Ömrün iki qərinəsi - Vaqif
Abbasov-65
"Elə adamlar var ki, onlarla söhbət etmək
yaxşı bir kitab oxumağa bərabər olur".
Əbülhəsən
Bəhmənyar
Vətənə məhəbbət, torpağa, ana yurda
sevgi ən əvvəl, insanın elə anadan olduğu
doğma ocaqdan, eldən-obadan başlayır.
İnsan öz böyük Vətənini kiçik kəndinin
və ya şəhərinin bir ovuc torpağından, onun
gülünün, çiçəyinin ətrindən sevməyə
başlayır. Bal arısı güllərin,
çiçəklərin şirəsini çəkdiyi kimi,
insan da doğulub boya-başa çatdığı bir ovuc
torpağın sevgisini zərrə-zərrə içinə
çəkir. Bu sevgi onu ana torpaqdan güc almağa,
yaşamağa, yaratmağa səsləyir və sonda isə Vətənini
sevməyə sövq edir... Bu, hər bir insan
ömründə belədir. Ancaq fərq
isə bu sevginin miqdarında, qədərindədir. Kimdə
bu sevgi az olur, kimdə isə qədərindən
çox. Vaqif müəllimi tanıyandan mənə
elə gəlib ki, o, ikinci qəbil - yəni doğulduğu
torpağı, elini-obasını, Vətənini qədərindən
çox sevən insanlardandır. Onun qədər
doğulduğu yurda, onun insanlarına ürəkdən
bağlı olan çox az adam
tanıyıram.
Tale elə gətirib ki, Vaqif müəllimlə mənim
anadan olduğumuz kəndlər - Tərtər rayonunun Cəmilli
və Evoğlu kəndləri türkün əzəli və
əbədi düşməni olan erməni postlarının
çox yaxınlığında yerləşir. Demək olar
ki, hər gün bu kəndlərin cəbhə-boyu ərazilərində,
eləcə də rayonun düşmənlə həmsərhəd
olan digər kəndlərində atəşkəs rejimi
pozulur, dinc əhali, yaşayış məntəqələri,
mülki adamlar atəşə tutulur. Ölənlər,
yaralananlar və dağıntılar olur. Bu
barədə ölkə KİV-ləri vaxtaşırı xəbərlər
verir, oradan reportajlar yayımlayırlar. Hamı,
hətta o regiondan kənarda yaşayan hər bir respublika əhalisi
belə, bu xəbərləri həyəcanla dinləyir.
İllah da ki, əslən həmin rayondan olub,
Bakıda və ya döyüş bölgəsindən kənar
yerlərdə yaşayanlar orada baş verən hadisələri
ürəkağrısı ilə izləyirlər. Belə məqamlarda o hadisələrin canlı
iştirakçısı olan həmin insanlara ağsaqqal
sözü, ziyalı diqqəti əvəzsiz olur. Onların hər sözü, hər
qayğısı cəbhəyanı bölgələrdə
yaşayan insanlara hava, su kimi lazım olur. Doğma
Tərtərin belə ağsaqqal ziyalılarından biri, əslən
Tərtər rayonundan olan, akademik, AMEA Neft-Kimya Prosesləri
İnstitutunun direktoru Vaqif Abbasovdur.
Vaqif müəllim rayonun cəbhəboyu ərazilərində
baş verən hadisələri bütün varlığı
ilə yaşayan, onu ürəkağrısı ilə duyan
bir insandır.
Bəzən cəbhədə vəziyyət həddən
artıq gərginləşəndə, hadisələr kritik həddə
çatanda, xüsusilə 2016-cı ilin Aprel hadisələri
zamanı Vaqif müəllimin hansı hisslər
keçirdiyinin canlı şahidi olmuşam. Onun Aprel hadisələri vaxtı iki gün
döyüş bölgəsində olduğundan da xəbərim
var. Mən onunla eyni yerdə - Azərbaycan Milli Elmlər
Akademiyasında çalışıram. Biz
AMEA-nın müxtəlif institutlarında çalışsaq
da, Elmlər Akademiyasının iclas və tədbirlərində
vaxtaşırı görüşürük. Belə vəziyyətlərdə
mənim ən mötəbər məlumat və xəbər
qaynaqlarımdan biri Vaqif müəllim olur...
Mən onu qiyabi olaraq hələ Bakıya köçməmişdən
əvvəl - Tərtərdə yaşadığım və
işlədiyim illərdən, I Qarabağ müharibəsi
dövründən tanıyıram. Onda keçən əsrin
90-cı illərinin əvvəlləri idi. Qarabağ müharibəsi özünün ən
ağır dövrünə qədəm qoymuşdu. Artıq Azərbaycan Ordusu qanlı döyüşlər
nəticəsində Ağdərəni və ona bitişik əraziləri
ermənilərdən azad etmiş, strateji yüksəklikləri,
o cümlədən, məşhur "Qlobus" yüksəkliyini
ələ keçirmişdi. Ordumuz Xankəndinin
bir neçə kilometrliyində idi. Mən
o vaxt Tərtər şəhər 2¹-li orta məktəbində
direktor müavini işləyirdim. Əslən
Tərtərdən olan insanlar, xüsusən ziyalılar
rayona, cəbhə bölgəsinə tez-tez baş çəkərdilər.
Vaqif müəllim də o vaxt Bakıda yaşasa da, tez-tez Tərtərə
gələr, əhaliyə, döyüşən orduya əlindən
gələn
köməyi göstərərdi.
Vaqif müəllimlə mənim qiyabi
tanışlığımızın tarixi 30 ilə yaxın
olsa da, şəxsi tanışlığımın müddəti
cəmi-cümlətani beş ildir. Ötən bu beş ildə onda bir çox insani keyfiyyətlər:
sadəlik, alicənablıq, mehribanlıq, ünsiyyətcillik
və s. cəhətlər görmüşəm. Buna görə
mənə elə gəlib ki, sanki onu beş
il deyil, əlli ildir ki, tanıyıram. Mənim
tanıdığım qədər Vaqif müəllim təpədən
dırnağacan, iliyindən qanınacan, soy-kökündən
davranış və ədalarınacan əsl türkdür və
o, bütün həyatı boyu xalq, millət sevgisiylə
yaşayıb. V.Abbasov çox səmimi,
mehriban və xeyirxah bir insandır. Səmimiyyət,
mehribanlıq və xeyirxahlıq isə insanlar arasında olan
xoş münasibətlərdən yaranır. Bu, kamillik, müdriklik nümunəsidir. Kamillik, müdriklik isə ilk növbədə,
xaraktercə bütöv insana xas olan xüsusiyyətdir.
Belə insanlar heç zaman yaddan
çıxmır, həmişə yaddaşlarda qalır və
unudulmur.
İnsana hər zaman "Yer üzünün əşrəfi"
deyilib. İnsana ona görə belə deyilib ki, yalnız o,
həyatı mənalandırmağı, əməlləri ilə
Yer üzünü cənnətə döndərməyi
bacarır. Ancaq hər insan "Yer
üzünün əşrəfi" adlanmağa layiq olmur.
Yalnız mənalı ömür yaşayan
insan, başqa sözlə, Zərdüşt peyğəmbərin
bəşəriyyətə "Xeyirxah fikir, xeyirxah söz,
xeyirxah əməl" tövsiyəsini özünün həyat
kredosuna çevirə bilən insanlar bu cür adlanmağa
layiq olur. Belə adamların sayı isə
çox olmur, bəlkə də hər yüz nəfərin
içində yalnız bir nəfər həyatda mənalı
ömür yaşaya bilir. Məhz belə insanların
hesabına adamların hamısı Ali varlıq, "Yer
üzünün əşrəfi" sayılır. Fikrimcə,
belə insanların həyat və ömür salnamələri
ətraflı şəkildə qələmə
alınmalı, gələcək nəsillərə
çatdırılmalıdır. Kimya elmləri doktoru,
professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi
üzvü, Yusif Məmmədəliyev
adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik, mənalı
bir ömür yaşayan Vaqif Abbasov məhz belə
insanlardandır. Vaqif müəllimin ömür yolu o qədər
mənalı və şərəflidir ki, onunla tanış olduqca, onun ömür yoluna nəzər
saldıqca heyrətlənməyə bilmirsən. Onun misilsiz elmi xidmətləri, pedaqoji fəaliyyəti,
işgüzarlığı gələcək nəsillər
üçün sözün əsl mənasında ibrətamiz
bir ömür yolu, şərəfli bir həyat məktəbidir.
Vaqif Məhərrəm
oğlu Abbasov 1952-ci il oktyabr ayının
5-də Tərtər rayonunun Cəmilli kəndində anadan
olmuşdur. V.İ.Lenin adına Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) kimya fakültəsində
təhsil almışdır. V. Abbasov Altunin adına
Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə
Akademiyasının həqiqi üzvü, 1988-ci ildən 1992-ci
ilə qədər "ASSOKOR" assosiasiyasının rəyasət
heyətinin üzvü olub. O, 5 aprel 2013-cü ildən Rusiya Təbiət
Elmləri Akademiyasının xarici üzvü, 2013-cü ilin
mayından isə Türk Dünyası Tədqiqatları Beynəlxalq
Elmlər Akademiyasının Akademik üzvü
seçilmişdir. Vaqif Abbasov 2013-cü ilin noyabrın 15-də
Avropa Təbiət Elmləri Akademiyasının həqiqi
üzvü seçilmiş və Avropa Təbiət Elmləri
Akademiyasının Əsas qızıl Cəngavər ulduzu,
1987-ci ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri
Sərgisinin gümüş medalı, "SSRİ-nin
qabaqcıl ixtiraçısı" döş nişanı,
1989-cu ildə SSRİ Neft-Kimya sənaye nazirliyinin Fəxri Fərmanı,
1996-cı ildə akademik Y.H.Məmmədəliyev adına
medalı, 2000-ci ildə AMEA-nın Fəxri Fərmanı,
2005-ci ildə "Şöhrət" ordeni, 2013-cü ildə
Beynəlxalq Sokrat Komitəsinin Şöhrət medalı
(İngiltərə) ilə təltif edilmişdir, O, 2005-ci ildə
Əməkdar müəllim" fəxri adına, 2014-cü ildə
isə Atatürk Uluslararası Ödülünə layiq
görülmüşdür.
V. Abbasov
1992-ci ildən 2013-cü ilə qədər Məktəblilərin
kimya olimpiadasının respublika turunu keçirən
münsiflər heyətinin sədri və Azərbaycanın
beynəlxalq və dünya kimya olimpiadalarında iştirak edən
komandalarının rəhbəri olub. 2001-ci ildən
2013-cü ilin sentyabrına qədər Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası nəzdində kimyadan
Ekspert Şurasının və Seminarın sədri, 2001-ci ildən
Təhsil Nazirliyinin Elmi Metodiki Şurasının "Kimya və
kimya texnologiyası" bölməsinin sədri və 2015-ci
ilə qədər VIII-XI siniflər üzrə kimya dərsliklərinin
birinci müəllifi, 2003-cü ildən "Kimya məktəbdə"
elmi-metodiki jurnalın həmtəsisçisi və baş
redaktorudur.
Vaqif
Abbasov 16 monoqrafiyanın, 20 dərsliyin, 19 dərs vəsaitinin, 1150 elmi əsərin,
o cümlədən, xaricdə çıxmış 335 elmi əsərin
müəllifidir. Dünya pedaqoqlarının yekdil bir qənaəti
var: "Yaxşı müəllim izah edir, əla müəllim
nümunə göstərir, həqiqi müəllim isə həvəsləndirir
və arxasınca aparır". Bu baxımdan
Vaqif müəllim sözün əsl mənasında həqiqi
müəllimdir. O, tələbələrinin, magistrlərinin,
doktorantlarının hər birini oxumağa, öyrənməyə
həvəsləndirməklə yanaşı, arxasınca
aparıb. Tanrı Vaqif müəllimə təmənnasız
və ən əsası isə minnətsiz xeyirxahlıq etmək
bacarığını da bəxş edib. O, rəhbərlik
etdiyi institutda olan, eləcə də tanıdığı,
potensialına inandığı xeyli sayda istedadlı gəncə
yaxından köməklik etmişdir. Belə ki,
indiyə qədər omun elmi rəhbərliyi ilə 36 nəfər
elmlər namizədi, 11 nəfər isə elmlər doktoru
adını almışdır.
Vaqif müəllim çağdaş milli elmimizin layiqli simalarından biri, böyük Türk, Turan əxlaqının və mənəviyyatının, onun qan və gen yaddaşının daşıyıcısı, eyni zamanda, sözə, sənətə qiymət verən, milli mentaliteti öz genetik kodunda yaşadan insanlardandır. Vaqif müəllimin həyatda ən ali məqsədlərindən biri dövlətə, dövlətçiliyə xidmət etməkdir. Elə buna görə də Vaqif Abbasov bu yaxınlarda xalqına, onu tanıyanlara müraciət edərək, 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar Prezident seçkilərində hamını indiki prezident İlham Əliyev cənabları ətrafında birləşməyə və onu dəstəkləməyə, ona səs verməyə çağırır. Akademik Vaqif Abbasovun Azərbaycan xalqına, onu tanıyanlarına və sevənlərinə ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkisi ilə bağlı müraciətində deyilir: "İlham Əliyev cənabları xalqın sevimli və müdrik oğludur. O xalq xoşbəxtdir ki, onun uzaqgörən, müdrik, cəsur dövlət başçısı var. Azərbaycan xalqı da xoşbəxdir ki, onun İlham Əliyev cənabları kimi Prezidenti var.
Əziz xalqım! Sənə çox müraciətlərim olub, çağırışlarım olub! Bu gün də mənə inanacağına əmin olaraq bu müraciəti etməyi borcum saydım. 1993-cü ildən başlanan sürətli inkişafın davamını istəyirsənsə, öz müdrik oğlun İlham Əliyevə səs ver. Xalq - İlham Əliyev birliyi Azərbaycanımızın uğurlu və xoşbəxt sabahlarının təminatçısıdır. Biz bu birliyi yaradan İlham Əliyev cənablarının ətrafında sıx birləşib yeni zəfərlərə nail olmalıyıq.
Mənim əziz xalqım! Müdriklik Sənin doğru qərar verməyinin təminatçısıdır. Bir daha müdrik qərar verəcəyinə əminəm. Birliyini ifadə etmək üçün Sən dedim, düşündüm ki, Səni sevən oğlunun müraciətini sayqısızlıq saymazsan. Səni böyük zəfərlərə aparacaq seçimə səsləyirəm. Seçimin uğurlu olsun".
Qərinə zaman vahidi olub əsrin üçdə birinə, yəni 33 ilə bərabərdir. 2017-ci ilin 5 oktyabrında Vaqif Abbasovun 65 yaşı tamam oldu. O, ömrünün 66-cı payızına qədəm qoydu. Bu, Ulu Tanrının ona verdiyi tam iki qərinəlik bir ömür payıdır. Bu iki qərinəlik ömründə Vaqif müəllim sanki dörd qərinəlik ömrə bərabər işlər görüb. Ulu Tanrıdan ona ən azı daha bir qərinəlik ömür payı arzulayırıq. İnanırıq ki, Vaqif müəllim ömrünün qalan illərini də şərəflə, alnıaçıq yaşayacaq və daha böyük uğurlara imza atacaq. Əminik ki, Vaqif müəllim bundan sonra yazacağı monoqrafiyaları, kitabları, elmi, pedaqoji əsərləri ilə Azərbaycan elmini daha da zənginləşdirəcək, onu tanıyan insanları daha da sevindirəcək.
Tahir ORUCOV
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2018.- 16 fevral.- S.4.