Anarı anlamaq anı
Anar-80
Elçin HÜSEYNBƏYLİ
Oxuculara təqdim
etdiyim bu yazını düz on il bundan
öncə Azərbaycan mədəniyyətinin və ədəbiyyatının
görkəmli nümayəndəsi, söz və bilim
adamı Anarın 70 illik yubileyi öncəsi yazmışam.
Üstündən illər keçəndən sonra məqaləni
bir də oxudum və gördüm ki, ötən dövr ərzində
nə Anar müəllim dəyişib, nə də mənim
fikirlərim.
Düzdü, son on ildə çox hadisələr
baş verib. Anar müəllim çoxsaylı əsər və
məqalələr yazıb, ölkəmizin və sosiumun
aktual mövzularına yetərli münasibət bildirib.
Bir neçə il əvvəl Azərbaycan
Yazıçılar Birliyinin on ikinci qurultayında yenidən,
özü də yekdilliklə Birliyimizin sədri seçilib.
Amma bir neçə ay əvvəl sağlıq durumunun pisləşməsi
üzündən onu sevənləri, dostlarını əndişəyə
salıb. Açıq
ürək əməliyyatı keçirib. Şükür ki, sonuc ədəbiyyatımız və
bizim üçün ürəkaçan olub. İndi
Anar iş başındadır və həmişə
olduğu kimi, “məğrur tənhalıqda” oturub səksən
yaşa doğru gedir...Yolun açıq, ömrün uzun
olsun, ustad...
“Anlamaq dərdi”
- Anarın Mirzə Cəlilə həsr olunmuş məqaləsinin,
“Qəm pəncərəsi” - ulu sənətkar haqqında
çəkdiyi filmin adıdır... Sonra “Molla Nəsrəddin-66” gəlir...Yox, mən
burda tale oxşarlığı axtarmıram. Şükürlər
olsun ki, Anarın xoşbəxt taleyi var və bu taleni ona
tanrısı, həyatı - istedadlı valideynləri, ruhu -
bəy babaları verib, adı özü qazanıb.
Ömrü uzun, canı sağ olsun!
Şübhəsiz,
Cəlil də xoş taleli yazardır, sadəcə biganəlik illərində “əl
yazmaları yanmır” fikrinin əksini sübut eləyib. Çünki yaradıcı insanı ən soyuq
qış belə üşüdə bilməz.
Anar bu biganəliyin səbəblərindən yazdı, Cəlili
anlamağa çalışdı. Biz də onu anlayalım, bəylər...
Anar barədə indiyə qədər bir neçə məqalə
yazmışam və onların hər biri də
yazıçı həyatının konkret məqamları ilə
bağlı olub. Və indi birdən-birə onun haqqında özünə
layiq böyük
bir fikir söyləmək istəyirəm, amma bu
yükün ağırlığını çiynimdə o
qədər gerçək hiss eliyirəm ki,
düşündüklərimi demək üçün
köklənə bilmirəm, daha doğrusu, buna çətinlik
çəkirəm.
“Anar
iyirminci əsrdə Azərbaycanın yetişdirdiyi mütəfəkkirlərdən
biridir: Mirzə Cəlil, Üzeyir Hacıbəyli və Anar”. Bu fikir mənim deyil, mən yalnız onun şərikiyəm.
Onu Anarın yaxın dostlarından biri deyib.
Anar təkcə yazıçı deyil, o, bir
düşüncə sahibidir. Mən bu fikri bir neçə dəfə
demişəm və indi də təkrar eləməkdən
yorulmuram: Anar Azərbaycan xalqının milli azadlıq
düşüncəsinin, milli təfəkkürünün, əxlaqının
formalaşmasında ən böyük rolu olan
aydınlarımızdandır.
O,
oxucularına, mən də qarışıq, “Beş mərtəbəli evin
altıncı mərtəbəsi” povesti, “Dədə Qorqud”
filminin ssenari müəllifi kimi doğmadırsa, fikir,
düşüncə adamları üçün, yenə də
mən qarışıq, “Min beş
yüz ilin oğuz şeri”, “Dədə Qorqud
ensiklopediyası”, “Azərbaycançılıq”, “Ağ
qoç, qara qoç” kimi əsərlərilə, mədəniyyətimiz
haqqında çoxsaylı qanunların müəllifi kimi qiymətlidir.
Anar bir proqramçıdır. Millətinin yolunu
müəyyən eləyən, onun gələcəyini proqnozlaşdırmağı
bacaran yazardır.
Şübhəsiz, maraqlı və diqqətli oxucum da
ilk sətirlərdən anladı ki, bu məqalədə məqsədim
Anarın yaradıcılığını təhlil eləmək,
akademik fikirlərimi bölüşdürmək deyil,
yalnız ustad yazar haqqında düşüncələrimi
dilə gətirməkdir.
Bir şəxslə yol yoldaşı olmadan, onunla
oturub-durmadan, söhbət eləmədən xasiyyətini
öyrənmək olmaz. Məntiq pis məsləhətçi olduğu kimi,
müşahidələr də aldadıcı ola
bilər. Mən demirəm ki, anadan olandan Anarla
bir yerdəyəm, ya elə hər gün onunla oturub-dururam.
Amma tam səmimi deyim ki, ustad yazarımızla müəyyən
zamanlarda bir yerdə olmaqdan, səfər eləməkdən,
fikir bölüşməkdən böyük həzz
almışam və
böyük düşüncə sahibimizlə söhbətlərimizin əks-sədası
hələ bir müddət, bəlkə də
ömrümün sonuna kimi beynimdə, ürəyimdə səslənəcək.
Elə
xasiyyət var ki,
insanla birgə doğulur, eləsi də var ki, onu
kimdənsə öyrənirsən. Məsələn:
gözü toxluğu, təmkini, əxlaqı, düz
danışmağı və s.
Mən Anar müəllimin gözütoxuluğunun da, təmkininin
də, əxlaqının da, daim düz danışdığının
da şahidi olmuşam. Ola bilər, bəlkə
elə nəsnələr var ki, Anar onlar haqqında
düzünü demək istəmir, amma yalan da
danışmır. Görünür, o, müdrik bir kəlamı
çoxlarından mükəmməl mənimsəyib: “Yalan
danışmaq qəbahətdir, amma hansısa ali
məqsədlər naminə həqiqəti deməmək
olar”.
Anar vəzifəcə özündən böyüklə
necə danışmağın, vəzifəcə
özündən aşağıda olanlarla necə
davranmağın yollarını bilir. Bizə isə öyrənmək
qalır. Hələ iş yoldaşlarından bir kimsə
Anarın qəbulunda gözləməyib. Gələn
icazəsiz-filansız içəri keçir. Bu o deməkdir
ki, Anarın kimdənsə gizli bir işi yoxdur...
Bir də
görürsən, pul kisəsini itirmiş qoca bir qadın
Yazıçılar Birilyinə gəlir və deyir ki, Anar
müəllimə şikayət edəcəm, qoy, polis rəisinə
tapşırsın, pulumu tapıb versinlər... İnsan kiminsə
ümidlərini qırmamalıdır. Ümid fərdi
məsələ deyil, ümumxalq, ümümubəşəri
işdir.
Anar
heç zaman “bu işi mən elədim” demir, “biz elədik”
deyir və bununla da böyük bir icma təfəkkürünə
sahib olduğunu
nümayiş edirir. İcma - köhnə
yaraları sağaltmaq, barışığa körpü
atmaq bacarığıdır.
Anar gözütoxluğu öyrənmək istəyənlər,
ya heç olmasa, məşq eləmək meylində olanlar
üçün bir örnəkdir.
Onun
gözü toxluğunda bir sufilik, bir ürfanilik var. Bu o demək deyil ki,
Anarın həyatdan, insanlardan, dünyadan umacağı yoxdur.
Sadəcə o, “nəfislə cihad ən
böyük şəhidlikdir” deyimini bir gerçəklik kimi
qəbul edən, ona tapınan insandır. Çünki
bu, bir gen məsələsidir.
Anarın valideynlərini çağdaş nəsil
tanıyır, heç olmasa adlarını eşidib, şeirlərini
oxuyublar. Amma onun Gəncədə ilk maarifpərvər
ziyalılardan biri, öz vəsaitinə məktəb
açmış Ələkbər Rəfibəylinin nəticəsi,
general Xudadat bəyin nəvəsi olduğunu bilmirlər.
O, babalarının bəyliyini, valideynlərinin
istedadını məharətlə əxz edib.
Bu yaxınlarda hörmətli professor Yaqub Mahmudlu Az.TV-nin
“Səhər” proqramında Azərbaycan tarixilə
bağlı xəritənin 60-cı illərdə hansı əziyyətlərlə
nəşr etdiklərini danışanda Rəsul Rzanın
böyük əməyini, iradəsini vurğulayırdı. Ermənilərin
əlinin hər yerə çatdığı bir zamanda bu
müşkül məsələydi. İnsan
kökə bağlıdır. Anar da
öz kökünə sadiq ziyalıdır.
Hələ Moskvada tələbəykən Anarın
“Beşmərtəbəli evin altıncı mərtəbəsi”
povestini oxumuşdum və bu barədə öz gündəliyimdə
qeydlər eləmişdim. İndi də o fikirdəyəm ki,
Anarın həmin əsəri dünya kitabxanasında yüksək
yerlərdən
birinə layiqdir. Mən o kitabı və
onun yerini nəinki təsəvvür eləyir, hətta
görürəm də. Almaniyalı
yazarımız Orxan Aras ədəbiyyatımızın
dünyadakı yerindən danışarkən bu fikri
xüsusi vurğulamışdı.
Bəzi
ağzıgöyçəklər “bizim ədəbiyyatımız
Biləcəridən o yana getməyib” - deyə hayqırır
və hər bir əsərin dəyərini “Nobel” mükafatı
alıb-almaması ilə ölçür. Dünyada
bu mükafata layiq olan yüzlərlə
yazıçının adını çəkmək olar.
Məsələn: Əziz Nesin, Yaşar Kamal, Meşa
Selimoviç, Çingiz Aytmatov və s. Amma başa
düşmək lazımdır ki, bu da bir siyasətdir və
ona sahib olmaq üçün külli miqdarda vəsait,
başlıcası isə həvəs lazımdır. Yeri gəlmişkən, Anarın həmyaşıdları
və dostları Oljas Süleymenov, Çingiz Aytmatov türk
dünyası və öz xalqlarının mədəniyyətində
qoyduqları izlər baxımından Anarla müqayisəyə
gəlməzlər. Anar onlardan daha çox iş görüb, amma rus dilində
yazdıqlarından böyük rus-sovet məkanında məşhurlaşmışdılar.
Anarın təşəbbüsü ilə Dədə
Qorqud dastanının min üç yüz illiyinin Bakıda
keçirilməsi də buna sübutdur.
Anarın “Dantenin yubileyi”ndə yaratdığı Kəbirlinski
obrazını dünya ədəbiyyatının ən
maraqlı və yadda qalan personajı kimi xatırlayıram.
Anar fəxr edir ki, sovet ziyalıları, o cümlədən
də onun valideynləri rus dilinin dəb olduğu zamanlarda ana
dilini qoruyub saxlayıblar, çünki övladlarını
rus məktəblərində yox, Azərbaycan məktəblərində
oxudublar.
Ustad yazar
çox gözəl bilir: elə adamlar var ki, nə qədər
yaxşılıq eləsən də, azdır. Çünki bir dəfə yaxşılıq edə
bilməyəndə “o, mənə pislik etdi” deyəcək.
Ona görə də hərdən bədbinləşir.
Anar haqqında bəzən əlinə təzəcə
qələm almış, işin mahiyyətindən xəbərsiz
cızma-qaraçılar elə hədyanlar yazırlar ki,
adamın onların cılızlığına
acığı tutur. Bu insanlar öz haqlarını (əgər
varsa) almağa tələsirlər. Onlara
elə gəlir ki, anadangəlmə dahi doğulublar və kimlərisə
söyməklə, ona böhtan atmaqla böyüyəcəklər.
Sadəcə anlamırlar ki, Azərbaycan xalqı, mədəniyyəti
və ədəbiyyatı üçün təmənnasız
xidmətlər göstərmiş bir yaradıcı
insanın qanını qaraltmaqla dünyanı bir az da bədbinləşdirir və
qaranlıqlaşdırırlar.
Qarğalar dəstə ilə gələndə Günəşin
də üzünü örtə bilirlər. Amma
bütün bunlar müvəqqətidir, bir anlıq
uçuş məsafəsindədir və ötəridir.
Anar bir adama etibar edəndə, ona səlahiyyətlər
də verir. Əfsuslar ki, bəzən kimlərsə bundan
sui-istifadə edir. Bu, bir vicdan məsələsidir.
Amma Anar hər şeyi görür və qiymətləndirir.
Ustad yazarımızın oğlu Tural, qızı
Günel də yazıçıdır. Onlar haqqında söz
düşəndə Anar deyir: “Atam, anam mənə həyatda
istədiklərimi verib, amma hər şeyə özüm nail
olmuşam. Mən də
çalışmışam ki, övladlarıma
bacardığım qədər kömək edəm. Həyatda isə özləri özlərinə yer
tapmalıdırlar”. Onların
Yazıçılar Birliyinə üzvlük məsələsindən
söz düşəndə “Məndən sonra istəyərlər
üzv olarlar, istəməsələr yox” deyir.
Bəzən Anarı ehtiyatlılıqda
qınayırlar. Bu cür adamlar anlamırlar ki, ziyalı ehtiyatlı
olmalıdır. Çünki o, millətinin gələcəyinin
qayğısını çəkir, dediyi fikrin məsuliyyətini
dərk edir. Həddən artıq radikallıq həmişə
bizə baha başa gəlib: Meydanlarda “Topxana”
qışqırdıq - Qarabağ getdi. “Azadlıq”
qışqırdıq - hüquqlarımız tapdandı.
Çünki insana azadlıq yox, hüquq
vacibdir. Yadınızdadırmı: bir qrup ziyalı
Şuşaya səfər etmişdi. Onda bəndəniz də
qarışıq onların addımını dəstəkləmişdi, bəziləri
isə tam əksinə çıxmışdı. Anar isə
fərqli mövqedəydi: “Mən bu səfərlərin əleyhinə
deyiləm. Sadəcə, mənə elə gəlir
ki, səfərin yeri və zamanı düz seçilməyib”.
“İyirminci əsr altmışıncıların,
iyirmi birinci əsr doxsanıncılarındır”. Bu fikri də
Anar deyib. Amma o zaman da bizim ədəbi nəslin
bəzi nümayəndələri bu fikri düzgün
anlamamışdılar. Yenə də qisməti,
payı zamanından qabaq almaq istəyi, yenə də əlahəzrət
şöhrətpərəstlik. Halbuki
şöhrət çox iyrənc bir şeydir, çünki
adamı ictimai rəydən asılı edir. Bunu mən deməmişəm, bunu ta qədimlərdə
Seneka aləmə car çəkib.
Yaradıcı
adam yazmalıdır, onu-bunu təftiş
eləməli deyil. “Hər kəs öz əsərilə
ədəbiyyat meydanında qalacaq və o meydanda hamıya yer
var”. Anarın bu fikrini inkişaf elətdirsəm, mən
də belə deyərdim: “Ədəbiyyat okean kimidir, orada
balaca balıqlara da, balinalara da yer var. Sadəcə hər kəs
öz çəkisinə, aurasına uyğun üzəndə
okean qorxulu nəhrə yox, aydın və gözəl səmaya
oxşayır”.
Anar dostluğa sədaqətlidir. O qədər sədaqətlidir
ki, hətta altmışıncı illərdə sevdiyi
müğənnilərə yenə də eyni həvəslə
qulaq asır. Sirr üçün deyim ki, Anara hədiyyə
eləmək istəsəniz, həmin dövrün türk-azəri
müğənnilərinin kasetlərini ona bağışlayın.
Anar ədəbiyyatımızın atlantlarından, mədəniyyətimizin
memarlarından, mənəviyyatımızın güzgülərindən
biridir. İstənilən səviyyədə, istənilən
müstəvidə danışıqlar aparmaq
üçün ona etibar eləmək, güvənmək
olar. Bu cür adamlar dünyada barmaqla
sayılasıdır.
Martın 14-də ustad yazarımızın 70
yaşı tamam olur. Və mən inanıram ki, Azərbaycan
dövləti durduqca, Azərbaycan xalqının ürəyi
döyündükcə, nəfəsi gəldikcə
sağlığında heykəlləşmiş Anar da
yaşayacaq.
Qulağıma gurultulu alqış sədaları gəlir. Bu, Anarın şərəfinə böyük salonlarda düzənlənən tədbirlərin, onu sevən oxucularının və dostlarının səsidir. Onların arasında mənim də səsimin olmasıyla qürur duyuram...
Maraqlananlar üçün bir not: Mən ona görə daim “Anar” deyə müraciət edirəm ki, onun bu addan xoşu gəlir.
12 fevral
2008-ci il.
Bakı.
525-ci qəzet 2018.- 10 fevral . - S.21.