Ceyhun bəy Hacıbəyli irsinin təbliğinə
sanballı töhfə
Ömrünün
43 ilini mühacirətdə keçirmiş və qərib
ölkədə də əbədiyyətə qovuşaraq,
orada dəfn edilmiş, azadlıq mücahidi, böyük ədib
Ceyhun bəy Hacıbəylinin yaxın dostlarından biri,
doktor Əziz Alpaut Ceyhun bəyin vəfatı ilə
bağlı “Mücahid” (yanvar-fevral 1963-cü il) adlı məcmuədə
yazırdı: “... Nur içində yatasan, sevimli ağabəyimiz!
Vətən səni unutmayacaq, bir gün
bağrına basacaqdır”.
Bəli, Əziz Alpautun uzaqgörənlikdə söylədiyi
həmin gün gəlmişdir. Yazıçı, publisist, tərcüməçi,
diplomat, ictimai xadim, mədəniyyətimizin xaricdəki
yorulmaz təbliğatçısı Ceyhun bəy Hacıbəyli
uzun ayrılıqdan sonra, daim həsrətlə
yaşadığı doğma vətəninə ədəbi
irsində dönərək ağuşunda özünə həmişəlik
məskən salmışdır.
Doğrudur, Ceyhun bəy sağlığında
canından çox sevdiyi Azərbaycana qayıda bilmədi. Cismi də
qürbətdə qaldı. Lakin onun zəngin
irsi bu gün vətəndədir. Və
xalqımız buna görə gözəl insan, böyük vətəndaş,
əvəzsiz ziyalı Ramiz Abutalıbova minnətdardır.
Məhz onun sayəsində Ceyhun bəyin arxivi Azərbaycana gətirilərək, tədqiqatçıların
ixtiyarına verildi. Hazırda C. Hacıbəylinin irsinin
böyük bir qismi Salman Mümtaz adına Azərbaycan
Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, 649 saylı fondda
mühafizə olunur.
Həqiqətən, vətən bu böyük şəxsiyyəti
bağrına basmışdır. İndi onun yubileyi vətəndə,
ölkə başçısının sərəncamı
ilə rəsmi surətdə qeyd olunur, əsərləri nəşr
edilir.
Bu günlərdə çox hörmət bəslədiyim
ziyalılarımızdan biri, C.Hacıbəylinin həyat və
yaradıcılığının dəyərli tədqiqatçısı,
tanınmış alim Abid Tahirli yenicə işıq
üzü görmüş iki kitabı - Ceyhun Hacıbəylinin
“Bir il xəyallarda... və bütöv bir ömür”
memuarını, eləcə də “Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri”ni mənə hədiyyə etmişdir. Çox qiymətli olan bu kitablara görə A.
Tahirliyə dərin təşəkkürümü bildirirəm.
Hər iki kitab tükənməz sevgi ilə nəfis
şəkildə hazırlanıb nəşr olunmuşdur.
Qeyd etmək
lazımdır ki, Prezident İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli sərəncamı
ilə bu ili Azərbaycan Xalq Cümhuriyyəti İli elan etməsi,
100 illiyi tamam olan müstəqil Cümhuriyyətimizin
yaranış tarixində silinməz izlər qoymuş Ceyhun bəy
Hacıbəyli kimi şəxsiyyətlərin daha geniş təbliği
baxımından bu nəşrlər olduqca əhəmiyyətlidir və
yubileyə dəyərli ərməğandır.
Azərbaycan mühacirət ədəbiyyatı
kitabxanası seriyasından olan “Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri”
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu tərəfindən
nəşr edilmişdir. Cildin baş redaktoru - akademik İsa Həbibbəyli,
məsul redaktoru - filologiya elmləri üzrə fəlsəfə
doktoru, dosent Nikpur Cabbarlı, tərtib edəni, ön
sözün və qeydlərin müəllifi - filologiya elmləri
üzrə fəlsəfə doktoru Abid Tahirlidir.
367 səhifədən
ibarət kitaba Ceyhun bəy Hacıbəylinin Parisdə,
müxtəlif illərdə qələmə
aldığı və xarici mətbuatda dərc etdirdiyi hekayələri,
sinopsisləri - “Müəzzinin lənəti”, “Baş tutmayan
ziyarət”, “Stalinin öpüşü və ya staxanovçu
Fatimə”, “Nejdanovun işi”, elmi araşdırmaları -
“Qarabağın dialekt və folkloru
(Qafqaz Azərbaycanı)”, XIX əsrin azərbaycanlı
tarixçisi Abbasqulu ağa Bakıxanov”, publisistik
yazıları - “Şamaxı məhkəməsi, yaxud bir
xainin mükafatı”, “Əhməd Cavad faciəsi”, “SSRİ-də
ziyalılar”, “İlk Azərbaycan operası necə
yarandı”, “Bir il xəyallarda... və bütöv bir
ömür” memuarı, eləcə də Ceyhun Hacıbəylinin
125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2015-ci
il tarixli sərəncamı və Abid Tahirlinin “Ceyhun Hacıbəylinin
həyat və yaradıcılıq yoluna bir nəzər”
adlı maraqlı ön sözü salınmışdır.
Kitabda
çap olunan C, Hacıbəylinin “Şamaxı məhkəməsi,
yaxud bir xainin mükafatı”, “Əhməd Cavad faciəsi” məqalələrindən
başqa (onlar Azərbaycan türkcəsində qələmə
alınmışdır - S. Q.) bütün yazıları
fransız və rus dillərindən tərcümə
edilmişdir. “Qarabağın dialekt və folkloru (Qafqaz Azərbaycanı)”
əsərini filologiya elmləri üzrə fəlsəfə
doktoru B.Ağayev, “İlk Azərbaycan
operası necə yarandı” məqaləsi rus dilindən O.Qəbələli,
digər əsərləri M.Əmrahov fransızcadan dilimizə
çevirmişlər.
Ceyhun bəyin bütün yazıları, istər bədii
əsərləri və istər publisistikası, istər elmi
araşdırması, istərsə də memuarı
ictimai-siyasi və ideoloji cəhətdən çox dəyərlidir
və bu gün də aktualdır. C. Hacıbəyli qələmindən
çıxan bütün əsərlər maraqla oxunur və
düşündürür. Sanki tariximizi vərəqləyir,
Azərbaycanın başına gətirilən müsibətləri görür, faciəli
situasiyaların şahidi oluruq. Müəllif tərəfindən ürəkağrısı ilə
qələmə alınmış bu yazıları oxucu da həyəcanla
mütaliə edir və o
acınacaqlı illəri
yaşayır.
Azərbaycan
mədəniyyətinin, tarixinin inkişafı və təbliği
sahəsində də Ceyhun bəy
yorulmadan fəaliyyət göstərmişdir. Məsələn,
hələ Bakıda yaşadığı illərdə
böyük qardaşı, dahi bəstəkarımız
Üzeyir bəy Hacıbəylinin bütün Şərq aləmində
ilk operası olan, bu il yaranmasının 110 illiyini qeyd etdiyimiz
“Leyli və Məcnun” əsərinin ərsəyə gəlməsində
iştirak etmişdir. Onu sonralar, Fransada
yaşadığı illərdə fransızcaya çevirmişdir.
Parisdə Ü. Hacıbəylinin dünya şöhrətli “ Arşın mal alan “ operettasını firəng
dilinə tərcümə edərək elə orada “Femina”
teatrında tamaşaya qoymuşdur. Mədəni irsimiz, ədəbiyyatımız,
tariximiz və s. mövzularda müxtəlif səpkili məqalələr
yazmışdır.
C.
Hacıbəylinin “İlk Azərbaycan operası necə
yarandı” adlı məqaləsi də Fransada
yazılmışdır. Bizim üçün çox önəmli
olan bu məqalədə müəllif, qardaşı Üzeyir bəyin
bu opera üzərində nə qədər gərgin
çalışdığını dönə-dönə
vurğulayır. Özünün də
operadakı iştirakından bəhs edir. Əsərin yaranması, məşqlərin
keçirilməsi, tamaşanın uğurlu alınması
baxımından məqalədə maraqlı faktlarla
rastlaşırıq. Lakin
ahıl vaxtlarında, hafizəsinə arxalanaraq
yazdığı üçün Ceyhun bəy burada
bəzi unutqanlıqlara yol vermişdir. Məsələn,
Məcnunun ilk ifaçısının adını
Hüseynqulu yox, Məmmədhüseyn
Sarablı, Leylinin birinci ifaçısı Əbdürrəhim
Fərəcovun əvəzinə
Əhməd Bədəlbəyli (qeyd edək ki, tərcüməçi
dvoyurodnıy brat ifadəsini xalaoğlu yerinə əmioğlu
kimi çevirmişdir -S.Q.) yazmışdır. Doğrudur, Əhməd bəy Ağdamski (Bədəlbəyli)
operanın ikinci tamaşasından etibarən Leyli
obrazını yaratmışdır. Amma
Leylinin ilk ifaçısı olmamışdır. Operanın ilk dirijoru kimi Üzeyir bəy Hacıbəylini
göstərmişdir. Halbuki, ilk tamaşada Üzeyir bəy orkestrdə
birinci skripkanın partiyalarını
çalmışdır. Əsərdə ilk dəfə böyük dramaturqumuz
Əbdürrəhim bəy Haqverdiyev dirijor pultu arxasında
durmuşdur. Sonrakı tamaşalarda isə Ü.Hacıbəyli
özü orkestri idarə
etmişdir. Lakin bütün bunlara
baxmayaraq, bu yazı Ceyhun bəyin qələmindən
çıxdığı üçün çox qiymətlidir.
Böyük
tədqiqatçının elmi araşdırması olan
“Qarabağın dialekt və folkloru
(Qafqaz Azərbaycanı)” əsəri də
Qarabağın xalq yaradıcılığının tədqiqi
və təbliği baxımından olduqca dəyərlidir. Bu əsəri Ceyhun bəy 1935-ci ildə Parisdə
fransız dilində nəşr etdirmişdir.
Araşdırma ön söz, giriş də daxil olmaqla otuz
üç bölmədən ibarətdir C. Hacıbəylinin
bu araşdırması Qarabağın dialekt və folklorunu mənimsəmək
üçün çox dəyərli mənbədir.
Azərbaycan xalq yaradıcılığının
öyrənilməsində də mühüm əhəmiyyət
kəsb edir.
C.
Hacıbəylinin 235 səhifəlik “Bir il xəyallarda... və
bütöv bir ömür” memuarı yorulmaz tədqiqatçı
Abid Tahirlinin “Xəyal və həqiqətlərin bədii-publisistik
təcəssümü” sərlövhəli ön sözü
ilə başlayır. Ədibin xatirələrini oxuyarkən
müəllifin mühacirət həyatının nə qədər
kəşməkəşli, əzablı olduğu
açıq-aydın görünür.
Ceyhun bəy Hacıbəyli memuarında atasını,
anasını, bacılarını, yaxınlarını
xatırlayır. Anası və ortancıl qardaşı Üzeyir bəyi isə daha
tez-tez yada salır. Anası Şirinbəyim xanımın vəfatı
xəbərini Polşada, dostlarından eşitdiyini
yazır: “Məni 30 il gözləyəndən sonra, bu bədbəxt
müharibə başlamazdan az əvvəl, 1939-cu ildə anam
söndü” - deyə qeyd edir. Böyük ədibin
Bakıya gətirilən arxivindəki saralmış bir qəzet
parçasına kövrəlmədən baxmaq mümkün deyil.
Bu, anası Şirinbəyim Əliverdibəyli -
Hacıbəylinin vəfat etdiyini bildirən elan və
Üzeyir bəy Hacıbəyliyə verilən
başsağlıqlarıdır. Onun bir kənarında əski əlifba
ilə “Kommunist”, 6 may 1939-cu il yazılmışdır.
İlk baxışda kiçik görünən bu qəzet
parçası vətəninə, ailəsinə,
doğmalarına uzun illər həsrət qalan oğula böyük bir itkidən xəbər
verirdi. Ceyhun bəy
nənəsinin (onlar analarına nənə deyə
müraciət edərdilər -S.Q.) ölüm xəbərini
bildirən bu qəzet parçasını qürbətdə
uzun illər ana həsrəti ilə qovrularaq
saxlamışdı. Taleyin hökmünə bax ki, saralmış qəzet parçası illər
sonra bu böyük şəxsiyyətin Fransadakı arxivindən
bütün irsi ilə bərabər yenidən doğma məmləkətə
dönmüş və vətəndə özünə əbədi
ünvan tapmışdır.
Ceyhun bəy
Hacıbəyli vəfatından iki il əvvəl memuarında
yazırdı: “Ayrılığın qırx birinci ilini
yaşayırsan. Sən onları bir daha görmədin və
heç vaxt da
görməyəcəksən: səninkilər -
istər kişi, istər qadın - bir-bir yoxa
çıxırlar...Və sən özün də...”
C.
Hacıbəylinin yaradıcılığı ilə
tanış olarkən onun
böyük qardaşı Üzeyir bəy Hacıbəyli
kimi xalqına, millətinə, vətəninə
bağlı, qorxmaz, cəsarətli, qürurlu, həssas,
ölkəsinin müstəqilliyi, istiqlalı uğrunda daim
çalışan və mübarizə aparan bir vətəndaş
olduğunu görürük. Ceyhun bəyin
yazıları başdan-başa mübarizlik ruhundadır.
O, azad Azərbaycan uğrunda var qüvvəsi ilə
çalışmış bir mücahiddir. Yazıları
ilə Cümhuriyyətimizi işğal edən ruslara, qondarma
sosializm cəmiyyətinə qarşı vuruşmuşdur.
Onun Avropada tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz
üçün etdikləri, gördüyü mühüm
işlər, apardığı təbliğat, göstərdiyi
fəaliyyət, birliyə təşəbbüs
yazılarında aydın şəkildə sezilməkdədir.
Bu da Ceyhun bəyin ömrünün sonuna qədər
davam etmişdir. Hətta vəfatından üç
gün əvvəl yaxın dostu, Azərbaycan Xalq Cümhuriyyətinin
daxili işlər naziri olmuş Mustafa Vəkiloğluna 19
oktyabr 1962-ci il tarixli məktubunda belə
yazırdı: “Pək möhtərəm qardaşım,
Mustafa bəy! Çox böyük təəssüflə
sizə elan etməliyəm ki, sizləri ziyarət etmək mənə
mümkün olmayacaq. Qəlb xəstəliyinə
mübtəla oldum, hətta ayaq üstə qalmaq mənə
yasaqdır. Çox gözlədim, bir
yaxşılıq hasil olmadı. Müalicə
edirlər, lakin qəlb xəstə olduğundan təkrar nə
yapa bilərlər ki? Krizlər olur,
çox fəna halda oluram. Bunu da söyləməliyəm
ki, ilk əlamət temmuzun (iyul - S.Q.) 8-də Paris Bloku
iclasında baş verdi. İndi
hərdən bir həmin qəlb sıxıntısı təkrar
olur. Çox-çox təəssüf!
Hər halda siz görüşlərinizi
keçirin və mühacirətin bir yerə toplanmasına səy
edin, bu mühümdür. Əllərinizi
sıxaraq, hamınıza dərin sevgilərimi izhar edirəm.
Ceyhun”.
Bu məktubu yazdıqdan üç gün sonra, 22 oktyabr
1962-ci ildə Ceyhun bəy 71 yaşında infarkdan Parisdə vəfat
edib.
Bildirmək istərdik ki, “Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri” kitabında Ceyhun bəyin vəfatı tarixi 2 oktyabr 1962-ci il kimi getmişdir. Görünür, texniki səhvdir. Yaxşı olar ki, dəyərli kitablarda belə yanlışlıqlara yol verilməsin. Çünki gələcək nəsillər bunları təkrar edəcək və məxəz kimi də bu kitabları göstərəcəklər.
Səadət
QARABAĞLI
Tədqiqatçı-publisist
525-ci qəzet 2018.- 10 fevral . - S.31.