Şərəfli iş
Mustafa ÇƏMƏNLİ
Azərbaycan
televiziyası 1956-cı il fevralın 14-də
fəaliyyətə başlayanda mənim doqquz yaşım
vardı. Nağıl oxuyan vaxtlarım idi.
Oxuduğum bu nağıllarda isə gerçəkliyə
çevriləsi çox şeylər vardı. Uçan
xalçalar, sehrli güzgülər və s. Həyatda isə
nağıllarımızdakı uçan xalçalar
artıq çoxdan təyyarə adı ilə həqiqətə
çevrilmişdi. Bəzi xalqlar bu
müasir "Uçan xalçalar"ı əldə etməklə
çox-çox uzaq məsafələri əlçatan eləmişdilər,
istədikləri vaxt bir ölkədən başqasına bu
hava "gəmisi" ilə uçub gedə bilirdilər.
Amma biz azərbaycanlılar 1956-cı il
fevral ayının 14-nə qədər nağıllardakı
sehrli güzgünün reallığa çevriləcəyi
günü gözləməli olmuşduq. Biz o
çağacan radionu dinləyir, patifonda qrammofon
vallarını oxudub Cabbar Qaryağdıoğluna, Segah
İslama, Seyid və Xan Şuşinskilərə,
Bülbülə - onların ecazkar səslərinə qulaq
asır, üzlərini isə görə bilmirdik. Çox-çox dəyərli
insanlarımızı - mahnıları dillər əzbəri
olan bəstəkarlarımızı, əsərləri ilə
ruhumuzu oxşayan şair və yazıçılarımızı
olsa-olsa kitablardakı şəkillərindən
tanıyırdıq. Əlbəttə, paytaxt Bakıda dəyərli
sənət adamlarını, incəsənət xadimlərini
müəyyən tədbirlərdə, konsertlərdə,
teatr tamaşalarında yaxından görüb-duymaq
mümkün olsa da, əyalətdə yaşayanlar
üçün bütün bunlar az qala əlçatmaz
arzu-istəkdən başqa bir şey deyildi. Ancaq
bir qış gecəsi radiodan eşitdik ki, SSRİ Mədəniyyət
Nazirliyinin xüsusi əmri ilə Bakı Telemərkəzinin
bazasında Televiziya studiyası yaradılmışdır.
Beləcə 14 fevral 1956-cı il Azərbaycanda
Televiziyanın yarandığı gün kimi tarixə
düşdü. Çox illər sonra mətbuat səhifələrindən
birində oxudum ki, Azərbaycan televiziyasından: "Göstərir
Bakı!" sözlərini ilk dəfə o zaman gənc
aktrisa Nəcibə Məlikova söyləmişdir.
Mən bu yazımda ana televiziyamızın inkişaf
yolundan, ona rəhbərlik etmiş şəxslər
haqqında danışmaq fikrində olmasam da, bir fərd olaraq
mavi ekranın xalqımızın həyatındakı rolundan
danışmaya bilmərəm. Düz 62 ildir ki, milli
televiziyamız respublikamızda, onun sərhədlərindən
kənarda elə bir mühüm hadisə olmayıb ki, ona
münasibət bildirməsin, şərh etməsin. Mübaliğəsiz deyə bilərik ki, milli
televiziyamızın zaman-zaman xalqımıza
aşıladığı mənəvi dəyərlər hədsiz
çoxdur və saymaqla qurtarmaz. Çünki
milli televiziya yarandığı gündən müəyyən
inkişaf mərhələlərini keçərək hər
bir azərbaycanlı ailəsinin arzuedilən
"qonağı" olub. Biz zaman-zaman müxtəlif
ölçüdə, çeşiddə, müxtəlif
görünüşdə hazırlanmış bu
möcüzəli "qutu"nun mavi ekranında bir-birindən
əlvan, rəngarəng, zəngin mündəricəli
saysız-hesabsız verilişləri izləmiş, bədii və
sənədli filmləri, teatr tamaşalarını, opera və
operettaları, yubiley mərasimlərini, çox böyük
müğənnilər nəslinin konsertlərini, muğam
axşamlarını... seyr etmiş,
düşünmüş, duyğulanmış, mühakimə
etmiş, nələrisə bəyənmiş, nələrisə
qəbul etmiş, nələrisə etməmişik. Ancaq bütövlükdə
xatırladığımız, bəzənsə yada
salmağa çətinlik çəkdiyimiz sayı-hesabı
bilinməyən bu verilişlər bir xalq olaraq həyatımızda,
taleyimizdə izsiz ötüşməyib. Bu
nəhəng dəryadan hər kəs öz
dünyagörüşünə, zövqünə, səviyyəsinə
görə nəsə götürüb. Biri az, biri çox.
Bu, ruh, mənəviyyat aləmidir, götürdüklərimiz,
qəbul etdiklərimiz gözlə görünməz,
ölçüyə-çəkiyə gəlməz. Bu, bir həqiqətdir,
onu inkar etmək olmaz. Bütün bu
söylədiyimiz dəyərləri isə bizə
çatdıran, heç şübhəsiz, milli televiziyada
çalışanlar - nəsil-nəsil yaradıcı insanlar
olub. Redaktorlar, rejissorlar, ssenaristlər,
diktorlar, aparıcılar və başqaları. Onlardan
dünyasını dəyişənlər də var, bu
gün öz şərəfli işini davam etdirənlər də...
Yadımdadır, vaxtilə ana televiziyamızda "Təbiəti
sevənlər" verilişi yayımlanırdı. Təbiətşünas
alim Qara Mustafayevin 22 il (son 15 il
isə tək) professor Mirəli Axundovla birgə
apardığı "Təbiəti sevənlər"
verilişini mən və mənim yaşıdlarım unuda bilərmi?!
O zaman gənc olan bizlər təbiət elmini, canlı təbiəti
bu iki alimin sayəsində sevib öyrəndik. Təsəvvür
edin ki, bu illər ərzində 600 veriliş hazırlanıb.
Məhz "Təbiəti sevənlər"
verilişi üçün 3600 səhifə mətn
yazılıb. Efirdə səslənən mətn! Bu, bütün bir institutun bir ildə görə biləcəyi
işlə müqayisə oluna bilər. Çox
illər sonra Qara müəllimin "Ovqat" verilişindəki
çıxışını da eyni məhəbbətlə,
heyranlıqla seyr etdik.
Heç şübhəsiz, milli televiziyamızın 62
illik fəaliyyətini kiçik bir məqalədə tam əhatə
etmək qeyri-mümkündür. Televiziya müasir
dünyanın göstərən və danışan
güzgüsüdür. Müasir
güzgümüzdəsə, yaxşı-pis - hər şey
öz əksini tapıb və tapmaqdadır.
Bizim milli televiziyamızın "yaddaş"ında
kimlərin canlı görüntüsü, səs-sədası
yoxdur?! Mən
özüm canlı - danışan və yazan, fikrə gedən
Üzeyir bəyi, "Koroğlu" operasından ariyalar
oxuyan, "Sənsiz" və "Sevgili canan"
romanslarını böyük məhəbbətlə ifa edən
Bülbülü, Cabbar Qaryağdıoğlunu, Hüseynqulu
Sarabskini ilk dəfə ana televiziyamızın ekranında
görmüşəm.
Yadımdadı, yeniyetmə yaşlarımda yay vaxtı
kənddəki evimizin kölgəsindən bilirdim ki,
muğamat konserti başlayıb, qaçıb radionu
açırdım. Şövkət Ələkbərovanın, Sara Qədimovanın,
Fatma Mehrəliyevanın, Xan Şuşinskinin, Zülfü
Adıgözəlovun, Əbülfət Əliyevin, Yaqub Məmmədovun...
baldan şirin səsləri qətrə-qətrə ruhuma
hopur, yaddaşıma köçürdü. Daha
sonra adlarını çəkdiyim sənətkarları milli
televiziyamızın ekranında görüb dinlədim. Biz onların "Muğam axşamı"ndakı
çıxışlarını necə də intizarla
gözləyərdik. Mənim onda heç
ağlıma da gəlməzdi ki, Bakıya gəlib universitet təhsili
alacam, adlarını andığım bu müğənnilərin
hər biri ilə görüşəcəm, haqlarında
verilişlər, kitablar yazacam, hətta bəzilərinin
yubiley gecələrinin aparıcısı olacam və bu ədəbi-bədii
gecələr ana televiziyamızda yayımlanacaq.
Bəstəçilərdən
Əfrasiyab Bədəlbəylini, maestro Niyazini, Qara Qarayevi,
Fikrət Əmirovu, Tofiq Quliyevi, Vasif Adıgözəlovu,
Cahangir Cahangirovu, Hacı Xanməmmədovu, Süleyman Ələsgərovu
və b. mavi ekranda görmək, söhbətlərini dinləmək
necə də xoş idi. Onların bizləri
daxilən necə səfərbər etdiklərini, mənən
ucaltdıqlarını, daha ciddi musiqi janrlarına qulaq asmaq vərdişinə
yiyələnməyimizə təkan verdiklərini bəlkə
də zamanında elə də dərindən
duymamışıq.
Altmış-səksəninci
illərin "Odlar diyarı", "Şən və
hazırcavablar klubu", "İnsan və qanun",
"Ədəbiyyat və zaman", "İncəsənət",
"Məktəblilərin rəqs salonu",
"Kamillik", "Sizin istəyinizlə", "Səhər
görüşləri", "Dalğa",
"Açıq-aşkar", "Dünyaya pəncərə",
"Komediyalar aləminə səyahət" kimi televiziya
verilişlərini yaşlı nəsil bu gün də xoş
xatirələrlə yad edir.
Şübhə
etmirik ki, yaşlı nəsil Vaqif Səmədoğlunun
"Caz aləmində", Mehdi Məmmədovun
"Rampa", Xudu Məmmədovun "Evrika", Ayaz Salayevin
"Retro" verilişlərini də unutmayıblar. Onların müəllif verilişlərini maraqla izlədiyimiz
günlər mənim də yaxşı yadımdadı.
Böyük
Hüseyn Cavid haqlı olaraq yazırdı:
Turana
qılıncdan da kəskin ulu qüvvət,
Mədəniyyət, mədəniyyət, mədəniyyət.
Doğurdan da, milli televiziyamız yarandığı
gündən xalqımızın böyük mədəniyyətə
qovuşmasına, maariflənməsinə xidmət edib. Biz onun kameralarının
"gözü" ilə Odlar yurdumuzu
qarış-qarış, oymaq-oymaq gəzmişik, onun bələdçiliyi
ilə gen dərələrdən keçmişik, uca dağlar
aşmışıq, yurdumuzun aranını,
yaylağını dolaşmışıq, Vətənin
bir-birindən gözəl şəhərlərini, kəndlərini,
qalalarını, dini məbədgahlarını
tanımışıq. Qiyabi də olsa, hər sahənin
yaradıcı adamları ilə tanış
olmuşuq. Bax beləcə, sevincimizin, kədərimizin
aynası olub bizim ana televiziyamız. Onun
xidmətlərindən zaman-zaman mənən bəhrələnənlər,
öyrənənlər, təqdir edənlər olduğu kimi,
sadəcə seyr edənlər, bəzi verilişlərinə
dodaq büzənlər, küsənlər, inciyənlər də
olub və bu gün də var. Bu da çox təbii bir haldır.
Seyrçilər çox, milli televiziyamız isə
təkdir. Onun mavi ekranından bizə ötürülən
müsbət dəyərləri, xoş ovqatı, gərginləşmiş
əsəblərimizə sığal çəkən,
ruhumuza dinclik gətirən saysız verilişləri,
"Topal Teymur", "Yollar kəsişəndə",
"Evləri köndələn yar", "Yaşıl eynəkli
adam", "Ötən ilin son gecəsi", "Alov",
"Atayevlər ailəsi", "Kökdən
düşmüş piano", "Səni axtarıram",
"Qatarda", "Günahsız Abdulla", "Ac hərflər",
"Fatehlərin divanı", "Bala, başa bəla",
"Nekrolaoq" və s. kimi televiziya tamaşalarını və
bu tamaşalardan aldığımız
duyğu-düşüncəni, mənəvi
rahatlığı isə biz həmişə qədirbilənliklə
yad etməli və unutmamalıyıq.
Azərbaycan
televiziyası illərlə bizi təkcə milli ədəbiyyatımızın,
musiqimizin, incəsənətimizin ən görkəmli
yaradıcıları ilə deyil, həm də dünya
xalqlarının yaradıcı şəxsiyyətləri, adət-ənənələri,
şəhərləri və s. ilə tanış
edib.
1958-ci ildən başlayaraq milli televiziyada
çalışan redaktorlar, rejissor və operatorlar sənədli,
bədii televiziya filmlərinin çəkilişlərinə
də başladılar. Bu qurum 1968-ci ildə "Ekran"
Yaradıcılıq Birliyi adlandırıldı. 1973-cü ildə isə qurumun adı dəyişdirilərək
"Azərbaycantelefilm" Yaradıcılıq Birliyi
adlandı. Artıq bu yaradıcılıq
birliyi 50 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində həm mövzu rəngarəngliyinə,
həm də rejissor, operator yozumuna görə bir-birindən
maraqlı yüzlərlə sənədli filmlər çəkilərək
nümayiş olunub. Hazırda "Azərbaycantelefilm"
Yaradıcılıq Birliyinin fondunda 1500 saatdan artıq sənədli
televiziya filmləri saxlanılır. Bu sənədli
filmlər Azərbaycan tarixinin, ədəbiyyatının,
musiqisinin, incəsənətinin canlı salnamələridir.
Əgər bizim AzTV zamanında Opera teatrının və
Azdramanın (eləcə də başqa teatrların)
tamaşalarını lentə almasaydı, nəsillər
arasında böyük bir boşluq yaranardı. Biz o
tamaşalardan, rejissor işindən, aktyor-müğənni
oynundan danışanda dəlil-sübut üçün
göstərməyə bir nümunə tapmazdıq. Axı, atalar yaxşı deyib ki, min dəfə
eşitməkdənsə, bir dəfə görmək
yaxşıdır.
Heç şübhəsiz, respublikamız müstəqillik
əldə etdikdən sonra milli televiziyamızın da
yaradıcılıq imkanları, texniki təchizatı
güclənmiş, verilişlərinin sayı, sanbalı
artmış, əhatə dairəsi daha da genişlənmişdir. Bu gün
dünyanın istənilən nöqtəsində AzTV-nin
verilişlərini izləmək mümkündür. Ona görə də çağdaş televiziya
işçilərinin məsuliyyəti daha da artıb.
Bir an da olsa unutmaq olmaz, artıq bizə təkcə
özümüz yox, həm də dünya baxır.
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili
Mehriban xanım Əliyeva "Qarabağ xanəndələri"
albom-kitabında milli varlığımızın
sabahını düşünərək, mədəniyyət
sahəsində əvəzolunmaz layihələri həyata
keçirməkdə məqsəd və maramını
açıq şəkildə bəyan edərək belə
yazır: "Dünya qloballaşır. Bu
qloballaşan aləmdə ildırım sürəti ilə dəyişikliklər
baş verir. İnsan axınının
sıxlığı, informasiyanın bir an içərisində
ötürülməsi imkanları, dünyanın
simasını dəyişən yeni texnologiyalar, bütün
bunlar terrorizm təhlükəsinin artması fövqündə
baş verir. Belə güclü təsirlərə məruz
qalan dünyada insan qum dənəsini
xatırladır. İnsana dünyanın
itirilmiş nizamını, pozulmuş ahəngdarlığı
nə qlobalizm, nə də antiqlobalizm fəlsəfəsi
qaytaracaq. Sivilizasiyaların
toqquşması və sivilizasiyalar arasındakı uzlaşma
haqqında mülahizələr də eləcə. Biz hamımız birlikdə bundan sonrakı
inkişafımızın əsaslarını
yaratmalıyıq. Bu formalaşdırma isə
ənənə ilə sıx bağlı olmalıdır.
Məhz ənənənin bərpası
gücünə və təsir qüvvəsinə əsaslanaraq,
hər bir xalqın milli mədəni arxetiplərini qorumaqla elə
bir dünya yarada bilərik ki, orada həmin ənənələri
qoruyub saxlamaq və yaşadıb inkişaf etdirmək
mümkün olsun".
Bəli, bu qloballaşan dünyada öz milli-mənəvi
varlığını, kimliyini qorumağın ən
başlıca yollarından biri də mədəniyyətdən
keçir. Mədəniyyət millətin milli varlığının,
kimliyinin, dünyagörüşünün ən bariz
göstəricisidir. Bu mənada, Azərbaycan
Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin
(AzTV) nəzdində "Mədəniyyət"
kanalının açılması heç də təsadüfi
deyildir. 14 fevral 2011-ci ildən fəaliyyətə
başlayan "Mədəniyyət" kanalının
açılması müstəqil respublikamızın
Prezidenti cənab İlham Əliyevin ilk növbədə mədəniyyətə,
incəsənətə göstərdiyi böyük diqqət
və qayğının nəticəsidir.
"Mədəniyyət" kanalının AzTV-nin nəzdində
yaranması da təsadüfi deyil. Birincisi, AzTV illərin
sınağından çıxmış, necə deyərlər,
oturuşmuş bir kanaldır. İkinci səbəb
isə, onun bir kanal olaraq maddə-texniki imkanlarının
genişliyi, təcrübəli kadrlarının
olmasıdır. Orada çalışan
bir çox redaktorlar, rejissorlar, operatorlar, aparıcılar illərini
bu sahəyə sərf etmiş şəxslərdir. Peşəkarlar isə hər gün yetişmir.
Peşəkar olmaq üçün zaman, mühit,
ardıcıl iş, zəhmət, yuxusuz gecələr və
zəngin təcrübə lazımdır.
"Mədəniyyət"
kanalı fəaliyyət göstərdiyi bu 7 il
ərzində az iş görməyib. Tam cəsarətlə
demək olar ki, kanal bu illər ərzində mədəni həyatımızın
əsl carçısı, elmin, maarifçiliyin, Azərbaycan
dilinin, tarixinin, mədəniyyət və incəsənətinin
təbliğatçısı olmuşdur. "Mədəniyyət"
kanalında yayımlanan verilişlərdən bir qisminin
adını çəksək yəqin ki, dediklərimizin
heç də əsassız olmadığı bəlli olar:
"Musiqi xəzinəsi", "Saz-söz
axşamı", "Məclisi-üns", "Sərbəst
söhbət", "Teatr", "Şəxsən
siz", "Qobustan", "Yada düşər xatirələr",
"Sənətkar ömrü", "Türk elləri",
"Poeziya", "Haqqın dərgahı", "Ana
dili", "Yaddaş", "Azərbaycan dili",
"Sözün sirri", "Yurd yeri", "Azərbaycan
təbiəti", "Azərbaycan muzeyləri", "Qədim
el sənətləri", "Palitra", "Kino bu
gün", "Ötən illərin nəğmələri"
və s.
Paytaxtımızda, eləcə də
respublikamızın digər bölgələrində Heydər
Əliyev Fondunun təşəbbüsü ilə keçirilən
bütün irimiqyaslı mədəni tədbirlər məhz
"Mədəniyyət" kanalı vasitəsi ilə (eyni
zamanda AzTV ilə) tamaşaçılara
çatdırılır. Heydər Əliyev
Fondunun təşəbbüsü ilə keçirilən
muğam müsabiqələri, Qəbələ Musiqi
Festivalı canlı yayımlanaraq nümayiş etdirilir.
Yeri gəlmişkən deyim ki, muğam
müsabiqələrinin canlı yayımı təkcə
respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda
da geniş əks-səda doğurur və kifayət qədər
tamaşaçı auditoriyası toplayır.
Buradaca çox həssas bir məsələyə də
toxunmaq istəyirəm. İstedadlı gəncləri üzə
çıxartmaq, xalqa tanıtmaq nə qədər önəmli
bir işdirsə, onların sabahını düşünmək,
onlara sahib çıxmaq, işlə təmin etmək də
bir o qədər vacibdir. Çox təqdirəlayiq
haldır ki, muğam müsabiqələrinin qalibləri olan gənclərin
bir çoxu bu gün milli televiziyamızın solistləridir.
Müsabiqə qaliblərinin bir qismi isə Azərbaycan
Dövlət Akademik Opera və Balet teatrında
çalışır.
Yeri gəlmişkən,
qloballaşan dünyada müstəqil televiziya
kanallarının günbəgün artdığı bir
zamanda ana televiziyamızın və onun nəzdində fəaliyyətini
uğurla davam etdirən "Mədəniyyət"
kanalının xalqımızın min illər boyu
formalaşmış əxlaqi dəyərlərinə, mənəvi
etik normalarına zidd olan, bayağı bir verilişi, yaxud da
açıq-saçıq səhnələr sərgilənən
heç bir bədii filmi nümayiş etdirmədiyini
xüsusi vurğulamaq istərdim. Bundan gözəl nə ola bilər ki, hər bir azərbaycanlı ailəsi
çox rahat, sərbəst şəkildə oturub doğma
televiziyasına sakit, nigarançılıq keçirmədən
tamaşa edir. Biz bizə məxsus olanların qədir-qiymətini
bilməliyik. 62 yaşlı Milli Televiziyamızın onun
nəzdində 7 ildən bəri fəaliyyət göstərən
"Mədəniyyət" kanalının yaradıcı
kollektivinə şərəfli işlərində böyük
uğurlar arzulayır, sözümüzü isə unudulmaz
şairimiz Tofiq Bayramın vaxtı ilə sirli-sehrli televiziyaya
həsr etdiyi "Mehdi Hüseyn küçəsi"
şeiri ilə bitiririk.
Bir
küçə var -
Dünyanı gətirir evimizə.
Özü
görünməsə də,
Ərzi göstərir bizə.
"Azərbaycan himni"nin
Gur səsi ilə oyanıb,
Səhər-səhər yaratmaq
Həvəsi ilə oyanıb, -
Ekrandan, ya efirdən
Hər gün eşidirəm mən
Bu küçənin adını.
Mehdi Hüseyn küçəsi, -
Ən sevimli ünvan.
525-ci qəzet.-2018.-14 fevral.-S.4.