Ulu Saz səltənətində əbədi taxt quran sənətkar

 

ƏBƏDİYAŞAR ƏDALƏT NƏSİBOV YARADICILIĞI SAZA, AŞIQ SƏNƏTİNƏ BÖYÜK QAYIDIŞ ÜÇÜN MİSİLSİZ TƏKAN OLDU

 

Saz Azərbaycan xalqının qədim tarixi-mədəni mənəvi atributlarından biridir.

Kökləri mifoloji dünyagörüşə gedib çıxan Dədə Qorqud dastanlarında bu qiymətli tarixi abidəmizin - sazın, saz-söz, musiqi beşiyi olan ellərimizin - Dərbənd, Gəncə, Əlincə, Qarabağ, Qazax, Göyçə s. bölgələrimizin adları çəkilir. Dastanın boylarında yurdumuzun xalqımızın qorunması, yadellilərə - şər qüvvələrə qarşı ölüm-dirim savaşları təsvir edilir: igidlərimiz savaşlara sazın sədaları altında girir qalib gəlirlər.

 

Saz xalqımızın həyat tərzinin, mədəniyyətimizin, əxlaqi-didaktik görüşlərimizin formalaşmasında, duyğularımızın ifadəsində əvəzsiz rol oynayıb. Döyüşlərdə, şənliklərdə, 

 

DAR GÜNLƏRİMİZDƏ SAZ HƏMİŞƏ YANIMIZDA OLUB 

 

Sazla söhbət eləmək, sazla dərdini bölüşmək, insanı yaxından tanımaq olur. Koroğlu öz dəlilərini seçəndə onlara saza qulaq asdırar, diqqətlə sifətlərinə baxar, ruhlarında baş verən dəyişikliklərə diqqət yetirər, ruhu bədəndən oynayan igidləri Çənlibelə qəbul edərmiş. Saz Şah İsmayılı dünyanın ən qolugüclü sərkərdəsi, Miskin Abdalı dövrünün müdrik elçisi, Ələsgəri isə saz-söz dünyasının tanrısı edib.

 

Xalqımız dünya mədəniyyətinə, musiqi xəzinəsinə Səfiəddin Urməvi, Əbdülqadir Marağayi kimi dahilər verib. Urməvi hələ XIII əsrdə Azərbaycan muğamlarını not yazısına çevirib, muğamlarımızın mahir ifaçısı olub. Əbdülqadir Marağayi isə ifaçılıq musiqi yaradıcılığı ilə məşğul olaraq şöhrətlənib. Cəlairilər sülaləsindən olan Sultan Əhməd Əbdülqadir Marağayinin ifasının vurğunu olmuş onu saraya dəvət etmişdi. Sultan Əhməd onu "Aləmdə bənzəri olmayan" sənətkar kimi çağırırmış.

 

Digər bir bənzərsiz ifaçı,

 

SAZ-SÖZ SƏNƏTİNİN ƏŞRƏFİ ƏDALƏT NƏSİBOV 

 

Ulu Tanrı tərəfindən xalqımıza XX əsrdə bəxş etdi. Etiraf etməliyik ki, xüsusilə sovet dövründə bolşevik basqısı altında xalqımızı öz tarixindən, mədəniyyətindən, musiqisindən uzaqlaşdırmağa çalışanlar olub. "Yeni sovet xalqı, yeni sovet mədəniyyəti" yaradanlar milli musiqi alətlərimizi, xüsusilə sazı mövhumatın, islam dininin təbliğatçısı kimi qələmə verirdilər.

 

El şənliklərində, xeyir işlərdə sazın səsi getdikcə çox az-az eşidilirdi. Bu cür fürsətlərdən məharətlə istifadə etməyi bacaran ermənilər az qala bütün türk dünyasına məxsus olan sazı da özününküləşdirməyə çalışırdı.

 

Lakin saz-söz kəhkəşanında hörmətli alimimiz Mirəli Seyidovun Ədalət Nəsibovun günəş kimi doğması onların bu arzularını gözlərində qoydu. Çox maraqlıdır, torpaq qarətçiliyi ilə məşğul olan qonşularımızın ürəyindən mədəniyyətimizə, incəsənətimizə sahib çıxmaq istəyi keçirmiş.

 

M. Seyidov "Qaynaqların elmi əsası" məqaləsində erməni musiqişünas H. Təhməzyanın

 

QƏDİM MUSİQİ QAYNAQLARIMIZA SAHİB ÇIXMAQ, 

 

ozan, varsaq, aşıq mədəni irsimizi erməniləşdirmək cəhdlərini əsaslı dəlillərlə ifşa etmişdir.

 

Sazın əbədiliyini, türkə məxsusluğunu musiqişünas Firudin Şuşinski belə ızah edirdi: "Dünyanın elə bir yerinə düşə bilərəm ki, orada heç kəs Azərbaycanın hara olduğunu bilməz. Məndən haralı olduğum soruşulanda, sazı alıb "Yanıq Kərəmi" çalıb deyərəm: "Bax, mən buralıyam".

 

XX əsrin ikinci yarısının yaşadığımız əsrin əvvəllərinin ən mahir saz ifaçısı Ədalət Nəsibov ATV televiziya kanalına verdiyi müsahibələrindən birində deyir: "Saz mənim deyil... Saz Dədə Qorquddan, ozanlardan bizə qalan bir alətdir. 

 

MƏN BU SAZIN ÜSTÜNDƏ NƏLƏR ÇƏKMİŞƏM!.."

 

Ustad aşıq elə həmin müsahibəsində deyir ki, saz alətinin varlığı bizim xoşbəxtliyimizdir: "Olanımız budur. Bunu havayı göstərmirlər. Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürk qalpaq adlanan papağı qoydu başına onu dəb saldı. Eləcə saz. Saz 10-15 il bundan əvvəl bu qədər ictimailəşməmişdi. Amma bu gün saz yerini alıb, dərnəklər, sənətkarlar, bütün ictimaiyyət sevir, el-oba da saza məftundur".

 

Aşıq Ədalətin möhtəşəm saz ifaçılığı isə bu musiqi alətinin məhz Azərbaycan xalqına məxsus olmasına möhür vurmuşdur. Biz artıq bir neçə aydır ki, Ədalətlə bir dünyada deyilik. Amma

 

ONUN YOXLUĞU İLƏ BARIŞA BİLMİRİK. 

 

Bu gün İlqar İmanquliyev, Zülfiyyə İbadova, Ədalət Dəlidağlı, Fəxriyyə Göyçəli, Fəzail Miskinli, Nemət Qasımlı və onlarla başqa virtuoz saz ifaçılarını görüncə Ədalət ömrünün əbədiliyinə bütün varlığımızla inanırıq. Sazı Azərbaycana, Azərbaycanı saza qaytaran ömür ölməzdir, əbədidir.

 

Aşıq Ədalət öz ölümü, Qazaxda dəfn olunmaq istəyi ilə də xalqımızın mədəniyyətinin, musiqi dünyasının gələcəyinə, onun daha da zənginləşməsinə, çiçəklənməsinə xidmət etdi. Mənə elə gəlir ki, onun bu hərəkəti də xalqımız üçün əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bir örnək, milli özünüdərk və vətənpərvərlik məktəbinin tərkib hissəsidir. Heydər Əliyevin təşəbbüsü ilə böyük Azərbaycan şairi Hüseyn Cavidin qəbrinin Sibirdən Azərbaycana gətirilməsi və doğma Naxçıvanda dəfn olunması bu torpağı düşmən qarşısında sipərə, alınmaz qalaya çevirmişdir.

 

AŞIQ ƏDALƏTİN DOĞMA QAZAXDA TORPAĞA TAPŞIRILMASI,

 

xalqımıza Molla Vəli Vidadi, Vaqif, Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, Hüseyn Arif, İsmayıl Şıxlı kimi ədəbiyyat dühalarını, Əliağa Şıxlinski, İbrahim ağa Vəkilov və onlarla başqa sərkərdələr verən Qazax torpağında dəfn olunması hər kəsin bu elin-obanın, bütün Azərbaycanın mübariz keşikçisi kimi böyüməsində misilsiz rola, tərbiyəvi əhəmiyyətə malikdir.

 

Mənə elə gəlir ki, Vətənimizin bütün guşələrini bu cür alınmaz qalalara çevirmək lazımdır. Böyük şəxslərin anadan olduqları, suyunu içib, çörəyini yeyib şana-şöhrətə çatdıqları eldə-obada dəfn olunmaları bu elləri də şana-şöhrətə çatdırar, Azərbaycanın ayrılmaz bir parçası olduğunu yaddaşlara həkk edər.

 

Abbas VƏFADAĞLI

 

525-ci qəzet.- 2018.- 16 fevral.- S.6.