“Əllərimi göyə açıb
deyərdim, Allah, sənə min şükür!”
80
YAŞIN QAPISINI DÖYƏN GÖRKƏMLİ XANƏNDƏ
SÜLEYMAN ABDULLAYEVİN İNDİ BİRCƏ ARZUSU VAR:
DOĞMA QARABAĞA QOVUŞMAQ!
Yeni
Yasamalda, 13-cü Xreptovıda xanəndə Süleyman
Abdullayevin evini soraqlaya-soraqlaya gəlib boz darvazanın
qabağında dayanmışıq.
Qapını bir neçə dəfə döysək də,
hay verən yoxdur. Görəsən, səhv nişan
verməyiblər? Yaşlı adamdır, zəng
edib narahat etmək də istəmirik. Fotoqrafımız
Şahin əlüstü qapının dəliyindən
baxıb “məruzə” edir: “Həyətdə yaşlı bir
kişi oturub, o deyil ki.” Şahini kənara
çəkib “müşahidə məntəqəsi”nə
özüm keçirəm. Özüdür ki, var. Həyətin
başındakı çardağın altında oturan xanəndə
Süleyman Abdullayevdir, el diliylə desək, Dədə
Süleyman, ayrılmaz dostu qara qəlyanı da
damağında... Daha səsləməyin mənası
yoxdur, qapının cəftəsini çəkib içəri
girirəm.
- Dədə,
gəlmək olar?
- Kimdi?
-
Jurnalistlər. – “Buyur” deməyini gözləmədən
düz üstünə gedirik. Ensiz, uzun həyətdir.
- Xoş
gəlmisiz! – Görüşürük - Necə gəlib
tapdız?
-
Çox asan. Kimdən soruşduq, evinizi nişan
verdi, maşallah, hamı sizi tanıyır.
- Boy. Bəs o vaxt yoldaşım rəhmətə gedəndə
Canəli (müğənni Canəli Əkbərov – red.) zəng
vurdu ki, evini tapa bilmirəm. Dedim, rəhmətlik Yaqubun
(Yaqub Məmmədov – red.) evini keçən kimi sola dön,
kimdən soruşsan, deyəcək. Bu kişi
kimdir?
-
Fotoqrafımız.
- Belə
çəkəcəksiz? Bəlkə əynimi
dəyişim?
- Dəyişin.
- Milli
geyinim, ya kostyum?
- Kostyum
geyinsəniz bəs edər. - Dədə evə keçib əynini
dəyişir. Kostyum geyinir, başında da
buxara papaq. Sonra bizi də içəri dəvət
edir.
Artıq müsahibəyə başlamaq olar.
-
Laçınlı sənsən? – Görüş barədə
onunla redaktorumuz Şərif Ağayar razılığa gəlmişdi
deyə dəyişik salır.
- Yox, dədə,
o qaldı işdə. Bu səfər
neftçalalı yarayır?
- Boy. Rəhmətlik Aslanla (Aslan İlyasov – red.) bilirsən
Neftçalada nə qədər toyda olmuşuq? Özü də orda toylar axşam ondan sonra
başlayır, düz səhər beşə kimi davam edir.
Hər yerdə bizə hörmət eliyirlər dana. Orda bizə bir balıq
kababı verdilər, təndirdə. Hələ
də yadımdadı.
- Nə
vaxt olub bu söhbət?
- Bu, 70-ci
illərdə olub. Ondan sonra Aslan yenə gəlib-getdi
ki, Salyanın Qarağaşdı kəndində səni istəyirlər,
belə-helə. Söz vermişəm,
getmişəm. Burdan bir tarçalanla
getdim. Tarçalanlardan mən Həbibnən, Əhsənnən...
yaxşı tarçalanlarla işləmişəm.
Bu vaxt qızı gəlir, salamlaşır. Dədə
söhbətini yarımçıq qoyub qızı ilə
görüşür.
- Salam,
qızım, xoş gəldin! Bunlar gəlib, nə
çayımız var, nə çörəyimiz.
- Bu dəqiqə,
hazırlayaram - Qızın səsi artıq mətbəxdən
gəlir.
-
Maşınnansız? – Dədə soruşur.
- Yox
piyada - Şahin deyir.
- Sən Allah! Sizə
bir qulluq eləmək lazımdır.
İsrar edirəm ki, lazım deyil, hər şey
yaxşıdır. Bunları niyə deyirəm? Dədə
Süleymanın yoldaşı iki il bundan əvvəl
rəhmətə gedib. O vaxtdan tək yaşamağı
seçib. Oğlanları, qızı nə
illah eləsələr də, heç birinin evində
qalmır. “Neçə dəfə
demişik ki, gəlib bizdə, ya qardaşımgildə
qalsın. İstəmir. Başa düşürük ki, sənət
adamıdır, arada tək qalmaq istəyir.” – Müsahibədən
sonra Dədənin qızı deyirdi bunları. Hər
gün gəlib Dədəyə baş çəkir. Çayını dəmləyir, yeməyini verir.
Nəvələri də onu tək qoymur, tez-tez
yoluxurlar.
Dədəni
birtəhər razı sala bilirik ki, heç nə lazım
deyil və Salyan söhbətinə qayıdırıq:
- Hə,
günorta başladıq oxumağa. Bir dənə
“Çahargah” oxudum. Hamı gətirib xələt verdi.
-
Oxumağınız bunların xoşuna gəlib...
- Gəlib
hə, gəlib. Hər oxuyan bunların
xoşuna gəlmir axı. Bəzi oxuyanlar
özünü tərifləyir, amma əsl xanəndə deməz,
mən belə oxudum, elə oxudum. Onu xalq bilir,
“muzıkant”lar bilir. Rəhmətlik
Seyid Şuşinski mənim müəllimim olub. Ömründə o demədi ki, belə oxudum, elə
oxudum. İndikilər çıxır,
özün tərifləyir, xoşum gəlmir. Mənə sual verəndə, deyirəm, indi də
öyrənirəm. Muğamatın sirləri
var e.
- Kimdən
öyrənirsiniz?
- Mən
öz-özümdən. Əvvəllər Seyiddən öyrənmişəm,
dörd il dərs almışam. Zeynəb
Xanlarova, mən, Qulu Əsgərov, İslam Rzayev, Əlibaba Məmmədov.
Onlar dördüncü kurs idi, mən birinci.
Seyid hamımızı yığıb bir yerdə
dərs deyirdi. Həəə... Neftçaladan
danışırdıq. Bir oğlan gəldi, dedi, bəy
tərifində “Kamaz” şoferi Sərvanı tərifləyərsən.
Yadımdan çıxmaz, gecə saat iki idi, başladım tərifə
(oxuyur):
Səni
istəyəni, mən də istərəm
“Kamaz”
şoferi Sərvandan xələt istərəm,
Görüm
a bəy...
Bir də gördüm padnosda bir ceyran gətirdi. Gedib qoruqdan
vurubmuş. Qabağıma qoyub, dedi, dədə, bunu icazə
alıb vurmuşam ki, Süleymana gətirəcəm.
- Sizə
nə vaxtdan dədə deyirlər? Bizdə tarixən beş dədə olub: Dədə Qorqud, Dədə
Ələsgər, Dədə Şəmşir, Dədə
Ədalət və siz. Onların hamısı
aşıq idi, bircə siz xanəndəsiz.
- Xalqnan
yaxşı rəftar elədiyimə görə,
kasıbların toyunu təmənnasız elədiyimə
görə mənə dədə deyiblər.
- Pul
almamısınız kasıblardan?
- Yox. Qazandığımı xalqla bölmüşəm,
xalq verdiyini xalqa qaytarmışam. Ona
görə camaat o qədər “Dədə mənim toyumu eləsin”,
“Dədə gəlsin bizim toyu aparsın” deyib,
yavaş-yavaş adım qalıb Dədə Süleyman.
Heylə pul yığan olmamışam. Mənim evimə
baxmırsan? Mən xalqa yaxşı
olmuşam, dədəlik eləmişəm, dədəlik
burdan əmələ gəlir, özbaşına olmur. Dədə Ələsgərə elə-belə Dədə
Ələsgər demiyiblər ha. Azərbaycanın
bütün bölgələrində olmuşam, elə bir
kasıbın toyunu eləmişəm ki, indi gəlib milyoner
olub, həmişə mənə kömək eliyir.
Birdən gözü telefona sataşır.
-
Yazırsan bunu?
- Hə.
- Sən
Allah, yazma... Bir dəfə sənin kimi qəşəng bir
oğlan gəldi, dedi ki, toyumu istəyirəm sən eləyəsən.
Soruşdum, sən nə işləyirsən.
Dedi, mən işləmirəm, amma “yurfak”da oxuyuram. Dedim tay “yurfak” oxuyana qiymət demək olmaz
(gülür). Dedi yox e, mən əlaçı
qurtarmışam, qızıl medalla. Dədəmin
bir eşşəyi var, üç qoynumuz, bir inəyimiz.
Biz kasıbıq. Mən hələ
prokuror döyüləm (gülür). Dedim, sənin
toyunu sənə hədiyyə edirəm, mənim oxuyan
uşaqdan xoşum gəlir. Düzdü, mənimkilər
oxumadılar (gülür). Xoşum gəlir
savadlı uşaqlardan. Ancaq bir şərt
kəsdim ki, toyu mən deyən günə salın. Çünki o vaxt aylarla vaxtım olmurdu. Gedib evdə xəbər verib, atası inanmayıb.
Kənddə də inanmayıblar: “Süleyman sizi aldadır, gəlməyəcək”.
Vədə yetişən gün dəstəmi
götürüb getdim. Dəstənin də
xəbəri yoxdu ki, mən pulsuz gəlmişəm. Bunların içində bir cığalı
vardı, onu xətircəm elədim ki, sənin pulun cibimdədi,
qorxma. Bəyin atası toyda durub dedi, Süleymanı kim tanıyır? Dedilər, bir
“Dəşti” oxusun, tanıyarıq. Oxudum.
Hamı təsdiqlədi, özüdür, dədədir,
Dədə Süleymandır.
Bəyin
atası bir də ayağa qalxıb dedi: “Ay camaat, deyirdiniz gəlməyəcək,
sizi aldadır. Bu kişi bizdən bir qəpik
istəməyib. Süleyman oxuyanda nə xələt
versəniz ona halal olsun”. Onların kəndində bəy
tərifində yığılan xələti xanəndəyə
vermirdilər, dedi, bəy tərifində yığılan xələti
da verirəm Süleymana.
-
Kasıb da olsa səxavət göstərib.
- Hə.
O toyda adi toydakından çox xələt yığdıq. Bax, dədəlik belə yaranıb. Mən zorla özümə dədə deməmişəm
ki, xalq özü deyib də. 66-dan dəbdə
olmuşam, 77-78-dən başlayıb dədəlik.
Aslan məni Şamaxının bir toyuna aparmışdı. Xahiş elədi ki, dədə, mənim dostumdu, çox kasıbdılar. Dedim, mənim gözüm üstə. Getdik, yolda tapşırdı ki, kişi cığaldı, o nə desə denən bəli. Getdik, oxuduq. Gecədən keçmiş toy qurtardı, yıxılıb yatdıq. Bir də gördüm səhərə yaxın kişi gəlib qapını döyür, yeməyə nə hazırlayım? Dedim, kisel. Kiseli də tapıb gətirə bilmədi (gülür).
- Kisel söhbətini Aslan deməyib ki?
- Mən demişəm, sonra Aslan öz adına
çıxıb. Çıxsın
da. Halal xoşu olsun. Yaxşı
oğlan idi. Həmən toyu üç
gün oxuduq, mikrofonsuz. İndi oxumağa nə
var, gəlib toyda iki saat oxuyub gedirlər, bizim üç toya
qazandığımızı bir saata qazanırlar.
- İndikilərin oxumağı xoşunuza gəlir?
- Hamısı qəşəng oxuyur, yollu-yolağalı. Mən indiyənəcən bir xanəndəni efirdə pisləməmişəm. Qəti. Çağırıb özünə demişəm.
- Hörmətiniz saxlayırlar?
- Hamısı. Yoldaşım iki ildi rəhmətə gedib, hamısı gəlib dəyir, yoluxurlar.
- Tələbələriniz yoxdur?
- Məni yamsılayanlar çox olub. Rəsmi şəkildə yoxdu, amma belə qıraq-bucaqda öyrədirəm. Axırıncı müsabiqədə ikinci yer tutan Səma vardı, onu mən öyrətdim. Müəllimi Mənsumdu (Mənsum İbrahimov - red.), burda olmayanda qız atası ilə gəlirdi, öyrədirdim. Bax, görürsən gedib yer tutdu.
- Dədə, deyirlər, guya Qarabağ oxuyanları əruzu yaxşı bilmir.
- Deyirlər deməyinə. Niyə? Əruzu Seyid gətirmiyib, Cabbar gətirmiyib, Keçəçi gətirmiyib, Ağabala Abdullayev gətirmiyib, Süleyman Abdullayev gətirmiyib, Arif Babayev gətirmiyib? Gətirmiyibmi? O sözlərə fikir vermə. Mən oxuyanda sözümə qulaq asırdılar. Muğamın bünövrəsini qoyan Cabbar, Seyid Bakıda meydan oxuyublar.
- Bəs bu fikir hardan yaranıb?
- O, ara vurmaq üçün yaranıb. Mən toya gedəndə gəlib qəzəl “zakaz”
verirdilər (Oxuyur). Bəs nə təhər
olur ki, camaat buna qulaq asır, ancaq başqa cür deyirlər?
Bu, düşmən sözüdür. Qarabağ oxuyanları, Şirvan oxuyanları
hamısı bir-birindən öyrənə-öyrənə
gediblər. Nə təhər olurdu,
Zülfü Adıgözəlov oxuyurdu, Hacıbaba onu
yamsılayırdı, Tələt yamsılayırdı?
Yaquba nə təhər olurdu Bakının kəndlərində
deyirdilər, bu qəzəli oxu, o qəzəli oxu? Nə təhər olur? Bunun
açıqlamasını düz vermək lazımdır.
Muğam ordan gəlib bura, amma Bakı camaatı söz sevən
camaatdı,
- Bəs
toylarda ən yaxşı pul verən zona hansı idi?
-
Qarabağ camaatı, Şəmkir camaatı, Masallı
camaatı... Elə bütün zonalar
(gülür).
- Deyirlər,
toylardan yaxşı qazanmısınız.
- Əla.
Heç kəsdə “24” olmayanda məndə
olub. Özü də onu kosmonavtdan
almışdım. Mənim Ucardan kasıb
bir dostum vardı, Moskvada olurdu. O, Kərim Kərimov
vardı, kosmonavtların böyüyü, onun şoferiydi. Bir
gün mənə zəng elədi ki, belə bir maşın
var, amma bir az bahadı. Mən
də pul yığan olmamışam. Ordan-burdan
düzəltdim, getdim Moskvaya, alıb gətirdim.
Aeroportda da azərbaycanlı uşaqlar soruşdu, hara gedirsən,
dedim Moskvaya. Gedib mənə bir “karobka” gətirdilər.
Dedilər, bunu ancaq dövlət adamlarına
verirlər, Azərbaycan konyakıdı. Sənə pay
veririk.
Mən də özümlə apardım onu
Moskvaya. “24” alandan sonra
dedim gedək bunu yuyaq. Məni apardılar meşənin
içində bir bağ evinə. Orda
onlara bir demyə oxudum, meşə dilə gəldi.
- Nə
oxudunuz? Demyə?
- Demyə
də. Mənim bayaqdan oxuduğum demyədir.
Tarsız-kamansız oxumağa demyə oxumaq
deyirlər. Demyə yemiş-qarpız əkmirlər?
Mən də demyə oxuyuram dana
(gülür). Tarım yox, kamanım yox. Başa düşdün?
- Başa
düşdüm.
- Bax, əruz
vəzni budur e (gülür).
- Dədə,
nə əcəb sizə Xalq artisti adı verilməyib?
- Bəri
başdan deyim ki, Sabir Mirzəyev, mən, Arif Babayev bir
çıxmışdıq. Sabirnən mənə
ad vermədilər. Sonra Əməkdar
artist adı verdilər.
Üç-dörd
il bundan qabaq. Onu da Zeynəb
Xanlarovanın təkidi ilə. Milli Məclisdə
deyib ki, ona-buna ad verirsiniz, Süleymana ad vermirsiniz. Bu sözündən sonra verdilər.
Məni həmişə xalq saxlayıb. Bax bu evi mənə
dostum tikib. Toylarını oxumuşam, xeyir
işlərinə gedib-gəlmişəm.
-
Axırıncı dəfə nə vaxt toya getmisiniz?
- Bu
yaşımda da toya çağırırlar, gedirəm. Gücüm çatan qədər oxuyuram.
- Efirə
necə, çağırırlar?
-
Çağırırlar, çox efirbaz olmamışam.
- Dədə,
maşınınız var? Qabaq deyəsən
“Mercedes”iniz vardı. Bir müsahibədə
demişdiniz, ordan yadımda qalıb.
-
Varıydı. Bir “Mercedes”im varıydı.
İki il bundan qabaq, yoldaşım xəstə
oldu, satdım, apardıq verdik Türkiyədə həkimlərə.
İndi maşınım yoxdu.
- Allah rəhmət
eləsin. Bu dərmanlar kimindi bəs? –
Stolun üstündəki dərmanları göstərirəm.
- Mənimdi. Ürək üçün, bir də şəkərim var. Vəssalam. Elə buracan gəlmişəm, bəsimdi.
- Maşallah, gümrahsınız.
- Allah deyir ki, səni yaradanda sevinirdin, öləndə pisdi? Deyir:
Ey məh, sənə ol ahi-dəmadəm nə üçündür,
Ayineyi-dildə kədərü qəm nə üçündür?
Batdın genə bəxtim kimi bilməm nə qərayə,
Qurban sənə, bu şiveyi-matəm nə üçündür?
Dünyaya gələn getmək üçündür. Mən bunu dərk edirəm.
- Fevralın 14-ü ad gününüzdür. 79 yaşınız olur.
- Hə.
- Ad gününüz yaxşı günə düşüb.
- Sevgililər günü? Hə. Mən Allah adamıyam (gülür). Belə yaxşı gündə doğulmuşam.
- Gələn il yubileyinizdir.
- Qalsaq. Onu bilmək olmaz.
- Xaricdə çox olmusunuz?
- Bəli.
Türkiyəyə getmişəm. Birinci konsertim orda olub. Zeynəbdən
sonra Türkiyədə mən oxumuşam. Orda festival var idi. Birinci yer tutdum.
Guya məni oranın oxuyanlarına anturaj
üçün aparmışdılar. Yəni
fasilədə mən çıxıb oxuyacaqdım, sonra
ukraynalı rəqqasələr konsert verəcəkdilər.
Ancaq necə oxudumsa bütün stadion məni
alqışladı. Səhnədən getməyə
imkan vermədilər. Yenə oxutdurdular.
Bu səfər çıxışım
çevrildi konsert oldu, rəqqasələr anturaj oldu. On gün orda konsert verdim. Orda da
41-45 müharibəsi zamanı əsirlikdən qaçıb
Türkiyəyə sığınan azərbaycanlılar
çoxuydu. Onlar məni İstanbulda toya
apardılar.
-
Qayıdandan sonra sizə problem yaşanacağından
qorxmadınız?
- Moskvadan
icazə almışdılar. Bir cəbrayıllı kişi idi, qızına toy edirdi, oğlunun
adı Azər, qızının adı Baycan.
- Dədə, o dövrdə sizdən başqa xanəndələr də oxuyub, sayılıb-seçiliblər. Yaqub Məmmədov… Ona münasibətiniz necədir?
- Yaqub mənim bu sənətdə Allahım kimiydi. Onun çox dəyərli səsi vardı. O da məni çox sevirdi. Mənə deyərdi: “Ə, sən ayrı cür oxuyursan, bal kimi oxuyursan”. 20 il onunla dostluq eləmişik, üstəlik qonşuyduq. Maşınla onu hara lazımdırsa mən aparmışam. Yəni sənətinə hörmət eləmişəm.
- Bəs Sabir Mirzəyev?
- Sabir mənim dostum olub, səhnəyə bir çıxmışıq.
- Oxumağına münasibətiniz necə idi?
- Booy. Elə bizi səhv salırdılar arada.
- “Çahargah”ı o yaxşı oxuyurdu, ya siz?
- Yox, o. Mən
oxumağı indi öyrənirəm (gülür). Hamı məndən yaxşı oxuyurdu. Amma qiymət verə bilirəm, qiyməti qəşəng
verirəm.
- Nə əcəb
Məcnunu oynamamısız?
- Bir gün mənə xəbər verdilər ki, Xan əmi səni çağırır. Getdim Xan əmigilə. Dedi, qəşəng geyin-keçin, bizi Ali Sovetin sədri çağırır. Səhər onun qəbuluna gedəcəyik. Görək nə deyir. Səhər qəşəng geyindim. Mən ümumiyyətlə kukla kimi geyinirdim. Ən yaxşı geyinən mən olmuşam, xaricdən parça gətirdib kostyum tikdirirdim, dərzim cuhud idi. O görüşdə - adını unutmuşam, - Ali Sovetin sədri dedi ki, istəyirəm Süleyman Məcnunu oynasın, çox içdən oxuyur, bu rol ona yaraşar. Opera ilə də danışmışam. Xan əmi də qayıtdı ki, hə, bundan yaxşı Məcnun çıxar, elə Məcnun qara olub dana. Mənim o bəzəkdən xoşum gəlmir, bu elə bəzəksiz Məcnundu (gülür). Xan əminin bu sözünə gülüşdülər, sonra sədr tapşırdı ki, mütləq gedim operaya.
- Bəs
sonra nə oldu?
- Bir
neçə dəfə operaya getdim. Ancaq
baxdım ki, opera mənlik deyil.
- Kəndiniz
işğal olunandan sonra Füzuliyə getmisiniz?
- O qədər. Məni toya aparırlar. Bir dostum var. Hər dəfə gedəndə məni qaldırır dikə, durbinlə baxırıq. Mən orda ev tikdirmişdim. Kəndimizi meşəlik, ağaclıq basıb, heç nə görsənmir. Qulu Əsgərovla İslam Rzayev möhkəm dostuydular. İslamla da bizim kəndin arası yüz, yüz iyirmi metrdi. Kəndlərimiz bulaqla, kəhrizlə dolu idi. Bizim kəndin başında bir bulaq vardı, adına Çinar bulaq deyirdilər. Buz kimi suyu vardı. Qulu bir dəfə İslamgilə qonaq gələndə o sudan içib deyir: “Bu suyu içib oxumağa nə var. Hünərin var, gəl Salyanda Kürün lilli suyundan iç, mənim kimi oxu.” (gülür). Qulu yaxşı oxuyub.
...Sonra kəndlərindən danışır dədə. Uşaqlığından, erməni tay-tuşlarını döyməyindən, Seyid Şuşinskinin Füzuliyə gəlməyindən, onu səsini bəyənməyindən danışdı. Görəsən eşitsə ki, kəndləri qayıdıb, orda, kənddə, evlərinin qabağında dayanıb nə oxuyardı? Deyir: “Oxuya bilməzdim, sevincdən, kədərdən boğazım tutulardı. Elə əllərimi göyə açıb deyərdim, Allah, sənə min şükür!”
Həyatda bir arzusu da qalıb Dədə Süleymanın. Qarabağ arzusu: “Gecə-gündüz Allaha dua edirəm. Qarabağımız alınsın; gedim Ağdamı, Şuşanı, Laçını, Kəlbəcəri, Zəngilanı gəzim; gedim öz kəndimizə, dizimi qoyum yerə, Çinar bulaqdan su içim, atamın-anamın qəbrini ziyarət eləyim, sonra elə ordaca canımı al, Allah. Bax, mənim arzum budur, bala”.
...Bizi
darvazaya qədər yola salır. Sağollaşıb
ayrılırıq. Küçəni
burulanda bir də dönüb dədəyə baxıram.
Hələ də darvazanın ağzında
dayanıb. Ancaq daha bizə sarı
baxmır, uzaqlara zilləyib gözünü. Mənə
elə gəlir o, xəyalən bir az əvvəl
sadaladığı yerlərdədir, Çinar
bulağının üstündə...
Mirmehdi
AĞAOĞLU
Kulis.az
“525”dən: Muğam ifaçılığı sənətimizin parlaq nümayəndəsi olan görkəmli xanəndəmiz Süleyman Abdullayevi 79 yaşının tamamı münasibətilə ürəkdən təbrik edirik. Dəyərli sənətkarımıza möhkəm sağlamlıq, yubiley təntənənləri arzulayırıq!
525-ci qəzet.-
2018.- 15 fevral.- S.7.