Naxçıvan Muxtar Respublikası: inkişafın 94-cü ili

 

Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 94 ili tamam olur.

 

Coğrafi mövqeyi, təbii-iqtisadi şəraiti ilə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malik olan doğma diyar həm də ictimai-siyasi sabitlikdəki nailiyyətləri ilə ölkənin milli dövlətçilik tarixinin qürurverici səhifələrini təşkil etməkdədir. Keçən müddət ərzində muxtar respublikanın qazandığı iqtisadi inkişaf və sosial dayanıqlıq dövlətin strateji məqsədlərini ifadə edə bilmiş və xüsusən də 1970-1980-ci illərdə davamlı inkişaf dövrünü yaşamışdır. Ümummilli lider, böyük dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətinin birinci mərhələsində əldə olunan nailiyyətlər müasir intibahın və tərəqqinin hərəkətverici qüvvəsinə çevrilmişdir.

 

Ölkələrin iqtisadi gücünün artmasında, artan təlabatların məqsədyönlü idarə olunmasında, etibarlı qarşılanmasında, istehsalın fasiləsizliyinin təmin edilməsində, bir sözlə, milli iqtisadiyyat quruculuğu proseslərində hərəkətverici qüvvə kimi insan amilinin üstün tutulması muxtar respublikanın keçdiyi tarixi inkişaf proseslərinin ən gerçək ifadəsi kimi əhəmiyyət daşımaqdadır. Yaradıldığı 1924-cü ildə əhalisinin sayı 90 min nəfər olan muxtar respublika 1970 və 1980-ci qızıl illərdə müvafiq göstərici üzrə 2,3 və 2,8 dəfə artım əldə etmişdir. Məhz bu dövrdən etibarən əhali problemlərinin öyrənilməsi, ona elmi cəhətdən yanaşmanın təmin olunması və sosial-iqtisadi inkişafda bu anlayışdan məhsuldar qüvvə, insan potensialı, çevik istehsalçı və iştirakçı olaraq istifadə edilməsi intensiv hal almışdır.

 

Naxçıvan Muxtar Respublikasında əhalinin sayı (min nəfər)

Eyni zamanda, dövlətin demoqrafik siyasətinin də səmərəliliyini də ifadə edən bu göstəricilərin artım dinamikası əvvəlki illərdən əhəmiyyətli dərəcədə fərqlənməkdədir. Fikrimizi əsaslandırmaq üçün qeyd edə bilərik ki, əgər əhalinin sayı 1940-cı ildə 1924-cü illə (129,3 min nəfər) müqayisədə 1,4 dəfə artmışdırsa, bu artım 1970-1980-ci illərdə 1940-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 1,6, və ya 1,9 dəfədən artıq təşkil etmişdir.

 

İqtisadiyyatın regional mahiyyətinin yüksəldilməsi sahəsində həyata keçirilən tədbirlər muxtar respublikada səmərəli məskunlaşma şəbəkəsinin və onunla bağlı siyasətin əsaslarını da müəyyən etmiş olurdu. Bu mənada istinad etdiyimiz müqayisəni şəhər və ya kənd yerlərində yaşayan əhalinin sayındakı dinamika ilə də apara bilərik. Bu zaman aydın olur ki, 1924-cü ildə şəhər yerlərində 11 min, kənd yerlərində isə 79 min nəfər yaşamışdır. Göründüyü kimi, faydalı sosial siyasətin nəticəsində 1970 və ya 1980-ci illərdə şəhər yerlərində 1924-cü illə müqayisədə 4,6 və ya 6 dəfə artım qeydə alınmışdır. Müvafiq olaraq bu tendensiya kənd yerləri üzrə göstəricilərlə müqayisədə 2 və ya 2,3 dəfədən çox olmaqla təşəkkül tapmışdır.

 

Naxçıvan Muxtar Respublikasında şəhər və kənd əhalisinin sayı (min nəfər)

Xalqımızın dahi oğlu, ulu öndərimiz Heydər Əliyev Azərbaycan Respublikasında səmərəli iqtisadiyyatın və sosial ədalətin bərqərar edilməsindən ibarət dövlət siyasətinin təminatçısı olmaqla, istər keçmiş İttifaq dövründə, istərsə də hazırkı müstəqillik illərində yüksək perspektivlərə yol açan tədbirlər həyata keçirmişdir. Məhz həmin ideyalar muxtar respublikada müasir bazar münasibətləri şəraitində də əhalinin sayı üzrə artım dinamikasının yüksələn xəttini təmin etmişdir. Onun 1991-1993-cü illərdə muxtar respublikamıza rəhbərlik etdiyi dövrlərdə həyata keçirilən islahatlar milli iqtisadiyyat quruculuğu proseslərində təmin edilən möhkəm bazaya çevrildi və bu, özünü iqtisadiyyatın sahə strukturundakı səmərəli fəaliyyətin təşkilində də göstərdi. Bu dövrdə əhalinin sayındakı artım da dinamik olaraq davam etməklə özünü pozitiv istiqamətdə ifadə etməkdə idi. Artıq 1993-cü ildə bəhs edilən göstəricilər ciddi uğurlarla müşayiət edilirdi.

 

Naxçıvan Muxtar Respublikasında 1924-1993-cü illərdə əhalinin artımı haqqında məlumat (min nəfər)

 

 

 

İstinad edilən illər əsasında hesablamalar apararkən aydın olur ki, müqayisə predmetinə aid olan göstəricilərdə artım əhalinin sayı üzrə 3,6 dəfədən artıq, şəhər əhalisinin sayı üzrə 8,6 dəfədən artıq, kənd əhalisinin sayı üzrə isə 3 dəfəyə yaxın olmuşdur.

 

1995-ci ildən etibarən Naxçıvan Muxtar Respublikasında böyük Heydər Əliyev ideyalarına sadiq qalaraq həyata keçirilən məqsədyönlü və müdrik siyasət bazar münasibətlərinə xas olan qanunlar əsasında idarə olunan iqtisadiyyatda yeni inkişaf səhifələri açmışdır. Bu dövrdən etibarən muxtar respublika:

 

- müəyyən edilən hədəflərə doğru qətiyyətlə irəliləyən milli iqtisadiyyat üçün təkanverici qüvvəyə çevrilmiş, onun regional siyasətinin səmərəliliyini artırmış və istehsal münasibətlərinin inkişafını sürətləndirmişdir;

 

- insan amilinin, onun intellektual biliyinin artmasında, savadlanmasında, mədəni və müasir düşüncə keyfiyyətlərinin məcmusundan ibarət potensial qüvvə olaraq formalaşmasında himayədar olmuşdur;

 

- məhsuldar qüvvələrin inkişafında, onlardan faydalı istifadədə, məskunlaşma siyasətinin səmərəliliyində və dövlətin demoqrafiq tarazlığın qorunmasındakı tədbirlərinin davamlılığında əhəmiyyətli rol oynamışdır və s.

 

Ölkəmizdə davam etdirilən islahatlar milli iqtisadiyyat üçün hədəflənən perspektivlərin də əhatəsini genişləndirməkdədir. Qəbul edilən qərarlar və digər tənzimləyici vasitələr bu sahədəki proseslərin daha da çevik təşkilinə şərait yaratmaqdadır. İstər iqtisadiyyatın sahə strukturu üzrə, istərsə də regional inkişaf üzrə təmin edilən səmərəli mühit muxtar respublikada bəhs edilən göstəricilər üzrə sağlam iqtisadi dinamikaya stimul vermişdir. Nəticədə isə yenicə keçid etdiyimiz 2018-ci ilin əvvəlinə olan statistik məlumatlara əsasən muxtar respublikada əhalinin sayı 452,8 min nəfər təşkil etmişdir. Bu göstərici şəhər yerlərində yaşayanların sayında 133,6 min nəfər, kənd yerlərində yaşayanların sayında isə 319,2 min nəfər olmuşdur. 1924-cü ilin müvafiq göstəriciləri ilə müqayisəli hesablamalar apararkən aydın olur ki, dinamik artım birincilər üzrə 5 dəfədən çox, ikincilər üzrə 12 dəfədən artıq, üçüncülər üzrə isə 4 dəfədən çox olmuşdur.

 

Naxçıvan Muxtar Respublikasında 1924-2018-ci illərdə əhalinin artımı haqqında məlumat (dəfə)

Bu gün muxtar respublikamız güclü təcrübəyə söykənən idarəetmə əsasında iqtisadi inkişafını davam etdirməkdədir. Burada həyata keçirilən tədbirlərin fonunda ölkənin sosial dayanıqlığı, iqtisadi prioritetləri daima üstün tutulmaqdadır. Təbii ki, bütün bunlar hələ keçmiş İttifaq dövründə milli lider tərəfindən müəyyən edilən və formalaşdırılan baza əsasında mümkün olmuşdur. Bu baxımdan yeni istehsal sahələrinin yaradılması, ən müxtəlif sahələrdə əhalinin gündəlik təlabat mallarına olan ehtiyaclarının qarşılanması fonunda milli iqtisadi inkişafa şərait yaradacaq amillərin geniş əhatədə formalaşması Onun gündəlik diqqətində idi. Buna görə də Naxçıvan Muxtar Respublikasının çoxşaxəli iqtisadiyyatının formalaşdırılmasına ciddi və qətiyyətli diqqət ayırmışdır. Bütün bunlar isə heç şübhəsiz, iqtisadiyyatın yeni mərhələyə qədəm qoyması ilə müşayiət olunmaqla, məhz 1970-ci və 1980-ci illərin ən mühüm töhfələrindən biri kimi ötən 94 ilin inkişaf xronikasında çox zəruri nailiyyətdir. Göstərilən illərdə kənd əhalisinin fəaliyyətində böyük stimul yaranaraq məhsuldarlığı artırmış və həmin illər üzrə muxtar respublikanın sosial-iqtisadi inkişafının strukturunda müvafiq olaraq 23,3 min ton - 62,1 min ton üzüm, 22,5 min ton-27,0 min ton taxıl, 6,1 min ton-7,2 min ton meyvə və gilə meyvə (birlikdə), 37,0 milyon ədəd-98,5 milyon ədəd mineral su, 65 (onlarda uşaqların sayı 2531 nəfər)-66 (onlarda uşaqların sayı 2629 nəfər) daimi məktəbəqədər uşaq müəssisələri, 210 ümumtəhsil məktəbləri (dərs ilinin əvvəlinə) (36, s. 10), 53,1 min nəfər-65,4 min nəfər şagird, 3-4 orta ixtisas təhsil müəssisəsi (dərs ilinin əvvəlinə), 1,1 min nəfər-1,8 min nəfər tələbə, 232-244 kitabxana, 166-229 klub müəssisəsi, 2-4 muzey və s. yer almışdır.

 

1970-1980-ci illərdə Naxçıvan Muxtar Respublikasında məhsuldar qüvvələrin inkişafı sahəsində dövlət siyasətinin tərkib hissəsi olaraq makroiqtisadi inkişafa stimul verən amillər kimi istehsal təyinatlı obyektlərin tikilməsi və istifadəyə verilməsi müstəsna əhəmiyyətə malik olmuşdur. Bunları energetika, tikinti materialları sənayesi, yüngül sənaye, yeyinti sənayesi, unüyütmə və yarma sənayesi, poliqrafiya sənayesi, nəqliyyat və s. sahələrdə görə bilərik. Həmin dövrlərdə muxtar respublikanın iqtisadi potensialına güc qatan sahələr kimi 1971-ci ildə "Araz" Su Elektrik Stansiyası, 1972-ci ildə İstilik elektrik stansiyası, 1973-cü ildə dəmir-beton məmulatları zavodu, 1973-cü ildə "Ordubad" üzümçülük sovxozunda ilkin şərab zavodu, üzüm emalı, 1973-cü ildə "Sədərək" üzümçülük sovxozunda ilkin şərab zavodu, üzüm emalı, 1974-cü ildə Yumurta istiqamətli quşçuluq fabriki, 1974-cü ildə "Nax.MR-in 40 illiyi" adına üzümçülük sovxozunda ilkin şərab zavodu, üzüm emalı, 1975-ci ildə Babək rayon tikinti materialları kombinatı, kərpic, 1976-cı ildə Mətbəə, ottisk, 1977-ci ildə "Naxçıvan" üzümçülük sovxozunda ilkin şərab zavodu, üzüm emalı, 1977-ci ildə dəmir-beton məmulatları zavodu, yığma dəmir-beton məmulatları, 1978-ci ildə Naxçıvan qum-çınqıl karxanası, 1979-cu ildə Şüşə tarası zavodu, butulka, 1979-cu ildə Dəyirman kombinatı, taxıl emalı və s. kimi obyektləri qeyd edə bilərik.

 

Böyük təcrübə əsasında müəyyən edilən inkişaf xətti muxtar respublikanı uğurdan uğura doğru inamla aparmaqdadır. Yuxarıda qeyd edilən amillər təsərrüfat subyektlərinin fəaliyyəti üçün səmərəli mühit yaratmış və bununla da iqtisadiyyat yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Artıq burada 2010-cu ildən iqtisadi fəal əhalinin sayı ilə (235,5 min nəfər) iqtisadiyyatda məşğul olanların sayı arasında bərabərlik təmin edilmiş və bu, əhali məşğulluğunun etibarlı təminatında mühüm göstərici kimi qeyd edilməlidir. Təbii ki, bu, milli iqtisadi məqsədlər çərçivəsində olmaqla, işsizliyin minimum səviyyədə saxlanılmasında ciddi təsirə malikdir.

 

Beləliklə, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının milli iqtisadi inkişafı üçün zəruri olan vəzifələrin yerinə yetirilməsində qətiyyətli yol qət etməkdədir. Bu isə makroiqtisadi proseslərin məhsuldar nəticələri üçün əlverişli zəmin yaratmaqdadır.

 

Cavadxan QASIMOV

İqtisad üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet  2018.- 9 fevral.- S.4.