Qara Qarayev Gənclər
Kitabxanasında yad edildi
Fevralın 7-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında
dahi bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.
Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi
Tahir Sadıqov görkəmli sənətkarın
Azərbaycan musiqisinin
inkişafında açdığı
yeni cığırdan
bəhs edərək,
onun novator sənətkar kimi bütün dünyada tanındığını bildirib.
Tədbirdə Əməkdar incəsənət
xadimləri Elnarə Dadaşova, Sərdar Fərəcov, Dünya Azərbaycanlılarının Həmrəyliyinə
Dəstək İctimai
Birliyinin sədri Tofiq Əlizadə, şairlər Zərəngiz
Qayalı, Zakir Ağdamlı, "Həkəri"
qəzetinin baş redaktoru Rauf İlyasoğlu və başqaları Qara Qarayevin milli xalq musiqimizin mayası, ruhu, muğamlarımızın rəngləri
üzərində müasir
Qərb musiqi texnikasından istifadə edərək klassik əsərlər yaratdığını,
milli musiqi ənənələrimizi bütün
dünyaya bəyan etdiyini söyləyiblər.
Bildirilib
ki, görkəmli musiqi xadiminin həyat və fəaliyyətində Üzeyir
Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının,
daha sonra Moskva Dövlət Konservatoriyasının, orada
dərs aldığı
dünyaca tanınmış
bəstəkar Dmitri Şostakoviçin
böyük rolu olub. Onun tələbəlik illərindən başlayan
yaradıcılığı qısa zaman ərzində keçmiş
SSRİ-də böyük
əks-səda doğurub.
Bəstəkarın əsərlərinin Amerika
Birləşmiş Ştatları,
Fransa, Yaponiya, Avstriya, Almaniya və digər ölkələrin simfonik
orkestrləri tərəfindən
sevilərək bu gün də səsləndirildiyi vurğulanıb.
Tədbirin sonunda bəstəkarın
yaradıcılığına həsr olunan videoçarx nümayiş
etdirilib.
XƏDİCƏ
525-ci qəzet 2018.- 9 fevral.- S.7.