Mübariz ruhlu alim, incə duyğulu şairə - Tahirə Qürrətül-Eyn

 

(Əvvəli ötən sayımızda)

 

Bədəşt konfransı Zərrintac Qürrətül-Eynin babi karyerasının zirvəsi hesab olunur. Üsyan edən hərəkatçılar Tahirə Qürrətül-Eynin də rəhbərliyilə, Mazandaranda, Barforuş şəhərinin yaxınlığında tikdikləri qalada mülkiyyətin ümumiləşdirilməsinə təşəbbüs göstərirlər.

Şah ordusunun rəhbərliyi qalanı bir neçə ay nəticəsiz mühasirədə saxlayır, sonra üsyançıları əfv etməklə aldadıb qaladan çıxarır və hamısını qırır. Bu hadisə 1849-cu ildə baş verib. 1850-ci ildə Zəncanda, həmin il Neyriz şəhərində qaldırılan üsyan da qəddarlıqla yatırılır.

Nəsrəddin şah Qacarın hökmdarlığının (1848-1896) erkən hissəsi sözügedən fəallaşması ilə müşayiət olundu. Şahla Tahirə Qürrətül-Eyn arasında bir görüş keçirildiyi məlumdur. Bir dəstə hərəkat üzvü 15 avqust 1852-ci ildə Nəsrəddin şaha uğursuz sui-qəsd cəhdi edir. Şah yüngül yaralanır, sui-qəsdçilər öldürülür. Bu hadisədən qeyzlənən şah və hakimiyyət üsyançılara qarşı daha sərt tədbir görməyi qərara alır. Hərəkatı birdəfəlik məhv etmək üçün bütün ordu səfərbərliyə alınır.

Bu qəsddən sonra Tahirənin öz dini və siyasi baxışlarını etiraf etməsi sadəcə ölüm cəzası deyil, həm də ən dəhşətli işgəncələr demək idi və bu hadisə Qobino, Ledi Şeyl, Polak və Usşer tərəfindən bariz bir şəkildə təsvir edilib. Hətta Qürrətül-Eyn onda öz dinini danmaqla ölümdən qurtula bilər və şərəfli şəhidliyini və ölümsüz şöhrətini bir neçə illik həyata dəyişə bilərdi; lakin onun alicənab ruhu buna ikrahla yanaşmağı labüd edir.

Bu ərəfələrdə Mirzə Ağa Xan Nuri İranın sədri-əzəmi - baş naziri təyin olunur. O, baş qazi Molla Mirzə Məhəmməd Eldermani və Hacı Molla Əli Keniyə əmr edir ki, Tahirəylə söhbət etsinlər, onun inancını yoxlasınlar. Bu iki kişi ilə dustaq qadın arasında səkkiz görüş keçirilir. Tahirə Qürrətül-Eyn elmdə ondan xeyli aşağıda dayanan, dini öz məqsədləri üçün alət edən mollaları sərt tənqid edir.

Füsunkar gözəlliyi, möcüzə hesab edilən savadı olan Tahirə ailəsi, üç övladı, sürgünlərdə və həbsdə keçən həyatına rəğmən əqidəsindən dönmür.

Nəhayət, 1852-ci ilin 15 sentyabrı, çərşənbə günü gəlir. O, üzünü cəlladlarına tutaraq deyir: "Siz məni istədiyiniz qədər tez öldürə bilərsiniz, amma qadınların azadlıq üçün oyanışını dayandıra bilməyəcəksiniz".

Onun ölümü mübahisəlidir və hansı variantın doğru olmasını söyləmək çətindir. Qobino deyir ki, boğub öldürdükdən sonra onu yandırıblar. Başqa bir versiyaya görə isə, Nigarıstan adlı sarayın bağında quyuya atmış və üstünü daşla doldurmuşlar. Hər bir halda bu faktdır ki, onu qəddarcasına öldürmüşlər.

Əsas versiya bunu götürmək olar ki, onu Britaniya nümayəndəliyinin və Türkiyə səfirliyinin qarşısında, kifayət qədər böyük bir həyəti olan "Elxani" adlanan bağda işgəncələrlə edam ediblər. Fikrindən döndərməkçün yarımcan olana qədər boğub, sonra günahlarını etiraf edəcəyi təqdirdə bağışlanacağını söyləyiblər. Yenə də o, inadından dönmür, nə şah rejimini, nə də din xadimlərini saya salıb. Öldürdükdən sonra cəsədini bir kor quyuya atıb, quyunu daşla doldurublar. Izi itirməkçün ərazi başdan-başa yandırılıb.

Mahmud xan Kələntərin qardaşı oğlu, Tahirə Qürrətül-Eynin edamında iştirak etmiş Həsən bəyin dediklərindən:

"Britaniya nümayəndəliyinin və Türkiyə səfirliyinin qarşısında kifayət qədər böyük bir həyət var ki, 1893-cü ildə ləğv edildi. Bu həyətin ortasına doğru, küçə boyunca qalan beş-altı ağac qəhrəman Tahirənin öldürüldüyü yeri nişan verirdi, çünki o vaxt Elxani bağı ta oraya qədər uzanırdı.

1898-ci ildə mən Tehrana qayıdanda o həyət yox olmuşdu, onun yerini müasir tikililər tutmuşdu və mən bilmirəm ki, yeni sahib mömin bir əlin əkdiyi o ağaclara dəyər verib qayğı göstərmişdimi..."

Tahirənin qardaşı Mirzə Əbdülvəhhabın sözlərinə görə, o zaman "belə bir fəlakətdən qaçmaq üçün" mollalar bütün qadınların oxumasının qarşısını almışdılar ki, birdən onlar da oxuyub Tahirə kimi olarlar.

Edamından sonra Tahirənin külliyyatı toplanaraq yandırılıb. Onun çox az sayda yaradıcılıq nümunələri bizim dövrə gəlib çatıb ki, bunların da az bir qismi dilimizə tərcümə edilib.

Zərrintac Tahirə haqqında ilk bioqrafik kitab amerikalı yazar Marta Rut tərəfindən qələmə alınıb. "Pak Tahirə" adlanan bu kitab 1938-ci ildə Karaçidə çap edilib. Kitab bir çox dillərə tərcümə edilsə də, bizim dilə hələ də çevrilməyib.

Onun haqqında fars, ingilis, urdu, italyan, alman, ərəb, fransız, rus, polyak, holland, türk dillərində, dünya üzrə Yeni Kaledoniyadan Braziliyaya qədər, İsveçdən Cənubi Afrikaya qədər bir sıra ölkələrdə çoxlu kitab və məqalələr yazılıb dərc edilmişdir. Şeirləri qiraət edilib və mahnı kimi oxunub.

Azərbaycanda Tahirənin həyatı və ictimai fəaliyyəti, demək olar ki, yada düşməyib. Onun həyatı, mübarizəsi və yaradıcılığı haqda sanballı əsər əldə yoxdur. Çox nadir hallarda onun adı çəkilmiş, bu zaman da diqqət onun şairəlik fəaliyyətinə yönəldilmişdir. Onun əsas ictimai fəaliyyəti nə sovet tarixçiləri tərəfindən, nə də indiki tədqiqatçılar tərəfindən çox zəif işıqlandırılıb. İrəli sürdüyü sosial ideyaların, xüsusən də qadın azadlıqları barədə söylədiklərinin üzərindən səthi keçilmişdir. Bunun köklü səbəbləri vardır. Sovet ideologiyası Şərq qadınlarına azadlığı Sovet dövlətinin verdiyini iddia etməklə, Tahirə kimi şəxsiyyətin qabardılmasını istəmirdi.

Xatırlatmaq istəyirəm ki, M.F.Axundzadə "Kəmalüddövlə məktubları" fəlsəfi traktatında Tahirədən bəhs edib. Sovet dövründə isə Sabir Gəncəli onun haqqında məlumat verib.

Azərbaycanda Tahirənin fəaliyyətini araşdıran və layiqli qiymətini bilən tək alim görkəmli yazıçımız professor Əzizə Cəfərzadə olub. Onun Tahirə irsi ilə tanışlığı 1947-ci ildən, aspiranturada oxuduğu vaxtdan başlamış və həyatının sonuna qədər davam etmişdir. Tarixi roman janrında qələmə aldığı son əsəri - " Zərrintac-Tahirə"ni Qürrətül-Eynə həsr edib (1996). Bundan başqa, 2005-ci ildə nəşr olunmuş "Azərbaycan qadın şairləri antologiyası"nda da ondan bəhs edilir. Yazıçı ömrünün sonuna qədər bu mövzunu diqqətdə saxlamış, bütün mümkün variantlarda onun adının unudulmaması üçün əlindən gələni əsirgəməmişdir. "Bir güllə yaz olmaz" deyimi bu hadisə ilə necə də həmahəng səsləşir. Elə bu səbəbdəndir ki, Əzizə xanım dünyasını dəyişdikdən sonra Tahirə mövzusu unudulub.

İnanıram ki, vaxt gələcək, Tahirə Qürrətül-Eynin adı əbədiləşdiriləcək, küçə və məktəblərə adı veriləcək. Onun şanlı həyat yolu haqqında tamaşalar oynanılacaq, filmlər çəkiləcək. Vaxtilə Azərbaycan səhnəsində Janna Darkın həyatından bəhs edən "Orlean qızı" (F. Şiller) pyesi tamaşaya qoyulub.  Əlbəttə ki, Janna buna layiqdir. Amma "Şərqin Janna Darkı" və çox vaxt  Jannadan daha üstün sayılan Tahirə Qürrətül-Eyn də bu baxımdan yada salınmalıdır.

İstedadlı Avstriya şairəsi Marie von Najmajer Tahirə haqqında 1870-ci ildə özünün ən gözəl poemasını yazıb. Avstriyada Yeni Qadın hərəkatının banisi Marianna Hainsisch 1925-ci ildə yazırdı: "Mən bütün həyatım boyu ən böyük qadınlıq nümunəsi olaraq Qəzvinli Tahirəni üstün tutmuşam. Onun həyatı və ölümü barədə eşidəndə cəmi on yeddi yaşım vardı, amma mən onda dedim: "Avstriya qadınları üçün elə işlər görməliyəm ki, o işlərin naminə Tahirə öz həyatını qurban verib".

Bəlkə də Tahirənin həyatının ekranlaşdırılması XIX əsr İran qadınları barədə ən yaxşı, dolğun sənət əsəri olardı. Çünki onun həyat və fəaliyyət yolu, qısa olduğu kimi, gözqamaşdırıcı dərəcədə parlaq, maraqlı hadisələrlə zəngin və bir o qədər də faciəvidir. Qürrətül-Eyn Tahirə dünya dini və ictimai fikir tarixində mühüm bir mövqe tutur. O, mistik baxışlı və inqilabi ideallara can atan böyük istedada malik bir qadın idi. Cəsur, şücaətli, namuslu qadın olaraq, o, doğru hesab etmədiyinə "yox" demək cəsarətinə və dürüstlüyünə malik şəxsiyyətilə dəyərlidir. Tahirə əsrlərlə formalaşan ziyanlı ənənələrə meydan oxudu və təkcə öz ölkəsinin yox, dünya qadınlarının azadlığı üçün əməli addımlar atdı, onlara azadlıq və firavanlığa çatmağın yeni yollarını göstərdi. Təsadüfi deyil ki, ABŞ-da qadınların inkişafı naminə "Tahirə Assosiasiyası", "Tahirə Ədalət Mərkəzi", Braziliyada "Tahirə Təhsil Kollegiyası" fəaliyyət göstərir.

Məşhur alim Edvard Braun yazır ki: "Qürrətüi-Eyn kimi bir qadının meydana çıxması istənilən ölkədə və istənilən dövrdə nadir bir fenomendir, lakin həmin vaxt İran kimi bir ölkədə bunun olması tamamilə qeyri-adi haldır, demək olar, möcüzədir. Məftunedici gözəlliyi ilə bərabər, nadir intellektual qabiliyyəti, atəşli bəlağəti, qorxmaz sədaqəti, şərəfli şəhidliyi sayəsində o, öz həmvətənləri arasında bənzərsizliyə və ölümsüzlüyə qovuşub".

Məşhur şərqşünas Mirzə Kazım bəy isə belə düşünürdü: "Qadına azadlıq ideyası necə dönməz ruh, necə möhkəm iradə yerləşdirir!.. Qəhrəman Qürrətül-Eyn Tahirə... misilsiz nümunədir!.."

 

Kəmalə ƏLİYEVA

Araşdırmaçı-publisist

 

525-ci qəzet.- 2018.- 15 fevral.- S.6.