Mübariz ruhlu alim, incə duyğulu
şairə - Tahirə Qürrətül-Eyn
Tahirə
Qürrətül-Eynin doğum ili
araşdırmaçılar tərəfindən müxtəlif
cür göstərilir: 1814-1820. Buna görə
də onun həyat və fəaliyyəti ilə bağlı
illərdə uyğunsuzluq mövcuddur. Amma
ölümü, daha dəqiqi, edamı ilə bağlı
bütün araşdırmaçılar tərəfindən
eyni tarix göstərilib.
1817-ci ildə Cənubi Azərbaycanın Qəzvin şəhərində
milliyyətcə türk Molla Məhəmməd Saleh
Baraqanlının ailəsində ilk övladı dünyaya gəlir. Qızı Zərrintac
(qızıl tac), (bəzi mənbələrdə
Fatimə) adlandırırlar. Uşaq ikən həddən
ziyadə zəkalı və bilik yanğılısı olan Zərrintac,
yaşıdları kimi özünü oyun və əyləncələrlə
məşğul etmək əvəzinə, saatlarla valideynlərinin
ilahiyyat üzrə müzakirələrinə qulaq
asarmış. Qeyri-adi istedadı, natiqlik
qabiliyyəti, dilləri sürətlə öyrənməsi
və ensiklopedik yaddaşa malik olması onu tez bir zamanda
tanıdır.
O
dövrdə İranda yüksək təhsil digər
bütün məziyyətlər kimi yalnız kişilərə
məxsus idi. Belə bir zamanda və mühitdə Molla Saleh
Baraqanlı qızını ev təhsilindən
(pərdə arxasında əyləşdirmək şərtilə)
üç yüz nəfərlik şagirdlə bir yerdə
ümumi təhsilə cəlb edir. Əvvəlcə
atasından, sonra müəllimlərindən təlim alan Zərrintac öz təhsilini ilahiyyat,
Quranın təfsiri, fiqh, fars və ərəb ədəbiyatı
üzrə davam etdirir. İti ağlı və səlis
mühakimə yürütmək qabiliyyəti olan Zərrintac
din, fiqh, hədis və digər sahələrdə nəinki
öz bacı-qardaşlarını, hətta o dövrün
bütün şagirdlərini qabaqlayır. Bu
qeyri-adi qızın sorağı tezliklə bütün Qəzvinə
yayılır.
Zərrintac erkən yaşda, istəyinə zidd olaraq,
böyük əmisi Molla Tağının oğlu Molla Məhəmmədlə
evləndirilir.
Bu nikahdan az bir müddət sonra Molla Məhəmməd təhsilini artırmaq
üçün İraqa yola düşür. Kərbəla
illəri Zərrintacın intellektual üfüqünün
genişlənməsi üçün çox mühüm
rol oynayır. O, özbaşına iki məşhur alimin
- Şeyx Əhməd Əhsainin və Seyid Kazım Rəştinin
kitablarını mütaliə edərək öyrənir,
Şeyx Əhsainin təlimlərini Quranın daxili prinsipləri
ilə müqayisə edir və görür ki, onların
arasında ziddiyyət yoxdur. O zaman Quranı və onun mənalarını,
hədisləri və islam fighini onun kimi
bilən cəmi bir neçə adam vardı. Bir
yandan yazdığı fəlsəfi traktatlar, şeirlər,
təfsirlərlə böyük nüfuz qazanır, bir yandan
da dövrün ən məşhur elm xadimləri ilə məktublar
vasitəsilə fikir mübadilələri edir. Bu nüfuzlu şəxslərdən biri də Seyid
Kazım Rəşti idi. O, kiçik əmisi Molla
Əli, sonralar yeznəsi olmuş (bacısı Mərziyənin
əri) Molla Məhəmməd Əli Qəzvinlidən mənəvi
dəstək alaraq, onların vasitəsilə Rəşti ilə
yazışır. Kazım Rəşti Əhsai
ilə birgə şeyxilik məktəbinin banisi idi. Şeyxilik şiə islamından törəmiş və
XIX əsrin ortalarında yaranmış bir teoloji məktəb
idi ki, Babiliyin nəzəri əsaslarını təşkil
edirdi. Zərrintac Şeyxi ehkamları barədə
yazdığı analitik traktatı öz ustadı hesab etdiyi
Rəştiyə göndərir. Gənc
alimin istedadından təsirlənən, dövrünün
işıqlı düşüncəli, nüfuzlu alimi Seyid
Kazım Rəşti cavabında onu "Qürrətül-Eyn"
adlandırır. Görkəmli fransız
diplomatı və parlaq bir yazar Comte de Gobineau bunu
"Gözümün təcəllisi və ürəyimin
ruhu" deyə şərh edir. Bütün
bunlara rəğmən, Zərrintac heç vaxt dini biliyini təsdiq
edən səlahiyyət almır, çünki qadınlara belə
sənədlərin verilməsi mümkün deyildi.
Onun biliyi
və bəlağətli danışığı öz
dövrünün ən bilikli kişilərini mat qoyur. Zərrintac dini disputların birində təfsir və
fiqh məsələləri ilə bağlı dövrün
görkəmli alimlərini məğlub edir, lakin qadın
olduğuna görə dini titul - müctəhid adını
ala bilmir. Heyrət doğuran o idi ki, Qürrətül-Eyn
təfsir və şərh məsələlərinin
yalnız kişilərin inhisarında olması ənənəsini
pozaraq, islamın 1200 illik tarixində Qurani-Kərimin ilk
qadın təfsirçisi kimi adını tarixə yazır. Kərbəla və Nəcəf şəhərlərində
keçirilən dini toplantı və disputlarda isə pərdə
arxasından iştirak edən yeganə qadın olur. Elmi artdıqca müxalif düşüncəli alimlərlə
onun arasında ziddiyyətlər yaranmağa başlayır.
Bu, ailə münasibətlərinə də təsirsiz
ötüşmür.
Ərlə arvadın baxışları
arasındakı fərq get-gedə böyüyür və
münaqişələrə gətirib çıxarır. Molla Məhəmməd
atasının - Molla Tağının təliminin
yanlış tərəflərini görsə də, ondan
çəkinir, bunu söyləməyə özündə
güc tapa bilmir. Müti xarakterli alim həyat
yoldaşını da fikirlərindən döndərməyə
çalışır. Lakin onun bu cəhdləri
faydasız olmaqla yanaşı, aralarındakı uçurumu
daha da dərinləşdirir. Cütlük on üç
il İraqda yaşadıqdan sonra Qəzvinə
qayıdır.
İran üləmaları arasında Zərrintacın
nüfuzu çox böyüyür və yüksək
zümrə din xadimləri onun bəzi fərziyyə və
fikirlərini, istəməsələr də, qəbul etmək
məcburiyyətində qalırlar. Din alimlərinin ən çox
üstünlük təşkil etdiyi Qəzvində, eləcə
də o vaxt Osmanlı imperiyasının tabeliyində olan ərazilərdə
Qürrətül-Eynin məntiqini qəbul etməyən alim, demək olar ki, qalmır.
Təbii ki, Qürrətül-Eyndən əvvəl də
bəzi qadınlar dini məsələlər barəsində
yazmış və danışmışlar. Din xadimləri və
imtiyazlı yüksək təbəqənin bəzi
qızları üçün, xüsusilə də dini məsələlərdə
yüksək təhsilli olmaq təsadüf deyildi. Lakin normada, bu cür bilik, onun ifadəsi və onun
barəsində danışmaq özəl və ya ailə
mühitləri ilə məhdudlaşırdı. Dua kitabları, qadınlar və uşaqlar
üçün dini təlimat kitablarına icazə verilirdi;
lakin kişilərə moizə oxumaq və ya ehkam məsələlərində
bəyanət verməyə izn yox idi. Zərrintac
isə ictimai nüfuza malik bir din alimi olmaqla kişilərin
imtiyaz sferasına daxil olmuşdu. O, yalnız özəl
olaraq şəxsi məsələlər barədə
yazıb danışmırdı, əksinə, ilahiyyat məsələləri
barədə camaat qarşısında
danışırdı.
Zərrintac Kərbəlaya gedib Seyid Kazım Rəştini
şəxsən görmək, yanında qalaraq təhsilini
davam etdirmək istəyir. Bunu bilən kiçik
əmisi Molla Əli onu dəstəkləyir və onlar Kərbəla
və Nəcəfdəki müqəddəs türbələri
ziyarət etmək üçün icazə istəyib
razılıq ala bilirlər. Bu səyahət,
tədqiqatçıların ümumi rəyinə görə,
1843-cü ildə baş tutur. Bu zaman onun
iki oğlu və bir qızı vardı. Onu "Qürrətül-Eyn"
təxəllüsü ilə mükafatlandırmış
Kazım Rəşti ilə şəxsən tanış
olmaq və onunla birgə fəaliyyət göstərmək
üçün İraqa qayıdır. Əri Molla Məhəmməd
nə qədər səy göstərsə də, onu bu səfərdən
çəkindirə bilmir...
Kərbəlaya
çatmağına az qalmış onun mənəvi
atası hesab olunan Rəşti gözlərini əbədi
olaraq yumur. Verdiyi adla tanınan və məşhur olan
şagirdi Qürrətül-Eynə onu görmək qismət
olmur... Zərrintac ustadının yerinə
keçərək o dövr üçün fantastik
görünən bir işi - kişilərə dərs deməyi
gerçəkləşdirir. O, mühazirələr
oxumağa başlayır. Bu, yerli din xadimlərinin
qəzəbinə səbəb olur. Ona təzyiq göstərir
və dərhal şəhərdən çıxıb getməsi
üçün hökumətə hiddətlə şikayət
edirlər...
İranda feodal təzyiqi, şah istibdadı və xarici
kapital əleyhinə kütləvi demokratik üsyanlar
vaxtında yeni təriqət nəzəriyyəsi əmələ
gəlir. Bu yeni dinin banisi Şirazlı Seyid Əli Məhəmməd
idi. O, 1819-cu il 20 oktyabrda tacir ailəsində
doğulub, uşaq ikən yetim qalıb, erkən
yaşlarından dini məsələlərlə məşğul
olmağa başlayır. O, özünə Bab ləqəbi
götürmüşdü ki, onun da mənası ilahi həqiqətə
aparan yol, qapı deməkdir. Babiliyə görə qadın və
kişi bərabərhüquqlu hesab olunur.
Qürrətül-Eyn Molla Hüseyn vasitəsilə Baba
məktub göndərir. Yüksək peşəkarlıq və
elmlə yazılmış fikirləri oxuyan Bab onun nadir
qabiliyyətinə heyran qalır. Xalqı
ictimai dəyişikliklər etməyə çağıran
çıxışları nəticəsində şah
hökuməti Seyid Əli Məhəmmədı-Babı həbs
edərək Maku zindanına salır. O, zindanda babiliyin
müqəddəs kitabı hesab olunan "Bəyan"
adlı əsər yazır.
Bab hakimiyyətin yuxarı eşalonunda yüksək
postları tutan din xadimlərini xəsis və əxlaqsız
adlandırır ki, bu da onun haqqında verilən fitvadan yaxa
qurtarmağın mümkünsüzlüyü demək idi.
Fəaliyyətlərinin nəticəsi olaraq İraqda nəzarət
altına alınan Zərrintacı son nəticədə oradan
çıxarıb Osmanlı ərazisini tərk etməyi
tapşırırlar. 1847-ci ildə o, İrana yola
düşür. Evə qayıdarkən
bütün səfər boyu o, babiliyi təbliğ edir. Keçdiyi hər yerdə onun ardıcılları
ortaya çıxır ki, onlar "Qürrətiyyə"
adlanırlar. Bu ardıcılların
içində yüksək zümrəyə aid olan
adlı-sanlı xanımlar da yer alır.
Hərəkat başlayanda (1844) Zərrintac həm
İslamın görkəmli yeganə qadın alimi, həm də
dövrünün məşhur şairəsi kimi
tanınmış 27 yaşlı gənc, amma nüfuzlu bir
şəxsiyyət idi.
Onun Qəzvinə qayıdışı
qarşıdurmanı və ailələrdəki ədavəti
daha da artırır. Qadının yeri arvad və ana kimi ancaq
evdə idi, Qürrətül-Eyn isə heç vaxt onun bu
"təbii" sferası ilə barışmır. Hətta arvad və ana olsa da, o, kitabxana və dərslərdə,
söhbət və müzakirələrdə daha çox vaxt
keçirir. Ailədəki hər kəs
ona başladığı mübarizəni
dayandırmağı tövsiyə edir, alınmayanda isə
onu övladlarından ayıracaqları və
boşayacaqları ilə təhdid edirlər. Heç
bir hədə-qorxu, onun ev dustağı
edilməsi belə onu fikrindən daşındıra bilmir. Bunun nəticəsi olaraq əmisi və qaynatası,
Qəzvinin imamcüməsi olan Molla Saleh Tağının
babilər hərəkatının üzvlərinə
qarşı olan qəzəbi son həddə çatır.
Şeyx Əhməd Əhsaini xüsusiylə sevməyən
Molla Tağı şiə ruhani zümrəsi arasında onu təhlükəli
kafir kimi rədd edən birinci şəxs idi. Molla
Tağının şeyxilərdən nə qədər
xoşu gəlməsə də, babilərə nifrəti daha
dərin və amansız idi. Təkcə onun kiçik
qardaşı Hacı Molla Əlinin deyil, hətta
qardaşı qızı və gəlini olan Qürrətül-Eyn
kimi tanınmış Zərrintacın
əks ehkamları qəbul etməsi onun nifrətinin kəskinləşməsinə
gətirib çıxarır və bu üzdən
ömrünün son ilində camaat arasında babiliyi
ağır şəkildə ittham edir. Molla
Saleh Tağı babiləri təhqir etməyə, onlara
qarşı zorakılıqlar tətbiq etməyə
başlayır. Radikal baxışlı inanclıları
qızışdıraraq babilik hərəkatının
üzvlərini qovdurur, evlərini talan etdirir və işgəncələrə
məruz qoydurur. Bunun nəticəsi olaraq,
babi hərəkatının fəal üzvü ərəb
Şeyx Saleh çox idarəedilməz bir hiddətə dolur və
1848-ci ildə Molla Tağını öldürür. O,
Qəzvindəki Şahzadə Hüseyn qəbirstanlığında
dəfn olunur.
Qəzvin hakimi babilikdə şübhəli bilinən hər
kəsi həbs etdirir. Şeyx Saleh bu hadisəni tək törətdiyini
desə də, heç kimə aman verilmir. Kütləvi həbslər baş alıb gedir.
Atasının yerinə keçən, Qəzvinin imamcüməsi
olan Molla Məhəmməd Tehrandakı ali
din xadimlərini bu işdə suçlayır, onları babilərə
qarşı sərgilədikləri liberal davranışlara
görə qınayır. "Daha çox
qan" tələb edən Məhəmmədi sakitləşdirməkçün
"günahkarların tapılıb cəzalandırılması"
işini onun özünə həvalə edirlər.
Çox
sayda insan işgəncələrdən sonra edam
edilir. Qürrətül-Eyn də ciddi nəzarətə
götürülür. Uzun sürən
istintaqdan sonra onun günahsız olması sübuta yetirilir.
Bundan sonra isə onu əsassız surətdə ev dustaqlığına məhkum edirlər. Bir müddətdən sonra Qürrətül-Eynin
azadlığa buraxılmadığını görən hərəkat
üzvləri Bəhaullahın dəstəyilə onun
qaçış planını hazırlayaraq, dustaqlıqdan
xilas edirlər. Tehran yolu ilə Xorasana yola
düşən Qürrətül-Eynin məhz bu gündən
edamına qədər olan qısa bir sürədə tarixə
qanıyla yazdığı aktiv mübarizə həyatı
başlayır.
Zərrintac Tehranda Mirzə Hüseyn Əli Nurinin, Bəhaullahın himayəsi altında şəhərin içində və çölündə gizli qalmaqla bir neçə ay keçirir. 1848-ci ilin ortalarına doğru, babilərin Xorasanda toplanmaları üçün ümumi çağırışdan sonra, o, Tehranı tərk edir və konfransda iştirak üçün Bədəştə yola düşür. Və hərəkatın gələcəyinin müəyyən edilməsində çox böyük rol oynayır.
Onun babilər hərəkatında tutduğu mövqe təkcə rəhbərliyi ilə məhdudlaşmır. Qürrətül-Eynin fəaliyyətində ictimai təlatüm doğurmuş, həm babilər hərəkatında, həm də bütün dünyada ictimai-siyasi proseslərin gedişini dəyişmiş məqamlar olmuşdur. Qürrətül-Eyn tarixə qadın azadlıqlarının ilk carçısı kimi daxil olur. O, İslam Şərqində çadrasını nümayişkaranə atmış ilk müsəlman qadındır. Bu hadisə belə baş verib.
1848-ci ilin iyun-iyul aylarında (1264, rəcəb-şaban ayları) Bəstamın şərqində, Xorasan-Mazandaran yolunun üstündə yerləşən Bədəşt kəndində konfrans olur. Seyid Əli Məhəmmədin-Babın həbsdən azad olunması planını nəzərdə tutan yığıncaqda xüsusi mülkiyyətin, feodal biyar və vergilərinin əleyhinə çıxışlar edilir və hakim sinfin imtiyazlarının ləğv edilməsi tələbləri də irəli sürülür.
Qürrətül-Eyn bu konfransda 80 kişiylə bərabər iştirak edən və eyni zamanda, onlara qarşı çıxan və qələbə qazanan ilk qadın alim idi. O, fikirlərini bitirdikdən sonra çadrasını yerə atır. Bu hadisənin yaratdığı təsir çox dərin olur. Bəziləri əlləri ilə üzlərini örtür, digərləri özlərindən keçərək yerə sərilir, bir başqaları da başlarını öz əbaları ilə örtürlər ki, Ülyahəzrət Zərrintacın üzünü görməsinlər. Küçədən keçən tanış olmayan bir qadının üzünü görmək günah idisə, Qürrətül-Eyn kimi təmizlik simvolu olan bir varlığa baxmaq bəşəri cinayət idi. Onun bu hərəkətinə heyrətlənmiş bir konfrans nümayəndəsi isə hətta qəzəbindən öz boğazını kəsir, bir neçəsi isə nifrətlə ona hucum edir. Lakin Zərrintac özünün möhkəm iradəsi, soyuqqanlılığı və bəlağətli nitqi ilə qəzəblənmiş kişiləri sakitləşdirir, onları geriyə çəkilməyə və ona qulaq asmağa məcbur edir. O, çıxışında deyir: "Qalxın, qardaşlar... Mən sizin bacınız deyiləmmi, sizsə mənim qardaşım? Siz mənə həqiqi dost kimi baxa bilməzsinizmi? Bir bacı nə vaxt üzünü qardaşından gizlədib? Əgər siz beyninizdəki şər fikirləri çıxara bilmirsinizsə, onda siz həyatınızı böyük iş üçün necə verəcəksiniz? Gəlin, qadınlarımızı azad və cəmiyyətimizi islah edək. Gəlin, mövhumat və xudbinlik qəbirlərindən qalxaq və qiyamət gününün yaxın olduğunu bəyan edək; onda bütün dünya vicdan azadlığına və yeni həyata cavab verəcək! Bu qiyamət şeypurunun səsi mənəm!"
(Ardı var)
Kəmalə
ƏLİYEVA
Araşdırmaçı-publisist
525.-ci qəzet.-2018.-14 fevral.-S.6.