Azərbaycan prezidenti 2018-ci ili - Azərbaycan Xalq Cümhuriyyəti ili elan etmişdir

 

Şirməmməd HÜSEYNOV

 

Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək.

 

(Əvvəli ötən şənbə sayımızda)

 

MİLLƏTLƏR QURULTAYI

 

8 sentyabr 1917

 

Bu gün Ukraynanın paytaxtında Radanın təşəbbüsü ilə böyük bir məclis, millətlər qurultayı quruluyor.

 

Çarizm uçurulduqdan sonra Rusiyada çox qurultaylar qurulmuş, çox ictimailər, syezdlər əmələ gəlmişdir. İstibdadın zülm və təcavüzlərindən zarə gələn ayrı-ayrı millətlər, yersiz və ixtiyarsız qalan kəndlilər, sərmayənin həqsiz və əndazəsiz təzyiqi altında inlə-yən əmələlər və sair bir çox sinif, təbəqə və heyətlər toplaşıb bu böyük inqilabdakı xətti-hərəkətlərini təyin eləmişlərdir.

 

Böyük inqilab müstəbid Rusiya vücudindəki böyük xəstəliklər nəticəsində çıxan bir böhrandır. Bu xəstəliklərdən ən böyügü heç şübhəsiz ki, Rusiya cahangirligindəki təmsil politikası, başqa təbirlə məhkum millətləri təzyiq etmək idi.

 

Təbiidir ki, hər inqilab hər şeydən ziyadə kəndisini mucib olan səbəblərlə məşğul olar.

 

Bəzi kutəh nəzərlər, daha doğrusu, özlərini qəsdən kutah-nəzərligə vuranlar Rusiyada elani-hürriyyət olduqdan sonra millətlərin fəzlə təlaş göstərmələrini təbii görmüyorlar. Müvəqqəti hökumətin, siyasi firqələrin bir dəfə hüquqi-millət təmini xüsusindəki bəyan və elanlarını milliyyət məsələsinin həllindən ötrü kafi görüyorlar.

 

İnqilab, yalnız bir bəyannamə və elanlarla əsrlərdən bəri məmləkətin bədəninə müstövli olan xəstəlikləri sağaltmağa qadir öylə bir tünd təsirli əlaclara, yaxud İsa nəqli müalicələrə malik olsaydı, əlbəttə ki, iş asanlaşardı. Bir fərman kəndliləri, bir iradə əmələləri, bir sirkulyar ticarət və sənaye ərbabını, bir elan da millətləri rahət edərdi.

 

Fəqət əsrimiz əfsanələrdə görülən xürafə dövrəsi degildir.

 

Millətlərin, cəmiyyətlərin həyatına aid olan məsələlər artıq “möcüzə”lərlə degil, mübarizələrlə həll olunuyor.

 

Əmələ kəndi sinfi mənafeini təmin, kəndçi toprağa bulunan ehtiyacını rəf etmək üçün nə dərəcədə ittihad, ittifaq və mübarizəyə möhtac isə, millətlər də öylə bir ehtiyac qarşısındadırlar.

 

Rusiyadakı millətləri yalnız istibdad, yalnız Nikolay, yalnız bürokratizm əzmiyordu. Onları ən çox təzyiq edən şey müstəbid Rusiyanın mərkəziyyəti, müxtəlif mədəniyyət və xüsusiyyətləri bir nöqtəyə tabe etməsi idi.

 

Rusiya inqilabı millətlərin xüsusiyyətini təmin həqqindəki elan elədiyi düsturları quru söz halına buraxmamalıdır və məsələyi sözlə degil, işlə həll etməlidir. Bunun üçün də lazımdır ki, Rusiya cümhuriyyəti milli və məhəlli muxtariyyətlər əsası üzrə qoşma bir cümhuriyyət halını alsın. Rusiyada yaşayan bütün millətlərin tələbi budur. Bu tələb yalnız millətlərin degil, rus millətinə mənsub olub da ən səmimi hürriyyət mübarizlərinin belə tələbidir. Kropotkin kibi mübarizi-hürriyyət Moskva dövlət şurasında elanən söylədi: Rusiya Amerika kibi qoşma cümhuriyyətlər ittifaqından ibarət olmalıdır - dedi. Bunu bugünki həyat tələb ediyor. Aləmşümul müharibə, böyük inqilab vasitəsilə hasil olan dünya sarsıntısının hökuməti dəxi bunu icab ediyor.

 

Millətlərinin rəngarəngliginə ikinci, gövdəsinin cəsamətinə birinci mövqe tutan Rusiya bundan başqa bir şəkli-hökumətlə daxili sülhi təmin edəməz! Böylə bir təmin olmuyunca dəxi əzəmət, mədəniyyət və tərəqqi ümidini bəsləyəməz!

 

Biz, məhkum millətlərə mənsub olanlar əlbəttə, istiyoruz ki, milləti-hakiməyə mənsub olanlar arasında səmimi müdafiələrimiz var. Fəqət bunu da biliyoruz ki, heç bir zaman bir sinfin və ya bir heyətin xaricdən olan müdafei onun həqqini kəndisi kibi müdafiə edəmməz!

 

Kəndçi sinfi, fəhlə qismi kəndi müqəddəratının müdafiəsini öz sinfinin mübarizligindən gördügü kibi, bir millət də kəndi hüququnun müdafiəsini ancaq özündən gözləyə bilər.

 

İştə, bu məqsədlə, bu gün ukraniyalıların təşəbbüsilə millətlər qurultayı dəvət olunuyor.

 

Ukrayna qurultayına o millətlər, o vilayətlər toplaşacaq ki, Rusiya cümhuriyyətini qoşma xalq cümhuriyyəti şəklində görmək istiyorlar.

 

Federasyon fikrinin, muxtariyyət arzusunun, istiqlali-milli ideyasının ən şiddətlə çarpan nəbzi heç şübhəsiz ki, Kiyevdədir.

 

Rusiyadakı məhkum millətlər arasında ukraynalılar velikoruslara yaxın olduqları halda təmsil zəhərini kəlmələrlə içmişlərdir. Fəqət milli mənəviyyatları, milliyyətlərinə olan məhəbbətləri onları hər növ təcavüzlərə təhəmmül etdirib kəndi məfxəri-milliyyələrindən uzaqlaşdırmamışdır.

 

Ukrayna siyasi hüdudini qeyb eləmişsə də, məfaxiri-milliyyəsindən heç bir zaman ayrılmamışdır. Müdəqqiqlər bilərlər ki, əsl vətən haman məfaxiri-tarixiyyə və milliyyədən ibarətdir.

 

Hər nə qədər müstəbid Rusiya Boqdan Xmellinitskiyi bir asi kibi elan edib, Şevçenkonu oxunmaqdan mən ediyor, malorus dilini məktəblərdən qovmiyordısa da, fəqət başqalarının təqdirini cəlb edən o qəhrəmanlıq, digərlərinin zövqünü cəzb edən o dühayi-fikir və sənət ukraynalıların kəndi mənəviyyatlarını təsxir etməyə bilməzdi.

 

Şevçenkoların ruhi malorus səhneyi-tamaşasında gördügünüz o cazibədar zindəligilə daima ukraynalıların mənəviyyatını qızdırmış. Kəndilərini parlaq bir ümidi-istiqbal ilə ya-şatmışdır. İştə, bu gün o ruhəfza Kiyev üzərində uçuşuyor və sevdigi millətilə dərdləşməgə gələn bütün millətlərə lahuti bir sövti-intibahla “ey millətlər anlaşın!” diyor!

 

Biz əminiz ki, Ukrayna Radasının dəvətinə icabətlə Kiyevə toplanan millətlər böylə bir nidadakı mənayı tamamilə dərk edər və bu həftə müddətindəki müzakirələri nəticəsində alacaqları qərarlar-la sözləşərlər ki, Məclisi-Müəssisana bir gedilsin.

 

Rusiyanın qoşma xalq cümhuriyyəti olacağı istənilsin.

 

Millətlərin hüququ sözlə degil, iştə təmin edilsin.

 

Bu tələblərin müvəffəqiyyətlə icrası üçün tarixi yolları bulmuş olan bu millətlərin hərəkətləri müvafiqət alsın.

 

Kiyevdəki millətlər qurultayına Zaqafqasiya daxil olduğu halda bütün türk qövmləri, islam millətləri də iştirak eləmişlərdir.

 

Biz türklərlə müsəlmanlar tarixi bir surətdə toplanan bu qurultaya böyük ümidlər bağlıyoruz. Burada bağlanacaq əhd və misaqlara inanıb burada içiləcək andlara əski türk “andı” qədər əhəmiyyət veriyoruz.

 

Rusiyadakı millətlərdən Ukrayna ilə müsəlmanlar velikoruslardan sonra ən böyük millətlərdir. Bu iki millətin səsi Daxili Rusiya siyasətini ölçəcək mizanə qoyulursa, o zaman qoşma xalq cümhuriyyəti kaffəsinin basacağına şübhə qalmaz.

 

Biz müsəlmanlar Rusiya cahangirligindən çox çəkdik. Biz türklər Rusiya mərkəzindən təngə gəldik. Bir daha o cahangirligə yol vermiyəcəgiz. Bir daha o mərkəziyyətə boyun əgməyəcəgiz.

 

Bunu nümayəndələrimiz orada söyləməgə və oradan bütün Rusiyaya eşitdirməgə vəkildirlər.

 

Biz də millətlərin qurultayını təbrik edərkən bunu düşünüyor və bu düşüncəmizin ifadəsini: Yaşasın qoşma xalq cümhuriyyəti. Yaşasın milli-məhəlli muxtariyyətlər! - şüarında buluyoruz.

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 10 sentyabr 1917, ¹563

 

Kutah - qısa, gödək

 

MƏN KİMƏM?!

 

Zəmanəmizdə, yəni din və əbudiyyətdən, cins və millətlərin hökm sürdüyü böylə bir çağda insan öz soy və millətini tanımamaq, daha doğrusu özünü bilməmək ən böyük günahlardan, silinməz ləkələrdən biridir.

 

Lakin bu ləkə tezliklə gedən ləkəyə də bənzəmir. Bu ləkə yaman ləkədir.

 

Bu, ləkə surətində öylə yılancıq (qanqrena) yarasıdır ki, millətimiz vücudunu, türklük varlığını yavaş-yavaş gəmirir, yox edir.

 

Bu gün həm də kiçik millətlərin, xüsusilə məhkum millətlərin öz varlıqlarını, öz hüquqlarını saxlamaq iddiası ilə bu qədər qan tökülən bir vaxtda bizim özümüzü tanımamazlıq bəlası, dərin düşünülürsə, qara yaradan da, taun çibanından da daha acılı və daha zəhərlidir. Hər kəs öz millətini tanıyıb onun yolunda ağladığı, onun uğrunda gözünü kor etdiyi böylə bir həngamədə biz öz millətimizi sevmək deyil, onun hətta quru adını da bilməyib ortada şaşıb qalmışız. Çoxdan çürümüş əqidələr, təriqələr tiryəkisinin beynimizə verdiyi sərsəmliklə hərlənib dururuz.

 

Bu hal ilə kim üçün və nədən ötrü çalışacağımızı da, təbii, itirmişik. İtirməsək də bilə bilinməyən və bilinmədiyi üçün də sevilmiyən bir millət üçün kim dəlidir ki, can yandırsın?

 

Kim olursa olsun, insan bir nəfər, bir millət və ya bir fikri-əməl uğrunda o vaxt can yandırır ki, ona o zaman aşiq olur ki, onu yaxından tanıyıb ürəkdən sevsin, yoxsa quru və yalançı göstərişlərlə arada məhəbbət, eşq deyil, bayağı dostluq belə olmaz.

 

Mən iddia etmək deyil, uca səslə bağırıram ki, biz özümüzü tanımırız, biz öz millətimizin boş adını belə bilmiyiriz.

 

Nə olub, niyə dodağını buzdunə Görünür, söylədiklərimdə şəkkin var. Çox yaxşı, buyur bərabər soruşalım. Kimdir oə

 

- Marağalı Məşədi əliəsgər.

 

- Bu kim?

 

- Şamaxılı əbdülqafar.

 

- O biri?

 

- O da ərzurumlu Dursun ağa.

 

Bunların birincisindən soruşalım:

 

- Məşədi, siz nə cins və nə millətdənsiniz?

 

- İranlı və şiə məzhəbəm.

 

- Əbdülqafar ağa, sənə

 

- Mən də qafqazlı babıyam.

 

- Dursun ağa, sən bir az oxumuşa bənzəyirsən, gərək soyunu, millətini tanıyasan.

 

- Mən də osmanlı və sünnüyəm.

 

- Daha özgə?

 

- Özgə heç!

 

Siz çox da deyiniz ki, “sünnülük, şiəlik, babılıq bir məzhəb və əqidədir”, cins və millət isə başqadır.

 

Dünyada ən kiçik bir böcəyin, ən yaramaz bir otun soyu və cinsi bəllidir, ya bu qədər böyük bir insan yığıncağının bir cinsi yoxmu?

 

İştə bəla da burasıdır ki, həm var, həm də yoxdurə Vardır: onun üçün ki, biz də özgələr kimi insanız. Bir də, təbii, bir millət soyundanız. Yoxdur: çünki varlığımızı bilmiyiriz ki, soyumuzu da biləlim.

 

Gəliniz bir də qonşularımızdan soruşalım.

 

- Şakro Çaparidze, sən nə məzhəbdənsən?

 

- Pravoslav.

 

- Nə millətdənsən?

 

- Gürcü.

 

- Demitri, sən?

 

- Mən də pravoslav məzhəbindənim.

 

- Millətin?

 

- Urum.

 

- İvan, məzhəbin?

 

- Pravoslavnı.

 

- Millətin.

 

- Rus!

 

Həddin yox ki, bir oxumuş gürcüyə gürcülüyündən savayı özgə bir ad verəsən, o saat özünü alçaqlaşdırılmış hesab edər və səndən bərk də inciyər.

 

Ya bizdəə Bizdə isə lap tərsinədir: sənin də həddin yox ki, salmaslı bir türkün oğlu türkə “şiəyə “türk” deyəsən, o saat səndən üz çevirər və bəlkə də səni düşmən hesab edər. Bir də Axalsıxlı bir ağaya soruşunuz: o gələn kimdir?

 

- Əcəmə bənzəyir.

 

- Eyi, dəhduş diqqət et!

 

- Öylə kəndidir, əcəmdir, qızılbaşdır.

 

- Qoy olsun, bir az söylətəlim.

 

- İşin yox, burak dəf olsun. Qızılbaşdan nə eşidəcəksən ki?

 

Biçarənin xəbəri yox ki, qızılbaş deyə məsxərəyə aldığı kişi öz soyundandır, öz millət qardaşıdır.

 

Amerikalılar Təbrizə gəlib məktəblər, xəstəxanələr açırlar və böyləliklə şiə türklərinə məhəbbət göstərirlər, yardım edirlər və ya edər kimi görünürlər ki, gələcəkdə məsləklərinə, ticarətlərinə xidmət eləsinlər.

 

Lakin bəlaya baxınız ki, biz Qafqaz türkləri öz ayaqları ilə yanımıza gələn iranlı şiə türk qardaşlarımıza yüz çeşid ad qoşub uzaqlaşırız. Üzdən də olmasa, arxadan min dürlü yaman deyiriz. Söz başında “ac tat” deyə də təhqir ediriz.

 

Tiflis guşələrində aclıqdan, azardan can verən iranlı türk əmələlərinə - yırqatlarına “persiyan” gözü ilə baxıb keçiriz, fəlakətlərinə soyuqqanlı tamaşa ediriz.

 

Ya Qafqazda yaşayan iranlı şiə türkləriə Onlar daha qafil! Bunlar bizdən daha artıq uzaqlaşmaq istəyirlər: məktəblərini, məclislərini, hətta bəzi yerdə məscidlərini də ayırıb özlərinə “şiə-fars” rəngi verirlər, balacalarına, yəni öz türk oğullarına türkcəni də əsirgəyirlər, oxutmurlar. Şiəliklə farslığı heç münasibəti olmayaraq cahilanə birləşdirmək öz türklərinə balta vurmaq, öz sözlərini, öz ata- babalarını danmaq istəyirlər. Ya İranın içi ilə çölüə Oralarını daha soruşma, keç!

 

lll

 

Çox yaxşı keçəlim Bakıya. Böyük “İslamiyyə” mehmanxanəsinə gedəlim. Göyçək və pak bir masanın (mizin) ətrafında oturan oxumuş və dünyadan xəbərdar, hətta sözündə millətpərvər görünən qardaşlarımızdan soruşalım. Soruşalım ki:

 

- Soy və millətiniz nədir?

 

- Əlhəmdülillah müsəlmanız,

 

- Şiəsiniz, yoxsa sünnü?

 

- Heç biri deyiliz, təkcə müsəlmanız.

 

- Özgə, daha bir adınız-zadınız yoxmu?

 

- Xeyr, xeyr, xeyr!

 

Birincilərlə ikincilərin cavablarından anlaşılır ki, aralarında xeyli təfavüt var. Birincilər məzhəb və əqidə çevrəsindən çıxmamış, ikincilər isə bir az irəli gedib din dairəsində qalmış. Əgər məndən soruşulsa, aralarında heç bir təfavüt yox. Hər ikisi də birdir. Hətta deyə bilərəm ki, birincilər daha həqiqi, ikincilər isə daha xəyalidir.

 

Xəyalidir, çünki əqidə və məsləkləri qaldırmaq mümkün deyil, əqidə tərəqqinin yoldaşıdır, bunları ayırmaq isə dəlilikdir.

 

Hənəfi ilə şafiliyin birləşmədiyi bir yerdə sünnülük ilə şiəliyi birləşdirmək xam xəyalların ən xamıdır.

 

Nə zərəri var? Qoy, hər kəs öz əqidəsində, öz ictihadında, öz imanında olsun.

 

Nə var, ey oxucu! Niyə başını qaşıdın, niyə üzünü turşutdun? Sultan Səlimlərin, Nadir şahların və bir çox islam rical** və üləmasının çalışdıqları, hətta o uğurda can fəda etdikləri bir məsləkə toxunduğumdan ötrümü məndən inciyirsən?

 

Yox, yox, incimə. Əgər onlar din və əqidənin xasiyyətlərini, vəzifələrini, mövqelərini həqqi ilə bilsəydilər boş-boşuna o qədər çalışmaz və nahaq yerə də o qədər qan tökülməyə səbəb olmazlardı.

 

Əgər onlar “din-islam”ın bir ağac, əqidələrin də o ağacın birər dalları olduğunu və o ağacın böyüməsi üçün dalların mütləq ayrılmaq, genişlənmək ehtiyacında bulunduğunu qanıb onlara yol və hürriyyət versəydilər, islamiyyət heç vaxt bu qədər cığırından çıxmaz və o qədər boğuşub əzilməyə, kiçilməyə də məhəl qalmazdı.

 

Çox təəccüb ki, hətta çox cahillik ki, islamiyyət bütün əqidələri: istər şafi, cəfəri, hənəfi, maliki olsun, istərsə vəhabi, rafizi, babi, şeyxi və qeyri olsun, öz vücudunda birləşdirib, yerləşdirib böyüdə-böyüdə biz sanki daha da ağıllı bulunmaq istəyiriz.

 

Zatən islamiyyət gövdəsində birləşmiş dalların, əqidələrin vəziyyətlərini bəyənməyib biz “ikinci dəfə” daha birləşdirmək və birləşdirirkən də bütün-bütün sındırmaq xamlığında bulunuruz.

 

İslamiyyət ağacı dallarının, əqidələrinin böyüməsini, yayılmasını hər əqidə sahibi özünə zərər sanmaqla neçə yüz illərdən bəri bir-birilərini qırıb tələf etməyə çalışdıqları və bütün qüvvələrin o uğurda sərf etdikləri məgər bəs deyilmi ki, bu gün biz də ata-babalarımızın yanlışlıqlarını, o mühitin, o vaxtdakı halın törətdiyi fənalıqları təkrar etmək cinayətində bulunalım.

 

Yox, yox. Şimdi mühit özgə olduğu kimi, istədiyi zad, törətdiyi fikir və əməl də özgədir.

 

Qoy beş deyil, on deyil istərsə yetmiş iki əqidə olsun!

 

Hər kəsin ürəyindəki etiqad və imanına, o xüsusi hərəmxanəsinə qarışmaya nə haqqımız var.

 

İnsanlığa zərərli olmayak əqidə və azadlıqdan bizə nə zərər ola bilər. Bir də gərək biləlim ki, din qovğaları, din əqidə və ixtilafları, din təklifləri özgə yerlərdə çoxdan məzara getdi. Biz hələ gözlərimizi qapıyıb ölənləri diriltmək, diriləri öldürmək sehirbazlığından, xurafata, xəyalata qurban olmaq, ibtidailikdən, cəhalətdən qurtula bilmiyəcəkmiyiz.

 

lll

 

Ey qafqazlı türk, sən çoxdan islam qeyrətini çəkirsən və bu qeyrətlə hətta öz varlığını, öz adını da itirmişdin.

 

Sən islam uğrunda o qədər çalışmış, əqidə qovğalarında o qədər zərər çəkmiş, o mərtəbə yorulmuşsan ki, axırda bu gün onların adlarını çəkmək istəməyib təkcə müsəlman olmaq xəyalına düşmüsən.

 

Lakin əzizim, o qədər qorxma! Yenə aldanma ki, mərifət olan yerdə əqidə ixtilafı zəhmət deyil, rəhmətdir.

 

Ey türk, dini əqidələr qovğasından daha çox qorxma! Qorxma ki, onların hökmü keçməyə, onların yerlərini indi siyasəti-məişət və siyasəti-bəşəriyyə əqidə və məsləkləri tutmağa başlayır.

 

Ey türk, sən çox da rahatsız olma və şəkkə də düşmə: dini olsun, dünyəvi olsun, əqidəni gizlətmə. Səndən soruşduqları vaxtda ki, “dinü əqidən nədirə - sən də haman söylə: şiəyim, sünnüyüm, babıyım və müsəlmanam.

 

Ey türk, sənin başına çox işlər gəlmişdir, çox əqidələr dolmuşdur. Çox şeylər bilmişsən və bu gün də çox cahil deyilsən! Bir çox ədiblərin, müəllimlərin, mühəndislərin, doktorların, advokatların, məktəblərdə yüzlərcə tələbələrin var!

 

Ey türk, olduqca çox şey bilirsən. Sənə daha sırf cahil xeyir və şərin qanmayan demək olmaz.

 

Sən, sən ey türk! Zamanın bir çox icadlarını, təzə fikirlərini, hətta bir çox modalarını da öyrənirsən, hətta dini əqidələrin çürüməyə üz tutduğunu sezib dünyəvi əqidələrə iman etməyə də başlayırsan.

 

Əvət, çox şeylər, əməllər, fənlər bilməyə çalışırsan. Bir çox hünərlər də öyrənmişsən. Havalara çıxıb və yıldızların nə olduqlarını yaxından bilmək, yerin içəridərinə girib mahiyyətini anlamaq istəyirsən. Ancaq, ancaq bircə xüsusda cahilsən. O barədə heç bir zad bilməyirsən. Hər şeyi öyrənmək istədiyin halda sənə ən lazımlı, sənə ən birinci fərz olan vəzifədən xəbərin yox...

 

Nə var, niyə darıxdınə Niyə yenə can sıxıntısının acısını bığlarından, dodaqlarından almağa başlayırsan.

 

Doğrusu, tütün çəkənlərdən olsaydım, burda mollaların salavatı kimi, bir papiros çəkməyi tövsiyə edərdim.

 

Hə, ey türk! İstər darıx, istərsə qarıx, yaxandan əl çəkəcək deyiləm. Sən hər şeyi öyrənmək istədiyin halda niyə bircə zadı - yəni özunu bilmək istəmirsən, niyə öz varlığından, öz vücudundan, öz soy və nəslindən xəbərin yox. Niyə sənə “Kimsən.” dedikləri vaxt həqiqi cavabında aciz qalırsan. Niyə sadəcə deyə bilmirsən ki, mən türkəm. Niyə deyə bilmirsən ki, şiəlikdən, sünnülükdən, babılıqdan əvvəl sən türk idin. İndi də türksən və bundan sonra da türk qalacaqsan.

 

Sənin bu türklüyünə nə şiəlik, nə babılıq, nə də dinsizlik mane ola bilməz.

 

Sən ey türk! Nə əqidədə, nə məsləkdə olursan ol, həmişə türksən. Sən gərək biləsən ki, dünyada hələ şiə, sünnü, babı, şeyxi adları yox ikən sən var idin. İslamiyyət ərəbistan qumluqlarında doğmadan əvvəl belə sən Altayın ətəklərində ətrafın gözəlliyinə tamaşa edib zövq alırdın. Orada uzun seyr və səyahətlərə hazırlanırdın.

 

Ey özündən xəbərsiz türk! Mədəniyyət əsrləri, nizam, idarə və asayiş üsulu “yasaq” qanunları hənuz Bağdad, Şam, Paris və Londonda yox ikən, sənin yurdunda var idi.

 

Sən öz dadlı dilini cığırından çıxarıb bugünkü acınacaq hala salan ərəb əlifba və yazısından əvvəl sənin göyçək əlifba və yazın var idi.

 

Ey özünü itirir, unudur dərəcədə müsafirpərvərlik, özgələrə hörmət göstərən türk, yaxşı yadına sal ki, sənin ruhun, sənin qanın, sənin düşüncən, sənin varlığın hənuz sənin özündə ikən sən bugünkü kimi dilsiz, yazısız yəni milli nişanəsiz deyildin.

 

Ey sadə ürəkli türk, dünən, bu gün öz varlığını, öz mədəniyyətini göstərə bilib, indi sənə “köhnə barbar” gözü ilə baxıb bugünkü mədəniyyətlərin haqsızlıqlarına baxıb incinmə. Səni lazımilə tanımadıqlarını bilib məyus olma.

 

Yox, yox, sən də çox insafsız bulunma, öz-özünü hələ tanımadığın bir vaxtda çox da özgələrdən incinmə.

 

Ümid ki, tez vaxt olur, yüzdə doqquzu hələ yer altlarında qalıb gizlənən əsgi mədəni nişanələrin, əsgi əsərlərin yavaş-yavaş dünya üzünə çıxar. Sən də ol vaxt artıqlığı ilə üzə çıxarsan, gələcəkdə daha güclü yaşamaq istedadını göstərərsən.

 

Bəsdir, bəsdir, ey türk, bir az ayıl. Ayıl da bir çox toz-topraqlarla dolan, ağırlaşan dini əqidə pərdəsini gözlərinin üstündən qaldır. Əl-ayağını bir az tərpət. Vücudunu, varlıq ağacını saran, korlayan tikanları, sarmaşıqları, yad ağacların yapraqlarını, dallarını qır, at, qurtul. Vücuduna allahın günəşi, havası dəysin. Başını bir az yuxarı qaldır. Öz varlığını, öz vücudunun qiymətini bil. İndiyə qədər yadlar üçün, özgə varlıqlar və vücudlar üçün özünü həlak etmisən, barı bundan sonra olsun ayıl, bir özünə gəl, öz gününə çalış.

 

Ey türk, zamanımız özgə zamandır. Əgər bundan sonra özümüzü tanımayıb qalırsaq, qorxuram ki, gec ayıldığımız vaxt sağalıb yigitcə yaşamaya vücudumuzda qüvvət və taqət qalmamış ola.

 

Ey türk, keçmişlərindən ibrət al, hələ vücudun sağlam ikən, yaşamağa istedadın var ikən, fürsət əldə ikən əsl vücudunu tanı, qədrini anla.

 

Ey türk yaxşı bil ki, bugünkü məhşərin suri-israfili elmə, milli ittihada dəvət ediyor!

 

İndinin siyasi fəlsəfəsi tərəqqiyi millətçilikdə görüyor. Zamanın şövkət və sətavət binası millətçilik bünövrəsi və təməli üstündə quruluyor.

 

Əsrin ruhu azad millətçiliklə bəsləniyor, böyüyor. Keçmiş əsrlərin, keçmiş siyasi əqidələrin cızdığı coğrafiya sərhədlərini indiki etnoqrafiya yavaş-yavaş pozuyor.

 

Keçmiş əsrlərdə daşıb ətrafa yayılan millət selləri yavaş-yavaş kiçilib öz qaynağına və ya çoxdan yataq elədiyi yerlərə çəkiliyor.

 

Vaxtilə özgələrin sıxışdırılması ilə və ya cahangirlik dəliliyi ilə yerlərindən fırlayıb aləmi rahatsız edən millət ərdolarına indi: “hər kəs öz milləti yerində” komandası veriliyor.

 

lll

 

Bu gün eyidən-eyiyə qanıram ki, dini əqidədən sonra insanda doğan dünyəvi əqidələrin birincisi millətpərvərlik əqidəsidir, ictimai fəlsəfənin baş, özünü tanımaq fəlsəfəsidir, millətini bilmək elmidir.

 

Millətpərəstlik əqidəsi özgə əqidələrin mərhələsi, keçididir.

 

Vaxta ki, insan batil və xürafat əsirliyindən qurtulub özünü, özünün hüququnu bilməyə başladı, ondan sonra mühit və ehtiyacın təsirilə hər nə qaydaya girərsə girsin.

 

Bu halda ki, mövqeyimizə, mühitimizə, elmimizə, ehtiyacımıza bizim ən birinci əqidəmiz isə azad millətpərəstlik əqidəsi olmalıdır.

 

İndi gələlim əsl məqsədə. Ey şiə, ey babı, sünnü türk qardaşlarım, diriliyimizin milli ittihadda olduğunu biləndən sonra daha rəva görməməliyiz ki, millətimiz kütləsini meydana gətirən azanın bir qismi. Anadolunun izsiz, şenliksiz, dağılmış, qorxunc bucaqlarında yalnız başlarına ac, çılpaq buraxılıb tələf olalar.

 

Ey pak ürəkli türk, bu millətçilik zamanında hər millət ez nüfusunu artırmaq, o nüfusla öz nüfuz və qüdrətini böyütmək üçün yüz dürlü tədbirlər, fədakarlıqlar edər. İnsaf deyil ki, biz hazır əlimizdə olan minlərcə nüfusumuzun - həm də ən gənc və qəvi bir qüvvətin - yardımsızlığından, bir loxma ətmək bulamamazlıqlarından tələf olmalarına özümüz bilə-bilə səbəb olalım.

 

Ey uca mərhəmətli türk, sənin köhnə mərhəmətin, ehsanın, nişanələrin - o böyük camelər, mədrəsələr, köprülər, xəstəxanələr, çeşmələr... hələ sənin əcdadını hörmətlə yad etdirirlər. İndi sənə nə oldu ki, milyonlarla vücuda gələn əsrlərdən deyil, aclıqdan, çılpaqlıqdan, “ölümdən betər” bir hala düşən öz qardaşını qurtarmaq mərhəmətindən aciz görünüyorsun. Yazıq, yazıq!

 

Ömər Faiq Nemanzadə

“Qardaş köməyi” məcmuəsi, may 1917-ci il

 

(Ardı var)

 

525-ci qəzet.-2018.-10 fevral.-S.28-29.