Daşa, çiçəyə
inamın poeziyası
Xəzangül-70
Hüseynova Xəzangül Abbasqulu
qızı 1947-ci il dekabrın 17-də
Borçalı mahalında
anadan olub. 1966-cı ildə Baydar orta məktəbini "Qızıl medal"la,
1970-ci ildə Gəncə
Dövlət Pedaqoji İnstitutunu "Fərqlənmə
diplomu" ilə bitirib.
Ötən əsrin 70-ci illərindən
başlayaraq şeirləri
çap olunan şairə Xəzangül
1988-ci ildən Azərbaycan
Yazıçılar Birliyinin,
2008-ci ildən isə
Türkiyə-Avrasiya Yazarlar
Birliyinin üzvüdür. 2014-cü ilin Prezident təqaüdçüsü, Beynəlxalq
Rəsul Rza və Mikayıl Müşfiq mükafatçısı,
Əməkdar mədəniyyət
işçisidir.
Gəncə şəhərində yaşayıb-yaradan
şairə Xəzangül
10-dan artıq kitab müəllifidir. "Qaya
üstə bitən çiçək" (1988), "Yeddinci göylə söhbət" (1996), gürcü
dilində "Ekvebi"
(1998), "Ömür şikəstəsi"
(1998), "Günəş məni aldadır"
(2000), "Könlümdən baxan günəş"
(2008), türk dilində
"Bitməyən Hazan"
(2008), "Özümü axtarıram" (2015), "Seçilmiş
əsərlər" (2017). Yazıçı-filoloq, əməkdar
müəllim, professor
Bağır Bağırov
"Xəzangül" adlı
kitabını onun yaradıcılığına həsr
edib. "Məhəbbətin
qənimi" adlı
mənzum pyesi Gəncə şəhər
C.Cabbarlı adına
dram teatrında müvəffəqiyyətlə
tamaşaya qoyulub.
Əzizimiz Xəzangül! Sizi
- AYB Gəncə bölməsinin
sədrini, istedadlı
şairimizi 70 illik yubiley münasibəti ilə səmimi qəlbdən təbrik edir, can sağlığı,
yeni yaradıcılıq
uğurları arzulayırıq.
AYB Gəncə Bölməsi
Aləmzər ƏLİZADƏ
Gəncə
Xəzangül, tez-tez mənə elə gəlir ki, ölmüşəm. Bu yaşadığım dünya
da ölü dünyadı. Sonra necə
olursa, yadımdan çıxır, öz ölümümü unuduram.
Başlayıram hamı kimi
mənə verilən
ömrümü yaşamağa.
Bu mənə aid olduğuna görə heç də qəribə deyil. Qəribəsi budur ki, bəzən sənin də şeirlərini oxuyanda belə hisslər keçirirəm.
Mənə elə gəlir, iraq
səndən, ölübsən.
Əzizlərini, istəklilərini, dostlarını
yana-yana qoyub getmisən. Bax, onda ölümünü
axıra kimi təsəvvür eləməyə
gücüm çatmır.
"Nisgil çiçəyi"
şeirini oxuyanda əlim hər şeydən üzülür:
...Baharam -
öləcəm yazından
qabaq!..
İstəyəm -
öləcəm arzundan qabaq!..
Bilirəm -
öləcəm səsindən
qabaq!..
Bilirəm -
öləcəm mən səndən qabaq!..
Öləcəm -
eşqini yetim qoyacam!..
Öləcəm -
dərdini yetkin qoyacam!..
Daha bu şeirinin çıxış
yolu yoxdur. Sənin nisgilin
ürəyimi elə tutur, elə doldurur ki, hönkürüb
ağlamaq adidən adi gəlir mənə. Çünki burada dərd yetkindir, bütövdür,
əlacı yoxdur və nəhayət gözəldir.
Əsrlər boyu qurumayan, axan çaylar var. Həmin çaylar başlanğıcını öz
mənbəyindən götürür. Mənbəyi məlum olmayan qar, yağış sularından əmələ
gələn müvəqqəti
çaylar da tanıyırıq. Onlar gur
gəlib, lap aşıb-daşa
da bilərlər.
Lakin aylar, illər, əsrlər adlaya bilməzlər. Mən şairləri
də belə başa düşürəm.
Mənbəyi özü olan
şairin yazıları
günlük, aylıq,
illik deyil, əsrlik deyil, əbədidir. Qurumayan çaylar
kimi.
Qayalar da əbədidir. Qayaların üstündə bitən çiçəklər
də. O çiçəklər
əbədi mənbəyi
olan sulardan içir. Ona görə o çiçəklər
hər il
açır-solur. Yenə açır,
yenə solur. Əbədiyyətin özü kimi.
Əl çatmır. Ün yetmir.
Bax beləcə:
...Qaya üstə bitən çiçək!
Hansı zalım əkibdi.
Hansı
naşı çəkibdi
ürəyinə sitəm,
çiçək?
Üz tutmusan
Əl çatmayan ucalığa
Qəlbi
daşdan uzaq qaçıb
pənah gətirmisən
Daş vüqarlı
dağa.
("Qaya üstə bitən çiçək"
şeirindən)
Bu çiçək yerindən, yurdundan uzaq düşüb. Alovlarda qovrulub,
küləklərdə təntiyib,
şaxtalarda donub, yarpağı üzülüb,
ləçəyi əzilib,
qaməti əyilib, ürəyi döyülüb.
Ancaq alçalmayıb. Bütün əzabları,
bütün dərdləri
çəkə-çəkə əl çatmayan zirvəyə qalxıb, xoşbəxt olub. Bacım, o xoşbəxt çiçək
sənin şeirini də xoşbəxt eləyib.
Yalanlardan xoşum gəlmir. Onlarsız da
həyat mümkün
deyil. Ancaq baxır necə
yalan. Şeirdə, sənətdə yalana inanmaq istəyirəm. Əsərləri ilə məni inandıran yazıçıları
sevirəm. İnandığım yazılar məni heyrətləndirir, dünyanın
möcüzələrinə marağımı artırır.
...Elə fəryadam ki, qəmli gülüşdə
Elə hıçqırığam
əsən dil üstə.
Elə köklənmişəm sarı
tel üstə,
Qorxuram çalınsam daşlar dil deyə...
Bacım, sənin daşların dil deməyinə necə də inanır. Şeirin inandığına görə məni də inandırır.
Lap sənin varlığın
kimi. O daşları
dilləndirən sənsən,
sənin bədii dilindi.
...Sənsiz viran qalmış bir yurd yeriyəm,
Sənsiz qətrə-qətrə hey əriyirəm.
Sənsiz
heç bilmirəm nəyə gərəyəm,
Sənsiz dərəm ağlar, düzüm inləyər.
("Sənsiz" şeirindən)
İnanıram. İnanıram dərə də ağlayar, düz də inləyər.
Dərənin ağlamağı, düzün inləməyi
sənin dərdinin sözlə bədii əksidir, ifadəsidir.
Xəzangül, sənin zərif, kövrək şeirlərin
çoxdur. Ancaq döyüşən, vuruşan
şeirlərin də
az deyil.
Sənin
gözəl şeirlərin
daim haqq axtarır, haqq uğrunda mübarizə aparır. "Haqq quşu" şeirindəki
kimi:
...Bu dünyanı qarış-qarış,
Addım-addım gəzməliyik, a haqq quşu.
Dözməliyik a haqq quşu,
Haqq gizlədən nahaqları,
əzməliyik, a haqq quşu!..
Burada haqsızlığın
əziləcəyinə elə
böyük inam var ki, ürəyim
ümidlə dolur. Mənə elə
gəlir, haqq quşuna qoşulub dünyanın bütün
əyri-əskiklərini məhv
eləmək mümkündür.
"Bu hicrandır - hər
zülümə tay deyil" misrasının fikir tutumu böyükdür. Hər zülmü
görüb, ömründən
- günündən keçirmişlər,
üstəlik hicran əzabına tutulanda dəhşətdir. Bu zaman əzəmətini, böyüklüyünü saxlamaq,
vüqarını sındırmamaq
sarsılmaz güc, qüvvə, ağıl tələb edir.
"Uşaqların gözündə,
üzündə qəm
suvağı" misran
da var. Bu misra ürəyimdən elə-beləcə
yox, çox dərin izlə keçdi. Artıq neçə illərdir
ki, xalqımız bədxah qonşularımızın
ucbatından dərdə,
bəlaya düçar
olub.
Torpaqlarımızın müəyyən hissəsi erməni işğalçılarının tapdağı altında inləyir. Bacı qardaşlarımız şəhid olub, itkin düşüb. Qaçqın və köçkünlərimiz çadırlarda yaşayır. Əlbəttə, belə ağır vaxtda üzlərə dərd, qəm suvağı çəkilər. Arzulayaq ki, üzlərin qəm suvağı tökülsün.
Bir də Xəzangül, səni yamyaşıl ağaca bənzədirəm. Şeirlərini oxuyarkən yamyaşıl ağac canlanır xəyalımda.
Elə bil bu şeirlər sənin yox, o yamyaşıl ağacındır.
...Deyirəm cücərər barını dərrəm,
Küləklərə qoşub sənə göndərirəm.
Mən buna heyrətəm, mən buna sirrəm,
"Kəsmə şikəstə"si qopur dilimdən.
("Xatırlayanda" şeirindən)
O yamyaşıl ağac daşın, torpağın, otun, çiçəyin, yağışın, qarın, dərənin, düzün və s. dilini yaxşı bilir. Onları yarpaq-yarpaq, çiçək-çiçək şeirlərində canlandırır, dilləndirir, ağladır, kiridir, güldürür, sevindirir.
Bəzən də o yamyaşıl ağacın yerdəkilərdən əli üzülür, üzünü tutur göylərə:
...Kəsib yolumuzu kinli yoxuşlar,
Hava çox dumanlı, yağır yağışlar.
Qorxuram tökülə başıma daşlar,
Göy atam, qoy sənin göy qızın olum.
("Göy atam, qoy qızın olum" şeirindən)
Yamyaşıl ağac ildırımın onu vuracağından qorxduğu kimi, mən də göydən daşların başımıza töküləcəyindən yaman qorxuram. Şeirinin özü də qorxur. Ona görə göy atadan imdad diləyir.
Mən yamyaşıl ağacın çiçəklərini yaxşı görürəm. Bu ağacın çiçəkləri nisgil çiçəkləridi. Sənin nisgil çiçəklərin xoşuma gəlir, Xəzangül! Onlar ürəyimi, qəlbimi sızıldadır. Lakin mən bu sızıltıdan qurtarmaq istəmirəm. Bu nisgil çiçəklərindən ayrılmaq istəmirəm.
Mən sənin ad gününü öz nisgil çiçəklərinlə təbrik edirəm.
525-ci qəzet
2018.- 8 fevral.- S.7.