Nəğmələrlə
qazanılan şöhrət və əbədiyyət
UNUDULMAZ BƏSTƏKARIMIZ
ŞƏFİQƏ AXUNDOVA KÖNÜLLƏRDƏ,
YADDAŞLARDA YAŞAYIR
Musiqi bənzərsiz çiçəklərin açdığı və alaq otlarının cücərib boy ata bilmədiyi ülvi bir diyardır. Duyğularımıza qanad verən bu sənət bizi notların qanadlarında əvvəlcə bəstəkarın xəyal dünyasına, ordan da lap uzaq aləmlərə aparar.
Məhz belə bir qüdrətə malik fitri musiqi istedadıyla dünyaya göz açmışdı Şəfiqə Axundova. İnsan duyğularına toxunan mahnılarla könüllərdə əbədilik qazanan Şəfiqə xanımın sənətinə məhəbbətim bəstələrinə sevgimdən yaranıb.
Böyükdən kiçiyə hər kəsin dilinin əzbərinə çevrilib onun mahnıları. "Həyat, sən nə şirinsən", "Nədən oldu?", "Mehriban olaq", "Hardasan, sevgilim" yüzlərlə mahnının, romansların, xor üçün silsilələrin, simfonik orkestr üçün suitaların, "Ev bizim, sirr bizim" operettasının və onu Şərqdə opera yazan ilk qadın bəstəkara çevirən "Gəlin qayası" operasının müəllifidir Şəfiqə xanım.
İncəsənətdə retro mahnılar deyilən ifadə var. Bir vaxtların çox populyar mahnıları illər sonra retro sayılır. Şəfiqə Axundovanın nəğmələrini nədənsə retro adlandırmağa çətinlik çəkirəm. Bu nəğmələr həmişə təzə, sevilərək ifa olunan və dinlənilən əsərlərdir. Yəni həmişə müasirdir. Bu da onları yaradan bəstəkarın böyük istedadından qaynaqlanır.
Şəfiqə Axundovanın həyat və yaradıcılıq yolu əksəriyyətə məlum olsa da, yenə də onun ömür səhifələrini vərəqləmək istəyirəm.
Şəkili olduğunu söyləməsinə gərək yox idi əslində, qoruyub saxladığı o şirin ləhcəsi onu dərhal ələ verirdi. 1924-cü il yanvarın 21-də "Gəncəlilər" məhəlləsində Qulam kişinin ailəsində dünyaya göz açmışdı. O, hələ uşaq ikən ailəsi Bakıya köçür. Ş.Axundova burada 6 saylı məktəbdə təhsil alır, sonralar isə 173 saylı orta ümumtəhsil məktəbində oxuyur. Ancaq onun üçün əsl məktəb, şübhəsiz ki, dahi Üzeyir Hacıbəyli ilə ünsiyyəti olub.
1940-cı ildə Mirzə İbrahimov və həyat yoldaşı Sara xanımın vasitəsilə Ü.Hacıbəyli ilə tanış olan Şəfiqənin həyatında yeni mərhələ başlayır.
Bir bəstəkar, sənətkar və şəxsiyyət kimi yetişməsində Üzeyir bəyin misilsiz rolunu fəxarət hissi ilə qeyd edən Şəfiqə xanım onu mənəvi atası adlandırırdı. Bəstəkar öz dahi müəlliminə olan məhəbbət və ehtiramını ona ithaf etdiyi "Xatirə" pyesi ilə, Xuraman Vəfanın sözlərinə bəstələdiyi "Yaşadacaq el səni", Xanımana Əlibəylinin sözlərinə "Dahi sənətkar" əsərləri ilə tərənnüm edib.
OPERA
ALƏMİNƏ HƏCƏR CƏSARƏTİLƏ...
Şərqin qadın bəstəkarları içərisində ilk dəfə olaraq məhz Şəfiqə xanım opera yaradıb. 1974-cü ildə Xalq yazıçısı Süleyman Rəhimovun povesti üzrə İskəndər Coşqunun librettosu əsasında yaratdığı "Gəlin qayası" operası ilə bəstəkar öz yaradıcılığında ən yüksək zirvəni fəth edib. Həmin günləri Şəfiqə xanım belə yada salırdı: "1972-ci il idi. Yazıçı Süleyman Rəhimov povestini radioya təqdim edəndən sonra zəng vuraraq tamaşanın musiqisini mənim yazmağımı arzuladığını dedi. "Bacarmaram, bu, çox ağır işdir. İndiyədək heç bir qadın bəstəkar opera yazmayıb" - deyərək imtina etdim. Süleyman müəllim qətiyyətlə dilləndi: "Həcərə qədər heç bir qadın at belinə minib əri ilə bərabər döyüşə getməmişdi. Həcər döyüşə bilmədi? Döyüşdü. Sən də yaza bilərsən. Radio tamaşasında əsas musiqini yazmısan. Ürəkli ol və işə başla".
Beləliklə, Şəfiqə xanım olduqca məsuliyyətli, əziyyətli bir işə başlayır. Operanı yazarkən 7 ay, özünün dediyi kimi, "ev dustağı" olur.
İstedad və zəhmət sonunda bəhrəsini verdi. Şəfiqə Axundova təkcə Azərbaycanda deyil, bütün Şərqdə opera janrında əsər yazan ilk qadın bəstəkar kimi adını musiqi tarixinə yaza bildi. Ancaq onun bu uğurunu xoş qarşılamayanlar da oldu, çox maneələrlə üzləşdi.
Hər şeyə rəğmən, "Gəlin qayası" operasının premyerası uğurla keçir. Premyeradan sonra onu ilk təbrik edənlərdən biri də Süleyman Rəhimov olur. O, fərəhlə bəstəkara yaxınlaşıb: "Sən Qaçaq Nəbinin Həcəri kimi atı minib bütün bədxahları qılıncladın" - deyir...
LAYLAY, HƏYATIM, LAYLAY...
Az qala hamı əzbər bilir onun "Lay-lay"ını. Analarımızın bizə beşik başında oxuduğu bu nəğməni Şəfiqə xanım öz oğlu mərhum Taleh Hacıyev üçün
bəstələyib. "Taleh mənim taleyimdir" deyərdi bəstəkar. Oğlu onun
əsərlərinin ilk dinləyicisi
olmaqla bərabər, həm də bu əsərlərin səhnəyə hazırlıq
dövründə, müğənnilərin
hazırlaşdırılmasında anasına yaxından kömək edirdi. Anasının bəstəkarlıq istedadından ustalıqla bəhrələnmişdi Taleh.
Onun bəstələdiyi
mahnılar - "Belə
qəmli dayanma", "Bəxtəvərlik nəğməsi",
"Sənsiz yaman darıxmışam", "Bu sevda" və başqaları görkəmli
sənətkarımız Rübabə
Muradova, Flora Kərimova,
Məmmədbağır Bağırzadə,
Elmira Rəhimova, Təranə
Vəlizadə, Səkinə
İsmayılova, Könül
Kərimovanın ifasında
zövqlə, ustalıqla səslənib.
Təəssüf ki, ömrünün
gənclik illərində
Şəfiqə xanımın
gözünün ağ-qarası,
bircə oğlu Taleh sağalmaz xəstəliyə tutulur.
Uzun müddət xəstəliklə
mübarizə aparsalar
da, 2008-ci ilin iyul ayında o, vəfat edir.
İllər Şəfiqə xanımdan
çox şeyləri
almışdı. Həyat sonda
ona ən böyük zərbəsini
də vurmuş, Şəfiqə xanım bircə balasını da itirmişdi. Ancaq musiqilər bəstələməkdən,
bir də həyatı sevməkdən
əsla yorulmadı Şəfiqə xanım.
"Yazmasam, yaşaya
bilmərəm" - deyərdi
son gününəcən.
Övladından sonra bu dünyada beş
il yaşadı. Oğlu kimi Şəfiqə xanım da iyul
ayında dünyadan gedib. Sənətinin şöhrəti sərhədlər aşan
bəstəkar, ölümsüz
mahnılar müəllifi
Şəfiqə xanımın
fiziki ömrü bitsə də, mənəvi həyatı
davam edir. Elə bir gün
olmur ki, Şəfiqə
xanımın bəstələdiyi
yüzlərlə nəğmədən
heç olmasa biri efirdə səslənməsin. Zaman keçir,
onun mahnılarını
oxuyan müğənnilər
yaşlanır, bəziləri
isə artıq dünyasını dəyişib.
Əvəzində, gənc müğənnilər
bu mahnıları öz repertuarlarına salıb yenidən oxuyur, qəlbləri oxşayırlar. Şəfiqə Axundova insanlara böyük sarsıntıların
musiqi qarşısında
necə kiçik olduğunu aşılayır
öz əsərlərilə.
Elə bunları bilərək və gələcəyi görərək
Şəfiqə xanım
özünü xoşbəxt
sənətkar adlandırırdı.
Üzeyir Hacıbəyov məktəbinin
davamçılarından biri
olan Şəfiqə xanımın adı Azərbaycanın ən görkəmli bəstəkarları
ilə yanaşı çəkilir. Musiqimizin ən parlaq
simaları olan nəhəng sənətkarlar,
o cümlədən, Şəfiqə
Axundova fərqli janrlara üstünlük veriblər. Bu mənada, Şəfiqə
xanım məhz gözəl mahnıları
ilə sonsuz şöhrət qazanıb,
bu janr onu
tanıdıb, sevdirib.
SƏNƏT YOLDAŞLARININ
YADDAŞINDAKI ŞƏFİQƏ XANIM
Xanəndə Canəli Əkbərov:
"Üzeyir bəyin
tələbə kimi sonbeşiyi sayılan Şəfiqə Axundova böyük hörmət və ehtirama layiq xanımdır. O, istər dövlət, istərsə də xalq tərəfindən sevilib. Şəfiqə xanım yaradıcılığını
elə qurdu ki, Azərbaycan mədəniyyətini gülüstana
çevirdi. Mən sevinirəm
ki, onun əsərinin baş qəhrəmanı olmuşam.
"Gəlin qayası"nda oynadığım
Camal onun həmişə diqqətində
idi. Bundan başqa, onun
bəstələdiyi mahnıları
da ifa etmişəm.
Mən fəxr edirəm ki, bir dost, qardaş kimi onunla ünsiyyətdə
olmuşam".
Bəstəkar Sərdar Fərəcov: "Şəfiqə Axundova ömrünün sonuna kimi dahi müəllimi Üzeyir bəyin amallarına, ideyalarına sahib idi. O, Üzeyir bəyin ən böyük arzusunu reallaşdırdı, Şərqdə opera yazan ilk qadın oldu. Şəfiqə xanım təkcə bəstəkar deyildi, həm də gənclər üçün ideal idi. Bununla bərabər, Şəfiqə xanımın yaradıcılıq yolunu izlədikcə müxtəlif janrlarda əsərlər yaratdığını görürük. Mövcud olan musiqi janrlarının hamısına müraciət edib, uğurlu nümunələr yaradıb. Yaradıcılığının şah damarı mahnı janrı idi. O, heç vaxt unudulmayacaq. Azərbaycan xalqının yaddaşında həmişə yaşayacaq".
Müğənni Aybəniz Haşımova:
"Şəfiqə xanımın yeri həmişə
görünəcək. İstər insan,
istərsə də sənətkar kimi. Amma düşünürəm ki,
Şəfiqə xanım xoşbəxt sənətkardır. Çünki heç də
hər sənətkar onun kimi
sənətinin gücünü tam mənada sübut edə
bilmir".
Xədicə RƏHMAN
525-ci qəzet.- 2018.- 8 fevral.- S.7.