Teymur Əhmədovun "Nəriman Nərimanov"u
Nizami
CƏFƏROV
XIX əsrin sonu - XX əsrin əvvəlləri Azərbaycan tarixinin həm ictimai-siyasi, həm də ədəbi-mədəni baxımdan elə bir zəngin dövrüdür ki, millətin sonrakı taleyini həll edəcək bütün ideyalar, həmin ideyalar ətrafındakı uzun sürən polemikalar öz geniş miqyası ilə məhz bu dövrdə meydana çıxmış, müxtəlif dünyagörüşlü ziyalıların şəxsində inkişaf etdirilərək xalq kütlələrinin müzakirəsinə verilmişdir.
Və belə möhtəşəm ziyalılardan biri də, heç şübhəsiz, Nəriman Nərimanov olmuşdur ki, onun həyatına, ictimai-siyasi və ədəbi-mədəni fəaliyyətinə ümummilli maraq, tamamilə təbii olaraq, həmişə diqqəti cəlb etmiş, haqqında vaxtaşırı nə qədər subyektiv mülahizələr söylənsə də, obyektiv elmi tədqiqatlara əsaslanan ciddi əsərlər də yaranmışdır.
Professor Teymur Əhmədovun "Nəriman Nərimanov. Həyatı, mühiti, ədəbi-bədii
yaradıcılığı" (Bakı, "Nurlar" nəş., 2017) monoqrafiyası görkəmli ədəbiyyatşünasın
uzun illər ardıcıl olaraq apardığı
araşdırmaların məhsuludur. Məlumdur
ki, Teymur müəllim hələ 1966-cı ildə "Nəriman
Nərimanovun dramaturgiyası" mövzusunda namizədlik
dissertasiyası müdafiə etmiş, 1971-ci ildə isə həmin
əsər "Elm" nəşriyyatında çapdan
çıxmışdır. Bundan sonra da
nərimanovşünaslıq sahəsindəki
araşdırmalarını davam etdirən tədqiqatçı
doktorluq dissertasiyası olan "Nəriman Nərimanovun
yaradıcılıq yolu" ilə təsdiq etmişdir ki, o,
bu sahə üzrə təkrarsız mütəxəssisdir.
Və "Nəriman Nərimanovun yaradıcılıq
yolu" indiyə qədər iki dəfə ("Elm" nəş., 1990; "Nurlar" nəş.,
2005) əsaslı şəkildə təkmilləşdirilərək
nəşr edilmişdir.
"Nəriman
Nərimanov. Həyatı, mühiti, ədəbi-bədii
yaradıcılığı"na gəldikdə isə, bu
monoqrafiyanı Azərbaycan nərimanovşünaslığının
hələlik son fundamental sözü hesab etmək
mümkündür.
Akademik Cəmil
Quliyev "zəhmət və istedadın vəhdəti"ndən
yaranmış əsər (və onun müəllifi) barədə
yazır: "Möhtərəm Teymur Əkbər oğlu
Əhmədovla ilk görüşüm və sonrakı
dostluğumuzun təməli Nəriman Nərimanovun həyat və
yaradıcılığının, onun ictimai-siyasi fəaliyyətinin
tədqiqatına bir-birimizdən xəbərimiz olmadan, keçən
əsrin 50-ci illərində başlamağımız olub...
70-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında mən
fəaliyyətə başladığım vaxt Teymuru Azərbaycanda
Nəriman Nərimanov haqqında ilk sanballı tədqiqat
kitabının müəllifi kimi kəşf etdim, indiyə
kimi də sadiq "əsl Nərimanovçu" kimi N.Nərimanova
həsr olunmuş monoqrafiyalar, külliyyatlar, müxtəlif
janrlarda məqalə və müxtəlif sənədlər
çap etdirən Teymur Əhmədovdur".
Elmi redaktoru akademik Mirzə İbrahimov olan monoqrafiya
geniş mündərəcəyə malikdir ki, buraya ilk
növbədə Nəriman Nərimanovun bədii
yaradıcılığının tədqiqi tarixi daxildir. Həmin
mövzunun dərindən öyrənilməsi ona görə əlamətdardır
ki, böyük ədibin yaradıcılığına
münasibətdə fərqli baxışlar olmuşdur.
Və bu baxışlar bəzən müxtəlif səbəblərə
görə polemik səciyyə daşımışdır...
Müasir Azərbaycan ədəbiyyatşünaslığının
banisi Firudin bəy Köçərlinin Nəriman Nərimanov
dramaturgiyası barədəki mülahizələri üzərində
xüsusi dayanan müəllif göstərir ki, o,
"Nadanlıq" əsərinə, nədənsə, birtərəfli,
daha ciddi desək, ifrat tələbkarlıqla
yanaşmışdır. F.Köçərli
"ədəbiyyat aləminə gəlmiş gənc müəllif"in
ilk əsərində xoşagələn bir şey
görmür, istər sənətkarlıq, istərsə
ideya cəhətdən onu qüsurlu hesab edirdi".
Teymur Əhmədov tutarlı faktlar, müqayisələr və
təhlillərlə sübut edir ki, F.Köçərlinin
mövqeyi xeyli dərəcədə yanlış olmuş,
"Nadanlığ"a yanaşma üsulu özünü
doğrultmamışdır... Sonrakı illərdə,
xüsusilə sovet dövründə Nəriman Nərimanovun
bədii yaradıcılığına ədəbi tənqidin
münasibəti Mustafa Quliyev, Əziz Şərif, H.Səmədzadə,
İ.Cahangirov, B.Çobanzadə, Mir Cəlal, eləcə də
A.Lunaçarski, P.Sibirtsev, S.Qorodetski, M.Pavloviç, S.Vetman,
İ.Borozdin kimi görkəmli (və müxtəlif
dünyagörüşlü) müəlliflərin mülahizələri
əsasında hərtərəfli tədqiq olunmuşdur. Və razılıq doğuran cəhət odur ki,
Teymur müəllim nə Nəriman Nərimanov
yaradıcılığını ideallaşdırır, nə
də möhtərəm müəlliflərin mülahizələrini
hərfi-hərfinə qəbul edir. Odur ki,
akademik Kamal Talıbzadənin belə bir fikrinə haqq
qazandırmaq lazım gəlir ki, "T.Əhmədov N.Nərimanovun
ədəbi tarixi mövqeyini tarixilik prinsipi ilə tədqiq
edə bilib. Ona görə də əsərdə
həm burjua mətbuatından, həm də demokratik və
marksist mətbuatdan götürülən faktlara obyektiv vicdan
və səmimiyyətlə yanaşılır".
Həmin
vicdan (və səmimiyyət) əsərin ən çox
polemika doğuracaq "Nəriman Nərimanovun həyatı,
mühiti, ictimai-siyasi fəaliyyəti (1870-1918)" fəslində
də özünü göstərir...
"Nəriman
Kərbəlayi Nəcəf oğlu Nərimanov 1870-ci il aprel ayının 14-də Tiflis şəhərində
yoxsul ailədə doğulmuşdur. Əslən
Cənubi Azərbaycanın Urmiya mahalından olan Kərbəlayi
Nəcəf öz sonbeşik oğluna XVII əsrdə
Gürcüstanda məskən salmış ulu babası Nərimanın
adını vermişdi. O, ehtiyac üzündən
böyük oğlu Salmanı mədrəsədə
axıradək oxuda bilməmişdi, doqquz övladı təkbaşına
dolandırmaq ona çox çətin idi. Kiçik
oğlu Nərimanı isə oxutmağı qət
etmişdi..." şəklində təfərrüatlarla
başlayan bu fəsildə Teymur Əhmədov böyük
tarixi şəxsiyyətin tərcümeyi-halını elmi dəqiqliklə
təqdim edir. Və ən mühüm cəhətlərdən
biri də budur ki, Nəriman Nərimanovun həmin müfəssəl
tərcümeyi-halı dövrünün, mühitinin qaynar
ictimai-siyasi mülahizələri kontekstindən təcrid
olunmadığına görə olduqca dolğun, mükəmməl
verilmişdir. Müəllifin külli
miqdarda arxiv sənədlərinə əsaslanmasının nəticəsidir
ki, hər bir fikir, hər bir mülahizə danılmaz,
heç bir şübhəyə yer qoymayan faktlarla təsdiq
olunur. Məsələn, gənc Nəriman Nərimanovun
dünyagörüşünün formalaşmasına təsir
göstərən amillər barədə danışarkən
müəllif yazır:
"N.Nərimanova qabaqcıl rus və Avropa ədəbiyyatının
ciddi təsiri olsa da, onun dünyagörüşündə
demokratik ideyaların güclənməsində Azərbaycan ədəbiyyatının
xüsusi rolu olmuşdur. Xatirə dəftərini (həmin dəftər
barəsində Teymur müəllim hələ 1968-ci ildə
"Ədəbiyyat və incəsənət" qəzetində
ətraflı məlumat vermişdi-N.C.) vərəqlədikcə
bu fikrin nə qədər doğru olmasını
görürük. Dəftərdə Füzuli,
Zakir,Vidadi, Vaqif kimi görkəmli sənətkarların lirik
şeirlərinə, Qurbaninin, Xəstə Qasımın,
Əmrahın və b. aşıqların qoşmalarına,
şifahi ədəbiyyat nümanələrinə daha
çox yer verilmişdir".
Nəriman
Nərimanovun Borçalı qəzasındakı
Qızılhacılı kənd ibtidai məktəbində,
sonra isə Bakıdakı müxtəlif məktəblərdə
müəllimlik fəaliyyəti, eləcə də bu illər
ərzində yazdığı əsərlər barədə
monoqrafiyada geniş bəhs edilmiş, görkəmli
ziyalının ictimai amalının xalqı cəhalətdən
qurtarmaq üçün maarifə, məktəbə, qiraətxanaya
xüsusi önəm verməsindən ibarət olması
müəyyənləşdirilmiş və onun
maarifçilik fəaliyyətinin aparıcı istiqamətləri
ümumiləşdirilmişdir: "N.Nərimanov 1891-1901-ci
illərdə müəllim, metodist, ilk milli qiraətxananın
banisi, yazıçı, rejissor və aktyor kimi zəhmətkeş
xalqın böyük etimadını qazanmışdı. Bu, bir tərəfdən, dövrün tələbləri
ilə, digər tərəfdən isə, maarifpərvər gəncin
öz şəxsi keyfiyyətləri, doğma vətənə
və xalqa tükənməz məhəbbəti ilə
bağlı idi".
Maddi
çətinliklərə rəğmən XX əsrin ilk illərində
Odessada ali tibb təhsilinə başlaması, yeni ictimai-siyasi
mühitin onun dünyagörüşü, arzu və
amalları qarşısında daha geniş meydan
açması monoqrafiyada təfsilatı ilə (və yenə
də konkret sənəd və materiallar əsasında) təsbit
edilmiş, Bakıya qayıtdıqdan sonra müxtəlif
ictimai-siyasi təşkilatlardakı qızğın inqilabi fəaliyyətləri
dərindən araşdırılmışdır.
Monoqrafiyanın "Maarifçi-realist ədəbiyyat
tarixində yeni mərhələ" adlı
üçüncü fəsli yalnız həcmi ilə deyil,
məzmun-mündərəcəsi etibarilə də diqqəti
çəkir.
Və bu fəsildə Nəriman Nərimanovun bədii
yaradıcılığı yüksək ədəbiyyatşünaslıq
təfəkkürü mövqeyindən peşəkarlıqla
təhlil olunur. Yazıçının
"Nadanlıq", "Dilin bəlası, yaxud Şamdan bəy",
"Nadir şah" dramları, "Bahadır və Sona"
romanı (eləcə də onun əsasında
yazılmış eyniadlı faciə), "Pir" povesti və
"Bir gəncin sərgüzəşti" hekayəsi
müxtəlif yönlərdən
araşdırılmışdır ki, burada tekstoloji, sosioloji,
ideya-estetik və s. interpretasiya texnologiyaları üzvi bir vəhdət
təşkil etməklə Nəriman Nərimanovun bədii
yaradıcılığının xarakterini bütün
miqyası ilə açır. Və müəllifin
apardığı müqayisələr, zəruri polemikalar ədibin
həm nəsrinin, həm də dramaturgiyasının poetik
xüsusiyyətlərini daha dərindən anlamağa kömək
edir.
Monoqrafiyanın sonrakı fəsilləri Nəriman Nərimanovun
teatr sənətinin inkişafı sahəsindəki xidmətlərinə,
ədəbi-nəzəri görüşlərinə və
publisistikasına həsr olunmuşdur. Bu fəsillərdə
də, əvvəlkilərdə olduğu kimi, monoqrafiya müəllifiinin
faktlara, ədəbi-mədəni hadisələrin mahiyyətinə
bələd olduğu hər məqamda özünü
göstərir. Məsələn, Nəriman Nərimanovun
teatr sahəsindəki xidmətlərindən danışarkən
Teymur Əhmədov həmin xidmətləri dövrün teatr
prosesləri, xüsusilə XIX əsrin sonu, XX əsrin əvvəlləri
Azərbaycan teatrının ideya-estetik
axtarışlarının başlıca istiqamətləri
kontekstində dəyərləndirir. Yaxud
yazıçı-mütəfəkkirin ədəbi-nəzəri
və ya publisistik görüşləri
araşdırılanda kontekstuallıq yenə də tədqiqatın
metodoloji əsasında dayanır.
Əlbəttə,
Nəriman Nərimanov həm ədəbi-mədəni, həm
də ictimai-siyasi dünyagörüşü
baxımından kifayət qədər mürəkkəb,
müəyyən ziddiyyətlərlə müşayiət
olunan (və dövrün təbiətindən irəli gələn)
elə bir yol keçmişdir ki, bu gün həmin yola nəzər
salarkən ən müxtəlif "xəyallar"a
düşmək, çox hallarda da qeyri-obyektiv nəticələrə
gəlmək mümkündür. Teymur Əhmədovun
uzun illərin gərgin axtarışlarının məhsulu
olan bu fundamental əsəri ona görə qiymətlidir ki, ilk
səhifələrindən son səhifələrinə qədər
danılmaz faktlara (və mümkün dairədə obyektiv
ümumiləşdirmələrə) dayanır. Və bir mühüm ideya əsərdə əvvəldən
axıracan hakimdir ki, Nəriman Nərimanovun
dünyagörüşündə ən aparıcı istiqamət
milli demokratizm olmuş, tarixi zərurətdən yaranan digər
bütün meyllər həmin aparıcı istiqamətin
gerçəkləşməsinə xidmət etmişdir.
Teymur
Əhmədov yazır: "N.Nərimanov müasirlərinə
belə bir fikri təlqin etməyə
çalışırdı ki, "ümumi millət, vətən
dərdi" hər kəsin "vətəndaşlıq
borcudur".
Və
fikrini əsaslandırmaq üçün onun "Həyat"
qəzetində (7 may 1906-cı il)
çıxmış məqaləsindən belə bir sitat gətirir:
"... Siz özünüzü bir millətdən hesab
edirsinizsə, özünüz üçün bir müəyyən
vətən varsa, həmin millətin, həmin vətənin dərdi-qəmi
sizin dərdiniz, qəminizdir və ya xeyr, bir millət və
ya bir vətən sizi öz üzvlərindən bilirsə,
sizin dərdiniz, qəminiz millət və vətən
üçün ümumi dərd və qəm olacaqdır.
Belə olan surətdə cidd-cəhd iki tərəfdən
etməlidir. Hər iki tərəfə
bir-birinin tərəqqi tapmağına gərəkdir
çalışsın".
Nəriman Nərimanovun maarifpərvər milli demokratizmi özünü onda da göstərirdi ki, millətin fəaliyyətsizliyinə qarşı üsyan edirdi: "Yox, əfəndim! Hər halda sakit olmayacağız, mümkün olan qədər dərdlərimiz barəsində söyləyəcəyiz, bəlkə bir çıraq tapıb onun işığı ilə zülmətdən xilas olaq, nadanlığın kəməndindən özümüzü qurtaraq. Bəlkə biz də insaniyyət nə olmağın və əsası nədən ibarət bulunduğunu düşünüb özümüz, bilzat özümüz yavaş-yavaş hərəkət edək..." ("Həyat" qəzeti, 11 iyun 1906-cı il).
Professor Teymur Əhmədovun "Nəriman Nərimanov" monoqrafiyası Azərbaycan xalqının ədəbiyyat, mədəniyyət, ictimai-siyasi fikir tarixində misilsiz (və mütərəqqi) rol oynamış böyük bir şəxsiyyətin - millət xadiminin həyatının, yaradıcılığının, mücadilələrinin mənsub olduğu (və bütün varlığı ilə sevdiyi) xalqa, demək olar ki, bütün tərəfləri ilə tanıdılmasında, heç şübhəsiz, həmişə ən mötəbər mənbələrdən biri olaraq qalacaq.
525-ci qəzet 2018.- 14 fevral.- S.7.