Milli kino salnaməmizin
Tofiq Tağızadə səhifəsi
Fevralın 7-də görkəmli
kino xadimi, rejissor Tofiq Tağızadənin 99-cu ildönümü
tamam olub.
Kino sənətində ilk yaradıcılıq işindən
uğur qazanmaq hər rejissora nəsib olmur. Lakin onun
ilk ekran əsəri
"Görüş", həm
də tamaşaçı
auditoriyası ilə uğurlu bir görüş oldu və gənc rejissoru həmin vaxtdan bu sənətə
bağladı. Azərbaycan və
Özbəkistan pambıqçılarının
dostluğundan bəhs
edən filmi kino tariximizdə iki ölkənin aktyorlarının ilk müştərək
ekran işi kimi olduqca qiymətlidir.
Filmin quruluşunu
isə gənc azərbaycanlı rejissor Tofiq Tağızadə verib. Onun debütü çox
uğurlu alınıb
və gənc rejissor bu ilk işindən nəyə qadir olduğunu göstərə bilib.
Şübhəsiz, "Görüş", "Uzaq sahillərdə",
"Yeddi oğul istərəm", "Mən
ki gözəl deyildim" filmlərinə
baxmayan insan az tapılar. Bu filmlərin hər
birinin öz süjeti vardır. Rejissorun mövzulara özünəməxsus
yanaşma tərzi isə milli kinomuza yeni üslub
və nəfəs gətirib.
AZƏRTAC
xəbər verir ki, bu gün
Azərbaycan kino sənətinin inkişafında
böyük xidmətləri
olan, adı çəkiləndə gözlərimiz
qarşısında sevə-sevə
seyr etdiyimiz bir çox filmlərdən maraqlı
epizodlar canlanan rejissor, Xalq artisti Tofiq Tağızadənin
anadan olmasından 99 il ötür.
O, 1919-cu ildə Bakı şəhərində anadan
olub. Moskvada Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunun
kinorejissorluq fakültəsini
bitirdikdən sonra C.Cabbarlı adına
"Azərbaycanfilm" Kinostudiyasında
fəaliyyətə başlayan
Tofiq Tağızadə
milli kino tarixinin yeni səhifələrini yazıb.
Ömrünün 40 ilə yaxın dövrünü kinoda keçirən Tofiq Tağızadə çəkdiyi
filmlərdə özünü
professional rejissor kimi təsdiq etməyi bacarıb. Onun ekran əsərləri
Azərbaycan kinosunun ən nadir nümunələridir.
Bu filmlərin əksəriyyətinin tarixi
yarım əsrdən
artıq bir dövrü əhatə etsə də, mövzu və ideya baxımından bu gün da
aktuallığını qoruyub
saxlayır.
Görkəmli rejissorun "Görüş"dən
sonra ərsəyə
gətirdiyi "Uzaq sahillərdə", "Əsl
dost", "Mateo Falkone", "Mən rəqs edəcəyəm", "Arşın
mal alan", "Mən
ki, gözəl deyildim", "Yeddi oğul istərəm",
"Qızıl qaz",
"Dədə Qorqud",
"Babamın babasının
babası", "Bağ
mövsümü" və
digər kinofilmləri
onun yaradıcılığında
əsas yeri tutur. Bu filmlərdə
Azərbaycanın tarixi,
mədəniyyəti, məişəti
çox böyük sənətkarlıqla öz
əksini tapıb.
Onun Azərbaycanın kino tarixinə qızıl hərflərlə yazılmış
filmləri bu gün də əsl məktəbdir.
Bu ekran əsərlərindən
çox şey öyrənmək, əxz
etmək mümkündür.
Tofiq Tağızadə
hər birimizin yaddaşımızda zamanın
problemlərini ekrana gətirən və insanları bu aktual məsələlər
ətrafında düşünməyə
sövq edən görkəmli rejissor kimi qalıb. Rejissorun daxili
dünyası onun filmlərində əksini
tapır. Hər bir
filmində onun böyük bir insan və şəxsiyyət
kimi dəyərləri
görünür. O, tamaşaçı
ilə açıq mükaliməyə girir, onun daxili "mən"ini özü ilə üzbəüz qoyur.
Rejissorun
İmran Qasımov və Həsən Seyidbəylinin ssenarisi əsasında çəkdiyi
məşhur "Uzaq
sahillərdə" filmi
bütün zamanlarda Azərbaycan tamaşaçılarının
sevə-sevə baxdıqları
ekran əsəridir. Rejissorun yaratdığı Mixaylo obrazı bu gün də tamaşaçılar tərəfindən
sevilir. Bu ekran əsəri 1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalında
diploma layiq görülüb,
dahi bəstəkar Qara Qarayevə isə filmin musiqisinə görə kinofestivalın ikinci mükafatı verilib.
Tofiq Tağızadə
kinorejissor olmaqla yanaşı, bir çox filmlərdə rol alıb, həmçinin uzun illər respublikamızda kino işinin təşkilində və
milli kadrların hazırlanmasında da əvəzsiz xidmət göstərib.
Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi Tofiq Tağızadə ömrünün son illərində xüsusi studiya da yaradıb. Lakin amansız əcəl onun işlərini yarımçıq qoydu. Tofiq Tağızadə 1998-ci il avqustun 27-də dünyasını dəyişib.
525-ci qəzet 2018.- 9 fevral.- S.7.