Naxçıvan
- Azərbaycanın Gənclər paytaxtı
NAXÇIVAN
MUXTAR RESPUBLİKASININ GƏNCLƏR VƏ İDMAN
NAZİRİ AZAD CABBAROV: "GƏNCLƏR BU QƏDİM
DİYARI YENİDƏN KƏŞF ETMƏK ÜÇÜN
NAXÇIVANI PAYTAXT SEÇDİLƏR"
Ulu öndər Heydər Əliyevin ideya-siyasi kursunun
uğurla davam etdirilməsi nəticə etibarilə qədim
Naxçıvanı inkişafa qovuşdurub.
5000 illik şəhər mədəniyyətinə malik
olan Naxçıvan bu gün həm də müasirliyi ilə
öyünür, keçmişini qorumaqla gələcəyə
doğru inamla addımlayır. Məlum olduğu kimi, İslam
Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin
mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında
Bakı şəhərində keçirilmiş
altıncı konfransında qəbul edilmiş qərarla
Naxçıvan şəhəri 2018-ci il
üçün İslam mədəniyyətinin paytaxtı
elan olunub. Muxtar respublika üçün daha bir
əlamətdar hadisə isə Naxçıvanın ölkəmizin
Gənclər paytaxtı seçilməsidir. Məlum olduğu kimi, Naxçıvan bununla
bağlı www.genclerpaytaxti.az saytının keçirdiyi
onlayn səsvermənin qalibi olub. Və
artıq Naxçıvan şəhəri həm İslam mədəniyyətinin
paytaxtı, həm də Gənclər paytaxtıdır.
2012-ci ildən həyata keçirilən layihədə hər il ölkənin bir
rayon və ya şəhərinin Gənclər paytaxtı elan
edilməsi nəzərdə tutulub. Gənclər
paytaxtının elan edilməsi yerlərdə gənclərlə
işin daha da canlandırılması məqsədi ilə həyata
keçirilir. İl ərzində həmin
şəhər (rayon) gənclərin ictimai-siyasi, sosial,
iqtisadi və mədəni həyatda fəal
iştirakını təmin edir, onların intellektual və
yaradıcılıq potensialının artırılması,
yeni ideya və layihələrinin həyata keçirilməsinə
dəstək verir. Naxçıvanın Azərbaycanın
Gənclər paytaxtı seçilməsinə yalnız muxtar
respublika sakinləri deyil, Azərbaycanın digər bölgələrindən
olan sakinlər, ələlxüsus da gənclər dəstək
verib.
Naxçıvan
Muxtar Rsepublikasının Gənclər və idman naziri Azad
Cabbarov 2018-ci ilin Naxçıvan üçün uğurlu
bir il olduğunu qeyd edib:
"Naxçıvan İslam mədəniyyətinin
paytaxtı ünvanını aldı, ardınca da Azərbaycanın
Gənclər paytaxtı statusunu. Gənclər
Naxçıvanı ölkənin gənclər paytaxtı
seçməklə Azərbaycanın ictimai-siyasi həyatında
öz sözlərini demiş oldular. Əminəm
ki, bundan sonra da naxçıvanlı gənclər ümumən
ölkəmizin ictimai-siyasi həyatında öz fəallıqları
ilə seçiləcəklər.
Fevralın
2-də Gəncləri günü münasibətilə
"Buta palas"da keçirilən təntənəli mərasimə
10 nəfərlik heyətlə qatılmışdıq. Bu mərasimdə gənclər paytaxtının rəmzi
açarı bizə təqdim olundu və biz onu aid olduğu
yerə - Naxçıvana gətirdik. Yaşanan
həmin anın təəssüratlarını
bölüşmək olduqca çətindir. Belə düşünürəm ki,
Naxçıvanın qalibiyyəti yalnız səsvermə
hesabına olmadı, Naxçıvan bunu haqq edirdi və
qazandı. Biz bunu gözləyirdik, ona
görə ki, Naxçıvan Muxtar Respublikasında
aparılan gənclər siyasəti buna əsas verirdi.
Hamımıza məlumdur ki, Naxçıvan MR Ali Məclisinin
sədri Vasif Talıbovun diqqət və qayğısı nəticəsində
gənclər siyasəti ən yüksək səviyyədə
həyata keçirilir və ümummilli liderimiz Heydər
Əliyevin siyasi kursunun aşılanması gənclərimizin
bugünkü mövqelərini ortaya qoyur. Naxçıvanda
həyata keçirilən dövlət gənclər siyasəti,
gənclər üçün yaradılan yüksək şərait,
son illər naxçıvanlı gənclərin beynəlxalq
arenalarda qazandıqları uğurlar, Azərbaycanı layiqincə
təmsil etmələri sübut edirdi ki, Naxçıvan Gənclər
paytaxtı olmağa layiqdir. Çox
sevindirici bir hal idi, çünki Naxçıvan daha bir
uğura imza atırdı. Naxçıvanın
Gənclər paytaxtı seçilməsini gənclər
çox istəyirdi. İlk səsvermə başlayan
gündən sonuna qədər Naxçıvan səsvermədə
öz liderliyini qorudu
və sonda da qalib oldu. Naxçıvanda bu gün 3
böyük ali təhsil müəssisəsi,
həmçinin, 3 orta ixtisas məktəbinin olması gənclər
kontingentinin çoxluğunu önə
çıxarır. Gənclər üçün yaradılan müasir
infrastruktur da əsas şərtlərdən biridir. Digər bölgələrimizdən də
Naxçıvana səs verənlər çox oldu. Düşünürəm ki, gənclər
Naxçıvanı yenidən kəşf etmək
üçün Naxçıvana səs verdilər".
A.Cabbarov
bununla bağlı Naxçıvanda keçiriləcək tədbirlər
haqqında da danışıb: "İlboyu gənclərlə
bağlı müxtəlif tədbirlər həyata
keçiriləcək. Naxçıvan Muxtar Respublikası Ali
Məclisi sədrinin tövsiyə və
tapşırığına əsasən, Gənclər və
İdman Nazirliyi, Gənclər Fondu, YAP Naxçıvan Muxtar
Respublika Təşkilatının Heydər Əliyev adına
Gənclər Birliyinin birgə iş planı tərtib olunub.
Bu tədbirlər planında sırf gənclər
sferasını əhatə edən 37 maddə var. Nəzərdə
tutulan tədbirlər sırasında ümummilli liderimiz Heydər
Əliyevin siyasi irsinin gənclərə aşılanması,
intellektual oyunların keçirilməsi, hərbi xidmətdən
tərxisolunmuş gənclərlə işi gücləndirmək
və onları peşə ixtisasına yönəltmək,
internetdən gəncləri səmərəli istifadəyə
təşviq etmək kimi məsələlər yer alır.
Digər tərəfdən, intellektual oyunlar
olimpiadasının və Gənclər Forumunun bu il Naxçıvanda keçirilməsini
planlaşdırmışıq. Keçiriləcək
tədbirlər sırf gənclər sahəsini əhatə
etdiyi üçün düşünürəm ki, biz 2018-də
birgə tədbirlər planına uyğun olaraq gənclərlə
işin gücləndirilməsində və gənclərimizin
düzgün maarifləndirilməsində, onların
intellektual səviyyəsinin yüksəldilməsində məqsədyönlü
fəaliyyətimizi uğurla həyata keçirəcəyik.
Bu tədbirlərlə yanaşı,
Naxçıvanın Gənclər paytaxtı seçilməsi
ilə əlaqədar burada həm ölkə, həm beynəlxalq
səviyyəli tədbirlər keçiriləcək. Bu tədbirlər
Naxçıvan gənclərinin intellektual səviyyəsinin
artırılması, eləcə də
Naxçıvanın
tanıdılmasına səbəb olacaqdır. Naxçıvanın Gənclər Paytaxtı
seçilməsi ilə əlaqədar yaxın günlərdə
hazırlanacaq tədbirlər planına əsasən fəaliyyətimizi
həm də bu istiqamətdə quracağıq. Gənclər
paytaxtının rəmzi açarının təqdimat mərasimindən
sonra ölkəmizdə fəaliyyət göstərən bir
çox ictimai təşkilatlar, gənclər təşkilatları
bizə yaxınlaşıb, bu il
Naxçıvandayıq, - deyə mesajlar verdilər. Düşünürəm ki, Naxçıvanın
Gənclər paytaxtı seçilməsi bu qədim diyara
töhfə verəcəkdir. Həyata
keçiriləcək ölkə və beynəlxalq əhəmiyyətli
tədbirlər çərçivəsində
naxçıvanlı gənclərin fəaliyyət dairəsi
daha da genişlənəcək. Bu tədbirlər
naxçıvanlı gənclərlə ölkəmizin
müxtəlif bölgələrindən olan gənclər
arasında sıx dostluq əlaqələrinin qurulmasında
körpü rolunu oynayacaq. Həmçinin,
ölkəmizin müxtəlif bölgələrindən bura gələcək
gənclər təşkilatları Naxçıvanda gənclər
üçün yaradılan şəraitlə tanış
olacaq, Naxçıvanın tanıtımına və turizm
potensialının təbliğinə öz töhfələrini
verəcəklər".
Naxçıvan
MR Ali Məclisinin sədri yanında Gənclər Fondunun
icraçı direktoru Məmməd Babayev də
Naxçıvanın Gənclər paytaxtı olması
sevincini bizimlə bölüşüb: "2018-ci ili hər
kəs Naxçıvan şəhərini islam mədəniyyətinin
paytaxtı olaraq qarşılamışdı. Yəni
2018-ci ildə Naxçıvan şəhərində
keçiriləcək tədbirlərin ilk istiqaməti bəlli
idi, daha çox bu istiqamətdəki tədbirlərə
üstünlük veriləcəkdi. Amma
xoş bir hal oldu ki, bir neçə gün bundan əvvəlki
internet səsverməsi ilə Naxçıvan şəhəri
eyni zamanda, Azərbaycanın Gənclər paytaxtı
seçildi. Yəni bir ildə şəhərimizin
həm İslam mədəniyyətinin paytaxtı, həm Azərbaycanın
Gənclər paytaxtı statusunu daşıması artıq gənclər
sahəsində həyata keçiriləcək tədbirlərin
yeni müstəviyə daşınmasına təkan vermiş
olacaq. Buna uyğun olaraq da muxtar
respublikamızda yaşayan gəncləri əhatə edəcək
bir sıra maraqlı tədbirlər keçiriləcəkdir.
Bu da onu göstərir ki, bundan əvvəlki illərdə
Naxçıvan MR Ali Məclisi sədrinin tövsiyə və
tapşırıqlarını əsas tutaraq keçirilən
tədbirlər öz müsbət nəticələrini verdi. Naxçıvanın Gənclər
paytaxtı seçilməsini biz
gözləyirdik, çünki muxtar respublikanın
kütləvi informasiya vasitələrində aparılan
iş, eyni zamanda, həm Gənclər və İdman Nazirliyi,
Gənclər Fondu və digər aidiyyatı təşkilatlar
tərəfindən keçirilən tədbirlər,
aparılan təbliğat işləri muxtar respublikada internet
resurslarından, sosial şəbəkələrdən
düzgün istifadə etməyə gəncləri təşviq
etdi və buna uyğun olaraq da gənclər bu gün
Naxçıvanı Azərbaycanın Gənclər
paytaxtı seçməklə bu təşviqatın doğru
istiqamətdə aparıldığını bir daha sübut
etdilər. Təbii ki, Naxçıvanın Azərbaycanın
Gənclər paytaxtı seçilməsi hər kəsi
sevindirdi. İnanırıq ki, 2018-ci ildə
bu istiqamətdə keçirilən tədbirlərdə də
gənclər fəal iştirak edəcək və paytaxt
adını əminliklə, layiqli şəkildə
daşıyacaqlar".
M. Babayev
il ərzində Fond tərəfindən
reallaşdırılacaq tədbirlər barədə də məlumat
verib: "Naxçıvan MR Gənclər və İdman
Nazirliyi, Gənclər Fondu və YAP Naxçıvan MR Təşkilatının
Heydər Əliyev adına Gənclər Birliyinin birgə tədbirlər
planı var və bu tədbirlər planından əlavə, həm
də digər aidiyyatı təşkilatlarla Gənclər
Fondunun tədbirlər planı var. Hazırlanmış tədbirlər
planı gənclərin intellektual inkişafı, onların
asudə vaxtının səmərəli təşkili və
bu istiqamətdə digər tədbirlərin keçirilməsi
məqsədinə xidmət edir. Bununla
yanaşı, Naxçıvanın 2018-ci ildə İslam mədəniyyətinin
paytaxtı seçilməsi ilə əlaqədar olaraq Gənclər
Fondu ənənəvi yaradıclıq müsabiqəsi
keçirəcək. Bu istiqamətdə
iki yaradıclıq müsabiqəsinin keçirilməsi nəzərdə
tutulub. Eyni zamanda, muxtar respublikanın
turizm potensialının təbliğ olunması ilə
bağlı mütəmadi tədbirlər keçirilir.
Buna uyğun olaraq "Naxçıvanı
tanıyaq" devizi altında gənclərin muxtar
respublikanın tarix, təbiət abidələrinə
ekskursiyalarının təşkil olunması nəzərdə
tutulub. Keçiriləcək tədbirlərdə
gənclərin intellektual inkişaf məsələsi əsas
prioritet istiqamətdir. Çünki intellektual inkişaf
gənclərin düzgün
dünyagörüşünün formalaşmasına da dəstək
verir və bu məqsədlə də il ərzində
müxtəlif intellektual yarışların keçirilməsi
nəzərdə tutulur. Bildiyimiz kimi, muxtar
respublikada digər ölkələrdən olan əcnəbi tələbələr
də təhsil alır. Onlar arasında da
intellektual oyunların keçirilməsi və əcnəbi tələbələrin
muxtar respublikanın turizm potensiallı ərazilərinə,
tarixi abidələrə ekskursiyalarının təşkil
olunması nəzərdə tutulur. Burada məqsəd
Naxçıvanın xarici ölkələrdə daha
yaxşı tanıdılması və muxtar respublikanın ali təhsil müəssisələrinə digər
əcnəbilərin də cəlb olunmasıdır. Keçirilən tədbirlərdə gənclərin
potensialından düzgün istifadə olunması
qarşıda duran əsas vəzifələrdəndir. Muxtar respublikanın tanıdılması ilə
bağlı Naxçıvan televiziyası tərəfindən
müxtəlif videoçarxlar hazırlanır. Bu videoçarxların sosial şəbəkələr
vasitəsilə, internet resurslarından düzgün istifadə
etməklə geniş kütlə arasında
yayımlanması da həyata keçirəcəyimiz tədbirlər
sırasında yer alacaq. Bununla yanaşı, Heydər
Əliyev adına Hərbi Liseyin
kursantları və orta məktəblərin yuxarı sinif
şagirdləri arasında yazı, eləcə də rəsm
müsabiqələri keçiriləcək. Dövlət
Dram Teatrının repertuarındakı tamaşalardan istifadə
etməklə gənclərin vətənpərvərlik
ruhunda tərbiyəsi istiqamətində muxtar respublikanın
rayon mərkəzlərində müxtəlif
tamaşaların göstərilməsi, gənclərin hərbi
hissələrə səfərlərinin təşkili,
onların əsgər və zabitlərlə görüşlərinin
keçirilməsi və bir sıra digər tədbirlər də
2018-ci ildə reallaşdırılacaq layihələr
sırasındadır.
Naxçıvanın Gənclər paytaxtı
seçilməsi ilə əlaqədar burada ölkə səviyyəsində
də mühüm layihələr həyata keçiriləcək. Fevralın 3-də
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun yekun hesabat tədbiri keçirildi. Həmin
tədbirdə Naxçıvanın növbəti uğura
imza atması hər kəs tərəfindən
alqışlandı. Gənclər Fondunun icraçı
direktoru, həmçinin, gənclər təşkilatlarının
rəhbərləri, nümayəndələri bu il Naxçıvan şəhərində həm
İslam mədəniyyətinin paytaxtı, həm gənclər
paytaxtı istiqamətində layihələr həyata
keçirmək istədiklərini bildirdilər. Düşünürəm ki, Naxçıvanın
Gənclər Paytaxtı seçilməsi digər bölgələrdəki
gənclər təşkilatlarını Naxçıvana cəlb
edəcək. Onların artıq
Naxçıvanın da gənclər potensialından öz tədbirlərində
istifadə etmək kimi niyyətləri var. Bu da muxtar
respublikamızda yaşayan gənclərin özünüifadə
etməsi, dünyagörüşünün
artırılması istiqamətində müsbət mənada
öz təsirini göstərəcək".
İnanırıq
ki, bu il İslam mədəniyyətinin
paytaxtı olan Naxçıvan Azərbaycanın Gənclər
paytaxt kimi də, öz üzərinə düşən
misiyyanı layiqincə yerinə yetirəcək. Yaradılan şərait onu deməyə əsas
verir ki, Gənclər paytaxtı Naxçıvan bu adı
uğurla doğruldacaq. İl ərzində
həyata keçiriləcək tədbirlər gənclərin
fəaliyyət imkanlarını daha da genişləndirəcək.
İnkişafının şahidləri və
iştirakçıları olaraq günü-gündən gəncləşən
Naxçıvanımızla qürur duyur, Gənclər
paytaxtı seçilən şəhərimizlə fəxr
edirik.
İrəli gənclər, yol sizindir!
Ruhiyyə
RƏSULOVA
Naxçıvan
Televiziyasının baş redaktoru
525-ci qəzet 2018.-13 fevral.- S.4.