Şahin Sinaria: "Əhmədiyyə Cəbrayılov haqqındakı həqiqət uydurmalardan min dəfə gözəldir"

 

Müsahibimiz Fransada yaşayan azərbaycanlı yazıçı Şahin Sinariadır. Onunla Azərbaycan və Fransadakı fəaliyyəti, yaradıcılığı və bu yaxınlarda çap olunacaq partizan Əhmədiyyə Cəbrayılov haqqındakı kitabı barədə söhbət etdik:

 

- Şahin bəy, Azərbaycana xoş gəlmisiniz. Elə söhbətimizə də budəfəki gəliş səbəbinizdən başlayaq.

 

- Bu gəlişimin səbəbi Mixaylo - Mehdi Hüseynzadə ilə bağlıdır. Bu yaxınlarda Əhmədiyyə Cəbrayılovun rəsmi bioqrafiyasını bitirmişəm. Ondan sonra isə əməkdaşlıq etdiyim "TEAS PRESS" nəşriyyatı Mehdi Hüseynzadə haqqında araşdırma aparıb, kitab yazmağı tapşırdı. Mən də hazırda Azərbaycanda onunla bağlı araşdırma aparmaqdayam.

 

- Çox uzun illərdir Fransada yaşayırsınız, bir çox ölkələrdə olmusunuz. Azərbaycan mədəniyyəti Avropadan necə görünür?

 

- Deyə bilərəm ki, Azərbaycan mədəniyyəti Avropada tanınır. Heydər Əliyev Fondunun, xüsusən Mehriban xanım Əliyevanın illərdir apardığı təbliğat işləri öz nəticəsini göstərir. Azərbaycan mətbəxi, musiqisi, ədəbiyyatı Avropada çox yaxşı şəkildə tanınır. Hazırda "TEAS PRESS" nəşriyyatının fransız dilində çap etdiyi kitablar Fransaya göndərilir, oxunur. Azərbaycanın Fransadakı səfirliyi tez-tez tədbirlər, layihələr, görüşlər, konsertlər keçirir. Artıq ölkəmiz orada sürətlə tanınmaqdadır.

 

- Fəaliyyətiniz dövründə azərbaycanlı şairlərin kitablarını tərcümə etmisiniz, bəzi mədəniyyət işçilərinin yaradıcılıq gecələrini keçirmisiniz. Bu işlərdə çətinlik çəkdiyiniz olurmu? Öhdəsindən necə gəlirsiniz?

 

- Onsuz da asan iş yoxdur. Mən heç zaman demirəm ki, bu, mənim vətənim qarşısındakı borcumdur, etməliyəm. Bu cür şablon ifadələri sevmirəm. Bu, sadəcə mənim bir vətəndaş kimi ölkəmə, xalqıma xidmətimdir. Mən fransızlara göstərmək istəyirəm ki, mənim xalqım heç də geri qalmayıb. Çünki bildiyiniz kimi, Fransada erməni lobbisi güclüdür, orada yaşayan ermənilər çoxdur və onlar bizi fransızlara mənfi yöndən tanıtmağa çalışırlar. Mən ilk dəfə Fransaya gedəndə azərbaycanlı orada ümumiyyətlə az idi. İndi də ermənilərə nisbətən azıq. Ona görə də biz çalışırıq ki, düşmənin haqqımızda yaratdığı neqativ fikirləri aradan qaldıraq. Biz orada Cəlil Məmmədquluzadənin, Mirzə Fətəli Axundovun, Ramiz Rövşənin, Anarın, Rəşad Məcidin əsərlərini tərcümə edib çap etdirdik, "Leyli və Məcnun" tamaşasını səhnələşdirdik, Ayaz Salayev, Bəxtiyar Xanızadə, Mehriban Zəki ilə görüşlər keçirdik. Ondan başqa özüm də Fransa mətbuatında köşə yazarı, yazıçı kimi fəaliyyət göstərirdim, tərcümələr edirdim. O vaxtlar Azərbaycanı tanıtmaq üçün adam çox az idi. Biz həmin çətin zamanda bu işə başladıq. İndi isə, şükür Allaha, bununla məşğul olan insanlar artıb, imkanlar çoxalıb, şərait yaxşılaşıb. İndi ziyalılarımız, yazarlarımız, mədəniyyət işçilərimiz oraya gedirlər, sırf bu təbliğatla məşğul olan cəmiyyətlər yaradılıb.

 

- Demək ki, bu ənənəni yaradanlardan biri məhz sizsiniz.

 

- (gülür) Təvazökarlıqdan uzaq olsa da, bəli, belədir.

 

- Ermənilərdən söz düşmüşkən, bilirik ki, əslən Laçındansınız. Laçın da erməni tapdağında olan torpaqlarımızdandır. Fransada, Paris kimi bir şəhərdə Laçın həsrətilə yaşamaq nə deməkdir?

 

- Mən Laçından, yoldaşım isə Ağdamdandır. Yəni biz hər iki tərəfdən bu acını yaşayan ailəyik. Bu yaxınlarda bir dostum mənə sual verdi ki, sən yuxu görürsənmi, yuxunu harda və hansı dildə görürsən? Mən ona cavab verdim ki, yuxuda gördüyüm bütün hadisələr Laçında, ancaq fransız dilində cərəyan edir. Təsəvvür edin ki, mən 25 ildir Fransadayam, amma bu 25 ildə gördüyüm bütün yuxularım Laçında, oradakı evimizdə, babamgildə baş verir. Hətta fransız dostlarımı, tanışlarımı da orada görürəm. Laçın işğal olunanda mən Sank-Peterburqda film çəkirdim, atamgil Bakıya məcburi köçkün gəlmişdilər. Ancaq mənim bütün uşaqlığım orada keçmişdi, orada böyümüşdüm. Sözsüz ki, o yara həmişəlik mənim ürəyimdə qalıb. Hətta deyim ki, uzaqda o həsrət daha çox hiss olunur. Çünki burada ən azından öz həmvətənlərinin, bir mənada laçınlıların, qarabağlıların arasında ola bilirsən. Amma orada həm yurdundan, həm də yurddaşlarından uzaqdasan. Təbii ki, onda daha çox həsrət hiss olunur.

 

- Və bu da yaradıcılığınızda əks olunur...

 

- Təbii ki, heç bir mənəvi ağrı yaradıcılığa təsirsiz ötüşə bilməz. Bu, mümkün deyil. Yaradıcılıq deyəndə kino, roman, tərcümə, ssenarilər, pyeslər - hamısını birgə nəzərdə tuturam.

 

- Bəs Qarabağ həqiqətlərinin Fransada təbliği necədir?

 

- Orada Azərbaycan evi fəaliyyət göstərir. Hər il Xocalı hadisəsi anılır. Bu istiqamətdə imkanlar, bacarıq çatan qədər geniş təbliğat aparılır. Biz də öz öhdəmizə düşən qədər bu həqiqətləri orada dilləndirir, tanıdırıq. "TEAS PRESS" nəşriyyatı  "Qarabağda erməni məsələsi" adlı kitabı fransız dilinə tərcümə etdirib, tezliklə Fransa ictimaiyyətinə təqdim olunacaq. Bu, bir müəllifin işi deyil, tamamilə arxiv materiallarından hazırlanmış, gerçəkliyi əks etdirən böyük bir kitabdır. Azərbaycan, rus və ingilis dillərində var idi. Biz isə fransız dilində tərcüməsinə nail olduq. Bunlar hamısı bu işdə böyük rol oynayır.

 

- Əsərlərinizi fransız dilində yazırsınız, dilimizə tərcümə edilir. Məlumdur ki, hər bir əsər tərcümədə müəyyən qədər keyfiyyətini itirir. Bu baxımdan, azərbaycanca yazmaq istəyirsinizmi, planınız varmı?

 

- Çox təəssüf ki, məndə dil öyrənmə qabiliyyəti çox zəifdir. Bir dili öyrənəndə digəri yadımdan çıxır. Hazırda mən fransız dilində düşünürəm. Ailə qurana qədər azərbaycanca ümumiyyətlə pis danışırdım. 2006-cı ildə isə fransız dilini bilməyən xanımla ailə qurdum və məcbur oldum azərbaycanca danışmağa. Ondan başqa, İvon Botto haqqındakı kitabım Azərbaycan dilinə tərcümə olunanda tərcüməsini bəyənmədim, qane etmirdi. Onda biz başladıq yoldaşımla birgə yenidən onu tərcümə etməyə. Artıq gözüm öyrəşsin deyə bayaq adlarını çəkdiyim müəlliflərdən də tərcümələr edirdim. Sonradan Əhmədiyyə Cəbrayılov haqqında kitab yazarkən düz üç il araşdırma apardım. Bu araşdırmalarımın bir qismi Azərbaycanda, Şəkidə, öz dilimizdə gedirdi. Bunların hamısı mənim yenidən bu dildə danışmağıma kömək etdi.

 

- Azərbaycanda yaşayan fransız xanım İvon Botto haqqında kitab yazdınız və kitab böyük rezonans doğurdu. Maraqlıdır ki, qəhrəman kimi İvon xanımı seçməyiniz onun həyatındakı Azərbaycan-Fransa birliyini öz həyatınızda da yaşamağınızla bağlı idi, yoxsa başqa səbəb vardı?

 

- Bu zamana qədər bu sualı mənə verən olmamışdı. Çox maraqlıdır. Heç mən özüm də buna elə də diqqət etməmişdim. Baxmayaraq ki, onunla mən tamamilə fərqli həyatlar, ayrı talelər yaşamışıq, ancaq iki ölkəni özümüzdə birləşdirməyimiz, çox güman ki, yazı prosesində öz təsirini göstərdi. İvon Botto haqqında mən Paris mətbuatında oxudum. Sonradan orada çox məşhur bir nəşriyyat kitab yazdırmaq istədi və bu işi mənə tapşırdı. Ancaq Avropa-Azərbaycan Cəmiyyəti onlara icazə vermədi. Çünki bildiyiniz kimi, İvon nənəni Azərbaycandan Fransaya bu cəmiyyət gətirdi, öz himayəsinə götürdü və onun haqqında kitab yazmaq da onun haqqı idi. Bu işi də "TEAS PRESS" nəşriyyatı öz öhdəsinə alaraq mənə həvalə etdi. Mən də getdim İmişliyə, orada təxminən ay yarım qaldım, araşdırdım və beləcə, kitab yazıldı.

 

- İvon Botto bu yaxınlarda dünyasını dəyişdi. Onun ölüm xəbərini alanda nə hisslər keçirdiniz, "yaxşı ki, gec olmadan o kitabı yazdım" deyə düşündünüzmü?

 

- İvon Bottonun ölüm xəbərini mənə dərhal çatdırdılar. Deməli, Paris vaxtı ilə səhər saat 05:50-də telefonuma zəng gəldi. Təbii ki, o saatda gələn zəng xeyirliyə olmazdı. Zəng edən oğlu idi və dedi ki, iki saat öncə anam rəhmətə getdi. Təbii ki, öncə şok keçirdim, həyəcanlandım. Bəlkə də sizə qəribə gələ bilər, bir insanı itirmək nə qədər ağır olsa da, mən həm də düşündüm, nəhayət, onun canı qurtardı. Çünki həyatı boyu o qədər əziyyət çəkib ki, sanki bu, bir yazıçı tərəfindən yazılmışdı. İnanın ki, mən o kitabda hələ bəzi ağır məqamları yazmamışdım. Ona görə də mən hətta şükür etdim ki, nəhayət, o getdi Yaradanın hüzuruna, ata-anasının, qardaşının yanına və yəqin ki, nəhayət, İvon Botto gülümsəyir. Çünki o xanımı nə qədər gördümsə, o, heç zaman gülümsəmədi. Mən onun ölüm xəbərini alanda ilk ağlıma gələn də bu oldu. Sonra mən şəhərə çıxdım və gəzdikcə düşünürdüm ki, bu, mənim İvon Bottosuz dünyada gəzdiyim ilk səhərdir. Xəbəri alan kimi mən də öz növbəmdə Avropa-Azərbaycan Cəmiyyətinin Bakı nümayəndəliyinin rəhbəri Taleh Bağıyevə zəng etdim, İvonun xalası qızına dedim: "İvon Botto, nəhayət ki, gülümsədi".

 

- Yeni bitirdiyiniz kitab partizan Əhmədiyyə Cəbrayılov haqqındadır. Bu dəfə isə həyatının müəyyən dövrü Fransa ilə bağlı olan azərbaycanlı seçmisiniz. Bu seçiminizdən danışaq.

 

- İvon Botto haqqında tədqiqat apararkən biz Əhmədiyyə Cəbrayılovun oğlunun yanına da gedib çıxmışdıq. Çünki İvon xanım bir dəfə Əhmədiyyə ilə görüşmüş, ondan Fransaya getməsi üçün kömək istəmişdi. Həmin vaxtda Əhmədiyyənin oğlu Mikayıl şəhid olmuşdu, evdə yas var idi və o, İvon xanıma deyir ki, yas bitəndən sonra sizə kömək edəcəm. Bu hadisə ilə bağlı oraya gedərkən Əhmədiyyənin oğlu Cavanşir Cəbrayılovla tanış olduq. İvon Bottonun kitabı bitəndən sonra "TEAS PRESS" nəşriyyatı mənə bu dəfə elə Əhmədiyyə haqqında kitab yazmağı tapşırdı. Mənə dedilər ki, onun haqqında çox danışırlar, çox yazırlar, əfsanələr var. Ancaq kimsə dəqiq araşdırmayıb, sistemləşdirməyib. Bu, mənim özüm üçün də maraqlı idi. Sizin dediyiniz kimi, İvon nənə kimi Əhmədiyyənin də həyatında Azərbaycan-Fransa kəsişməsi var ki, bu mənə yaxın bir situasiyadır. Onlar da yəqin buna görə həmin işi mənə tapşırmağı daha doğru hesab etdilər. Təklifi məmnuniyyətlə qəbul etdim. Qəribədir, bunu eşidən hər kəs dedi ki, Əhmədiyyəni hamı tanıyır, onun həyatını hamı bilir. Heç bir çətinliyin olmayacaq, cəmi üç aya yazıb bitirəcəksən. Yəni hər şey üzdədir. Mən tədqiqata başladım, tədqiqat isə üç ay deyil, üç il çəkdi və mən gördüm ki, əslində heç kim heç nə bilmirmiş. Onların bildikləri yalan, mif imiş, Əhmədiyyə tam başqa insan olub. Kitab 2016-cı ilin dekabrın 26-da tamamlanıb. Bu tarixi dəqiqliklə xatırlayıram. Çünki mən çox çətinliklə Əhmədiyyənin Fransadakı yaxın dostunu, komandirini (Louis Lasbaraeilles - ləqəbi Pet-Sec) tapmışdım. Onunla görüşməyə də çətinliklə razılıq vermişdi. Mən ona yazıçı, jurnalist olduğumu deməmişdim, özümü Əhmədiyyənin qohumu kimi təqdim etmişdim. O da demişdi ki, kitabı yazıb bitirən kimi xəbər elə, bunu gözəl bir şəkildə qeyd edək. Mən bir axşam kitabın son nöqtəsini qoydum və yoldaşıma dedim ki, səhər zəng edib xəbər verəcəm. Səhər zəng edib xəbəri vermək istəyəndə mənə kişinin dünən axşam vəfat etdiyini dedilər. Sən demə, kitabın son cümlələri tamamlananda o ölüb. Bu da taleyin bir işi idi, sanki o, kitabın bitməsini gözləyirdi. Onun Əhmədiyyə haqqında danışdıqları misilsiz şeylərdir. Kimsə onları bilmir. Əsər keçən ilin yanvar ayından tərcümədədir. Mən tərcümə işində çox diqqətcil adamam. Tərcümələr bitdikcə göndərirlər, baxıram, redaktələrimi edirəm. Ona görə də bir az vaxt aparır. Ancaq artıq bitmək üzrədir. Mənə elə gəlir ki, hər şey yaxşı olsa, kitab aprel-may aylarında satışa çıxacaq.

 

- Oxuculara ipucu kimi, Əhmədiyyə Cəbrayılovun həyatına dair üç illik araşdırmanız boyunca sizi təəccübləndirən, həyəcanlandıran, şoka salan bir hadisə danışa bilərsinizmi?

 

- Məni həm çox həyəcanlandıran, təəccübləndirən, həm də çox təəssüfləndirən o oldu ki, necə ola bilər, bir insan haqqında bu qədər böyük, həqiqətə aidiyyatı olmayan şeylər uydura biliblər? Özü də, təəssüf ki, bunu edənlərin çoxu jurnalistlərdir. Məsələn, bir saytda oxumuşdum ki, Əhmədiyyə Cəbrayılovla Şarl de Qoll çox yaxın dost, qan qardaşı olublar, Əhmədiyyə onu ölümdən qurtarıb. Bunu yazan insanın tarixdən xəbəri yoxdur. Çünki müharibə illərində Şarl de Qoll Fransada olmayıb, 1940-da Londona gedib, 1944-cü ilin iyulunda, Paris azad olmamışdan bir ay qabaq gəlib. Lap Fransada olsa belə, general gəlib səngərdə vuruşmur. Sonra yazırlar ki, Əhmədiyyə bəraət qazandı və 1975-ci ildə getdi Fransaya, Şarl de Qoll onun şərəfinə böyük qonaqlıq verdi. Əvvəla, Əhmədiyyə heç nə etməmişdi ki, ona bəraət verələr. İkincisi, Şarl de Qoll 1970-ci ildə rəhmətə gedib. 1975-ci ildə bu hadisə necə ola bilərdi? Tək bu deyil. Onun haqqında yazılmış ssenarilər, yazılar var ki, gerçəyə heç dəxli yoxdur. Hətta bunu yazan insanlar bircə dəfə də onun oğlundan soruşub maraqlanmayıblar ki, görək hadisələr necə olub. Bu cür uydurmalar Əhmədiyyəyə lazım deyil və bizə də yaraşmaz. Hətta bir müddət öncə onun oğlu Cavanşir mənimlə əlaqə saxlayıb dedi ki, atamla bağlı məlumat vikipediyadan çıxarılıb. Biz maraqlandıq, sən demə, yazılanların hamısı bir-birinə zidd olduğundan çıxarılıb məqalə. Ondan başqa, özünü politoloq kimi təqdim edən bir nəfərin Əhmədiyyə Cəbrayılov haqqında yazdığı məqaləyə baxdım. Başdan-ayağa uydurulmuş, şişirdilmiş məlumatlarla doludur. Mən ona yanlışlıqları deyəndə o, qəbul etmək istəmədi, məni günahlandırdı. Mənə bir şəkil göstərdi, Əhmədiyyənin yanındakı adamı Şarl de Qoll kimi təqdim etdi. Halbuki o şəkildə Şarl de Qoll yox idi, o adam tamam başqa insan idi. İnsanlar bir qəhrəmandan mif düzəltməyə meyillidirlər. Nəyə görə deyirlər "əfsanəvi qəhrəman"? Ümumiyyətlə, bu sözün mənası nədir? Uzaq keçmişdə deyil, cəmi 60-70 il öncə yaşamış insan haqqında əfsanələrlə danışmaq nə dərəcədə düzgündür? Əhmədiyyənin bu cür uydurmalara, miflərə ehtiyacı yoxdur. Onsuz da Əhmədiyyə bizim fəxrimizdir. Onun başına gələnlər, gətirilənlər, yaşadıqları bunu deməyə əsas verir. Amma onun haqqında danışanların bunların heç birindən xəbərləri yoxdur. Kitab çıxandan sonra hər kəs bütün məlumatları öyrənəcək.

 

- Yəni deyirsiniz, insanlar indidən şoka düşməyə hazır olsunlar?

 

- Mən kitab haqda çox danışmaq istəmirəm. Amma həqiqətən də o kitabda çox mətləblər gün işığına çıxıb. Hətta onun oğlunun, ailəsinin belə bilmədiyi faktlar var. Mən onlara da hələ heç bir məlumat verməmişəm. Deyirəm ki, kitab çıxanda oxuyarsınız. Əhmədiyyə haqqında yazmaq, danışmaq üçün təkcə İkinci Dünya müharibəsini bilmək azdır. Onunla birgə Fransanın tarixini, Fransa müqavimət hərəkatını, almanlarla onların əlaqəsini bilmək lazımdır. Mən artıq üç il ərzində bunları əzbərləmişəm. Orada tarixçilərlə görüşmüşəm ki, onlar 1942-ci ildən 1945-ci ilə qədər günbəgün baş verən bütün hadisələri yazıblar. Onların arasında Əhmədiyyəni tanıyanlar da vardı, tanımayanlar da. Bu da təbiidir, hamı bir-birini tanıya bilməzdi ki. Mənə sifariş veriləndə TEAS-da dedilər ki, elə araşdırma aparıb, elə əsər yazmalısınız ki, heç bir boşluq olmasın, hər şey gerçəyə uyğun olsun. Mən də ona çalışdım. Kitabda nəyin doğru, nəyin yalan olduğunu yazmamışam, kimsənin əleyhinə çıxış etməmişəm. Sadəcə "Ön söz"də qeyd etmişəm ki, əziz oxucu, siz Əhmədiyyə haqqında çox şeylər eşitmisiniz, amma bu kitabda oxuduqlarınızın hamısı gerçəkdə olanlar, faktlarda, arxivlərdə öz əksini tapanlardır. Vaxtilə eşitdiyiniz, oxuduğunuz hansısa məlumata kitabda rast gəlməsəniz, bu, o demək deyil ki, unudub yazmamışam, o deməkdir ki, tarixdə bu hadisə olmayıb. Həqiqət o uydurmalardan min dəfə gözəldir. Oxucular beyinlərində yaradılmış əfsanənin dağılmasına hazır olsunlar.

 

- Kitab yazılan ərəfədə Əhmədiyyə ilə bağlı Fransada hansısa toplantılar, tədbirlər keçirildimi?

 

- Əlbəttə. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Fransanın Kann və Paris şəhərlərində sərgi keçirdik. Mənim ssenarim və avstriyalı rejissorun quruluşu ilə bəzi epizodları səhnələşdirdik. Təbii ki, hamısını edə bilməzdik. Çünki qarşıda kitabın çapı var. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəxsən bu sərgidə iştirak edirdi və çox da bəyəndi. Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir müəllim də tədbirə dəvət olunmuşdu. Bu sərgi fransızlar üçün çox maraqlı idi. Mən əminliklə deyə bilərəm ki, bundan sonra kimsə Əhmədiyyə Cəbrayılov haqqında on il belə tədqiqat aparsa, mənim yazdıqlarımdan başqa yeni heç nə tapa və deyə bilməyəcək.

 

- Kitabın bədii tərəfi güclüdür, yoxsa sənədli yönü?

 

- Bu, bir az fərqli tərzdədir. Mənim üçün kitabda ən çətin iş onun üslubunu tapmaqdır. Üslubda fərqlilikdən, yazıda oyunlardan xoşum gəlir. İvon Botto haqqındakı kitabda da standart bioqrafiya stilindən imtina etmiş, onu tamamilə orijinal tərzdə işləmişdim. Bunu yəqin ki, oxuyanda hiss etmisiniz. Orada həm müəllif, həm qəhrəman danışır, həm də onların dialoqu olur. Avtobioqrafik əsərdə bu, çox maraq doğurur. Elə bu kitabda da ona bənzər tərzdən istifadə etmişəm. Bədiilik də var, sənədlilik də. Kitab başlayır Əhmədiyyənin babasından. Təbii ki, müəllif təxəyyülü orada daha çoxdur. Ancaq onun öz həyatı hamısı dəqiqliklə faktlara, sənədlərə əsasən qələmə alınıb.

 

- Bəs Əhmədiyyə Cəbrayılov haqqında fransız xalqının məlumatı nə qədərdir?

 

- Fransız xalqı yalnız özünün böyük generallarını tanıyır. Digər partizanlar, əsgərlər ancaq öz bölgəsində məşhurdur. İkinci Dünya müharibəsində hər bölgənin özünün ayrıca tarixi var, ayrıca döyüşləri və partizanları olub. Onlar bir-birini qətiyyən tanımayıblar. Öz bölgəsində əlbəttə ki, Əhmədiyyəni tanıyırlar. Mən onlarla görüşmüşəm, rəhmətə gedənlərin övladları ilə söhbətlərim olub. Hətta onun bir döyüş yoldaşının, dostunun evinin giriş qapısı ilə üzbəüz Əhmədiyyənin büstü var. Onu da qeyd edim ki, bir neçə il öncə TEAS-ın təşəbbüsü ilə Əhmədiyyənin döyüşdüyü bölgədə onun xatirə lövhəsi qoyuldu. Hələ belə bir şey heç zaman olmamışdı.

 

- Bir qədər də, Mehdi Hüseynzadə haqqındakı kitabdan danışaq. Tədqiqata hardan başlamısınız, necə davam edəcəksiniz, oxucular bununla bağlı sizdən nə gözləsinlər?

 

- Araşdırmağa Bakıdan başlamışam. Ona yaxın olan insanlarla əlaqə saxlayıram. Rejissor Tahir Tahiroviç onun haqqında çox axtarışlar aparıb, bir neçə film çəkib. Onunla da söhbətimiz olub. Moskvada keçmiş KQB-nin arxivlərinə müraciət etmişəm. Təkcə Mixaylo haqqında deyil, oradakı 70 nəfər azərbaycanlı haqqında yazmaq lazımdır. Ondan başqa, axtarışlarım Sloveniyada, İtaliya və yəqin ki, Berlində İkinci Dünya Müharibəsinin arxivlərində davam edəcək. Bu da bütünlüklə həqiqətə söykənən bir əsər olacaq.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2018.- 15 fevral.- S.4.