Polkovnik İsrafil bəyin xatirələri
Azərbaycan
Xalq Cümhuriyyəti-100
Vilayət QULİYEV
1932-ci
ilin payızında özünü “Baş qərargah
polkovniki” kimi təqdim edən İsrafil bəy Varşavada
Şimali Qafqaz dağlıları Xalq Partiyasının mətbu
orqanına - Azərbaycan-türk və rus dillərində
çap olunan “Kafkasiya dağlıları-Qortsı Kafkaza”
jurnalının redaksiyasına məktubla müraciət etmişdi.
Əvvəlcə bir neçə kəlmə məhdud
partiya maraqlarından çox ümumqafqaz mövqeyində
dayanan “Kafkasiya dağlıları-Qortsı Kavkaza” jurnalı
haqda.
Jurnalın nəşrinə 1929-cu ildə Parisdə
başlanmışdı. Onun 1-29-cu sayları
Fransa paytaxtında, 30-50-ci sayları isə Varşavada
çap olunmuşdu. 1934-1939-cu illərdə
nəşrini “Şimali Kafkasiya-Severnıy Kavkaz” adı ilə
davam etdirmişdi. Beşiyi başında Şimali Qafqaz
dağlılarının knyaz Elmurza Bekoviç-Çerkasskiy
(adıgey), Barasbi Baytuqan (osetin)
kimi tanınmış ictimai-siyasi xadimlərinin
dayandığı nəşr Azərbaycan siyasi mühacirətinin
Avropadakı irsini və fəaliyyətini öyrənmək
baxımından da mühüm qaynaqlardan biridir. “Bizim
dağlı sıralarımızda türk ünsürü əhəmiyyətli
yer tutur” - etirafında bulunan jurnal öz səhifələrində
Qafqazın aparıcı milli-siyasi qüvvəsi kimi xarakterizə
etdiyi Azərbaycan
mühacirəti nümayəndələrinə
geniş yer ayırırdı.
Görünür,
bu amili nəzərə alan İsrafil bəy
də Azərbaycan Cümhuriyyəti ordusu haqqındakı
qeydlərini ictimaiyyətə təqdim etmək
üçün “Kafkasiya dağlıları-Qortsı Kavkaza”
jurnalını seçmişdi.
Bəs
dörd ordunun (Rusiya imperiyası, Azərbaycan Xalq Cümhuriyyəti,
Polşa Respublikası, Hitler Almaniyası) zabiti olmuş
İsrafil bəy
kim idi?
İsrafil
bəy Məhəmmədnəbi oğlu İsrafilov
(İsrafil bəy Məhəmməd, İsrafil bəy
Yadigarov, (polyak hərbi mənbələrində Bey Muchamed
İsrafil, Bey İsrafil Yedigar), İsrafil bəy İsrafilbəyli
kimi də
tanınır) 1924-cü ildə Polşa ordusunda xidmətə
başlayarkən yazdığı tərcümeyi-halda
göstərdiyinə görə, 1888-ci ildə Tiflisdə
anadan olmuşdu. Rus ordusuna bir neçə
yüksək rütbəli zabit (o cümlədən,
M.F.Axundzadənin dostu, general-leytenant İsrafil bəy Yadigarov,
1815-1885) vermiş məşhur Yadigarovlar ailəsinə mənsubluğunu
təxmin etmək mümkündür. Tiflis
kadet korpusunda təhsilini tamamladıqdan sonra 1910-cu ildə
podporuçik rütbəsi ilə hərbi xidmətə
başlamışdı.
Birinci Dünya müharibəsində Varşava
altında avstriyalılara qarşı vuruşmuşdu. 1915-ci ildə
eskadron komandiri kimi Qafqaz cəbhəsinə göndərilmişdi.
Daha sonra döyüş yolu Odessadan, ingilislərlə
çiyin-çiyinə vuruşduğu Fars körfəzindən
keçmişdi. 1916-cı ildə rotmistr
rütbəsi ilə Qafqaz süvari diviziyasının tərkibində
Rumıniya cəbhəsinə göndərilmişdi. 1918-ci ilin baharından yenicə təşəkkül
tapan Azərbaycan ordusundə xidmətə
başlamışdı. Təxminən
eyni vaxtda Gürcüstan ordusunda xidmət keçməsi, hətta
1918-ci ilin dekabrında gürcü-erməni müharibəsində
gürcü tərəfdən iştirakı haqqında məlumat
da mövcuddur. Lakin istər bu, istərsə
də guya hərbi xidmətdən tam uzaqlaşıb doğma
kəndinə çəkilməsi haqqındakı
versiyanı (N.Yaqublu) həqiqətə uyğun saymaq
qeyri-mümkündür. Çünki
xatirələrindən də göründüyü kimi, o,
1918-ci ilin ikinci yarısından etibarən qurulmaqda olan Azərbaycan
milli ordusunda aparıcı simalardan biri idi. Bakının erməni-bolşevik
işğalından azad olunması uğrunda mübarizədə
yaxından iştirak etmişdi.
Milli
hökumətin süqutu yüzlərlə silah və əqidə
yoldaşı kimi İsrafil bəyi də dilemma
qarşısında qoymuşdu: ya vətənini işğal
etmiş bolşeviklərin tərəfinə keçməli,
ya da onlara qarşı əks cəbhədə dayanmalı
idi. İsrafil bəy çətinlik və məhrumiyyətlərlə
dolu ikinci yolu seçmişdi. 1924-cü
ildə tale onu Polşaya aparıb
çıxarmışdı. Burada
Polşa ordusunda (Voysko Polskoe) müqavilə əsasında xidmətə
başlamışdı. 1926-1928-ci illərdə
Varşava Ali Hərbi Məktəbində təhsil
almışdı. Əvvəlcə
36-cı piyada alayında xidmət etmişdi. 1939-cu ilin yazında isə artıq Qrodno şəhərində
yerləşən 29-cu piyada diviziyasında qərargah zabiti
idi. Podpolkovnik rütbəsində Polşa ordusunun 11-ci
süvari alayında xidmət etməsi haqda da məlumat mövcuddur.
Bolşevik rejiminə sonsuz nifrət keçmiş rus
ordusunun və milli orduların bir sıra zabitlərini Hitler
Almaniyası ilə əməkdaşlıq yoluna çəkmişdi. Polkovnik
İsrafil bəy də belələrinin sırasında idi.
Amma onu hitlerçilərin Avropa
ağalığı xülyasından daha çox vətəni
Azərbaycanın yenidən istiqlalına qovuşması
düşündürürdü. Bu məqsədlə
də 1943-cü ildən Berlində Şərq nazirliyi
yanında fəaliyyət göstərən Azərbaycan komitəsinə
rəhbərlik etmişdi. Eyni zamanda, hərbi əsirlərdən
ibarət 162-ci Türküstan piyada diviziyasının
314-cü piyada alayına komandanlıq etmişdi. 1944-cü
ilin dekabrından
vaffen ştandarterfürer (rus ordusunda podpolkovnik)
rütbəsində III Reyxin Qafqaz hərbi birləşməsinin
“Azərbaycan” döyüş qrupunun komandiri idi. 1945-ci ilin martında Berlindəki Azərbaycan Milli
Komitəsinin hərbi məsələlər üzrə
müşaviri idi.
İsrafil bəy müharibənin sonunu Amerikan
işğal zonasında qarşılamışdı. Lakin bu sovet
xüsusi xidmət orqanlarının cəngindən
qurtarmağa imkan verməmişdi. Amerikalılar
azərbaycanlı zabiti SSRİ-yə qaytarmışdılar.
Onu Azərbaycana gətirib Bakı Hərbi Dairəsinin
tribunalında mühakimə etmişdilər. İsrafil bəy irəli sürülən “vətənə
xəyanət” ittihamı ilə
razılaşmamışdı. Çünki
nə SSRİ-ni, nə də keçmiş Sovet Azərbaycanını
özünə vətən sayırdı. Amma buna baxmayaraq, haqqında ölüm hökmü
çıxarılmışdı - tələsik hökm eyni
tələskənliklə də yerinə yetirilmişdi.
Azərbaycan Cümhuriyyəti ordusunun
qurucularından biri 1945-il iyulun 11-də Bakıda güllələnmişdi.
Azərbaycan ordusunun yaranma prosesi haqda bildiklərini
yazmağı ona 1923-cü ildən siyasi mühacir kimi
İstanbulda yaşayan və mühacir qüvvələri
vahid ideya ətrafında birləşdirməyə
çalışan Məhəmməd Əmin Rəsulzadə
tövsiyə etmişdi. Bu, 1931-ci ildə, hər ikisinin Azərbaycan
davasını Polşada davam etdirdikləri dövrdə
baş vermişdi.
İsrafil
bəy özü xatirələrini “Kafkasiya
dağlıları - Qortsı Kavkaza” redaksiyasına göndərərkən bu barədə jurnalın naşiri
və redaktoru, əski silah yoldaşı knyaz Elmurza
Bekoviç-Çerkasskiyə yazırdı:
“Mərhəmətli cənab redaktor! 1920-ci ildə
Azərbaycan bolşevik işğalına uğrayandan sonra iki
ilə yaxın müddət ərzində İran, Ərəbistan,
Hindistan və Misirdə səfil-sərgərdan gəzib
dolaşandan sonra nəhayət İstanbula gəlib
çıxdım. Burada 1923-cü ilin əvvəllərində
Azərbaycan milli təşkilatının rəhbəri Məhəmməd
Əmin bəy Rəsulzadə mənə müraciət edib
Azərbaycan ordusu haqda xatirələrimi yazmağımı
istədi. Xahişi
yerinə yetirdim; amma görülən işi tam və
dolğun saymaq olmaz, çünki əlimin altında
lazımi material yox idi”.
Polkovnik İsrafil bəy böyük hörmətlə
yanaşdığı M.Ə.Rəsulzadənin xahişini dərhal
yerinə yetirmişdi. Nəticədə Cümhuriyyət
dövrü hərb tariximizin diqqətəlayiq bir sənədi
ortaya çıxmışdı.
Azərbaycan
Xalq Cümhuriyyətinin və Azərbaycan ordusunun 100 illiyinin
bayram olunduğu ərəfədə sadəcə yaddaşa əsaslanaraq
yazılmış və milli ordumuzun çətin
doğuluş prosesini göz önündə canlandıran
xatirələri rus dilindən tərcümədə
“525-ci qəzet”in oxucularına təqdim edirəm.
Yanvar, 2018, Budapeşt.
“Azərbaycan
ordusu haqda xatirələr”
İSRAFİL
BƏY
“Məlum olduğu kimi, Cənubi Qafqazın digər
müsəlmanları kimi azərbaycanlılar da çarizm
dövründə hərbi mükələfiyyət
hüququna malik deyildilər. Bunun müqabilində
isə xəzinəyə xüsusi vergi ödəyirdilər.
Dövlət Dumasındakı təmsilçilərimizin hərbi
mükəlləfiyyət hüququnun azərbaycanlılara da
şamil edilməsi ilə bağlı dönə-dönə
səsləndirilən çağırış və
müraciətlərinə baxmayaraq, rus hökuməti bu tələbimizi
daim cavabsız buraxırdı. Heç
şübhəsiz, belə münasibətin səbəbi bizim
coğrafi vəziyyətimiz - qardaş türk dövləti
ilə sərhəddə yaşamağımız idi. Birinci Dünya müharibəsinə qədər vəziyyət
bu qayda ilə davam etdi. 1914-cü ildə müharibə
başlananda isə hökumət azərbaycanlı
döyüşçülərdən Tatar süvari alayı
adı ilə tanınan hərbi birlik formalaşdırmağa qərar
verdi. Tatar alayı böyük knyaz Mixail
Aleksandroviçin komandanlıq etdiyi Qafqaz yerli
diviziyasının tərkibinə daxil idi. Alay tezliklə Qərb cəbhəsində gedən
döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarla
ad çıxardı.
İnqilab
başlanandan, çar II Nikolay taxt-tacdan imtina edəndən
sonra Müvəqqəti hökumət əlahiddə Zaqafqaziya
müəslman korpusunun təşkilinə icazə verdi. Korpusa komandanlıq
general-leytenant Ə.Şıxlinskiyə həvalə olundu.
Mən həmin dövrdə rumın cəbhəsində
batalyon komandiri idim. Müvəqqəti
hökumətin yaratdığı şəraitdən istifadə
edib Qafqaza, general Ə.Şıxlinskinin sərəncamına
gəldim. Lakin müsəlman korpusunun
yaradılması istiqamətindəki fəaliyyətimiz
zamanı yalnız korpusun özünün və diviziya qərargahlarının
təşkili ilə kifayətlənməli olduq.
Çünki Müvəqqəti hökumət süqut etdi və
Rusiyada hakimiyyət
Leninin rəhbərliyi altındakı bolşeviklərin əlinə
keçdi.
Qafqazda hadisələr qeyri-adi sürətlə
inkişaf edirdi. Bolşevizm Qafqaz xalqları
üçün tamamilə yad bir anlayış idi. Bölgə özünün yeni tarixi yoluna qədəm
qoymuşdu. Zaqafqaziya Seymi yaranmış, 1918-ci ilin
baharında isə dörd Qafqaz dövləti - Şimali
Qafqazda Dağlılar Respublikası, Cənubi Qafqazda isə Azərbaycan,
Gürcüstan və Ermənistan respublikaları müstəqilliklərini
elan etmişdilər. Bütün Qafqazda
bolşevizmlə mübarizə başlanmışdı.
Azərbaycanda bolşevizm yalnız keçmiş
çar hakimiyyətinin sistemli şəkildə rus
ünsürləri ilə doldurmağa
çalışdığı Bakıda güclü idi. Digər şəhərlərdə
rus əhali nəzərəçarpacaq dərəcədə
az idi. Ona görə də həmiş
yaşayış məntəqələrini çox tez bir
zamanda ruslardan təmizləmək mümkün oldu. Bu işin öhdəsindən təxminən o ərəfədə
böyük müharibə cəbhəsindən geri dönən
və gənc respublikanın yeganə hərbi gücü kimi
çıxış edən Tatar süvari alayı gəldi.
Alayın ən yaxın köməkçilərindən biri
kimi tərkibinə əsasən tələbələrin və
ziyalıların daxil olduğu “Yaşıl qvardiya”nın formalaşdırılması işinə
də başlanışdı. Adını
çəkdiyim “Yaşıl qvardiya”ya komandanlıq mənə
həvalə edilmişdi. Süvari dəstənin
komandiri isə polkovnik S.Rəfibəyli idi. Gürcü
hökuməti bizim sərəncamımıza zirehli qatar göndərmişdi
Sayca o qədər də böyük olmayan bu qüvvə
ilə Bakı üzərindəki nəzarəti ələ
keçirmək üçün hərbi əməliyyat
hazırlığına başlandı. Qısa
müddətdə Bakı yaxınlığındakı Biləcəri
stansiysına qədər bütün Azərbaycan bolşeviklərdən
təmizləndi. Vəziyyətin belə şəkil
aldığını görən bolşeviklər çar
Rusiyasının dönə-dönə istifadə etdiyi
sınanmış üsula - millətləri bir-biri ilə
qarşı-qarşıya qoymaq taktikasına əl atdılar.
Nəticədə Bakıda və Şamaxıda daha çox
“mart hadisələri” kimi tanınan təəssüf
doğurucu olaylar baş verdi. Erməniləri
müsəlmanların üzərinə qaldıran
bolşeviklər birincilərlə əlbir olub adıçəkilən
hər iki şəhərdə
müsəlman əhalini qılıncdan keçirdilər. Buna müvazi şəkildə erməni
könüllüləri Bakını əldə saxlamağa
çalışan bolşeviklərə qoşulub onların
gücünü daha da artırmağa
çalışırdılar. Nəticədə
artıq Hacıqabul stansiyasına qədər irəliləməyə
nail olmuş azsaylı dəstəmiz şiddətli
döyüşlərdən sonra geri çəkilmək məcburiyyətində
qaldı. Nəticədə Azərbaycanın
ikinci paytaxtının - Gəncənin də bolşevik
işğalı altına düşmək təhlükəsi
yarandı. Vəziyyəti belə görən
hökumətimiz əsgəri qüvvə göndərilməsi
xahişi ilə Türkiyəyə üz tutdu. Türkiyə qartalları ən böhranlı anda
özlərini yetirdilər. Bolşeviklər artıq Gəncə
yaxınlığındakı Müsüslü
stansiyasına qədər irəliləməyə nail
olmuşdular. Köməyə gələn
türk hərbi hissələri bizim dəstə ilə birləşib
bolşeviklərin hücumunu dayandırdılar, iki həftədən
sonra isə onları yenidən Hacıqabul stansiyasına qədər
geri çəkilməyə məcbur etdilər. Piyada hissələrimiz türk quru qoşununun tərkibində
vuruşurdular. Özümə gəldikdə
isə zirehli qatarın komandiri idim.
Şiddətli
döyüşlərdən sonra nəhayət, 1918-ci il sentyabrın 15-də Bakı birləşmiş
türk-azərbaycanlı hərbi hissələr tərəfindən
azad edildi.
Həmin vaxta qədər müvəqqəti paytaxt Gəncədə
yerləşən hökumət Bakıya köçdü. Artilleriya
generalı S.Mehmandarov hərbi nazir vəzifəsinə gətirildi.
Mudros anlaşmasının qüvvəyə minməsi
ilə türklər Azərbaycan tərk etdilər. Paytaxtımız
ingilislər tərəfindən tutuldu. Hərbi
nazirlik Gəncəyə köçməyə məcbur oldu.
Milli ordunun təşkilinə də bu zamandan başlanıldı.
Qərargah və hərbi hissələrin
formalaşdırılması zamanı nümunə kimi
köhnə rus ordusunun nizamnamə və ştat tərkibi əsas
götürülürdü. General Ə.Şıxlinski hərbi
nazirin müavini, general H.Səlimov isə Baş qərargah rəisi
təyin olundular. Baş qərargahın növbətçi
generalı vəzifəsinin icrası general
Ə.Qaytabaşıya tapşırıldı. Tezliklə
Baş qərargahın bütün şöbələrinin təşkili sona
çatdırıldı. Hərbi nazir general
Mehmandarov Gəncədə hələ türklərin
zamanında fəaliyyətə başlayan hərbi məktəbin
işini yenidən qurdu. Polkovnik Ş.Kəsəmənski
hərbi məktəbə rəis təyin edildi.
General İ.Usubov Ağdamda Birinci piyada diviziyanı
formalaşdırmağa başladı. Diviziyanın
qərargah rəisi vəzifəsinə polkovnik S.Rəfibəyli
gətirildi. Bu diviziyanın tərkibinə
1-ci Cavanşir, 2-ci Zaqatala və 3-cü Gəncə piyada
alayları daxil idi. 1-ci Cavanşir
alayının komandiri vəzifəsi mənə həvalə
olundu. 2-cı Zaqatala alayına polkovnik A.Dibirov,
3-cü Gəncə alayına
isə şahzadə S.Qacar Mirzə rəhbərlik edirdilər
(1919-cu ilin baharında 3-cü Gəncə alayının
komandiri vəzifəsinə həmin vaxta qədər Krım
Respublikasının ordusunda xidmət edən və türklər
Azərbaycandan çıxandan sonra Bakıya qayıdan
polkovnik C.Kazımbəy təyin edildi). Keçmiş Tatar
süvari alayı isə genişləndirildi və onun əsasında
iki alay yaradıldı: 1-ci Tatar süvari
alayı və 2-ci Qarabağ süvari alayı. Gəncədə
kiçik zabitlər hazırlamaq üçün tədris
batalyonu təşkil edildi. Ağdamda eyni
qaydada pulemyotçular üçün tədris komandası
yaradıldı, polkovnik R.Şıxlinski isə artilleriya
briqadasını formalaşdırmağa başladı. Daha bir yenilik Gəncədə istehkamçılar məktəbinin
açılması idi. 1918-ci ildə bir
qrup gürcü, dağlı və polyak zabiti Azərbaycana gəlib
bizim hərbi hissələrdə xidmət etməyə
başladılar və milli ordunun qurulması işinə
böyük töhfə verdilər.
General-leytenant M.Sulkeviç (Polşa tatarı, əslən
Vilno şəhərindədir) Baş qərargah rəisi təyin
edildi. Tezliklə
o, Baş qərargahın
yenidən qurulmasında və operativ məsələlərdə
ciddi dönüşə nail oldu. Polkovnik
Dunin-Martinkeviç (polyak) dağ-süvari artilleriya divizionunun
komandiri kimi lap əvvəldən milli orduda xidmətə qəbul
olunmuşdu. Azərbaycan bolşevik işğalına
uğrayana kimi bolşeviklərlə
bütün qarşılaşmalarda ən fəal şəkildə
iştirak etmişdi.
General M.Sulkeviç general H.Səlimovla birlikdə hərbi
hissələr üçün yekun ştat vahidlərini
işləyib hazırladılar. Hər diviziya (istər
süvari, istərsə də piyada) 3 alaydan təşkil
olunurdu. Piyada alayı 4
atıcı rota və hər biri 8 pulemyotla silahlanmış 3
pulemyot rotası, atlı kəşfiyyatçı dəstəsi,
istehkamçılar rotası, rabitə komandası və
sıra təliminə cəlb edilməyən hərbi
qulluqçular rotası daxil olmaqla 3 batalyondan ibarət idi. Bundan
başqa, hər bir alayın yanında batalyonlardakı əsgərlərin
hesabına formalaşdırılan tədris komandası və
musiqiçilər bölüyü fəaliyyət göstərirdi.
Batalyonlardakı süngü sayı (burada əsgər
sayı nəzərdə tutulur - V.Q.) 650 nəfərə
çatırdı. Süvari alaylarda və
artilleriya hissələrində ştat vahidi köhnə rus
ordusunda olduğu kimi idi.
İstər piyada, istərsə də süvari
diviziyalar birbaşa Baş qərargah rəisinin tabeliyinə
verilmişdi (Azərbaycan ordusunda Baş qərargah rəisi
bir qayda olaraq hərbi təlimləri təşkil edirdi,
Ümumi qərargah rəisi isə səfərbərlik məsələləri,
ordunun yerdəyişmələri və s. kimi operativ işləri
həyata keçirirdi). Ştatların yenidən təşkili məqsədi
ilə general H.Səlimova kömək məqsədi ilə hərbi
nazirin əmrinə əsasən 1-ci piyada diviziyasının
komandiri general İ.Usubovun rəhbərliyi altında komissiya
yaradılmışdı. Polkovnik
R.Şıxlinski ilə mən həmin komissiyanın
üzvü idik.
Bu məsələ
ilə əlaqədar imzalanan əmrə əsasən, 1919-cu
ilin fevralında
biz üç nəfər silahlı qüvvələrin
yenidən təşkili komissiyasının üzvü kimi
Ağdamdan Gəncəyə, hərbi nazirin sərəncamına
yollandıq. General İ.Usubov diviziyanı general M.Əfəndiyevə
təhvil verdi. Sonuncunun
ölümündən sonra isə diviziyaya komandanlıq
general C.Şıxlinskiyə həvalə olundu. Mən də 1-ci Cavanşir alayını polkovnik
Q.Sofiyevə verdim (daha sonra həmin alaya komandanlığı
ondan polkovnik S.Rəfibəyli təhvil aldı).
Komissiyanın işi 1919-cu il aprelin sonuna qədər
davam etdi. Bundan sonra general İ.Usubova 2-ci piyada
diviziyasını təşkil etmək
tapşırığı verildi. Onun qərargah rəisi
vəzifəsinə
polkovnik Mahmud bəy Zeynal təyin olundu. İlk vaxtlar diviziyanın tərkibinə 4-cü
Quba alayı daxil idi. 5-ci Bakı piyada
alayının təşkili isə mənə həvalə
olunmuşdu. İşlər Azərbaycanın
paytaxtında - Bakı şəhərində
aparılırdı. Beləliklə, mən
1-ci Cavanşir alayı ilə vidalaşdım və 5-ci
Bakı alayının komandiri vəzifəsini təhvil
aldım.
1919-cu il iyunun əvvəlində hökumət Hərbi
nazirliyin Gəncədən Bakıya köçürülməsini
mümkün saydı. Nazirlik paytaxtda yerləşəndən
sonra hərbi hissələrin formalaşdırılması və
təlimi daha sürətli qaydada aparılırdı. Burada 5-ci Bakı alayının təşkilində
batalyon komandirləri-podpolkovnik Siamanişvili və podpolkovnik
Kutetaladzenin mənə yaxından kömək göstərdiklərini
xüsusi qeyd etməliyəm. Onlar yorulmaq nə
olduğunu bilmədən gecə-gündüz böyük həvəs
və enerji ilə işləyirdilər. Nəticədə
iki ay yarımdan sonra alay rus hərbi hissələrini
tərksilah etmək və rus əhali arasındakı
narazılığı yatırtmaq məqsədi ilə Lənkəran
yürüşünə çıxanda alay böyük
dözümlülük və nümanəvi hərbi
hazırlıq baxımından gənc Azərbaycan ordusuna
şöhrət gətirdi.
2-ci piyada diviziyası ilə eyni vaxtda 3-cü Şəki
süvari alayının və 2-ci artilleriya briqadasının
formalaşdırılmasına başlanmışdı. Bunlardan başqa, Azərbaycan
ordusunun sərəncamında 2 zirehli qatar,
6 zirehli avtomobil və 8 hidroplan vardı. “Kars” və
“Ərdəhan” hərbi gəmilərindəki toplar təmir
olunub döyüş hazırlığı vəziyyətinə
gətirilmişdi.
1919-cu il avqustun 15-də tərkibinə 5-ci Bakı
piyada alayı, 5-ci Bakı süvari alayı və 2-ci
artilleriya briqadası daxil olan hərbi birliklər Lənkərana
yürüşə çıxmaq əmrini aldı. Dəstənin rəisi general Səlimov Hacıqabul
stansiyasını hərbi birliklərin toplanış məntəqəsi
təyin etmişdi.
Komandiri
olduğum 5-ci Bakı piyada alayı yürüşə
başlamazdan əvvəl Baş qərargahın növbətçi
generalı telefonla mənə zəng vurub baş nazir Nəsib
bəy Usubbəyli, Milli Şuranın sədri, Müsavat
partiyasının lideri Məhəmməd Əmin bəy Rəsulzadə
və hərbi nazirin gündüz saat 3-də alayın səfər
hazırlığı ilə tanış olmağa gələcəklərini
xəbər verdi. Təyin olunmuş vaxtda alay
tam yürüşə tam hazır vəziyyətdə
sıraya düzülmüşdü. Tezliklə
Azərbaycan milli marşının sədaları altında
yüksək qonaqları qarşıladıq. Alay onların qarşısından
nizami qaydada hərbi marşla ötüb keçəndən
sonra baş nazir və hərbi nazir əsgərlərə nitqlə müraciət etdilər.
Hərbi nazir nitqində qarşıdakı
yürüşün alayın ilk hərbi əməliyyatı
olduğunu, onun nəticələrinin təkcə hərbi
hissənin özü deyil, bütün ordu üçün
son dərəcə böyük əhəmiyyət kəsb
etdiyini xüsusi vurğuladı.
Ertəsi
gün sübh saat 5-də alay yola
çıxdı. Adamda elə təəssürat
yaranırdı ki, sanki həmin gecə şəhərin əhalisindən
bir nəfərin də
gözünə yuxu getməyib. Küçələr
insanlarla dolu idi. Kişilər, qadınlar,
uşaqlar hərbi hissələri alqışlarla yola
salırdılar. Hər tərəfdən
“Yaşasın!” sədaları ucalırdı. Açıq pəncərələrdən gənc əsgərlərin
başına gül ləçəkləri səpələyirdilər.
Axşam toplanış məntəqəsində - Hacıqabul stansiyasında yürüşə çıxan bütün əsgəri birliklər bir araya gəldilər.
Ardı var
“Kafkasiya
dağlıları - Qortsı Kavkaza”
1932, ¹ 31, s.13-18
525-ci qəzet 2018.- 10 fevral.- S.26.