"Azərbaycan-Türkiyə ədəbi
əlaqələri" çərçivəsində silsilə
tədbirlər
Bugünlərdə Azərbaycan-Türkiyə ədəbi
əlaqələrinin inkişafı ilə bağlı təşəbbüs
çərçivəsində Türk Ədəbiyyat Vəqfinin
(TƏV) geniş nümayəndə heyəti ölkəmizdə
səfərdə olub.
Türkiyəli nümayəndələr burada "Azərbaycan-Türkiyə
ədəbi əlaqələri" layihəsi çərçivəsində
silsilə tədbirlərə qatılıblar.
Fevralın
10-da qonaqlar əvvəlcə AMEA-nın Rəyasət Heyətində
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli ilə
görüşüb, iki ölkənin ədəbi əlaqələrinin
inkişafı üçün birgə fəaliyyət
haqqında müzakirələr aparıblar.
Sonra TƏV-in nümayəndələri AYB-nin sədri,
Xalq yazıçısı Anarın qonağı olublar. Görüş
çərçivəsində AYB ilə TƏV arasında əməkdaşlıq
haqqında müqavilə imzalanıb, Anarın Türkiyədə
vəqf tərəfindən çap edilmiş "İyi
padşahın masalı" kitabı təqdim olunub. Həmçinin,
Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət
və Tanıtma müşaviri İrfan Çiftçi iki
ölkənin ədəbi əlaqələrinin
inkişafındakı göstərdiyi fəaliyyət
üçün AYB-nin təsis etdiyi "Bəxtiyar Vahabzadə
Mükafatı"na layiq
görülüb.
Xalq
yazıçısı ilə görüşdən sonra
AYB-nin "Natəvan" klubunda Türkiyənin böyük ədəbiyyatşünas
alimi və ədibi Əhməd Kabaklının Azərbaycan
dilinə çevrilmiş "Yunus Əmrə"
kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda AYB və TƏV rəhbərliyi, millət
vəkilləri, türkiyəli qonaqlar, ictimaiyyət nümayəndələri,
yazarlar və jurnalistlər iştirak ediblər.
Görüşü
giriş sözü ilə açan tədbirin moderatoru,
AYB-nin katibi, şair Rəşad Məcid Türkiyə Ədəbiyyatı
Vəqfi nümayəndələrinin Azərbaycan səfəri,
"Azərbaycan-Türkiyə ədəbi əlaqələri"
layihəsi haqqında geniş məlumat verib, layihə çərçivəsində
keçirilən tədbirlər, görüşlər barədə
danışıb. R.Məcid qeyd edib ki, bu layihə
çərçivəsində azərbaycanlı
yazarların Türkiyədə, türkiyəli yazarların
Azərbaycanda kitablarının çap olunması ədəbi-mədəni
bağlılığın daha da güclənməsinə
şərait yaradacaq.
Təqdim olunan kitab haqqında danışan R.Məcid
deyib ki, görkəmli alim Əhməd Kabaklının
"Yunus Əmrə" kitabı böyük türk
şairinin yaradıcılığını,
dünyagörüşünü anlamaq baxımından
çox qiymətli əsərdir. Ortaq dəyərimiz
olan Yunus Əmrə irsinin geniş və dərindən təhlil
edildiyi əsər Azərbaycan oxucusu üçün də
faydalı araşdırma nümunəsidir. Kitabı dilimizə gənc yazarlar Şahanə
Müşfiq və Cavid Qədir çeviriblər.
Redaktoru ədəbiyyatşünas və tərcüməçi
Seyfəddin Hüseynli, elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmlidir. Kitab
AYB-nin "aybKitab" layihəsi çərçivəsində
nəşr olunub.
AYB-nin sədri,
Xalq yazıçısı Anar çıxışında
Əhməd Kabaklının yaradıcılığı və
onun türk ədəbiyyatşünaslığındakı
yerindən söz açıb, onun elmi
araşdırmalarının yalnız Türkiyənin deyil, həmçinin,
Azərbaycan ədəbiyyatının da öyrənilməsində
mühüm əhəmiyyətə malik olduğunu deyib:
"Əhməd Kabaklı böyük türk ədəbiyyatının
çoxəsrlik tarixini beş cilddə toplayıb. Həmin toplunun böyük hissəsində Azərbaycan
ədəbiyyatı tarixi də yer alıb. Bu, hər iki ölkə üçün
mühüm işdir. Bu o deməkdir ki,
Əhməd müəllim Azərbaycanı öz vətənindən
heç də ayrı tutmurdu. Həmin topluda yer alan kiçik bir hissəni - Yunus Əmrə
hissəsini Azərbaycan türkcəsinə
çevirmişik. O, böyük türk alimidir. Mən təəssüf
ki, onunla şəxsən tanış
olmamışdım. Amma onun mənimlə də
bağlı bir işi vardı. İllər
öncə mənim ssenarimlə çəkilən "Dədə
Qorqud" filmini Türkiyədə izlədikdən sonra onun
haqqında gözəl bir məqalə yazmışdı.
O, məqaləsində belə bir işin Türkiyədə
də görülməsinin vacibliyini vurğulasa da, nə
yazıq ki, hələ də o iş görülməyib. Biz Ulu Öndər Heydər Əliyevin dediyi kimi, iki
dövlət, bir millətik və ədəbi fəaliyyətimiz
də bir olmalıdır".
AMEA-nın
vitse-prezidenti, akade
mik
İsa Həbibbəyli TƏV rəhbərliyi ilə
Akademiyadakı görüşdən söz açıb, bu əlaqələrin
gələcəkdə daha sıx şəkildə davam
etdiriləcəyi ilə bağlı alınan ortaq qərarları
nəzərə çatdırıb. Daha sonra Yunus Əmrə
şəxsiyyəti və yaradıcılığından
söz açan akademik qeyd edib ki, Yunus Əmrə
türkün ortaq ədəbiyyatının qüdrətli
nümayəndəsidir: "Yunus Əmrə haqqında
yazılan kitablar, monoqrafiyalar, araşdırmalar çox olsa
da, mənim fikrimcə, onun qüdrətinə layiq kitab
çox azdır. Həmin kitablardan biri də məhz
Əhməd Kabaklının bu gün təqdimatına
yığışdığımız kitabıdır.
Əhməd Kabaklı mövzuya, Yunus Əmrə
yaradıcılığına sistemli şəkildə, daha
geniş aspektdən yanaşıb. O, Yunus Əmrəni
yalnız dərviş, sufi şair kimi
deyil, fəlsəfi şair, düşüncə insanı
kimi şərh edir. Bu kitab onu bütün
yönləri ilə göstərən, elmi ümumiləşdirmələri
olan kitabdır.
Əhməd Kabaklı ilk növbədə, görkəmli
ədəbiyyat tarixçisi və ədəbiyyat nəzəriyyəçisidir. "Yunus
Əmrə" kitabının da bu cür mükəmməl
alınmasındakı səbəb məhz budur. Bu kitab bizim ədəbi əlaqələrimizin parlaq
səhifəsidir".
Akademik
qeyd edib ki, Ə.Kabaklının Türk ədəbiyyatı
tarixini qələmə aldığı beş
cildlik kitabı XX əsrdə yazılmış bütün ədəbiyyat
tarixlərinin ümumiləşdirilmiş yekunudur. O,
Türkiyədə ədəbiyyatşünasların
üfüqünü genişləndirən ədəbiyyat
tarixçisidir.
Türkiyə
Səfirliyinin Mədəniyyət və Tanıtma
müşaviri İrfan Çiftçi ədəbi-mədəni
əlaqələrin inkişafı üçün
görülən işlərdən söz açıb:
"Düşünürəm ki, biz iki ölkə olaraq, cəmiyyətimizin
digər məsələlərində əlaqələrimizi
sıxlaşdırsaq da, ədəbiyyatımızda bu mənada
çox vaxt itirmişik. Bu itirdiyimiz zamanı
geri qazanmaq bizim öz əlimizdədir. Ona
görə də bu istiqamətdə görüləcək
işləri sürətləndirməliyik. Bizim gələcəklə bağlı
planlarımız və ümidlərimiz çoxdur. İki ölkənin şəxsiyyət və
yaradıcılıq baxımından bir-birinə yaxın olan
yazarlarını qarşılaşdıraraq onlara həsr
edilmiş layihələr həyata keçirmək niyyətindəyik.
Necə ki, bu dəfəki layihəmiz bilərək
və ya bilməyərəkdən iki görkəmli ədəbiyyatşünas
alim, ədib Mir Cəlal Paşayev və Əhməd
Kabaklını əhatə etdi. Hər iki
ədibin yaradıcılığı elmi və bədii ədəbiyyatın
ortasında dayanır".
"Ədəbiyyat qurumları toplumları bir-birinə
yaxınlaşdıran ən önəmli qurumlardır" -
deyən Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir
bu mənada AYB və TƏV arasındakı anlaşmanı,
ortaq layihələri dəstəklədiyini və təqdir
etdiyini deyib.
Xalq
şairi Sabir Rüstəmxanlı
çıxışında deyib ki, Azərbaycan-Türkiyə
siyasi, iqtisadi əlaqələri çox inkişaf etsə də,
mədəniyyətimiz və ədəbiyyatımızdakı
vəziyyət heç də arzulanan səviyyədə deyil:
"Halbuki ölkələr arasındakı ən
mühüm bağlılıq mənəvi
bağlılıqdır. Özü də bu
cür bir-birinə qardaş olan xalqlar, dövlətlər
arasında. Biz, əvvəla, bunu aradan
qaldırmağa çalışmalıyıq. Bu layihə o baxımdan çox mühüm hadisədir".
Şair, həmçinin, Əhməd Kabaklı
haqqındakı xatirələrindən söz açıb,
onun "Yunus Əmrə" kitabının dilimizə
çevrilməsini təqdirəlayiq hadisə kimi
vurğulayıb.
Türkiyəli
qonaqlardan Bəxtiyar Aslan, Ramazan Korkmaz, Mehdi Ərgüzəl,
Əbdülrəhman Şən, Erol Ürgen, Mehmet Atalay,
Şener Bulut, İbrahim Taşer də layihə və
Ə.Kabaklı yaradıcılığı, onun "Yunus
Əmrə" kitabı haqqında düşüncələrini
bölüşüb, bu işdə əməyi olan hər kəsə
təşəkkürlərini bildiriblər.
Tədbir mükafatlandırma mərasimi ilə
yekunlaşıb. İki ölkə arasındakı ədəbi əlaqələrin
inkişafındakı fəaliyyətlərinə və layihəyə
göstərdikləri dəstəyə görə Xalq
yazıçısı Anar, AYB-nin katibi Rəşad Məcid,
professor Asif Rüstəmli, yazıçılar Pərvin, Təranə
Vahid, "Yunus Əmrə" kitabını dilimizə
çevirən gənc yazarlar Şahanə Müşfiq, Cavid
Qədir, kitabın redaktoru Seyfəddin Hüseynli, Yunus Əmrə
İnstitutunun müdiri Cihan Özdemir, Şener Bulut, İmdat
Avşar və başqalarına Türkiyə Ədəbiyyat
Vəqfi tərəfindən təşəkkürnamə təqdim
olunub.
Həmin gün layihə çərçivəsində növbəti tədbir Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilib. Ədəbiyyatşünas alim, yazıçı Əhməd Kabaklının xatirəsinə həsr olunan tədbirin aparıcısı Rəşad Məcidin giriş sözündən sonra AYB sədri Anar, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Vəqf rəhbəri Sərhad Kabaklı fikirlərini bölüşüblər.
Bədii-musiqili hissədə Türkiyənin məşhur xalq sənətçisi Əsəd Kabaklı ilə Azərbaycanın Əməkdar artisti Mehriban Zəkinin ifaları yer alıb. Sənətçilər Əhməd Kabaklının sözlərinə yazılmış, eləcə də onun sevib qiymətləndirdiyi türküləri ifa ediblər. Sonda hər iki sənətçiyə təşəkkürnamə təqdim olunub.
Layihə üzrə yekun tədbir fevralın 11-də Sumqayıt şəhərində olub. Nümayəndə heyəti əvvəlcə Sumqayıtı gəzərək şəhərin mədəniyyət ocaqlarını ziyarət ediblər. Onlar Bayraq Muzeyində, Sumqayıtın Şəhidlər xiyabanında, Sumqayıt Şəhər Tarix muzeyində, Heydər Əliyev Mərkəzində olublar. Sonra isə nümayəndələr Sumqayıt şəhər Poeziya evində ədəbi-bədii mərasimə qatılıblar. Mərasimi giriş sözü ilə açan Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov qonaqları salamlayaraq, şəhərin tarixi, ədəbi mühiti haqqında geniş məlumat verib.
Sumqayıt ədəbi mühitinin nümayəndələrindən Poeziya evinin rəhbəri, şair İbrahim İlyaslı, şairlər Əşrəf Veysəlli, Ofelya Babayeva, Əvəz Mahmud Lələdağ, Aida Eyvazlı, Nadir Azayoğlu və başqaları çıxış edərək türkiyəli qonaqları doğma şəhərlərində görməkdən məmnunluqlarını bildiriblər.
Tədbirdə TƏV-in başqanı Sərhad Kabaklıya sürpriz olaraq, onun İbrahim İlyaslı tərəfindən Azərbaycan dilinə çevrilmiş "Bil, oğlum" kitabı təqdim edilib. Sərhad Kabaklı ona göstərilən diqqətə görə AYB, Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi və Poeziya evi başda olmaqla, bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Tədbirin bədii hissəsində aşıqlar Elçin Şirvanlı, Şəhriyar Qaraxanlı, Elməddin Məmmədli Sərhad Kabaklının sözlərinə aşıq musiqiləri, Türkiyənin Xalq sənətçisi Əsəd Kabaklı bir-birindən gözəl türkülər ifa ediblər.
Sonda Mehman Şükürov TƏV-in rəhbəri Sərhad Kabaklıya, həmçinin, türkiyəli qonaqlara Mədəniyyət və Turizm İdarəsinin adından təşəkkürnamələr təqdim edib. Sərhad Kabaklı tərəfindən isə Mehman Şükürov, İbrahim İlyaslı, Əşrəf Veysəlli, Ofelya Babayeva, Əvəz Mahmud Lələdağ, Elvin Əlizadə, aşıqlar Elçin Şirvanlı, Şəhriyar Qaraxanlı, Elməddin Məmmədliyə TƏV-in təşəkkürnaməsi təqdim olunub.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 13 fevral.- S.7.