Türk qardaşlığının ifadəsi
PƏRVİN
Son günlərdə Türkiyənin böyük ədəbiyyat
tarixçisi, nəzəriyyəçisi Əhməd
Kabaklının xatirəsinə həsr olunmuş tədbirlər
ədəbi-mədəni mühitə xüsusi ab-hava gətirdi.
Türkiyədən gələn qonaqların və yerli ədəbiyyat
nümayəndələrinin iştirakıyla keçən
görüşlərdə Əhməd Kabaklının
böyük türk şairi Yunis İmrə haqqında
kitabı təqdim olundu, ümumtürk mədəniyyəti ətrafında
müzakirələr edildi. Azərbaycan Yazıçılar
Birliyi və Türk Ədəbiyyatı Vaqfı arasında
imzalanan rəsmi müqavilədən, qeyri-rəsmi söhbətlərdən,
yaxud çıxışlardan gəlinən qənaət bu oldu ki, iki qardaş ölkə
ədəbiyyatını, mədəniyyətini daha da
yaxınlaşdırmaq üçün müəyyən
işlər görülməlidir. Birgə kitabların nəşri,
mədəni tədbirlərin təşkili, Türkiyədə
və Azərbaycanda oxucularla görüşlər və s.
Bütün bunlar ruhumuzun, əqidəmizin,
kökümüzün birliyini, eyni genetik yaddaşa malik
olmağımızı bir daha sübut etmək
üçündür. Ən azı özümüzə
sübut etmək...
Fevralın
10-da Rəşid Behbudov adına Mahnı
Teatrında Türkiyənin ünlü sənətçisi
Əsəd Kabaklı və Azərbaycanın Əməkdar
artisti Mehriban Zəki də elə bu birliyi, eyniliyi ifadə
etdilər. İki böyük sənətkarın
birgə konsert proqramı Əhməd Kabaklının xatirəsinə
həsr olunmuşdu. Hələ konsertdən
öncə çıxış edən Xalq
yazıçısı Anar "Bu gün Əhməd
Kabaklının sevdiyi türküləri, mahnıları ifa
edəcəklər sənətçilər. Deməli,
onun da ruhu şad olacaq..." - dedi. Əhməd
Kabaklının Yunis İmrə haqqında kitabını
oxuyanda tənqidçi ilə şair arasında qəribə
bir ruh qohumluğu hiss edirsən. Yer işlərinə tox,
üstdən baxış, dünyanın faniliyi ilə
barışıq, yalqızlığın qaçılmaz
olduğunu dərk... Bütün bunlar sufizmdən
gələn məsələlərdir. Amma istər Yunis
İmrəni, istər Əhməd Kabaklının onun
haqqında kitabını oxuyanda, istərsə də Əsəd
Kabaklı Mehriban Zəki ifasında türküləri dinlədikcə
başa düşürdüm ki, əslində sadəcə
bir azacıq yaşamaq, həssas olmaq yetər... Sufizm kimi dərin fəlsəfi cərəyanı,
yaxud dini təriqətləri öyrənməyə, qəliz
poetik deyimləri açmağa ehtiyac da yoxdu bəlkə.
Dünyanın faniliyini, yalqızlığın hər an
başının üstündə durmuş kabus olduğunu dərk
etmək üçün elə sadəcə yanına,
yövrənə, ya da bir az kənara
çəkilib içinə baxmaq yetər... Hə, Əsəd
bəy və Mehriban xanım da içimizə baxmaq,
duyğularımızı arıtlamaq imkanı verdilər bir-iki
saatda... Salamsız-filansız oxumağa başladılar...
Bir əcaib
dərdə düşdüm,
hər
kəs gedər karına,
Bu gün
buldum - bu gün yerim,
Haq kərimdir
yarına,
Zərrəcə
tamahım yoxdur
bu
dünyanın varına
Ruzimi verən
Xudadır,
qula minnət
eyləməm...
Türk seriallarından birində Ahmet Aslanın
ifasında verilən bu türkünün söz müəllifi
Nəsimidir. Yadımdadı, o vaxt bizim mətbuat xeyli sevindi ki,
İmadəddin Nəsimin sözləri bu cür müasir
yolla təbliğ olunub. Amma sonra məlum
oldu ki, bu sözlərin müəllifi XVI əsrdə
Osmanlıda yaşayan Qul Nəsimi adı ilə
yazıb-yaradan şairdir. Sözləri
dinlədikcə, dərinliyinə getdikcə başa
düşürsən ki, əslində bütün Nəsimilərin
də, dünyanın gərdişini dərk edən əhli-qələmin
də məqsədi insanı saflığa
çağırmaqdı. İndi də Əsəd
Kabaklının Mehriban Zəki ilə birgə ifası sanki
iliyə işləyən bir ismarış
ötürür... Minnətsiz yaşamağın,
tamahına güc gəlməyin səfasından
danışır.
Nəsimidən, Yunisdən oxuyandan sonra Əsəd
Kabaklı üzrxahlıq edir. Salamsız kalamsız
oxumağa başladım, qüsura baxmayın - deyir. Məgər o ifalarla ruhumuzu yerindən oynatmaq, ən
munis hisslərimizi ayıltmaq ən gözəl salamlama
deyildi?! Mehriban xanım isə məşqsiz konsertin necə
qəbul ediləcəyinə aid narahatlığını dilə
gətirir: “Hesab edin ki, biz sadəcə məşq edirik sizin
qarşınızda, üslublarımız fərqli,
boğazlarımız fərqlidir. Amma ürəyimiz
birdir”. Əsas olan da elə budur. Ürək bir olunca nə məşq?! Görünür, bir-birini məşqsiz,
filansız, sözsüz anlayan bu iki sənətkarı birləşdirən
də dünya duyumunun eyniliyidir. Əsəd
Kabaklı türküləriylə dünyanı
dolaşıb gəlib, türkçülük, vətənpərvərlik,
dünya, zaman haqqında şərqiləri ona milyonların
sevgisini qazandırıb. Mehriban Zəki hələ
gənc yaşlarından mərhum rejissor, ustadı Vaqif
İbrahimoğlundan sənətin sirlərini öyrənib.
Əlinə saz alıb, "Kitabi-Dədə
Qorqud"dan, "Manas"dan, Yunis İmrədən,
Aşıq Veysəldən oxuyub. Və
indi bu iki insanın fərqli, qeyri-adi dueti həm
insanlığın, həm də türklüyün
tarixçəsi kimi səslənir.
Mehriban xanım Yəmən türküsünü
müşayiətsiz oxuyur. Türkünün tarixçəsindən,
məzmunundan gələn kədəri, hüznü
özünəməxsus şəkildə, bir az
da üsyankar intonasiyada çatdırır...
Havada bulud yox, bu nə dumandır?
Məhlədə ölüm yox, bu nə fəqandır?
Bu Yəmən
elləri nə də yamandır
Ah o Yəməndir,
gülü çəməndir
Gedən gəlməyir əcəb nədəndir?!
Osmanlılar Yəməni alıb öz torpaqlarına
qatandan sonra yaranıb bu türkü. Yəməni hakimiyyəti
altına salmaq və saxlamaq üçün xeyli şəhid
veriblərmiş. Yəmənə gedən
qayıtmırmış, hətta orda qalanlar da sonradan geri
dönməyiblər. Xalq bu kədərini
Yəmən türküsü ilə ifadə edib. Amma sanki bu türkü bütün itirilənləri,
geri dönməyəcək gedənləri salır insanın
yadına...Həm türkün tarixi, həm də
qaçılmaz olan həyat qanunları haqqında
düşündürür.
Türkün, Osmanlının tarixindən
danışıb Çanaqqalanı yada salmamaq olarmı? Əsəd
Kabaklı "Çanaqqala içində" oxuyur.
Çanakkale
içinde aynalı çarşı,
Ana ben gidiyom düşmana karşı.
Of
gençliğim eyvah!
Çanakkale
içinde bir uzun selvi,
Kimimiz nişanlı, kimimiz evli.
Of
gençliğim eyvah!
Türklərin böyük mübarizəsi, əzmi, qələbəsini
ifadə edir bu mahnılar. Çanaqqala zəfərinin
100 illiyinə həsr olunmuş səfərimizi yada
salıram. O zaman Çanaqqala qələbəsi
haqqında ən müxtəlif məlumatları aldıq,
muzeyləri gəzib döyüş yerlərinə,
silaha-sursata əyani şəkildə tamaşa etdik. Və o səfərimizdən türkün xarakterini
göstərən, həm mübarizliyini, vətənpərvərliyini,
həm də insansevərliyini ifadə edən bir məqamı
heç unutmuram. İngilis generalı xatirələrində
yazırmış: "Türk əsgəri qədər vətəni
üçün gözünü qırpmadan ölümə
gedən, savaş meydanında müdhiş cəsarət
göstərən, fırtınalar qoparan, amma
döyüş bitən kimi saf
ürəyi yumşalan, düşmənin
yaralarını sarıyan, onu kürəyinə alıb
daşıyaraq ölümdən qurtaran başqa bir əsgər
yer üzündə görünməyib..." Bax budur
türkün xarakteri, döyüş meydanında düşmən
olsa da, vətəni uğrunda hər cür mübarizəyə
hazır olsa da, sonradan ürəyi yumşalan, insan oğluna
qıymayan, kömək əlini uzadan... Əsəd Kabaklı
da "Bil oğlum" mahnısı ilə bütün
bunları övladlarımıza, yeni gələn nəsillərə
nəsihət kimi söyləyir, öyüdlərini verir:
Çabuk
büyü, çabuk yetiş, tez oğlum,
çakal gezen şu dağlarda gez, oğlum!
gez,
oğlum!
Vatanına
göz dikeni ez, oğlum!
dostun
kim,
düşmanın kim sez oğlum
tarihini
şerefinle yaz oğlum
yaz,
oğlum!
Mahnının söz müəllifi Sərhəd
Kabaklı da zalda, tamaşaçılar arasındadır. Əsəd Kabaklı hər dəfə "vətəninə
göz dikəni əz, oğlum" dedikcə auditoriya
alqışlayır, sanki bu sözlər Qarabağ uğrunda
mübarizəyə səsləyir. Tarix dostumuzu da,
düşmənimizi də müəyyənləşdirib
bizim əvəzimizə... Bəlkə elə
özümüz də bunun lap çoxdan fərqindəyik.
Dar günümüzün səbəbkarlarını
da, başımıza bəla gələndə kömək əlini
uzadanları da yaxşı xatırlayırıq. Mehriban
Zəki "Çırpınırdı Qara Dəniz"
oxuyan kimi hər kəs bir ağızdan səs verir səsinə...
Çırpınırdı
Qara dəniz
Baxıb
Türkün bayrağına!
"Ah!.." deyərdim, heç ölməzdim
Düşə bilsəm ayağına.
Ayrı
düşmüş dost elindən,
İllər
var ki, çarpar sinən!..
Vəfalıdır
gəldi, gedən,
Yol ver
Türkün bayrağına!
1914-cü ildə türklərin Birinci Cahan Savaşında
iştirakından təsirlənən Əhməd Cavad bu
sözləri yazıb. Dünyaya "Yol ver türkün
bayrağına" - deyib. Dörd il
sonra - 1918-ci ildə Nuru Paşa Bakını azad edəndə
Üzeyir bəy bu qardaş gəlişindən təsirlənib
sözlərə mahnı bəstələyib. İndi
"Çırpınırdı Qara dəniz"
mahnısı türk qardaşlığının himni kimi səslənir.
Mehriban xanımla Əsəd bəy oxuduqca
qarışıq hisslər keçirir insan. Bir yandan
qürur, tamlıq, rahatlıq, bir yandan da boşluq... Axı hər
şeydən danışdıq; vətəndən,
türklüyümüzdən, qədimliyimizdən, birliyimizdən,
varlığımızdan... Bəs sevgi? Axı sevgi qaldı?! Elə bunu
düşünmüşdüm ki, Mehriban xanım
"Qubanın ağ alması" oxudu... Nə qəribə hissdi sevgi? Nə
böyük möcüzədi? Sevirsənsə,
Qubanın ağ alması da, toz
basmış küçələr də, nə bilim bulaq
başı da, daşlı qala da hamısı vasitədi
sevgindən danışmaq üçün... Nələr
deyilməyib mahnılarımızda? Əsəd
Kabaklı və Mehriban Zəki xalq mahnılarından
parçalar oxuyub bütün bu hisslər palitrasını
gözümüz önündən keçirirlər.
Küçələrə
su səpmişəm,
Yar gələndə
toz olmasın...
Qulluğu, fədakarlığı ifadə edir bu sözlər. Sevgilisinə qulluqdan ötrü küçələri sulayan aşiqin halını təsəvvür etmək olar... Yaxud,
Əyil dəsmalın götür,
Mən götürsəm söz olar...
Min illərdir söz edənlər tapılır, qeybətcillər mahnı mətnlərinə düşür. Və ya,
Yarım gələnə qalıb
Yaramın sağalması...
Bütün dərdlərin əlacı, yaraların məlhəmi yardı... Və sənətkarlarımız bütün bu mahnılardan parçaları popuri şəklində oxuduqca sanki hisslərimizin də tarixini səhifələmiş olurlar. Hər şey o qədər təsirlidir ki, auditoriya Əsəd bəylə Mehriban xanımı buraxmaq istəmir, mahnı mahnıya, türkü türküyə calanır...
Sona isə təşəkkürlər qalır. Həm Mehriban Zəkiyə, həm də Əsəd Kabaklıya təşəkkür bəlgələri təqdim olunur. Sənətkarlar təşkilatçılara, Azərbaycan Yazıçılar Birliyinə, Türk Ədəbiyyatı Vaqfına, tədbirin qeyri-rəsmi rejissoru, Türkiyə Səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçiyə minnətdarlıq edirlər... Birliyin, qardaşlığın nümunəsi olan konsert hələ uzun zaman tamaşaçıların, Mehriban Zəki, Əsəd Kabaklı sevərlərin qəlblərində iz buraxacaq!
525-ci qəzet.-2018.-13 fevral.-S.7.