Böyük şəxsiyyət, unudulmaz
pedaqoq
Bakı
Dövlət Universitetində uzun illər elmi-pedaqoji fəaliyyətlə
məşğul olmuş, bu sahədə özünün dəsti-xətti
ilə dərin iz qoymuş tarix elmləri namizədi, dosent
Sabir Mülküm oğlu Kərimovun anadan olmasının 90
ili tamam olur. O, Qubanın çox böyük tarixə malik
olan Digah kəndində dünyaya göz
açmışdı.
Əslində,
onun haqqında bu
yazıda yer alan xatirələrim çoxdan işıq
üzü görməli idi. Amma xeyli gecikdi.
Nə üçün, bilmirəm. Bəlkə də Sabir müəllimin 90 illik
yubileyini gözləyirdi.
BDU-nun Tarix fakültəsinə daxil olana qədər
şirin xəyallarımın qəhrəmanları əziz
valideynlərim və doğma müəllimlərim idi. Çünki
məni dünyaya gətirən valideynlərim, elmə həvəsləndirən
isə müəllimlərim olmuşdur. Bakıya
ayaq basıb, tələbə olana qədər bu insanlar mənim
üçün müqəddəslər idi.
Sentyabrda bizə ilk dərsi Şamil Məmmədbəyli
keçdi. Sözün həqiqi mənasında böyük
müəllim idi. Ona görə yox ki, Şah
İsmayılı o bizə sevdirdi, həm də ona görə
ki, şəxsiyyətinə hörmət qoyan kişi
idi. Biz tələbələr ondan çox
şey öyrəndik. Öyrənənlərdən
biri də mən oldum.
Tələbəlik illərinin ilk günləri çətin
başladı.
Mənə dayaq dura biləcək kimsə yox
idi, dayaq nöqtəsini kitablardan tapdım.
Dekabrın sonlarında fakültədə kadr dəyişikliyi
oldu. Dekan müavini Adil Sadıqovu böyütdülər,
universitet partiya təşkilatına rəhbər vəzifəyə
seçildi. Yeni dekan müavinimiz Sabir Kərimov
oldu. Əslində, tarix fakültəsinin
dekan müavini həm də fakültənin dekanı demək
idi. Çünki uzun müddət partiya
işində çalışan və sonralar tarix fakültəsinə
dekan göndərilən Məmmədəmin Qazıyev
xaraktercə çox yumşaq və həlim bir insan idi.
O, tələbələri tanımadığı kimi, tələbələr
də onu demək olar ki, tanımırdılar desəm, dediklərimə
şübhəniz olmasın. İlk
sessiyamızı dekan müavini Sabir Kərimovla
başladıq və başa vurduq.
Fevralın 10-da II semestrin dərslərinə
başladıq. Əvvəlcədən qeyd edim ki, o
zamanlar tarix fakültəsi universitetin əsas binasında
deyil, şəhərin mərkəzində, indiki İqtisad
Universitetinin binasında yerləşirdi. Ona
görə də tarix fakültəsinin muxtariyyəti var idi.
Bu binada günün I yarısı filoloqlar,
günün II yarısı isə tarixçilər dərs
keçirdilər. Kontingent kiçik
olduğuna görə, hamı hamını
tanıyırdı. Fevralda dərslər
başlayandan sonra Sabir müəllimi yaxından
tanımağa başladım. Sabir müəllim
çox dəqiq və intizamlı bir insan idi. Qısa müddət ərzində fakültədə
elə bir vəziyyət yarandı ki, nə müəllim, nə
də tələbə dərsə gecikə bilərdi. Dərs vaxtı dəhlizdə tam sakitlik olmalı
idi. Müəllimdən tutmuş tələbəyə
qədər hamı Sabir müəllimdən ehtiyat edirdi.
Onun vaxtında ilk dəfə fakültənin əlaçı
tələbələrinin siyahısı tərtib olundu,
onların şəkilləri divardan asıldı. Akademik borcu olan tələbələrin valideynləri
fakültəyə çağırılaraq, onlarla
görüşlər keçirilməyə başladı.
Bir sözlə, 1974-cü ilin ilk aylarından
Sabir müəllimlə hər gün üz-üzə gəlirdim.
Güləşə xüsusi həvəsim olduğu
üçün universitetdə də bu idman növü ilə
məşğul olmağa başladım. Qısa
müddət ərzində müəyyən uğurlarım
oldu. Bir gün Sabir müəllim məni
otağına çağırdı. Doğrusu,
çox həyəcanlandım. Məni çox səmimi
qəbul etdi və universitet idman kafedrasının müdirinin
mənimlə bağlı ona xoş fikirlər söylədiyini
dedi. Mənim kiçik uğuruma çox
sevindi. Bir cümləsi heç yadımdan
çıxmır: “İdman yaxşı şeydir, xüsusilə
idmanın güləş növü. Mən
özüm də güləşçi olmuşam. Ancaq çalış ki, dərslərinə mane
olmasın”. Mən Sabir müəllimdən ayrılandan
sonra hiss elədim ki, tələbələri öz
övladları qədər sevən bir insanla
rastlaşmışam.
Yay semestrində Sabir müəllimin ədalətinin
şahidi oldum.
Hər hansı tələbənin qiymətlə
bağlı narazılığı olanda Sabir müəllimi
axtarırdı. Hamının düşüncəsində
belə bir fikir var idi: haqqımı ancaq Sabir müəllim
müdafiə edə bilər. Elə də
olurdu. O zaman düşüncələrdə heç
bir neqativ fikir olmadığı üçün hamı
bilirdi ki, Sabir müəllim nəyə görəsə tələbələrin
haqqını müdafiə etmir. Belə ədalətli
münasibət onun xarakterindən doğurdu.
II kursda xeyli uğurlarım oldu. Həm dərs əlaçısı,
həm də güləş üzrə uğurlarım məni
tanıtdı. Bir dəfə fakültələr
arasında güləş üzrə keçirilən
yarışa fakültə rəhbərləri də dəvət
olunmuşdu. Həmin gün 62 kiloqram
çəkidə Universitet çempionu oldum. Məni ilk təbrik edən Sabir müəllim oldu.
Sabir müəllim təkcə fakültədə
qayğımıza qalmırdı. Ayda bir
dəfə tarix fakültəsi tələbələrinin
yaşadığı 7 saylı yataqxanaya gələrdi.
Yataqxanadakı problemlərimizlə maraqlanar və
onların həllinə kömək edərdi. Bəlkə də bu cümləni yazmaq doğru
deyil, amma yazmamaq da mümkün deyil. Sabir
müəllim o insanlardandır ki, ehtiyacı olan tələbələrə
öz cibindən pul verərdi. Amma bunu
göydə Allah, yerdə özü və tələbə
bilirdi. Mən bunları çox sonradan həmin
tələbələrin dilindən eşitdim.
II kursun sentyabrından sinif nümayəndəmiz Moskva
Dövlət Universitetinə göndərildi. Qrupun sinif nümayəndəsi
kim ola bilər sualı ətrafında
baş sındırırdıq. Bir gün Sabir
müəllim əlində jurnal auditoriyaya daxil oldu, qrupa
göz gəzdirdi. Gülə-gülə soruşdu:
Bizim güləş çempionumuz kim
oldu? Ayağa durmağa imkan vermədi.
Davam etdi: güləşdə çempion olan sinif nümayəndəsi
də ola bilər və jurnalı mənə
uzatdı. Halbuki qrupda məndən on yaş
böyük bir neçə tələbə var idi. Hətta bu tələbələrdən birinin Sabir
müəllimə qohumluğu da çatırdı. Bu, Sabir müəllimin ədaləti idi, ona görə
yox ki, o məni sinif nümayəndəsi təyin etdi, ona
görə ki, hər birimizin kiçik uğurunu belə nəzərdən
qaçırmır və tələbələri həm tədrisə,
həm də ictimai-siyasi həyata yönləndirirdi.
Hər semestr başa çatan kimi Sabir müəllim
imkansız tələbələrin siyahısını bizdən
alırdı.
Onlara təqaüd verilməsi üçün əlindən
gələni edirdi. Dəfələrlə
aztəminatlı tələbələrlə bağlı
Sabir müəllimə müraciət etməli olmuşdum.
Hər dəfə də müsbət cavab
almışdım.
Biz IV kursu başa vuranda Sabir müəllim artıq dekan
müavini deyildi. Amma Sabir müəllim sadəcə vəzifədən
getmişdi, ona olan hörmət azalmamış, əksinə
artmışdı. Sabir müəllim öz şəxsiyyəti
ilə bütöv bir tələbə-müəllim heyəti üçün bir məktəb
idi. Tarix fakültəsinin tələbəsi
olaraq Sabir müəllimdən çox şey öyrəndik.
Sabir müəllim dürüst adam idi, təmənnasız
müəllim idi, şəxsiyyətinə önəm verən
kişi idi, kimə isə yarınmaq, ümumiyyətlə,
ona yad idi. Bir tələbə olaraq Sabir müəllimdən
bunları öyrəndim.
Universiteti
bitirəndən üç il yarım
sonra yenidən bu təhsil ocağına qayıtdım. Mənbəşünaslıq,
tarixşünaslıq və metodika kafedrasında baş
laborant vəzifəsində işləməyə
başladım. Bir il sonra Sabir müəllim
fakültə partiya təşkilatına rəhbər
seçildi. Məni özünə müavin təyin
etdi və maliyyə məsələlərini mənə
tapşırdı. Artıq hər gün
bir neçə saat Sabir müəllimlə təmasda olurdum.
Mənim üçün önəmli olanlar bunlar idi: Sabir
müəllim yüksək zövqlü və həddindən
artıq səliqəli insan idi. Onun xarici
görünüşü onun yüksək intellekti, mədəni-mənəvi
keyfiyyətləri ilə ahəng təşkil edirdi. Tələbələr
və hətta müəllimlər belə ondan yüksək
insani davranış qaydaları öyrənirdilər.
Sabir müəllimin Bakıda bağı yox idi. Bilirdim ki,
doğulduğu və boya-başa çatdığı Qubada
onun bağ-bağatlı bir həyəti var. İmkan
düşən kimi rayona gedərdi. Mənə
deyərdi ki, əgər Bakıda bağ alsam, rayondakı evimə
əlim çatmayacaq. Ona görə
rayonla əlaqəsi üzülməsin deyə, Bakıda
bağ almadı. Mən də Sabir müəllimin
yolu ilə getdim, doğulduğum kəndlə əlaqəni kəsməmişəm
və bundan qürur duyuram.
Sabir müəllim qənaətcil bir müəllim, hər
cür təmtəraqdan çox-çox uzaq idi. Sabir müəllim
uzun müddət qəbul imtahanlarında tarix üzrə fənn
komissiyasının sədri olurdu. Onun ədalətli
və təmənnasız olması ona böyük hörmət
qazandırmışdı. Universitet rəhbərliyi
də bunu bildiyi üçün bu çətin işi Sabir
müəllimə dəfələrlə həvalə edirdi.
Sabir müəllim qeybətdən və dedi-qodudan uzaq bir adam idi. Bu illər ərzində
bir dəfə eşitmədim ki, kiminsə arxasınca
danışsın. Kimə nə demək
lazım idisə, üzünə deyərdi. Sabir müəllim bacarıqlı bir təşkilatçı
idi. Tarix fakültəsinin idarəçiliyi
nə qədər çətin olsa da, Sabir müəllim onun
öhdəsindən uğurla gəlirdi. Sabir
müəllim yerliçilik və bölgəçilik hisslərindən
çox uzaq idi. O, saf və səmimi, dürüst, Vətənini
və xalqını sevən Azərbaycan vətəndaşı
idi. O, əsasən rus bölməsində dərs deyirdi, amma
tarix fakültəsinin tələbələri Sabir müəllimlə
bağlı dolaşan fikirləri əzbərdən bilirdilər:
vətənsevərdir, savadlıdır, ədalətlidir,
xeyirxahdır, təmənnasızdır, şəxsiyyətinə
hörmət edən, yüksək mənəvi keyfiyyətlərə
sahib olan bir ziyalıdır.
Yadımdadır, 20 yanvar faciəsinin səhərisi Tarix
fakültəsində ilk partiya təşkilatının
fövqəladə yığıncağı keçirildi. Partiya biletindən
ilk imtina edən Sabir müəllim oldu. Sabir
müəllim kövrəldiyindən nitqini başa
çatdıra bilmədi. Amma uzun illər
ərzində mən Sabir müəllimi möhkəm xarakterli
bir insan kimi tanımışdım. Lakin o
millətin faciəsinə biganə qala bilmədi, onu öz
faciəsi kimi qəbul etdi.
1991-ci ildə SSRİ dağıldı. Müəllimlərin
maddi vəziyyəti ilə bağlı müəyyən
çətinliklər yarandı. Sabir
müəllim bu sərt imtahanda da öz ləyaqətini və
şəxsiyyətini hər şeydən uca tutdu.
Uzun illərdir ki, tarix fakültəsində
çalışıram, məsul bir kafedraya rəhbərlik
edirəm. Həmin kafedrada mənimlə
bərabər, məndən daha əvvəl Sabir müəllimlə
çiyin-çiyinə işləmiş baş müəllim
Maral xanım Talıbova və dosent Səidə Əli
qızı çalışırlar. Kafedranın
elə bir əlamətdar tədbiri olmayıb ki, biz orada Sabir
müəllimi yad edib, onunla bağlı fikirlərimizi və
xatirələrimizi, ona olan ehtiramımızı bildirməyək.
Bu gün də mən tarix fakültəsinin müəllimi
olaraq mühazirəyə başlayanda üzümü tələbələrə
tutub belə deyirəm: Bizim böyük bir müəllimimiz
var idi, adı Sabir, familiyası Kərimov idi. Bizim
ondan öyrəndiklərimiz bu- günkü müstəqil Azərbaycanımıza
hava və su qədər lazımdır və bunları gənc
nəslə təbliğ etməklə Qarabağa hər
gün yaxınlaşmış olarıq. Sabir
müəllimin məktəbi mərdlik məktəbi idi,
kişilik məktəbi idi, qəhrəmanlıq məktəbi
idi, şərəflə yaşamaq məktəbi idi. Sabir müəllim ömrü boyu müəllim
işlədi, ancaq heç bir tələbədən heç
bir təmənna güdmədi. Biz bu məktəbi
Sabir müəllimdən öyrəndik.
Xeyli vaxtdır ki, Sabir müəllim aramızda yoxdur. O, haqqın dərgahına
qovuşub. Amma Sabir müəllim tarix fakültəsi
üçün bir mədəniyyət və pedaqoqluq məktəbi
qoyub getdi. Sabir müəllim xoşbəxtdir
ki, həm müəllimlər, həm də tələbələr
bu məktəbin ənənələrini uğurla davam
etdirirlər.
Anar
İSGƏNDƏROV
BDU-nun kafedra müdiri, tarix elmləri
doktoru, professor
525-ci qəzet.-
2018.- 15 fevral.- S.8.