Cümhuriyyət qurucuları
Azərbaycan
Cümhuriyyəti – 100
AZƏRBAYCANIN
DAXİLİ İŞLƏR NAZİRİ BEHBUD XAN
CAVANŞİR (1877-1921)
Nəsiman YAQUBLU
tarix elmləri doktoru
(əvvəli
1 fevral sayımızda)
1921-ci il iyulun
18-də axşam saat
23-də Behbud xan Cavanşir həyat yoldaşı və qardaşları ilə birlikdə "Təpəbaşı"
teatrından çıxıb,
"Pera Palas" otelinə gedirmiş.
Bu zaman terrorçu
Misak Torlakyan arxadan yaxınlaşaraq tapança ilə Cavanşirə üç
dəfə güllə
atıb. B.Cavanşir arxaya dönüb
qatilə doğru irəliləsə də,
aldığı yaralardan
yerə yıxılıb.
B.Cavanşirin qardaşı Cəmşid
qatili tutmuş, ona atılan güllə ilə sol qaşını yaralayıb.
B.Cavanşirin digər qardaşı
Surxay və xanımı qatilin üstünə atılmış,
onu zərərsizləşdirmişlər.
Sonra qatil güllə səsini eşidib gələn polislərə
təhvil verilmişdir.
B.Cavanşiri yaxınlıqdakı ingilis
xəstəxanasına aparsalar
da, onu sağaltmaq
mümkün olmayıb
və 35 dəqiqə
sonra dünyasını
dəyişib.
B.Cavanşir ölümündən üç
gün sonra İstanbulda, Beşikdaşda
Yəhuda Əfəndi
dərgahının olduğu
tarixi məzarlıqda
dəfn edilib. Onun başdaşı üzərində
bu şeirin misraları yazılmışdı:
Qaranlıqdan surət aldı
bir şeytan,
Onun pəncəsində can verdi bir şir.
Bir yığın sümükdür
torpaqda qalan,
Cənnətə yüksəldi
Behbud xan Cavanşir...
Hadisədən sonra ağır məhkəmə prosesi başlayır. Bu cinayətə
dəstək verən
erməni dairələri
qəzetlərdə elan
verərək şahidlər
toplamağa başlayır.
O dövrdə İstanbul ingilis işğal nəzarəti bölgəsi
sayıldığından, məhkəmə prosesini də onlar aparırdı.
Prosesdə ingilis prokuroru Rickatson tərəfsizliyini
qoruyub saxlasa da, onu uzaqlaşdırıb,
Çribbonu təyin etdilər.
M.Torlakyanın əsas vəkilləri Türkiyə erməniləri
olan Xosrovyan və sabiq Sivas vəkili Barsamyan Əfəndi idi. B.Cavanşir ailəsini
vəkil Heydər Rifət bəy müdafiə edirdi.
Erməni vəkillər hər üsuldan istifadə edərək, cinayətkara
haqq qazandırmağa
çalışırdılar. Bir təqdimatda onun bu cinayəti törədərkən "şüurunun
yerində olmaması faktı"nı irəli sürsələr
də, Doktor Məzhər Osmanın başçılığındakı həkim heyəti bunu təsdiqləmədi.
Sonradan həkimlərin
rəyini "tərəfkeşlik
edilib" adı ilə məhkəmə qəbul etməyib, qatilin müayinəsini ingilis həkiminə tapşırır.
Bu uydurma rəy əsasında M.Torlakyan ingilis işğal məhkəməsi tərəfindən
bəraət alır. Bundan sonra M.Torlakyan İstanbuldakı bir erməni Patriarxlığına
təslim edilir, tez zamanda gəmi
ilə Yunanıstanın Pire şəhərinə göndərilir.
Yunanıstandan isə
onun ABŞ-a getdiyi qeyd olunmaqdadır.
Araşdırılan sənədlərdən onun Trabzonda doğulduğu və burada Darülmüəllimdə
təhsil aldığı,
sonra ailəsi ilə Rusiyaya getdiyi, erməni ordusuna da könüllü
olaraq yazıldığı
bildirilir.
Məhkəmədə şahid qismində ilk olaraq B.Cavanşirin qardaşı
Cəmşid, sonra xəstəxananın həkimi
C.Hil, xanımı
Tamara Velkonskaya, Qalatasaray
Mərkəz Polis bölməsinə
mənsub 250 saylı türk polis məmuru Əli Əfəndi çıxış etdilər.
Şahid
qismində məhkəmədə
çıxış edən
Azərbaycan Parlamentinin
sabiq üzvü,
"Azərbaycan" qəzetinin
redaktoru Şəfi bəy Rüstəmbəyli
bu sözləri dedi: "Rus inqilabından əvvəl
Cavanşir məşhur
bir mühəndis idi və sırf
məsləki ilə məşğul olub siyasi işlərə qarışmazdı. İnqilabdan sonra
namuslu bir millətpərvər olaraq,
Azərbaycan siyasəti
və milli məsələlərə qoşuldu.
Azərbaycan hökuməti
təşəkkül etməzdən
öncə özü Müsavat
Partiyasına mənsub
idi. Azərbaycan Mərkəzi Komitəsinin
üzvü olan Behbud xan Cavanşir
Mərkəzi Milli Komitənin də üzvlərindən idi.
Müsəlman və ermənilər
arasında olan münaqişəni sülh
yolu ilə həll etməyə çalışırdı. Cavanşir Müsavat Partiyasının
ancaq bir üzvü idi və zənginliyinə baxmayaraq, bu partiyada çox böyük nüfuz sahibi deyildi. Cavanşir çox sülhpərvər
olub, ermənilər və müsəlmanlar tərəfindən təşkil
edilən heyət üzvü olaraq Gəncə və Qarabağa getdi və erməni-müsəlman
münaqişəsini sülh
yolu ilə həll etməyə məmur oldu. Cavanşirin Bakı erməniləri arasında da bir xeyli dostu
var idi. İlk təşəkkül edən
Azərbaycan hökumətində
Daxili İşlər
naziri olmuşdu.
Nazirliyi dövründə
fəal adam
olduğundan ermənilər
və müsəlmanlar
ondan çox razı idilər. Behbud xan Cavanşirin nazirliyi dövründə
Ermənistanın heç
bir tərəfində
milli iğtişaşlar
olmamışdı. Azərbaycan
və Türk ordusu Bakını aldıqdan və hökumət Gəncədən
Bakıya gəldikdən
sonra Behbud xanın əmrləri və tədbirləri
sayəsində Bakıda
asayiş və intizam bərpa olundu və heç bir nümayiş olmadı".
Məhkəmədə çıxış
edən erməni şahidləri isə B.Cavanşirin ünvanına
"şər və
böhtan" ifadələri
işlədir, onu ermənilərin qətlində
günahkar sayır, Bakı alınarkən
"üç minə
qədər erməninin
öldürülməsi" əmrini onun verdiyini qeyd edirdilər.
Erməni şahidləri məhkəmə
prosesində bütün
şantaj vasitələrindən
istifadə edirdilər. Onlar
1918-ci il sentyabrın 15-də Bakı
azad edilərkən F.X.Xoyski və B.Cavanşirin əhaliyə
müraciətlə yazdıqları
bəyannaməni sanki
ermənilərin qətlinə
başlanması sənədi
kimi təqdim edirdilər. Həmin sənədin qəzetdə
yayımlanan bir müraciət olduğunu çıxışında bildirən
Ş.Rüstəmbəyli bu
izahatı vermişdi:
"Bu əmrnamədə bəzi
məsuliyyətsiz şəxslərin
soyğun və qəsblərə yol verdiyini, onların hərbi məhkəmələrdə
cəzalandırılmasını bildirirdi".
Digər
erməni şahid (Təhməzyan) isə əslən trabzonlu olduğunu, 1916-cı ildə
Bakıya getdiyini, Bakı azad olunarkən B.Cavanşirin və F.X.Xoyskinin verdiyi bəyannamədə
ermənilərdən başqa
"hər kəsin işi-gücü ilə"
məşğul ola biləcəyinin qeyd olunduğunu, ermənilərin
bundan qorxub küçələrə çıxa
bilmədiyini söyləyir.
Məhkəmədə ifadə verən Kirkor Əmiryan da 1918-ci il sentyabrın
15-də Bakının azad
olunmasından sonra ermənilərin F.X.Xoyski və B.Cavanşirin göstərişi ilə
qətl edildiyini söyləyir və həqiqətə uyğun
olmayan ifadələr verir.
Pavel Teğyan
adlı bir erməni (özünü
həm də rusiyalı zabit kimi təqdim edir) də 1918-ci ildə Bakıda olduğunu, Behbud xanın "qətliamlar"da
məsuliyyət daşıdığını
bildirir.
Digər
şahid olaraq ifadə verən xanım Arus Xandanyan isə "yetimlərinin" B.Cavanşir
tərəfindən qətl
edildiyini, ondan bunun cavabını soruşduqda, köməkçilərindən
birinə onu döyməyi əmrini söyləyir.
Erməni
şahidlərin bu yalan ifadələrinə baxmayaraq, B.Cavanşirin rus millətindən olan həyat yoldaşı Tamara Velkonskayanın
məhkəmədə bu
sözləri də eşidilmişdi: "Həyat
yoldaşım daima Azərbaycan müsəlmanları
ilə ermənilər
arasında sülh və barışığın
təmin və təsisinə çalışırdı.
Həyat
yoldaşım heç
bir zaman nə erməni qətliamlarında iştirak
etmiş və nə də bu kimi qətliamlarda
məsul olmuşdur.
1918-ci ilin martından,
yəni Bakıdan çıxdıqdan sonra həyat yoldaşım təhlükədə olduğunu,
erməni qətliamlarından
məsul və ya qeyri-məsul olması
dolayısı ilə
deyil, fəqət müsəlman olduğu cəhəti ilə ermənilər tərəfindən
haqqında nifrət yarandığını bilirdi".
Həmin məhkəmədə Ə.Ağaoğlunun
qızı, məhkəmədə
vəkillik edən Heydər Rifət bəyin katibəsi, sonradan Türkiyədə
tanınmış hüquqşünas-vəkil
olan Sürəyya Ağaoğlu da iştirak edirdi. Şahidlərdən
Qacar nəslindən olan Ziba xanım,
Qara Ağazadə, Əhməd Həmdi Qarağazadə, Yusif bəy Qasımov ifadələrində ermənilərin
müsəlmanlara qarşı
törətdikləri vəhşilikləri
qeyd edirlər.
B.Cavanşirin ölümündən sonra qardaşları Cəmşid və Surxay Türkiyədə qalıb yaşadılar, Azərbaycana qayıtmadılar. Həyat yoldaşı Tamara Velkonskaya isə Rusiyaya qayıdıb, ömrünün sonunadək ailə qurmadan Moskvada tənha yaşayır.
Sovet rejimi dövründə B.Cavanşirin Azərbaycanda yaşayan qohumlarını təqib etdilər, sürgünə göndərdilər. Onun bacısı oğlu Ənvər Cavanşir 1948-ci ildə sürgündən qayıdarkən, Moskvada yaşayan B.Cavanşirin həyat yoldaşı Tamara xanımla görüşür. Ondan "nə üçün ailə qurub yaşamadınız?" sualına Tamara xanım belə cavab verir: "Behbud xan kimi bir insan tapmaq qeyri-mümkündür".
525-ci qəzet.-2018.-9 fevral.-S.6.