Ata yurdum Zəngibasar - İrəvan

 

Zaman-zaman mənfur və məkrli qonşularımızın bizim başımıza gətirdikləri qəddar oyunlar, amansız faciələr nə bitər, nə də tükənər.

İllər, onillər, qərinələr, yüzillər keçsə də, bizim köksümüzə vurulan çalın-çarpaz dağlar, yaralar azalmayıb, əksinə, artıb-çoxalıb. Biz onlara qoynumuzda yer verdikcə o yaramaz köküyoxlar daha da ürəklənib, daha da irəliləyib, əzəli-əbədi torpaqlarımızı zəbt edə-edə, yeni-yeni əraziləri öz "ərazilərinə" qata-qata özlərinə yoxdan "Vətən" düzəldiblər, bununla da sakitləşməyiblər, yeni iştahlara düşərək, ağlaya-ağlaya, sızlaya-sızlaya bütün dünyaya car çəkib, türklər tərəfindən daim incidildiklərini, assimilyasiyaya, genosidə məruz qaldıqlarını "sübut edən" kitablar yazmış, yazdırmış, əksər dünya dillərinə tərcümə edərək yayıblar. Beləliklə, bizi dünyanın xalqları arasında "vəhşi", "qaniçən" obrazında qələmə verməyə çalışıblar və təəssüflə deməliyik ki, çox zaman buna nail də olublar.

Bizim də ziyalılarımız, aydınlarımız, işıqlı mütəfəkkir ictimai xadimlərimiz uzun illər ərzində heç də boş-bekar oturmayıb, tarixi həqiqətlər fonunda real hadisələri özündə əks etdirən cild-cild əsərlər, kitablar yazaraq, faktlarla, arqumentlərlə əsl vəziyyəti insanlara çatdırıblar. Doğrudur, bütün dünyanı öz məkrli niyyətlərinə inandırmağa nail olmuş ermənilərin həyasızlığı fonunda həqiqətlərin əks olunduğu, real tarixi faktların yer aldığı gerçəkliklərlə boyaboy dolu olan bu cür kitabları çap etdirmək olduqca çətin başa gəlirdi, bəzən heç mümkün olmurdu. Hər halda, az da olsa, bu qəbildən çox qiymətli mənbə rolunu oynayacaq kitablar çap olunub və nə yaxşı ki, olunub.

Belə qiymətli əsərlərdən biri də "Giriş" hissəsini diqqətinizə çatdırdığımız "Tarixdə qalan izlər" adlı tarixi-sənədli monumental romandır. Əsərin müəllifi bu yaxınlarda Göyçə, Zəngəzur, Dərələyəz, Basarkeçər kimi tarixi torpaqların həsrətiylə dünyasını dəyişmiş pedaqogika üzrə elmlər doktoru, əməkdar müəllim, unudulmaz ziyalı Məmməd Əli oğlu Hüseynovdur. Oxucular üçün maraqlı olacağını nəzərə alıb, təkrar çapına qərar verdiyimiz bu "Giriş" olduqca qiymətli bir mənbədir. Mərhum alimin ruhuna rəhmətlər diləyərək, bu yazını sizin ixtiyarınıza verməyi özümüzə müqəddəs borc bildik...

 

Rəfail Həbiboğlu

Əbülfət Məmmədoğlu 

 

Zəngibasarda yay ayları çox isti olduğundan atam bizi 1940-cı ilədək Qızılziyarət, Ağmanqan, Üçtəpə, Ələyəz, Arxaşan yaylaqlarına aparardı. Yadımdadır, yaylağa dəvələrlə gedirdik. İstidən qorunmaq üçün yolun çoxunu gecələr gedərdik. Dəvənin belində yuxulayardıq. Atam bizi oyatmaq üçün hey səsləyər, anam isə bizi yaylıqla dəvənin daşıdığı yükün ipinə bağlayardı ki, yıxılmayaq. O şirin anları indi də xatırlayıram...

 

1936-cı il idi. Onda mən beş yaşındaydım. Atam Əli Məşədi Hüseyn oğlu və anam Zəhra Məşədi Abbas qızı kolxozda işləyirdilər. Bacım Səriyyə beşinci, qardaşım İbrahim üçüncü sinifdə oxuyurdu. Kəndimizdəki yeddiillik məktəb görkəmli partiya və dövlət xadimi, böyük ədibimiz Nəriman Nərimanovun adını daşıyırdı. Məktəb Arbat, Zəhmət və Qaraqışlaq kəndlərinin aralığında yerləşirdi. Bu məktəbə rayonun başqa kəndlərindən də şagirdlər gəlirdi. Zəhmət məktəbini bitirənlər Zəngibasar (Uluxanlı) kənd orta məktəbində təhsil alırdılar. Altı yaşım tamam olduqda məni birinci sinfə qəbul ediblər. İbtidai siniflərdə müəllimim Mərziyyə Cəlilova idi (əslən irəvanlı olan bu gənc müəllimə bizi çox sevir və yaxşı öyrədirdi. Beşinci sinifdə oxuyarkən Böyük Vətən Müharibəsi başlandı. Müəllimlərimiz cəbhəyə göndərildi. Onlardan bir neçəsi həlak oldu. Təhsilimdə uğursuzluqlar baş verdi. Müharibənin acı nəticələri ilə yanaşı, ailəmiz böyük itki ilə üzləşdi. 1943-cü ilin baharında bacım Səriyyə və qardaşım İbrahim dünyalarını dəyişdilər. Ailəmizə əbədi məyusluq sükutu çökdü. Sonralar mənə aydın oldu ki, "həkimlər"in günahı ucbatından atam öz cavan övladlarını itirmişdir.

 

Yaxşı yadımdadır. Novruz bayramına bir neçə gün qalmışdı. Həzin və isti bahar küləyi əsirdi. Məktəbdən evə qayıdırdım. Camaatın bizə toplaşdığını gördüm. Qonşular anamın başı üstündə ağlayırdılar. Bu ağır faciəni heç unuda bilmirəm. Buna oxşar ilk hadisə 1905-ci ildə olmuşdu. O zaman qonşu erməni kəndindən bizim kəndə atılan tüfəng gülləsi atamın əmisini öldürmüşdü. 1918-ci ildə isə erməni ekstremistləri kəndimizi gülləbaran edərkən bibim öldürülmüşdü. Bu faciələr atamı hədsiz dərəcədə sarsıtmışdı. Digər tərəfdən, anamın üç qardaşı: Cəlil, Məhərrəm və Cabbar Quliyev qardaşları Böyük Vətən Müharibəsinə getmişdilər. Onlardan birinin-Quliyev Məhərrəmin ölüm xəbəri gəlmişdi. Həmin illərdə anam ayaqlarını soyuq suya salıb, Allaha yalvarırdı ki, ailəmiz bəlalardan uzaq olsun. Müharibənin acı nəticələri, qohum-qonşu cavanların cəbhədə ölümü məni uşaqlıq aləmindən ayırmış, gənc vaxtlarımdan qocaltmışdı. Çətin şərait məni uşaqlıqdan ailə dərdi çəkməyə vadar etmişdi. Ailəmizin son ümidi mən idim. Ata nəsihətinə sadiq qalaraq, təhsilimi İrəvan Azərbaycan Pedaqoji Texnikumunda davam etdirməyi qərara aldım. Müəllim olmaq mənim ilk arzum olub. Bu peşəyə məni atam yönəltmişdi. Atam kitab oxuyarkən mən onu  maraqla dinləyirdim. O, hər dəfə mənə deyərdi: "Oğlum, qabaqcıl elm adamları maarifə böyük qiymət vermişlər. Oxu, elmə yiyələn, xalqımıza xidmət et. Xalqı bu ağır günlərdən yalnız elm xilas edə bilər..." Pedaqoji Texnikumda təhsil illərim (1944-1947) çox ağır keçdi.

 

Texnikumda Azərbaycan dili fənnini qocaman maarif xadimi Mehdi Kazımov, ədəbiyyatı Fərhad Fərhadov, tarixi Bəhlul Yusifov və Rəziyyə İsmayılova, coğrafiyanı Ələşrəf Bayramov və Sura Əkbərova, fizikanı Cəlal Əsgərov tədris edirdilər. Bu müəllimlər həm də İrəvan Pedaqoji İnstitutunda dərs deyirdilər. Azərbaycanlıları Ermənistandan zorla köçürəndə (1948) bu müəllimlərdən bir neçəsi Bakıya pənah gətirdi və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda işlədilər, elmi dərəcələr də aldılar. Texnikumun direktoru Bəhlul Yusifov idi. O, Bakıya məcburən köçdükdən sonra direktor Həbib Məmmədzadə oldu. Xatırlayıram ki, coğrafiya müəllimimiz Ələşrəf Bayramov, tarix müəllimimiz Rəziyyə xanım İsmayılova Ermənistan ərazisindəki tarixi abidələr, İrəvan şəhərindəki məscidlər, karvansaraylar və Zəngibasar rayonunun Cəfərabad kəndində XV əsrdə inşa edilmiş Türbə haqqında maraqlı söhbətlər edirdilər. Bu türbədə Əmir Səidin, oğlu Pir Hüseynin və Qaraqoyunlular Sülaləsinin başçısı Qara Yusifin (1410 - 1420) sərkərdəliyindən bəhs edilir. İrəvandakı yer adlarına diqqət yetirək: Məhəllələr: Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dəmirbulaq, Bağçalar, Yoncalıq, Börkçülər. Məscidlər: Göy məscid, Qala məscidi, Hacı bəyin məscidi, Zalxan məscidi, Günlüklü məscid, Günbəzli məscid, Şəhər məscidi, Novruzəli məscidi, Hüseynəli məscidi. Meydanlar: Məscid meydanı, Zalxan meydanı, Fəhlə meydanı, Şəhər meydanı, Böyük meydan. Bağlar: Dərə bağı, Dəlmə bağı, Dəmirbulaq bağı, Dərəkənd bağı, Şəhər bağı, Abbas bağı. Bulaqlar: Dəmirbulaq, Dəlməbulaq, Sərdarbulaq. Çaylar: Gedərçay, Qırxbulaq, Zəngi, Gərni Karvansaralar: Gürcü, Culfa, Sərdar, Tağlı, Sulu, Susuz, Hacı Əli karvansaraları (İsrafil Məmmədov, "Tariximiz, torpağımız, taleyimiz", "Adiloğlu" nəşriyyatı, Bakı 2002, səh.34) Müəllimlərin və yaşlı nəslin məlumatlarından aydın olurdu ki, 1930-cu illərdən başlayaraq şəhərdəki məhəllələr, bulaqlar, meydanlar, karvansaraylar, bağlar, məscidlər dağıdılır, yeni küçələr, meydanlar, bağlar və qondarma abidələr yaradılırdı. 1948-ci ildə azərbaycanlıları Ermənistandan zorla köçürdükdən dərhal sonra hər şey, hətta çayların, dağların, kəndlərin adları da sürətlə dəyişdirildi. Zəngi çayı Hrazdan, Araz çayı Araks, Ağrı dağı Ararat, Göyçə gölü Sevan adlandırılırdı. Gedərçayın şəhərin mərkəzindən keçən hissəsi beton plitələrlə örtüldü... Ancaq yaşlı nəslin yaddaşında dağıdılan yerlərin əvvəlki adları 80-ci illərə qədər yaşayırdı. Tramvay yollarının üzərində olan məhəllələr - Şiləçi, Toxmaq, Təpəbaşı, Yoncalıq və s. öz adları ilə səslənirdi. Dağıdılmış yerlər çox idi. Bu yerləri hər gün, hər saat görürdüm. Xatırlayıram ki, kəndimizdən İrəvana gedəndə yolum azərbaycanlılar yaşayan Göykümbət, Cəfərabad və Xaraba Sarvanlar kəndindən keçirdi. Göykümbətin adı Geğanist, Cəfərabadın adı Arqavant oldu... Xaraba Sarvanların faciəsi daha böyük oldu. Bu kənd İrəvanın yaxınlığında, Xan körpüsündən 3 km məsafədə, Zəngi çayının sağ sahilində hər tərəfi təpələrlə əhatə olunmuş ərazidə idi. Azərbaycanlılar bu kənddən köçürüldükdən sonra kəndin evləri texnika ilə dağıdıldı. Zəngi çayının qarşısında bənd vurub, bu kəndin ərazisində süni göl yaratdılar. Kənd bütövlüklə gölün dibində qaldı. Canlı həyat məhv oldu.... Az sonra "Qələbə" körpüsü inşa edildi. İrəvan - Eçmiədzin yolunun istiqaməti dəyişdirildi. Yolu akademik Heydər Hüseynovun atasının bağından saldılar. Bağın çox hissəsi tapdaq altında, az hissəsi yoldan kənarda qaldı...

 

Eşitdiklərimə görə, Ermənistanda yaşayan əhalinin yarıdan çoxu azərbaycanlı olub. Daha əvvələr isə İrəvan xanlığı dövründə əhalinin daha çox hissəsi və xan babalarımız azərbaycanlılar olub. Yazılı mənbələrə görə, 1410-1827-ci illərdə İrəvan xanlığını azərbaycanlılar idarə etmişlər. Bu da Ermənistanda azərbaycanlıların əksəriyyət təşkil etdiyini sübuta yetirən faktlardır (Bax: Erməni Sovet Ensiklopediyası, c.3, səh. 571). Yazılı mənbələrə görə, 1805-ci ildə birinci Rusiya-İran müharibəsi zamanı rus qoşunları İrəvan xanlığını tutmaq üçün hücum edir. General Sisianovun başçılığı ilə İrəvan qalası mühasirəyə alınır. İrəvan xanı Hüseyn xanın qoşun dəstələri qalanı mərdliklə müdafiə edir. İrəvan qalası uğrunda döyüşlərdə məğlubiyyətə uğrayan rus generalları rus çarı tərəfindən yeniləri ilə əvəz edilir. General Sisianov, general Paskeviç, general Qudoviç bu döyüşlərdə məğlubiyyətə uğrayırlar. Çar yeni qoşun dəstələri göndərərək ordusunu möhkəmləndirir. İkinci Rusiya-İran müharibəsi zamanı (1826-1828) Abbas-Mirzə İran qoşunu ilə İrəvan xanına köməyə gəlir. Rus qoşunu yenə məğlub edilir. Bundan sonra qoşunu yeni toplarla silahlandıran general Paskeviç İrəvan qalasını şiddətli top atəşinə tutur və nəhayət, qalanı alır. 1828-ci ildə Rusiya ilə İran arasında bağlanan "Türkmənçay" müqaviləsinə əsasən, İrəvan xanlığının ərazisi - Ağrı dağı düzənliyi, Göyçə gölü hövzəsi və Araz çayının cənub-qərbinə uzanan ərazi Rusiyanın tərkibinə qatılır. İrəvan xanlığı Şimali Azərbaycanda rus istilasına məruz qalan sonuncu xanlıq olur. Tarixi məlumatlara əsasən, İrəvan xanlığının ərazisi əvvəllər farsların, parfiyalıların, romalıların, VII əsrdən ərəblərin, XI əsrdən XIX əsrin əvvəllərinədək Türkiyə və İranın hakimiyyəti altında olmuşdur. Ümumiyyətlə, bu torpaq tarixdə 14 dəfə əldən-ələ keçmişdir. Çar Rusiyası Qafqazda Azərbaycanın mövqeyini zəiflətmək üçün İrəvanın ətraf rayonlarına İrandan 40 min, Türkiyədən 85 min və qalan ölkələrdən 75 min (cəmi 200 min) erməni yerləşdirir.

 

Azərbaycanlıların dəmiryol vağzalına yaxın məhəlləsində, XVI əsrdə inşa edilmiş Hacı Novruzəli məscidinin yerində Sasunlu Davidin heykəlini görürdüm. Tarixlərin canlı şahidi Hacı Novruzəli məscidi 1931-ci ildə dağıdılmışdı.

 

1940-cı illərdə Ermənistan KP MK-da, Alı Sovetdə, ayrı-ayrı nazirliklərdə, baş idarələrdə, rayon partiya və icraiyyə komitələrində, idarə və təşkilatlarda çoxlu sayda azərbaycanlı işləyirdi. Ermənistan KP MK-nın, Ermənistan SSR Ali Sovetinin və Nazirlər Sovetinin orqanı olan "Sovet Ermənistanı" qəzeti həftədə beş dəfə dərc olunurdu. Qəzetin redaksiya heyətində öz işini bilən, məhsuldar və yaradıcı zıyalılar çalışırdı. Əhalisinin çox hissəsi azərbaycanlılar olan rayonlarda (Vedi, Zəngibasar, Basarkeçər, Krasnoselo, Amasiya) rayon qəzetləri Azərbaycan dilində çap olunurdu. Bu rayonlarda (1950-ci ilə qədər) Azərbaycan dili dövlət dili hesab olunurdu. İrəvan Pedaqoji İnstitutunda 1930-cu ildə yaranmış Azərbaycan şöbəsi fəaliyyət göstərirdi. Ermənistanda müəllim kadrların hazırlanmasında 1925-ci ildə təşkil edilmiş İrəvan Azərbaycan Pedaqoji Texnikumu mühüm rol oynayırdı. Yeri gəlmişkən deyim ki, 40-cı illərdə Ermənistanda kadr məsələlərində azərbaycanlıları az da olsa, nəzərə alırdılar. Məmməd İsgəndərov 1948-ci ilədək Ermənistan KP MK-nın katibi, Rəhim Allahverdiyev MK-da Kənd Təsərrüfatı Şöbəsinin müdiri, Əkbər Rzayev MK-da Təbliğat-Təşviqat Şöbəsinin müdiri, Səfər Alməmmədov Ədliyyə naziri, Hüseyn Abdullayev Yollar İdarəsinin rəisi işləmişdir. Respublikanın Qarabağlar, Vedi, Ağbaba (Amasiya), Zəngibasar, Krasnoselo rayonlarında partiya komitələrinin birinci katibləri, Ermənistan SSR Maarif nazirinin birinci müavini, Sisyan, Qafan, Mehri, Yeğeqnadzor, Kalinino, İcevan rayonlarında ikinci katiblər, yaxud da rayon soveti icraiyyə komitələrinin sədrləri, yeddi rayonda prokuror və ya prokuror köməkçiləri, daxili işlər şöbələrinin rəisləri azərbaycanlılar olmuşlar. Qırxıncı illərdə Qələndər Haşımov, İbiş Abbasov, Salman Hüseynov, Umud Süleymanov, əllinci illərdə Əli Məmmədov, Hüseyn Məmmədov, Qəşəm Şahbazov, Cəfər Vəlibəyov, Rza Vəlibəyov, Rza Rzayev, Tahir Bayramov, Talıb Musayev, Həbib Həsənov, Gülməmməd Məmmədov, Əli Həsənov kimi yetkin azərbaycanlı ziyalılar partiya və dövlət aparatlarında fəaliyyət göstərmişlər. Onların fəaliyyəti erməni ziyalıları tərəfindən də etiraf olunurdu.

 

Ermənistanda Sovet hakimiyyəti uğrunda azərbaycanlıların mübarizəsi Ermənistan KP MK-da şöbə müdiri, Xalq Komissarları Sovet sədrinin müavini, Maarif nazirinin birinci müavini vəzifələrində işləmiş Rza Vəlibəyovun 1969-cu ildə İrəvanda nəşr etdirdiyi "Keçmişdən səhifələr" aldı kitabında geniş şərh olunmuşdur. Müəllif azərbaycanlı mübarizlərdən Cahangir Ələkbərbəyov, Saleh Güllücinski, Hüseyn Salmanov, Musa Vəlibəyov, Rza Axundov, Məmməd Yusifzadə, Məmmədəli Nasir, Bala Əfəndiyev, Yusif Abbasov, Abbasqulu bəy Şadlinski, Əli Tağızadə, Ələmdar Həşimov və başqalarının xidmətlərini təfsilatı ilə şərh etmişdir. Yeri gəlmişkən, Bala Əfəndiyev 1920-ci illərdə Ermənistan KP MK-nın və Ermənistan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin üzvü, Ermənistan SSR Daxili İşlər Komissarının müavini, Ermənistan KP MK yanında azlıqda qalan millətlər arasında iş aparan şöbənin müdiri, Ermənistan SSR İctimai Təminat komissarı, Ermənistanda ilk dəfə Azərbaycan dilində çıxan "Rəncbər", sonra isə "Zəngi" qəzetlərinin məsul redaktoru vəzifələrində çalışmışdır. Əli Tağızadə 1930-cu illərdə Vedi RPK-nın I katibi, Ermənistan KP MK-nın büro üzvü, Ermənistan Mərkəzi İcraiyyə Komitəsi üzvü, Ermənistan Xalq İctimai Təminat Komissarlığında Xalq Komissarı vəzifələrində çalışmışdır. Pedaqoji Texnikumdakı təhsil illərim böyük çətinliklər şəraitində başa çatdı. Müharibənin acı nəticələri aradan qalxmamış yeni müharibə - milli zəmində müharibə başlandı. Gözlənilmədən məlumat verildi ki, xaricdən gələn 200 min ermənini Ermənistanda yerləşdirmək üçün azərbaycanlılar Ermənistandan köçürülməlidir...! 1920-ci ildə əzəli Azərbaycan ərazisi olan Basarkeçər, Vedibasar və Zəngəzur mahallarının Ermənistana bağışlanması Ermənistan rəhbərliyini sonralar yeni torpaq iddiaları irəli sürməyə həvəsləndirdi. 1945-ci ilin noyabrında Ermənistan KP MK-nın I katibi Q.Harutyunovun İ.Stalinə məktubunda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi təklif edilir. İ.Stalin həmin məktubu Azərbaycanın rəhbərliyinə göndərir. Azərbaycan KP MK-nın birinci katibi M.C.Bağırov bu məktuba cavab olaraq bildirir ki, Azərbaycan həmin təklifə etiraz etmir, bu şərtlə ki, indi Ermənistan SSR adlandırılan ölkədə Azərbaycanın olmuş ərazilər geri qaytarılsın. Q.Harutyunov əlverişli fürsətdən istifadə edərək xarici ermənilərin Ermənistana köçürülməsi ilə əlaqədar azərbaycanlıların Ermənistandan zorla köçürülməsi barədə qərar verilməsinə nail oldu. SSRİ Nazirlər Soveti 23 dekabr 1947-ci il tarixdə "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar verdi. 1948-1953-cü illərdə 150 min günahsız azərbaycanlını Ermənistandan köçürdülər. Əlbəttə, buna köçürmə demək olmazdı. Bu, mədəni qaydada azərbaycanlıların Ermənistandan qovulması idi...

 

O illərdə həmyerlim İsmayıl Şükürzadə İrəvan Pedaqoji İnstitutunda müəllim işləyirdi. Azərbaycan şöbəsi bağlandığı üçün orada işləyən müəllimlər və oxuyan tələbələr Bakıya köçürülürdü. Müəllimlər Azərbaycan Dövlət Pedaqoji İnstitutunda işləməli, tələbələr isə bu institutda təhsil almalı idi. Mən İsmayıl Şükürzadəyə hansısa bir məsələ ilə bağlı məlumat vermək üçün instituta getmişdim. Tələbə və müəllimlər buranın girişində, V.İ.Leninin abidəsi yanında dayanmışdılar. Azərbaycan şöbəsinin müdiri Zaman Vəliyev, onun müavini Əyyub Babayev, müəllimlərdən Ələşrəf Bayramov, İsmayıl Şükürzadə, Fərhad Fərhadov, Məmməd Həsənov və başqaları da burada idilər. Onlar məcburi köçürmənin səbəblərini araşdırır, onun acı nəticələrindən danışırdılar. Elə bu anda institutun rektoru, professor Aqzimusiyan gəldi. Hamı yönünü rektora tərəf çevirib, ondan xoş sifətlə deyiləcək söz, yeni məlumat gözlədi... Rektor abidə ətrafına toplaşanların yanında bir an ayaq saxladı və salam vermədən sözə başladı. Onun ilk kəlməsi belə oldu: "Siz nə əlçəkməz adamlarsınız? Nə üçün çıxıb getmirsiniz?" O, bu acı kəlmələrdən sonra şahmar ilan kimi dönüb yolunu davam etdirdi. Hamı nifrətli nəzərlərlə onun arxasınca baxırdı... Nə etmək olardı? Tarixin acınacaqlı hadisələri bizləri zəiflətmiş, onları isə əksinə, qudurtmuşdu. İndi onlar vaxtı ilə qoltuğuna sığınıb hörmət gördükləri xalqı təhqir edirdilər. Bu hadisədən sonra özünü "inkişaf etmiş" xalqın övladı hesab edən aqzimusiyanlara olan nifrətim bir daha artdı. Çox qəribədir ki, bu əhvalatlar Sov.İKP-nin 1948-ci ildə məfkurə məsələlərinə dair məşhur "Qərar"ından sonra baş verirdi. Bu Qərarda ziyalıların yüksək məfkurəyə əməl etmələri nəzərdə tutulurdu. Çox təəssüf ki, belə "Qərarlar"a bəzi erməni ziyalıları heç vaxt əməl etməmişlər. Bu da təbiidir. Onların "Xalis Ermənistan", "Böyük Ermənistan" planları buna mane olurdu. Digər tərəfdən, hakim dairələrdə onların özləri əqidədə dəstəkləyənləri var idi... Bu bir tarixi həqiqətdir ki, "Ermənistan" adlanan ərazidən - Qərbi Azərbaycandan biz zaman-zaman sıxışdırılmışıq. 1918-ci ildə Ermənistanda azərbaycanlılar respublika əhalisinin 45 faizini, 575 min nəfər təşkil etdiyi halda, 1922-ci ildə Azərbaycanda cəmi 240 min nəfər erməni əhalisi olmuşdur. (Bax: Böyük Sovet Ensiklopediyası, I buraxılış, c.3., səh. 479). 1979-cu ildə Ermənistanda azərbaycanlıların sayı 165 min nəfər, Azərbaycanda isə ermənilərin sayı 487 min nəfər olmuşdur. Bu, milli münasibətlərdə kəskin fərqin olduğunu təsdiq edir. Bizim xalq Azərbaycanda ermənilərə həmişə həqiqi qonşu kimi baxmış, ermənilər isə Ermənistanda bizə həmişə laqeyd münasibət göstərmişlər. Hazırda Azərbaycanda ermənilər vilayət halında yaşayır, Ermənistanda isə nə azərbaycanlı var, nə də azərbaycanlıların yaşadıqları yerlərin çox qədimdən daşıdığı türk mənşəli adlar. Belə adlar isə minlərlədir...

 

Məmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2018.- 16 fevral.- S.8.