Amerikanın xilaskar
peyğəmbəri - Abraham Linkoln
Telman ORUCOV
(Əvvəli 27 yanvar
sayımızda)
Linkolnun bir tanışını qətldə iştirak
etməkdə ittiham edir və sübut kimi ay
işığında onu gördüklərini təsdiq edirdilər. Linkoln
almanaxdan istifadə edərək, həmin gecənin çox
qaranlıq olduğunu sübut edib, şahidin heç nəyi
aydın görə bilmədiyini irəli sürdü və
beləliklə, məhkəmə dinləməsini uddu.
Öz
hüquqşünas karyerasına başlayandan 20 il sonra Linkoln İllinoysun ən hörmətli
və uğurlu vəkillərindən birinə çevrildi.
O, daim hər bir leqal işin özəyinə baxırdı,
həm də müxtəlif şəkillərdə ədalətlilik
və müqayisəyə sığmayan vicdanlılıq
nümayiş etdirirdi.
Nyu Salemdə
yaşayarkən o, Enn Rutlec adlı qızla tanış
olmuş, ona vurulmuşdu. Bu qız 1835-ci ildə
19 yaşında ölərkən, Linkoln çox məyus
olmuşdu. Bir il sonra o, Meri Ouens ilə
gəzməyə başladı, lakin qız onun ciddi təklifini
rədd etdi. Bəzi tarixçilər isə
Linkolnun həyatında ilk və yeganə real sevgilisinin Meri
Todd olduğunu bildirirlər. Yaxşı təhsil
görmüş miss Todd Kentukkinin hörmətə layiq olan
bir ailəsindən idi, onun Sprinqfilddəki qohumları şəhərin
sosial kübarlığına məxsus idi. Onların
bəziləri qızın Linkoln ilə əlaqəsinə
razı deyildilər. Bəzən
qızın özü də şübhə hissinə
qapılırdı, Linkolnun onu görən nə vaxtsa
xoşbəxt edəcəyi sualı üzərində
düşünürdü. Buna baxmayaraq,
onlar nişanlandılar, lakin 1841-ci ilin Linkoln üçün
“məhvedici 1 yanvarında” onlar nişanı ləğv etdilər,
bu, onun öz təşəbbüsü ilə baş
vermişdi. Bundan sonra o, uzun müddət
ağır depressiya və ruh düşkünlüyü
keçirdi. Nəticədə onlar
barışdılar və 1842-ci ilin noyabrında evləndilər.
Linkolnların 4 uşağı oldu, onların
hamısı da oğlan idi. Robert Todd
böyüyü və yeganə həddi-büluğa
çatanı olmaqla, heç vaxt atasına yaxın
olmamışdı.
İkinci oğlu
Eduard Beyker 4 yaşına çatmamış evdə
ölmüşdü. Eddi deyə
çağırdıqları bu uşağa Linkoln öz
dostunun adını qoymuşdu. Çox
şən uşaq olsa da, uzun müddət xəstə
olmuşdu. Linkoln Vaşinqtona, Ağ Evə gəlmək
üçün Sprinqfildi tərk edəndə demişdi:
“Bura əsrin bir rübünü yaşadığım,
cavanlıqdan yaşlı adama çevrildiyim, oğlumun anadan
olub, öldüyü yerdir”. Üçüncü oğlu Uilyam Uelles isə
1862-ci ilin fevralında, 11 yaşında Ağ Evdə
öldü. Çox gözəl uşaq
olan Uilli atasının göz bəbəyi idi. Linkoln oğlunun yataq otağından iki gün
çıxmadı, dözülməz qüssəyə qərq
olmuşdu. Uilli faciəli öləndə
bütün xalq kədərlənmişdi. Sevilmək qaydasında Ted adlanan Tomas, o, ailənin
sonbeşiyi idi, atası öləndə hələ
çağ idi. O, Linkolnun sevimlisi idi, ona öz
atasının adını qoymuşdu. Uşaq
danışanda sözləri çətinliklə tələffüz
edirdi, oxumağı və yazmağı da ləng öyrənirdi.
Atası isə onu başa düşə
bilirdi. O, atasının qətlindən 6 il
sonra, 18 yaşında öldü.
Çox sayda nikaha girmiş cütlüklər kimi
Linkolnlar da həmçinin, aralarındakı məişət
sözləşmələrinə malik idilər. Həmin
dövrün şayiələri isə, heç şübhəsiz,
onları şişirdirdi. Missis Linkoln, təkrar
olunması ilə fərqlənən baş
ağrısından əziyyət çəkirdi. Əhvali-ruhiyyəyə yaxşı təsir
göstərməyən təhlükəsizlik və tənhalıq
düşüncəsi, ərinin vəkillik səfərləri
ilə daha da intensivləşirdi. Linkoln prezident seçildikdən
sonra oğlu Uillinin ölümündən yaranan qüssədən
və Ağ Evin sahibəsi kimi tanış olmayan bir şəraitdən
Meri əziyyət çəkirdi.
Onlar burada heç bir il deyildi ki,
yaşayırdılar. Ərinə
qısqanclığı isə bir sıra ağrılı səhnələrə
səbəb olurdu. Ərinin öz
yanındaca qətlə yetirilməsindən keçirdiyi
şokdan o, daha ağır vəziyyətə
düşmüşdü. Bir neçə
ildən sonra baş verən Tedin ölümü isə bu
qadın üçün daha ağır bir itki oldu.
Onların ilk nikah həyatında missis Linkoln ərini
ruhlandırır və onun ambitsiyasını
ilhamlandırırdı. Sonrakı birgə yaşayış illəri
ərzində bu xüsusiyyət, güman ki, güclənmişdi
və ərinin anadangəlmə dözümlülüyü
və səbirliliyi ilə sınanmışdı.
Linkolnun nüfuzu elə idi ki, siyasətdə onun əleyhinə
kilsənin də tədbirindən istifadə olunmuşdu. Bütün həyatı
boyu o, gördüyü yuxulara və digər müəmmalı
əlamətlərə və möcüzələrə
inanırdı. Yaşa dolduqca, prezident
olduqdan sonra və Vətəndaş müharibəsinin
könülü narahat edən məsuliyyəti ilə üzləşdikdə
o, çox dərin dini ruha yiyələndi. O,
özünü “Qəzavü-qədərin aləti” hesab
edirdi.
Linkoln Bibliyaya aludə idi və onu yaxşı bilirdi. O, həmçinin,
Şekspirin vurğunu idi. Özəl söhbətlərində
o, çox sayda Şekspir allüziyalarından
(eyhamlarından) istifadə edirdi. Lord
Bayronun və Robert Bernsin poemalarından həzz
aldığı halda, onun üçün sevimli şeir
parçası başa düşülməyən şotland
şairi Uilyam Noksa məxsus idi. O, tez-tez Noksdan sitat gətirirdi.
Linkoln ilk dəfə siyasətə daxil olanda Endryu Cekson
prezident idi. General Cekson “mətbəx hökuməti” vasitəsilə
ölkəni idarə edirdi. Linkoln
dövrün görkəmli siyasətçiləri
arasında Henri Kleyə və Deniel Uebsterə görə
qürur duyurdu. Kley və Uebster federal
hökumətin biznesi ruhlandırmaq üçün öz
imkanlarından istifadə etməsini bəyənirdilər.
Linkolnun nöqteyi-nəzərinə görə,
İllinoys və ölkənin Qərbi iqtisadi inkişafda belə
köməyə möhtac idi. O, özünü Kley və
Uebsterin partiyası olan Viqin üzvlərindən biri hesab
edirdi.
O,
1834-cü ildən 1840-ci ilədək Viq partiyasının
üzvü kimi İllinoys ştatı qanunvericiliyinə
dörd dəfə seçildi. Burada o,
özünü ştat fondları hesabına dəmir yolları
və magistral yollar şəbəkəsini tikmək, kanallar
çəkmək kimi nəhəng layihələrə həsr
edirdi.
O,
Kolumbiya mahalında qulların tədricən və qul sahiblərinə
kompensasiya verilməsi qaydasında azad edilməsi barədə
qanun layihəsi təklif etdi. Bu layihə o vaxt
effekt verə bilərdi ki, mahalın “azad ağ vətəndaşları”
tərəfindən bəyənilsin. Lakin
layihə nə abolyutsionistlərin, nə də qul sahiblərinin
xoşuna gəlmədi və sonralar da ona ciddi münasibət
göstərilmədi.
ABŞ
XIX əsrin birinci yarısında və Vətəndaş
müharibəsi ərəfəsində
XIX əsr başlananda ABŞ 24 yaşa qədəm
qoymuşdu. Yeni əsrdə amerikan milli birliyi quldarlıq məsələsi
ilə əlaqədər artan dərəcədə təhlükəyə
məruz qalırdı. Şimalın və
Cənubun hər ikisində XIX ısrin birinci yarısı ərzində
əhalinin sayı dramatik qaydada böyüyürdü. Lakin bu iki regionun inkişafı tam fərqli idi.
Cənubun pambıq iqtisadiyyatı və sosial
strukturu qula çevrilmiş qara afrikalıların
istismarına əsaslanırdı. Qulların
becərdiyi pambıq əhəmiyyətli istehsal göstəricilərində
özünü göstərirdi. Əgər 1810-cu ildə
Cənub 10 milyon dəyərində 170 min tay xam pambıq
istehsal etmişdisə, bu, 1860-cı ildə 4,6 milyon pampıq
tayı istehsalına yüksəldi, onun dəyər məbləgi
isə 50 dəfə çox idi. 1850-ci ildə
Cənub pambığının 93 faizini qul əhali istehsal edirdi,
onların sayı son yarım əsr ərzində xeyli
artmışdı. Yeni qul idxalının 1808-ci ildə
qadağan olunmasına baxmayaraq, 1860-cı ildə afro-amerikan
qullarının sayı 4 milyon idi və ya 60 il
əvvəlkindən dörd dəfə çox idi.
Pambıq iqtisadiyyatı ilə plantasiya sahibliyinə əsaslanan
quldarlıq sıx əlaqədə idi və bu, Cənubu, XIX
əsrin yarısında artan dərəcədə
özünü müdafiə etmək barədə
düşünən, həm də monolit və izolə
olunmuş bir regiona çevirdi. Elə həmin vaxt
Şimalda abolyutsionist hərəkat qalxmaqla, Cənubun qaydalarına
çağırış etdi və “emosional zəncir
reaksiyası” yaratdı ki, bu da vətəndaş müharibəsinə
aparıb çıxardı.
Ölkədə siyasi böhran da zəifləmirdi. Amerika XIX əsrdə
bir ölkə olsa da, heç də hələ millət
deyildi. Təhsil, nəqliyat, səhiyyə və ictimai
qayda ilə əlaqədar olan hökumətin başlıca fəaliyyət
funksiyaları ştatlara və yerli səviyyəyə
keçmişdi, çox az saydakı məsələlərdə
Vaşinqtondakı hökumətə tabe olma qalırdı. Az sayda milli institutlar, kilsələr və
siyasi partiyalar kimi ölkəni sıx bağlamaq barədə
Bani-Ataların vəsiyyətinə əməl edirdilər. Sərbəst strukturlaşdırılmış cəmiyyətin
içərisində hər bir sektsiya, hər bir ştat, hər
bir yerlilik cəmiyyəti, hər bir qrup öz yolu ilə getməyi
seçə bilərdi. Lakin iqtisadiyyat
inkişaf edir, texnologiya dəyişikliyə uğrayırdı.
Nəqliyat yaxşılaşır, ilk kanallar,
sonra isə yollar, xüsusən dəmir yolları çəkilirdi.
Ölkədə mətbuat da inkişaf edirdi,
çoxlu qəzetlər çap olunurdu. Teleqraf
sistemi inkişaf edirdi. Birləşmiş
Ştatlarda qaydanı və stabilliyi təmin etmək
üçün milli dəmir yolu korporasiyları əsl
“böyük biznes” kimi meydana çıxdı.
Amerikanın həyatında sektsionallığa
loyallıq hissinin güclü şəkildə artması
milliləşmə meyllərinə qarşı düşmənçiliyin
nümayişi idi. Yeni İngiltərəlilər (ABŞ-ın şərqindəki
region New England - Yeni İngiltərə adlanır) özlərinə
qalxan Qərbdən təhlükə hiss edirdilər. Qərb, dəmir yol şəbəkəsi tikilib
başa çatdırıldıqda istehsal etdikləri
taxılı Yeni İngiltərə sakinlərinə
satırdılar. Qərbdə möhkəm sektsional hiss
inkişaf edirdi, buna onların özlərini unikal hesab etməsi
düşüncəsi də əlavə olunurdu.
Cənub isə tam ayrı iqlimə malik idi, plantasiya
sistemi pambıq, tütün və şəkər istehsal
edirdi. Burada əsas işçi qüvvəsi zənci
qullar idi, quldarlıq saxlanırdı. Lakin
Birləşmiş Ştatların digər bütün hissələrində
quldarlıq ləğv edilmiş və ya qadağan
olunmuşdu.
Cənublular birbaşa “xüsusi instituta” cəlb
olunmuşdular.
Burada 1850-ci ildə yalnız 347 min qul sahibi var idi, ağ əhalinin sayı isə 6 milyon nəfərə
yaxın idi. Qul sahiblərinin yarısı 4 və ya az qula malik idi, onları heç də plantator
adlandırmaq olmazdı. Cənubda bütövlükdə
1.800-dən az adam 100-dən artıq qula
malik idi. Buna baxmayaraq, quldarlıq Cənub həyatının
bütövlükdə fərqli cəhəti idi. İri plantatorlar varlı və qüdrətli idilər,
öz sektsiyalarının onlar bəzən həm də siyasi
və iqtisadi liderləri olurdular. Kiçik
fermerlər də bu imkana malik olmaq üçün
plantatorlarla qan qohumluğuna, nikah və dostluq əlaqələrinə
girirdilər. Qullar isə Afrikadan gəlmiş
barbarlar kimi qəbul olunduqlarından, aşağı təbəqə
hesab olunurdu. Onlar yalnız quldarlıq mərhələsindən
keçməklə intizama cəlb olunsalar, sivilizasiyalı cəmiyyətdə
yaşaya bilərdilər. 1860-cı ildə Cənubda
250 min azad qara adam var idi. Ağ
cənubluların əksəriyyəti, qullar azad olunduğu tərzdə
onların öz keçmiş ağaları ilə dinc birgə
yaşamalarına inanmaq istəmirdilər. Dəhşətli istismar həm də qaraların
üsyanına səbəb olurdu. Öz
sektsiyalarından kənarda quldarlığa qarşı
müxalifətin artmasına görə Cənub bu institutu
bioloji, iiqtisadi və sosial müstəvilərdə müdafiə
etmək üçün “quldarlığın xeyrinə dəqiq
arqument” tapmağa çalışırdı.
Cənubla Şimal arasındakı münaqişə
1854-cü ildə Stefen Duqlasın Konqressə Kanzas-Nebraska
qanun lahiyəsini təqdim etməsi ilə ciddiləşdi. Cənublular
Senatda bərabər səsə malik idilər və onlar
Ərazilərdə hansısa yeni azad ştatın meydana gəlməsi
ilə qətiyyən razılaşmırdılar. Duqlasın təklif etdiyi bill qanuna çevrildi.
Viq
partiyası quldarlığa münasibətə görə
bölündü və 1852-ci il prezident
seçkisindən sonra yoxa çıxdı. Duqlas
billi Kanzasda və Nebraskada quldarlığa yol açdı.
Bu torpaqlar isə Qərb tərəfdə azad
ştatların genişlənməsi üçün
saxlanmışdı. Şimallılar
antiquldarlıq partiyasında təşkil olunmağa
başladılar, bu, nəhayət Respublikaçılar
partiyası adını aldı.
Bu hadisə azad və qul ştatları arasında
döyüş cəbhəsi təsiri
bağışladı. Qarışıqlıq vaxtı azad ştat tərəfdarı
olan Con Braun öz dəstəsini 1856-cı ilin mayında qul tərəfdarı
olan bəzi sakinlərin üzərinə apardı, beş adam öldürüldü. Bu, qul sahiblərini xəbərdar etmək
üçün idi. 1856-cı ildəki
prezident seçkisindəki səsvermə nəticəsi isə
göstərdi ki, sektsiya xətləri qütbləşmişdir.
Demokrat namizəd Ceyms Byukenen prezident
seçildi. Respublikaçı namizəd
Con Frimont azad ştatlarda çoxluğun səsini aldı.
Şimalın və Cənubun amerikanlarının
çoxunun nöqteyi-nəzərinə görə, Birləşmiş
Ştatlarda quldarlıq və azadlıq artıq uzun müddət
birgə yaşaya bilməzdi. Buna cənublular Birlikdən
çıxmaqla cavab verdilər, çünki Birlik artıq
onların hüquqlarını və mənafelərini himayə
etmirdi. Şimallılar üçünsə
məlhəm Cənubun sosial institutlarını dəyişdirmək
idi. Ölkənin daim yarıqul və
yarıazad olması ağlabatan deyildi. Bunu
Abraham Linkoln hələ Senata seçilmək
üçün mübarizə apararkən qeyd etmişdi.
Açıq
təhlükəni hiss edən cənublular qorxurdu ki,
şimallıların cəhdləri onların sosial sistemini
dağıtmağa yönəlmişdir. Axı
şimallılar, xüsusən radikal respublikaçılar
öz uzağa gedən məqsədlərini gizlətmirdilər.
Ona görə də 1860-cı ildəki
prezident seçkisi böyük gərginlik atmosferində
keçdi. Cənublular Ərazilərdə
quldarlığı himayə etməyə görə Demokrat
namizədi müdafiə edirdilər. Onlar Con Brekinrincin xeyrinə
Stefen Duqlası, onun doktrinasını şübhəli hesab
etdiklərindən rədd etdilər. Duqlas ayrıca Demokrat bileti
ilə səsə qoyuldu. Con Bell Konstitusional Birlik
partiyasının namizədi idi. Respublikaçılar
uğur qazanacaqlarına əmin olmaqla, böyük təcrübəyə
malik olan Syuardın ideyasına məhəl qoymayıb, onun əvəzinə
Linkolnun namizədliyini irəli sürdülər. Səsvermə sektsional nümunələrlə
özünü göstərdi. Respublikaçılar
bütöv Şimalda və Qərbdə daha da gücləndi.
Linkoln elektoral kollegiyada çox səs aldığına
görə qalib gəldi. Cənubda
Linkolnun seçilməsi ayrılmaq üçün siqnal kimi
qəbul edildi və 1860-cı ilin 20 dekabrında Cənubi
Karolina Birlikdən çıxan ilk ştat oldu. Aşağı Cənubun digər ştatları da
ona qoşuldu. Prezident Byukenenin
parçalanmanı dayandırmaq cəhdləri uğursuz oldu.
Ayrılan ştatlar tərəfindən federal
fortlar qəsb edildi. Vaşinqtonun kompromiss
sahəsindəki fəaliyyəti də uğursuzluğa
uğradı. Əslində, hər iki tərəf real olaraq kompromissə
maraqlı deyildi.
(Ardı var)
525-ci qəzet 2018.- 10 fevral.- S.30.