Xalqa və dövlətə xidmət
naminə yaşanan ömür
POLKOVNİK
HÜSEYNAĞA ƏLİYEVİN XATİRƏSİNƏ
DƏRİN EHTİRAMLA
Elə insanlar var ki, ömür
boyu tutduqları düzgün və aydın yol, vətən və xalq uğrunda parlaq əməlləri onlara həm dərin məhəbbət,
həm də unudulmazlıq qazandırır.
Belə insanların ömrü əslində onların cismani yoxluğu ilə başa çatmır. Özləri dünyadan köçdükdən
sonra onların əbədi həyatı,
mənəvi ömrü
başlanır. Xalqın,
tanıyan insanların
nəzərində və
xatirində onlar daima canlı qalır, dönə-dönə
adları çəkilir,
dəyərli sözləri,
nurlu fəaliyyətləri
yada salınır .
Uzun illər
xüsusi xidmət orqanları sistemində fəaliyyət göstərmiş
polkovnik Hüseynağa
Əliyev məhz bu cür işıqlı
şəxsiyyətlərin sırasında özünəməxsus
yer tutur. O, vətənimizin
dar zamanında, dövlətimiz və milli dövlətçiliyimiz
üçün çətin
sınaq günlərində
hər an cəsarət və ləyaqətlə davranıb.
Hüseynağa Əliyev dövlətçiliyimizin
qorunması, ölkəmizdə
dincliyin, əmin-amanlığın
bərqərar olması
yolunda əzmlə çalışan fədakar
insanlarla bir cərgədə addımlayıb.
Ümummilli lider Heydər
Əliyevin rəhbərliyi
altında və öz silahdaşları ilə birgə yüksək amalların keşiyində dayanan polkovnik Hüseynağa Əliyev vətənə,
dövlətə cəsur,
dəyanətli zabit kimi xidmət edib. Bu uzun
xidmət yolunun ayrı-ayrı məqamları
onun tərcümeyi-halında
parlaq sətirlərə
çevrilmişdir.
Hüseynağa Məhərrəm oğlu
Əliyev 1952-ci il avqustun 27-də Şamaxıda dünyaya göz açıb. Rayonda orta təhsil aldıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olub. Ali məktəbi bitirərək
Şamaxıda müəllim
işləyib, doğma
rayonda yetişən yeni nəslə tarix fənnini tədris edib.
Az sonra hərbi xidmətə yollanan Hüseynağa Əliyev orada öz zəkası, bacarığı ilə seçilib. Hərbi xidmətin ardından Belarusda xüsusi xidmət orqanlarında iş üzrə ali təhsil
alandan sonra bu çətin sahədə uğurla fəaliyyətə başlayıb.
Böyük diqqət, məsuliyyət
və ciddiyyət, xüsusi səriştə
tələb edən bir sistemdə Hüseynağa Əliyev tezliklə özünü
nümunəvi zabit kimi təsdiqləyib.
Azərbaycan istiqlaliyyətini bərpa etdikdən sonra respublikada baş verən gərginliklər,
təlatümlü hadisələr
Hüseynağa Əliyevin
də həyat və fəaliyyətinə
təsirsiz ötüşməyib. Qanlı münaqişə
gedən Qarabağda, cəbhə bölgəsində
də xidmətdə olaraq, təhlükəsizlik
zabiti kimi üzərinə düşən
vəzifələri rəşadətlə
yerinə yetirib.
Onun fəaliyyətinin əsas qismi Ulu öndər Heydər Əliyevin başçılığı ilə Azərbaycanın müstəqilliyinin qorunması, milli dövlətçiliyimizin möhkəmlənməsi yolunda aparılan qəti və məqsədyönlü mübarizə dövrüylə bağlıdır. Xüsusən, bəzi bölgələrdə baş qaldıran separatçılıq meyillərinə qarşı təsirli tədbirlər görülməsi naminə Hüseynağa Əliyev bacarıqla xidmət göstərib. Bu dönəmdə o, Azərbaycanda milli təhlükəsizlik sahəsində fəal xidmət edib, müxtəlif illərdə respublikanın Biləsuvar, Yardımlı, Goranboy, Lənkəran rayonlarında, həmçinin, Bakının Nizami rayonunda DTX (o zaman MTN) rəisi, Lənkəran Sərhəd Dəstəsinin komandiri olub.
Fəaliyyəti dövlət tərəfindən layiqli şəkildə qiymətləndirilən Hüseynağa Əliyev vətən və xalq qarşısında xidmətlərinə görə ayrı-ayrı vaxtlarda bir sıra medallarla, mükafat və fəxri fərmanlarla təltif edilib.
Hüseynağa Əliyev həssas, qayğıkeş ailə başçısı olub, ciddi və diqqətli ata kimi nümunəvi övladlar yetişdirib. Onun hər iki övladı indi Azərbaycanda qanunçuluğun və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanan zabitlərimizin cərgəsindədir.
Təqaüdə çıxdıqdan sonra vaxtını və enerjisini ailəsindən, yaxınlarından əlavə, həm də ümumən el-obanın qayğılarına sərf edən Hüseynağa Əliyev ömrünün son günlərinəcən fəal yaşam tərzi keçirib. Çünki mənalı yaşamaq, xalqa, insanlara faydalı olmaq onun həyat amalı idi.
Vətənpərvər şəxsiyyət, gözəl insan Hüseynağa Əliyev, çox heyif ki, dünyamızı tez tərk etdi. Ağır xəstəlikdən sonra 2018-ci il yanvarın 6-da həyatla vidalaşdı. Vəfatının 40-cı günü ərəfəsində olduğumuz polkovnik Hüseynağa Əliyev təkcə doğmalarının deyil, onu tanıyan hər kəsin qəlbində, hafizəsində əvəzsiz bir yerə sahibdir. İllər boyu sədaqətlə xidmət etdiyi xalqımız və dövlətimiz üçün də, inanırıq ki, Hüseynağa Əliyevin xatirəsi əziz və unudulmazdır.
Allah rəhmət eləsin!
Ceyhun ABASOV
525-ci qəzet 2018.- 13 fevral.- S.8.