Azərbaycanla Türkiyənin "Qardaş məktəb"i açıldı
Dünən Azərbaycan Milli
Konservatoriyası nəzdində
İncəsənət Gimnaziyasında
Gimnaziya ilə Türkiyənin Bursa Zeki Müren İncəsənət
Liseyi arasında "Qardaş məktəb"
layihəsinin açılış
mərasimi keçirilib.
Azərbaycan və Türkiyənin təhsil nazirliklərinin dəstəyi ilə həyata keçirilən
layihə çərçivəsində
İncəsənət Gimnaziyasının
dəvəti ilə
Bursa İncəsənət Liseyindən 15 nəfərlik
nümayəndə heyəti
Bakıya gəlib. Azərbaycan Milli
Konservatoriyasının rektoru,
Xalq artisti Siyavuş Kəriminin rəhbərliyi ilə baş tutan tədbirdə iki ölkədən rəsmi
şəxslər, məktəb
direktorları, görkəmli
mədəniyyət xadimləri
və media nümayəndələri
iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan gimnaziyanın direktoru Aytən Əhmədova qonaqları salamlayaraq, layihə haqqında geniş məlumat verib, çox qədim köklərə
malik Azərbaycan-Türkiyə
qardaşlığının bu layihə sayəsində daha da möhkəmlənəcəyinə
inandığını vurğulayıb.
Təhsil
Nazirliyinin şöbə
müdiri Emin Əmirullayev bildirib ki, İncəsənət
Gimnaziyasının nazirlik
üçün xüsusiləşmiş
təhsil mərkəzidir:
"Burada bizim müstəqilliyimizin gənc
ulduzları yetişir.
Demək olar ki, hər il burada təhsil alan şagirdlərimiz müxtəlif
mükafatlara layiq görülür, beynəlxalq
tədbirlərdə ölkəmizi
layiqincə təmsil edirlər. İnanıram ki, bu gün təməli qoyulan bu layihə
vasitəsilə onların
özlərini tanıdacaqları
üfüqlər daha
da genişlənəcək.
İki ölkənin qabaqcıl təhsil ocaqları arasında yaradıcılan
bu əlaqə xüsusilə təqdirəlayiqdir".
Türkiyənin Azərbaycandakı səfirliyinin
Mədəniyyət və
Tanıtma müşaviri
İrfan Çiftçi
çıxışında layihənin ən önəmli tərəfinin
iki təhsil ocağının fəaliyyətinin,
şagirdlərinin dəyişimi
olduğunu deyib:
"Biz Türkiyə Cümhuriyyəti
olaraq, hazırda çıx ciddi sıxıntılar yaşayır,
ağır savaşlardan
keçirik. Demək olar ki, hər gün şəhidlər veririk.
Eləcə də Azərbaycanın
uzun illərdir məruz qaldığı
Qarabağ problemi hələ də davam etməkdədir.
Ancaq həyat davam edir. Bizim bu savaşlara,
sıxıntılara qalib
gəlməyimizin bir yolu da sənəti,
mədəniyyəti inkişaf
etdirməkdir. Sənət özü
necə mürəkkəbdirsə,
onun tədrisi, təhsili də çox çətin prosesdir. Bu məktəblərin
rəhbərlikləri bu
çətinin öhdəsindən
layiqincə gəlirlər.
Mən bu münasibətlə onları təbrik edirəm. Sənətin olduğu yerdə
hər zaman zəriflik, incəlik, estetika, mədəniyyət
olacaq. Dünyanı, insanlığı siyasət, texnologiya deyil, ancaq sənət
qurtaracaq. Mən buna
həm də bir şair kimi
çox inanıram.
Bu iki təhsil
ocağının şagirdləri
bir-birinin ölkəsinə
gedərək həmin
ölkənin mədəniyyətini,
incəsənətini öyrənəcək,
öz yaradıcılıqlarında
təbliğ edəcəklər.
Biz də səfirlik
və müşavirlik
olaraq, hər zaman sizin yanınızdayıq".
Türkiyəli qonaq Rəmzi Ayaz Azərbaycan və Türkiyənin tarix boyunca ən
çətin, ağır
məqamlarında bir-birinin
yanında olduqlarını,
bir-birinə kömək
əllərini uzatdıqlarını
xüsusi xatırladaraq
qeyd edib ki, uzaq keçmişdən
gələn bu mənəvi birliyi layiqincə davam etdirib gələcək nəsillərə ötürmək
indi hər kəsin ən ümdə vəzifəsi
olmalıdır.
"Bu gün Ümumilli lider Heydər Əliyevin "bir millət, iki dövlət" fikrinə
layiqincə əməl
etdik"- deyən layihənin rəhbərləri
Günay Mehdizadə və Seyfəddin Yıldırım sevinclərini
dilə gətirib, təməlini qoyduqları
bu ənənənin gələcəkdə də
davam edəcəyinə
inandıqlarını dilə
gətiriblər.
Azərbaycan Milli Konservatoriyasının
rektoru, Xalq artisti Siyavuş Kərimi iki ölkə arasında mədəni əlaqələrin
möhkəmlənməsi istiqamətində
belə layihələrin
böyük önəm
daşıdığını qeyd edib.
Daha sonra tədbir azərbaycanlı
və türkiyəli
məktəblilərin ifasında
konsert proqramı ilə davam edib. Konsertdə M.Maqomayevin
"Azərbaycan", "Cəngi", F.Əmirovun
"Vals", "Elegiya",
Aqşin Əlizadənin
"Rəqs", Muammer
Sunun "Göçekçe",
Niyazinin "Xoreoqrafik
vals" və s. əsərlər, "Qoy,
gülüm gəlsin"
xalq mahnısı,
"Qarabağ şikəstəsi"
və bu il 120 illik yubileyi
qeyd olunan dahi sənətkar Bülbülün yaradıcılığına
həsr olunmuş kiçik səhnə təqdim olunub.
Daha sonra İrfan Çiftçi, Emin Əmirullayev, Rəmzi Ayaz, Seyfəddin Yıldırım, Aytən
Əhmədova, Günay
Mehdizadə, Siyavuş
Kərimiyə hər
iki təhsil ocağının hazırladığı
xüsusi mükafatlar
təqdim olunub.
Konsert proqramının
sonunda gimnaziyada təşkil olunmuş Türkiyə-Azərbaycan qardaşlığını
əks etdirən sərginin də açılışı olub.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2018.- 16 fevral.- S.8.