsaydın, sağ qalardın.

 

Hər ikisi ürəkdən güldü. Kədərli adamlar gülməyə səbəb tapmayanda öz acılarını ələ salıb gülürlər. İndi də belə olmuşdu. Tanrı göylərdən bədbəxt bəndələrinın əhvalının düzəldiyini görüb şad oldu. Bu şərəfə yer üzündən zülməti çəkib dünyanı işığa qərq etdi. Səhər açıldı.

 

O gündən sonra Azad hər gecə yuxularında azadlığa çıxıb Gülərə baş çəkdi. Gah onu oyaq gördü, gah da yatmış. Gah ağlayan gördü, gah da dalğın. Gah divanda yatırdı, gah oğlunun yanında, gah da qızının. Azad hər gecə onu saçlarını sığallayıb ağladı. Ancaq Gülər bunu hiss etmədi, Azadın qaynar nəfəsi soyuq əllərini qızdırmadı. Saçlarına çəkdiyi sığal ağrılarını sakitləşdirmədi. Zamanla yuxuların belə Azadın ruhunu sakitləşdirməyə gücü yetmədi. Belə anlarda paltarlı adam ona təsəlli verirdi. Zövq almadığı yuxulara görə belə şükr etməyi tapşırırdı. Onu sakitləşdirmək üçün gah yalvarırdı, gah da tənbeh eləyirdi. Hər gecə gətirib həbsxanadan içəri ötürürdü. Ta ki o axırıncı gecəyə kimi... Həmin gecə Azad çox gec yuxuya getdi. İlk dəfə Güləri görməyə gedirmiş tələsə-tələsə hər gecə getdiyi yolla irəliləməyə başladı. Bu dəfə paltarlı adam qarşısına çıxmadı. Gülərgilin evinə çatanda paltarlı adam qarşısını kəsdi, salamlaşdılar. Azad paltarlı adamı burada görüb təəccübləndi, axı o həmişə qayıdanbaşı qarşısına çıxırdı. Söhbəti uzatmadan keçib getmək istəyəndə paltarlı adam qolundan yapışdı:

 

-Yalvarıram, qayıt geri!

 

Azad qəzəbləndi:

 

- Mən sənə bu haqqı verməmişəm. Sən yalnız mənim yuxularıma gələ bilərsən, çəkil yolumdan!

 

- Yalvarıram, getmə!

 

Azad paltarlı adamı itələdi. O, ipək parça kimi yerə sərildi. Sürətlə yanından keçib gedəndə paltarlı adam əl atıb ayaqlarından yapışmaq istəsə də, əlləri çatmadı. Azad içəri daxil oldu. Gülər nə qızının otağında idi, nə də oğlunun. Divan boş idi. Mətbəxə baxdı, dəhlizə, bağçaya qaçdı. Həyətə çıxmaq istəyəndə yataq otağından səs gəldi. Qapıdan içəri keçdi Gülər burda idi, həyat yoldaşının ağuşunda. Saçları üzünə dağılmışdı, göz yaşları süzülüb yastığı islatmışdı. Gülər müqavimət göstərsə də, gücü çatmırdı. Həyat yoldaşı fısıldayıb "Sən mənim arvadımsan, mənim istəyimə qarşı çıxa bilməzsən" - deyirdi. Azad donub yerində qalmışdı. Boğulurdu, ayaqları günəş şüaları altında əriyən sırsıra kimi yavaş-yavaş qısalırdı. Bir az da keçsəydi, yeriyə bilməyəcəkdi. Cəhənnəmi öləndən sonra deyil, can üstündə yaşayacaqdı. Var-gücünü toplayıb fəryad qopardı, bu səsi paltarlı adamla Tanrıdan başqa heç kim eşitmədi. Yuxu mələkləri belə, o gecə şirin yuxuya getmişdi. Başını götürüb harasa qaçmaq istədi. Məhkum olduğunu xatırladı. Ən azı buradan getmək istəyirdi. Otaqdan çıxanda, qolu dəhlizdəki dolabçanın üstünə qoyulmuş güldana toxundu. Güldan yerə düşüb cilikləndi. Gülərlə həyat yoldaşı səsə dik atıldılar. Hər ikisi dəhlizə qaçdılar. Güldandakı qurumuş çiçəklər yerə dağılmışdı. Həmin çiçəklər idi, düz on yeddi gün əvvəl Gülərə verdiyi çiçəklər.

 

Yuxu mələkləri qəzəbləndilər: yuxu adamı gerçək dünyaya müdaxilə etmişdi. O, yuxulardan əbədi sürgün edilməli idi. Mələklər hərəkətə keçdilər. İnsan övladı dərhal cəzalandırılmalı idi, o bir daha yuxu görə bilməyəcəkdi. Azad havalı adamlar kimi küçəyə çıxdı. Yuxu mələklərini onu həbsxanaya tərəf qovmağa başladılar. Ağ paltarlı adam yuxu mələklərini arxasınca axsaya-axsaya qaçırdı. Əlini yuxarı qaldırıb: "Dostum, həbsxanaya gir, biz tərəfə keçmə" - deyirdi. Azad sürətlə həbsxananın yanından ötüb keçdi. Yuxu mələkləri yerlərində donub qaldılar. Mələklərdən biri göz yaşlarını saxlaya bilmədi. Onun göz yaşları Gülərin çiçəklərini qoyduğu güldanı kimi yerə düşüb cilikləndi. Ağ paltarlı adam tövşüyə-tövşüyə gəlib Azada çatdı, qışqırıb yuxu mələklərini qovdu:

 

- Qorxma qovdum onları, tez ol, keç

 

içəri! - deyib hönkürdü.

 

- Yox, qardaş, mən bir daha yuxu görə bilməyəcəm. Daha Güləri görə bilməyəcəm!

 

- Get! Vaxt itirmə, tez ol!

 

Azadın yerində donub ağladığını görüb var gücü ilə onu kürəyindən həbsxanaya tərəf itələdi. Qəflətən Azad paltarlı adamın əlindən çıxıb üzü qaranlığa tərəf qaçmağa başladı. Əzrayıl əlini-əlinə vurub qəhqəhə çəkdi. Ağ paltarlı adam fəryad qopardı:

 

- Ora getmə, qardaş! Ora mənim dünyamdı! Sənin dünyan bu yanda qaldı!

 

Azad özünü şəlaləyə bənzəyən zülmətin ağuşuna atdı. Qara paltarı zülmət şəlaləsində yuyulub ağ paltara çevrildi. Ağ paltarlı adam hələ də həbsxananın qarşısında diz çöküb ağlayırdı. Dünya yaranandan ilk dəfəydi ki, ölən insanı yaşayan insanlardan öncə bir ruh ağlayırdı. Onun göz yaşları yağış sularına qarışdı. Bir neçə gün sonra göz yaşları qarışmış yağış suları buxarlanıb göy üzünə qalxacaq və təkrar yağış şəklində Azadın qəbrinin üstünə yağacaqdı.

 

Bir azdan ağ paltarlı adam da öz dünyasına qayıtdı. Azadın yanından keçəndə dodaqları titrədi:

 

- Axı niyə belə elədin? İndi mən kimin yuxusuna girəcəm? - dedi.

 

Yorğun əzrayıl çarpayısına uzandı. Təzə gətirdiyi adama baxıb dodağı qaçdı, arxasını çevirib dərin yuxuya getdi. Yuxuda gördü ki, həbsxanada səhər açılıb. Həkimlər və nəzarətçilər Azadın kamerasına yığışıblar. Həyəcanlı məhkumlar Azadın çarpayısını dövrəyə alıblar. Onun cansız bədəni çarpayıda uzanıb. Əlləri qələm tuturmuş kimi bükülü qalıb. Elə bil demək istədiklərini son məqamında tələm-tələsik yazmaq istəmişdi. Baməzə həkimin gözləri dolub, dodaqları titrəyə-titrəyə, "Yuxudaykən ürəyi dayanıb" deyir.

 

Çiçək oğrusu ürək ağrısından dünyasını dəyişmişdi.

 

Azad da ağ paltarlı adam kimi o dünyada adı qarışıq hər şeyi unutdu, bir tək öz faciəsindən başqa. Bir neçə gün sonra öz qəbrinin üstünə gəldi. Qəbrinin üstünə bir yığın torpaq təpələnmişdi. Yerdən çubuq götürüb torpağın üstünə "Ürək ağrısı, çiçək oğrusu" sözlərini yazmaq istədi. Nə qədər çalışsa da, hərfləri xatırlaya bilmədi. Külək əsdi. Əsən külək hardansa Gülərin ətrini gətirdi. Azad bu ətri içinə çəkib hönkürdü. Ruhlar bu səsi eşidib başına toplaşdılar. Onlar bilmirdilər ki, dünyalarına təzə gələn adam qəbrinin üstündə özünü deyil, bir qadın ətrini ağlayır. Çox keçmədən yağış yağdı. Ağ paltarlı adamın göz yaşları qarışmış yağış damcıları Azadın burnundakı qadın ətrini yuyub apardı.

 

525-ci qəzet 2018.- 8 fevral.- S.7-8.