Cümhuriyyətin milli yadigarı
BAKI DÖVLƏT
UNİVERSİTETİ 100 İLİN ASTANASINDA
Könül NİFTƏLİYEVA
Xalqın, millətin tarixi yaddaşı deyilən bir
anlayış var. Bu anlayış öz mahiyyətində hər
bir xalqın həyatında tarixən baş vermiş və
özünün tale yüklü olması ilə yaddaşlara
çökən hadisələri nəzərdə tutur.
Belə hadisə və faktlar haçansa, hansı
ictimai-ideoloji mühitin diqtəsi ilə unudulsa da, tarix onu
yenidən yaşatmaq üçün öz missiyasını
görməli olur. Azərbaycan Xalq Cümhuriyyəti cəmi
23 ay ömür sürdü, imperiya siyasətinin qurbanı
oldu, sovet ideologiyasının qadağaları altında
sıxıldı, uzun müddət haqqında
danışmağa qoymadılar. Amma Azərbaycan Xalq
Cümhuriyyəti cəmi 23 aylıq dövründə elə
işlər gördü ki, nəinki tarixin, habelə millətin
yaddaşına
çökdü. Belə müqəddəs
faktlardan biri Azərbaycanda universitetin yaradılması hadisəsidir.
M.Ə.Rəsulzadə Xalq Cümhuriyyəti Parlamentinin 21
avqust 1919-cu il tarixli iclasında universitetin
açılması haqqında müxtəlif rəyləri
şərh edir və göstərirdi ki, belə bir elm-tədris
müəssisəsi üçün professor heyətinin əsası
da hazırdır. Onun fikrincə, əlbəttə,
“yaxşı olardı ki, bu elm və mədəniyyət mənbəyi
türkcə olaydı”. M.Ə.Rəsulzadə göstərirdi ki, “bu universitet
tezliklə mütləq türkcə olacaq. Ancaq indiki şəraitdə bütün maneələri
dəf edib darülfünu açmaq lazımdır”. O,
universitetin və orada tədrisin təşkili sahəsində
Rusiya, Yaponiya, Türkiyə təcrübəsini misal gətirərək
çətinliklərdən qorxmamağa
çağırırdı. Bu
çağırış və cumhuriyyətin fəallığı
ilə ilk müstəqil dövlətimizin milli universiteti
yarandı.
İllər ötdü və xalqımız ağır
məşəqqətlərdən keçib öz müstəqilliyini
yenidən qazandı. Yenidən qazandı və Xalq Cümhuriyyətinin 70 il qadağan edilmiş üçrəngli bayrağını
ilk dəfə Naxçıvanda Dövlət bayrağı
kimi qaldıran Ümummilli liderimiz Heydər Əliyev bu
müstəqil dövlətin bütün atributlarını,
arxitektonikasını qurandan sonra dedi: “Müstəqilliyimiz
dönməzdir, əbədidir”. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev bu dövlətin
həmin bayrağını ən böyük beynəlxalq təşkilatlarda,
bu ölkənin sözünü dediyi mötəbər
yığıncaqlarda söz kürsüsünün
önünə çıxardı və fəaliyyətinin
bütün istiqamətlərində qürur hissilə Xalq
Cümhuriyyətinin qiymətini verdi. Həmin
qiymətlər silsiləsində Prezidentimizin bu yaxınlarda
dediyi bir fikri tarixi cümhuriyyəti yenidən elmi, ictimai,
siyasi düşüncəyə qaytardı: “Biz bu il müstəqilliyimizin
yüz illiyini qeyd edəcəyik. Yüz il
bundan əvvəl müsəlman aləmində ilk dəfə
olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan
xalqı yaradıb və bir daha bütün dünyaya
nümayiş etdirib ki, Azərbaycan xalqı böyük
xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan
Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə
idi. Azərbaycan o ölkələrdəndir ki, hələ
yüz il bundan əvvəl ən ülvi
demokratik dəyərləri nəinki bəyan edib, öz
praktik fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan Azərbaycan Xalq
Cümhuriyyətinin varisidir”. Dövlət
başçımızın cümhuriyyətə bu qiymətini
yüzlərlə fakt şərtləndirir. Və bu faktlar içərisində biri də
mövcuddur ki, həmin fakt xalqın, millətin taleyində
yarandığı gündən misilsiz rol oynamaqdadır.
Bu, Azərbaycan Xalq Cümhuriyyətinin bütov
bir millətə yadigarı olan Bakı Dövlət
Universitetidir. Bu universitetin adı gələndə Ulu
Öndərimizin sözlərini xatırlamalı oluruq:
“Bakı Dövlət Universiteti Azərbaycan xalqının
milli sərvətidir. O, yarandığı gündən Azərbaycanda
elmi inkişaf etdirən mərkəzə çevrilmişdir.
Ölkəmizdə yaranan elmi-tədqiqat institutlarının əksəriyyəti,
elm ocaqlarının hamısı öz
başlanğıcını Bakı Dövlət Universitetindən
götürmüşdür. Bakı Dövlət
Universiteti elm və təhsil məbədi olmaqla yanaşı,
hər zaman Azərbaycan dilinin inkişafında, milli
şüurun, vətənpərvərlik ruhunun
inkişafında böyük xidmətlər göstərmiş
bir məktəb rolunu oynamışdır”.
Bakı Dövlət Universiteti əslində, elə bu məqsədlə
yaradılmışdı. 1919-cu il
sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin
Parlamenti müstəqillik mücahidi M. Ə. Rəsulzadənin
başçılığı ilə universiteti təsis edəndə
bu xalqın, bu millətin sabahını nəzərdə
tutmuşdu. Azərbaycanın XX əsr boyu
keşməkeşli tarixi universitet missiyasının real
gerçəkliyini yaddaşlara yazdı. “Azərbaycan
dövlətçiliyinin etibarlı sosial dayağı olan
Bakı Dövlət Universiteti” (akademik Abel Məhərrəmov)
öz inkişafının müasir mərhələsində
böyük uğurlara imza atmışdır.
Müstəqil
Azərbaycanın Prezidenti İlham Əliyev bu müqəddəs
məbədin müasir fəaliyyətini belə qiymətləndirir:
“Bakı Dövlət Universiteti yüksək ixtisaslı milli
kadrların hazırlanması, yeni-yeni elmi istiqamətlərin
formalaşdırılması, dünya təhsil məkanına
inteqrasiya, eləcə də mədəni-mənəvi dəyərlərimizin
yaradılması yolunda boynuna düşən vəzifələri
ləyaqətlə yerinə yetirir. Universitet bu
gün dövlət idarəçiliyi, iqtisadiyyat, elm, təhsil
və mədəniyyətin müxtəlif sahələrində
çalışan çoxsaylı məzunları ilə
müstəqil Azərbaycanın inkişafına yeni töhfələr
verir”. Prezident bu bir neçə sətirlik
fikirlərində Bakı Dövlət Universitetinin fəaliyyətini
ümumiləşdirmişdir. Həqiqətən,
Bakı Dövlət Universiteti bu gün üzərinə
düşən vəzifələri ləyaqətlə yerinə
yetirir. Qeyd
olunmalı ən vacibi isə odur ki, müasir universitet öz
şərəfli tarixinin uğurlu davamı yönündə
çalışır. Belə bir yol isə
istiqamətini həmişə öz rəhbərliyindən,
bu rəhbərliyin Vətənə, millətə, elmə, təhsilə,
dünyaya inteqrasiya ideallarına
bağlılığından alır.
Universitetin
akt zalı adlandırdığımız böyük
salonunun girişində-geniş foyedə diqqəti çəkən
bir lövhə var. Bu lövhə Bakı Dövlət
Universitetinə yaranış tarixindən bu günədək
rəhbərlik etmiş rektorların və universitetimizin fəxri
doktoru dərəcəsini almış bir çox dövlət,
elm və ictimai xadimin, habelə görkəmli xarici dövlət
xadimlərinin şəkillərini əks etdirir. Lövhədə 24 rektorun şəkili var. Və həmin
o 24 rektorun hər biri universitetimizə ləyaqətlə
başçılıq etmiş, hətta bəziləri (T.A.
Şahbazi, B.C.Həsənbəyov) 1930-cu illərin sovet
repressiyasının qurbanları olmuşdur. Ancaq universitetimizin bəxti bir də onda gətirmişdir
ki, ona rektorluq etmiş böyük elm, təhsil, mədəniyyət
xadimlərinin hər biri xalqın, min-min universitet məzununun
qəlbində əbədi yuva qurmuşdur. Bu gün bu böyük və müqəddəs məbədə
rəhbərlik edən Abel Məhərrəmov sələflərinin
ləyaqətli davamçısı kimi Bakı Dövlət
Universitetini bütün istiqamətlərdən yüksək
inkişaf səviyyəsinə
çatdırmışdır. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin xüsusi
qayğısı universitetin yüksək inkişafını
təmin edir. Prezidentin 2009-cu il 24 noyabr tarixli sərəncamına
əsasən, BDU-nun 90 illiyinin qeyd olunması mərasimində
İlham Əliyev öz çıxışında bu
böyük elm və təhsil müəssisənin inkişaf
tariximizdəki yerini yüksək qiymətləndirdi və
sanki universitetin portretini cızdı: “Bakı Dövlət
Universitetinin çox gözəl və böyuk tarixi
vardır. 1919-cu ildə təsis edilmiş universitet 90 il ərzində Azərbaycanın hərtərəfli
inkişafında çox mühüm rol oynamışdır.
Bakı Dövlət Universiteti Azərbaycan müstəqilliyini
əldə edəndən bir il sonra Azərbaycan
Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis
edilmişdir. Bu, çox düşünülmüş
və uzaqgörən bir addım idi. O vaxt ölkəmiz
çox gənc idi. Buna baxmayaraq, əhalinin
maarifləndirilməsi, Azərbaycanda
savadsızlığın aradan qaldırılması və
intellektual potensialın gücləndirilməsi
üçün universitetin yaradılması çox
mühüm hadisə olmuşdur. Azərbaycan Xalq
Cümhuriyyəti iki il yaşadı, onun
ümrü uzun olmadı, iki ildən sonra süqut etdi. Ancaq Bakı Dövlət Universiteti yaşadı.
Düzdür, o, zamanın müəyyən
ideoloji çərçivələri daxilində fəaliyyət
göstərmişdir. Ancaq buna baxmayaraq, Bakı Dövlət Universiteti
Azərbaycanın inkişafı, elmi potensialın gücləndirilməsi
üçün çox mühüm rol oynamışdır.
Bu rol bu gün də davam edir. Çox sevindirici haldır ki, Bakı Dövlət
Universiteti bütün bu illər ərzində Azərbaycanda
təhsil sahəsində öz aparıcı rolunu qoruyub saxlaya
bilmişdir və bu gün də bu rol daha da güclənir.
Bu, bir daha onu göstərir ki, universitetin
çox zəngin ənənləri, çox böyük
potensialı, professor-müəllim heyətinin təcrübəsi,
tələbələrin oxuması və təhsilə verdikləri
önəm vardır”.
Başa düşürəm, bir qəzet məqaləsi
üçün bu sitat böyük görünə bilər. Lakin o da var ki, Prezidentin
çıxışındakı bu məqam Bakı Dövlət
Universitetinin tarixi inkişaf yolunu çox dəqiq ifadə
edir. Və burada universitetin müasir
inkişafı ilə bağlı fikirlər bir daha qürur
doğurur.
İndi Bakı Dövlət Universitetinin 100 illik
yubileyinin keçirilməsi ilə bağlı Prezident sərəncamından
irəli gələn vəzifələrin icrasına
başlanıb. Universitet Elmi Şurası bu sərəncamla
bağlı tədbirlər planı hazırlayıb və təsdiq
edib. Xalqımızın qürur mənbəyi olan
Universitetimizin bu gün dünya
universitetləri sistemində özünün layiqli yeri var.
Bakı Dövlət Universiteti son 15 ildə dünyanın
100-dən çox adlı-sanlı universiteti ilə
qarşılıqlı yaradıcılıq məqsədi
daşıyan memorandum-niyyət protokolu imzalamışdır.
Bu qarşılıqlı münasibətlər
sayəsində həmin universitetlərin təmsil olunduğu
ölkələrin bir çoxunda BDU-nun diplomu tanınır.
Xarici universitetlərlə bu münasibətlər
elmin, təhsilin inkişafı ilə bərabər, ölkəmizin
beynəlxalq aləmdə tanınması prosesinə də təkan
verir.
Yuxarıda qeyd etdiyim kimi, Bakı Dövlət
Universitetinin tarixi inkişafı həm də ona rəhbərlik
etmiş və etməkdə olan rektorların xalq, dövlət,
vətən qarşısında öhdəliklərinə necə
əməl etməsindən çox asılıdır. BDU
rektorlarının tarixən hamısının yüksək
vətəndaşlıq ləyaqəti, elmi səviyyəsi
olmuşdur. Ümumilli Liderimiz Heydər Əliyevin 11
yanvar 1999-cu il tarixli sərəncamı ilə
Bakı Dövlər Universitetinə rektor təyin edilmiş
Abel Məhərrəmovun böyük təşkilatçılıq
qabiliyyəti, elmi nüfuzu sayəsində universitetimizin beynəlxalq
səviyyədə qəbul olunması prosesi özünün
yüksək zirvəsinə çatmışdır. A.Məhərrəmov AMEA-nın və Rusiya Elmlər
Akademiyasının həqiqi üzvüdür. Ayrıca qeyd edək ki, Azərbaycan elmi mühitində
A.Məhərrəmov Rusiya Elmlər Akademiyasının yeganə
həqiqi üzvüdür.
Abel müəllim Əməkdar Elm xadimidir. Prezidentimiz
İlham Əliyevin sərəncamı ilə “Şöhrət”
ordeni ilə təltib edilib. O, bir sıra beynəlxalq
qurumların rəhbəri və üzvü kimi də
böyük nüfuza malikdir. Bütün bunlar
təkcə rektorun şəxsi uğurları kimi deyil, həm
də Azərbaycanın elmi potensialının
gücünü beynəlxalq müstəviyə
çıxaran faktlardır.
İndi ötən hər gün Bakı Dövlət Universitetinin yüz illik yubileyini bizə yaxınlaşdırır. Bu gün təkcə bu möhtəşəm universitetin 22 minlik kollektivi deyil, bütün Azərbaycan xalqı, Vətənə, millətə bağlı, elmə, təhsilə, inkişafımıza bağlı hər kəs öz əməli və düşüncələri ilə bu yubileyə hazırlaşır. Şərqdə ilk demokratik dövlət kimi tarixdə öz izini qoyub getmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli yadigarı olan Bakı Dövlət Universitetinin 100 illik yubileyinin xalqımız, dövlətimiz tərəfindən ləyaqətlə qarşılanacağı faktı hər gün özünü göstərməkdədir.
525-ci qəzet 2018.-
10 fevral.- S.20.