Mavi ekran qarşısında

 

XATİRƏLƏR, DÜŞÜNCƏLƏR

 

İntiqam QASIMZADƏ

 

"Azərbaycan" jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi

62 il öncə - 1956-cı il fevral ayının 14-də ölkəmizin həyatında əlamətdar bir hadisə baş verdi; Bakının  dağlıq  hissəsində  qurulmuş  qüllədən efirə televiziya verilişləri ötürülməyə başlandı.

 

O zaman hələ çox az-az evlərdə bu verilişləri qəbul edə bilən qurğular - televizorlar vardı. İndiki kimi yadımdadır, bizim qonşuluqda cəmi bir belə televizor vardı, o da mənim uşaqlıq dostum Natiq Talıbovgildə idi. Bu televizor radioqəbuledicidən  azca böyük bir qutu idi, çox kiçicik ekranı vardı; adına, gərək ki, KVN deyirdilər, 4-5 metr aralıdan  orda nəsə ayırd etmək  müşkül məsələ idi. Amma Natiqgil onun qarşısına böyüdücü bir linza qoymuşdular, onun köməyilə ekranda göstərilənlər kifayət qədər  aydın görünürdü. Bəxtimizdən, Natiqin anası Züleyxa xala - Allah ona rəhmət eləsin - gülərüz, mehriban  bir insandı, qonşuları televiziya verilişlərinə baxmağa özü dəvət edirdi, amma deyirdi ki, stullarınızı da özünüzlə gətirin, hamınıza stul  çatdıra bilmərik. Böyüklərimiz  lap  kinoteatrlarda olduğu  kimi,  sırayla əyləşirdilər, biz uşaqlarsa, qabaqda, yerdə bardaş qurub otururduq.

 

O  illərdə  televizorda  gördüklərimdən  yadımda  qalanı  bir "Bəxtiyar" filmidir - səhv etmirəmsə, bu  film  elə ilk  gün  göstərilmişdi - bir   atamın  çıxışı. Atam, şair Böyükağa  Qasımzadə (ayı, günü  dəqiq  yadımda  deyil) başqa  bir  neçə şairlə  şeirlərini  oxuyurdular.

 

Sonralar  yavaş - yavaş televizorların  ekranları  böyüdü, tədricən  başqa  ailələr televizor  almağa  başladılar;  hərə öz evinə  çəkildi, qapılarını  bağladılar.  Bu da o illərin  gerçəkliyidir.

 

İllərsə sürətlə  ötüb keçir. Min dəfə, milyon dəfə deyilmiş sözlərdi, amma  bu, həqiqətən belədir: mənim televiziya deyilən möcüzə ilə ilk tanışlığım 1956-cı ildə, 6-cı sinifdə oxuyarkən baş vermişdi; balaca bir  uşaqdım, səkkiz  il  sonra  mən  Azərbaycan  Dövlət  Televiziya   Radio  Verilişləri  Komitəsinin yerləşdiyi, indi  hamının AzTV  dediyi binaya  artıq  bir  əməkdaş  kimi (ştatdankənar olsa da)  gedib-gəlməyə  başladım. Bu artıq başqa  münasibətlərdi. O  vaxt  qardaşım  Daşqın  televiziyada  işləyirdi; səs  rejissoru  idi. Ailədə  hamımızın  "Ənvər əmi"  dediyimiz, atamın ən yaxın  dostu-qardaşı,  tanınmış  şair  Ənvər Əlibəyli Komitənin sədr  müavini vəzifəsində  çalışırdı (sədr  o  zaman şair Teymur  Elçin idi  - Allah  hər  ikisinə  rəhmət eləsin). Odur  ki,  özümü  yad  hiss  etmirdim  burda. Çox  keçmədi  AzTV  mənim doğma  ocağım  oldu.

 

Televiziya  verilişləri   ilk  illər   efirə  ağ-qara  rəngdə  çıxırdı;  qəbuledicilər    o  zaman  verilişləri  yalnız  ağ-qara  göstərə  bilirdi. Sonralar  rəngli  verilişlər  yarandı. Televizorların  ekranları  daha da  böyüdü.   bir  gün  mən həmkarım,  dostum  Aleksandr  Qriçlə  müəllifi    aparıcısı  olduğumuz  "Bayatı"  adlı  ədəbi-bədii  almanaxla  efirə  çıxdım. Televiziyanın  insanı  xalqa  tanıtdığı  qədər  ikinci  bir  vasitə  tanımıram  mən; az  bir  vaxtda  Qriçlə  mən  o  qədər tanındıq ki,  hara  gedirdiksə, nəinki respublika  ziyalılarının  toplandıqları  tədbirlərdə, hətta  nəqliyyatda, küçədə, mağazada, bazarda belə - istər  birlikdə  olaq, istər  tək -  bizə  yaxınlaşır, xoş  sözlər  deyir,  verilişimiz  barədə  fikir  söyləyirdilər.  12  ildən  bir  qədər  artıq biz  fasiləsiz  olaraq ayda  bir  dəfə  efirə  çıxdıq. Xüsusi  buraxılışlarımız  da  olurdu. Moskvanın  Mərkəzi  Televiziyası  ilə  iki  verilişimiz  bütün  SSRİ  məkanına  yayımlandı.  Əlbəttə, biz  bununla  fəxr  edirdik. Amma  indi  bunları  yazıb  xatırlamaqda  məqsədim öyünmək deyil, məqsədim Azərbaycan televiziyasının  inkişaf  tarixinə  konkret  faktlar  əsasında  bir  nəzər  salmaq  AzTV-nin  o zaman bütün  sovet  məkanındakı  nüfuzunu  yada  salmaqdır. Lakin  AzTV yerində durub saymır, keçmiş  şöhrətinin  kölgəsində  mürgüləmir. Bu gün onun  verilişləri  peyk  vasitəsilə bütün   dünyaya  yayımlanır. AzTV  qol-budaq atıb böyük bir  televiziya  şirkətinə  çevrilib. Bu  gün 62  yaşını  qeyd etdiyimiz bir  vaxtda  onun  nəzdində  çox  baxımlı  xalq  arasında  populyar  olan Mədəniyyət İdman  kanalları  fəaliyyət  göstərir. Bu  kanalların  peşəkarlıq  səviyyəsi kifayət qədər yüksəkdir. Səviyyə!.. Hər iki  kanalın  verilişləri  onları  hazırlayanların  daim  axtarışlara  meyilli  yaradıcı  insan  olduqlarından xəbər  verir.

 

"AzTV" - çoxşaxəli, qollu-budaqlı  bir  strukturdur. Onun  nəzdində  ictimai-siyasi, elmi-mədəni  yönlü xeyli  sayda  redaksiyalar,  şöbələr,  birliklər  fəaliyyət  göstərir. Mən  bir  qələm  adamı  kimi  bu  redaksiyaların  bir  çoxu  ilə  əməkdaşlıq  eləmişəm,  radioda da, televiziyada da  verilişlər  hazırlamışam,  aparıcı  olmuşam. Amma  bunlardan  biri  ilə  - "Aztelefilm" Yaradıcılıq  Birliyi  ilə  xüsusi  münasibətim  var.  Onlarla  bu  gün  bir  kinossenarist  kimi  məmnuniyyətlə  əməkdaşlıq  edirəm.

 

"Aztelefilm"in  tarixi  televiziyanın  fəaliyyətə  başladığı  illərə  gedib çıxır.  Hələ  1959-cu  ildə  komitə  rəhbərliyi  çox  cəsarətli  bir  addım atır; kino  çəkilişləri  sahəsində  təcrübəsi xüsusi  texniki  bazası  olmayan  televiziya   məkanında  böyük  şair  Səməd  Vurğunun  "Aygün"  poeması  əsasında   eyniadlı  tammetrajlı  bədii  film  çəkilməsi  barədə  qərar  imzalayır. Rejissor  Kamil  Rüstəmbəyov  olduqca  çətin şəraitdə maraqlı  bir  film  çəkib  ekrana  çıxarır. Mənə  elə  gəlir  ki, "Aztelefilm"in    tarixi  məhz  burdan  başlayır.

 

1968-ci  ildə  rəsmi  olaraq  bədii    sənədli   filmlər  istehsal  edən  "Ekran" Yaradıcılq  Birliyi  yaradılır.  Hazırda  "Aztelefilm"də  ildə  45  sənədli  film  çəkilir. Bu  filmlər  mövzu  baxımından kifayət  qədər  rəngarəngdir: bir  qismi  tariximizin  həqiqətləri,  bir  qismi  milli-mənəvi  dəyərlərimiz,  bir  qismi  görkəmli  tarixi  şəxsiyyətlərimiz, bir  qismi    Azərbaycanımızın  görkəmli  sənət  adamları  -- yazıçılarımız,  bəstəkarlarımız, rəssamlarımız    musiqi  ifaçılarımız  haqqındadır,  onların  maraqlı  həyat    yaradıcılıq  yollarından  bəhs  edir. İllərlə  çəkilmiş   bu  filmlər  zəngin  bir  xəzinənin  qiymətli  inciləridir - deyərdim. Mən  çox  xoşbəxtəm  ki,  Birliyin  bu  xəzinəsində - filmotekasında  mənim    Qara Qarayev, Tofiq Quliyev, Xəyyam  Mirzəzadə, Vaqif  Mustafazadə, Cahangir Cahangirov, Ceyhun  Hacıbəyli    başqaları  haqqında  yazdığım  ssenarilər  əsasında  çəkilmiş  filmlər  qorunub  saxlanılır.

 

Azərbaycan  Respublikasının  Prezidenti  cənab İlham  Əliyevin  xarici  dillərdə  çəkilmiş  filmlərin  bizim  ekranlarda yalnız  Azərbaycan  dilində  nümayiş  etdirilməsi  haqqında tarixi  sərəncamından  sonra  AzTV-də bu  işin  əhəmiyyətini    məsuliyyətini  dərk  edərək  düzgün  nəticələr  çıxarmışlar. Az  bir  vaxtda  "Aztelefilm" Birliyinin  nəzdində  filmlərin  dublyajı  təşkil  olunmuşdur. Deməliyəm  ki, ölkəmizin  səviyyəli,  peşəkar  insanları  Birlikdə  böyük   ruh yüksəkliyi ilə  çalışırlar. Məncə, bəzən bircə  rəqəm  çox  şey  deyir: bu gün  Birlikdə ayda  üst-üstə 50 saat  film  dublyaj  edilir.

 

Beləliklə, AzTV-də və eləcə də ölkəmizin  başqa studiyalarında dublyaj olunan filmlər bu gün xalqımızın  dünya  kinosuna öz ana dilində  baxmasına  imkan  verir.

 

Dublyajdan danışmışkən, çox mühüm bir məsələyə toxunmaya bilmərəm; bu, televiziyaradio verilişlərinin dili məsələsidir. İnsanların hər gün səhərdən-axşama - evdə, işdə, nəqliyyatda, küçədə  eşitdiyi dil. Xalq dilinin, adi danışıq dilinin formalaşmasına təhsilin, ədəbiyyatın, mətbuatın göstərdiyi qədər, bəlkə də (elə bəlkəsiz də) daha artıq, bizi hər yerdə  müşayiət edən, istəsək də, istəməsək də daim eşitdiyimiz  bu verilişlərin dili təsir göstərir. Təəssüf ki, bəzi televiziya kanalları və radiolar bu məsələnin ciddiliyini dərk etmirlər. Ya da səviyyələri elə dərk etdikləri qədərdir. Mən uzun illər, düz 54 il əməkdaşlıq  etdiyim Azərbaycan TeleviziyaRadio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində dil məsələsinə  nə qədər  ciddi və məsuliyyətlə yanaşıldığının canlı şahidiyəm. Yəni əslində, şahidliyə ehtiyac da yoxdur, düyməni basıb televizorunuzu AzTV-yə kökləsəniz, kifayət edər; təmiz, saf doğma ana dilimizi eşidərsiniz. Bunun tarixi kökləri, ənənəsi var; Azərbaycan radiosundan gəlir. Əhsən sizə! Sükanı beləcə də tutun, dilimizin korlanmasına imkan verməyin!

 

Bu gün mən AzTV-də çalışan qardaş və bacılarımı ana televiziyamızın 62, Mədəniyyət kanalının 9 yaşı münasibətilə  öz adımdan və 95 yaşlı "Azərbaycan" jurnalının əməkdaşları adından təbrik edirəm. Onlara can sağlığı, fəaliyyətlərində uğurlar arzulayıram!

 

525-ci qəzet  2018.- 14 fevral.- S.4.