Amerikanın xilaskar peyğəmbəri - Abraham Linkoln

 

Telman ORUCOV

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Linkolnun prezident seçilmək uğrundakı mübarizəsi

 

Ölkədəki vəziyyətin, gərginliyin və qarşıdurmanın icmalından sonra bir qədər geri qayıtsaq, Linkoln vaxtının çoxunu prezident seçilmək siyasətinə həsr etdi, çalışdı ki, nə Demokrat, nə də Viq prezident olsun. O, çıxış yolunu hələ 1847-ci ildə başlanan Meksika müharibəsi ərzində tapmışdı.

 

Prezident Ceyms Polk bəyan etmişdi ki, o, amerikalının qanının Amerika torpaqlarına tökülməsi ilə Meksika ilə müharibəyə başlamışdır. 1848-ci ilin fevralında başa çatan müharibə Birləşmiş Ştatların tərkibinə Nevada və Uta ştatlarından, həmçinin, Nyu Mexikonun və Arizonanın böyük hissələrindən ibarət ərazi verdi.

 

Öz partiyasının digər üzvləri kimi, Linkoln da Polkun məhkum edilməsinə səs verdi. Eyni vaxtda o, müharibə qəhrəmanı Zaxari Teylorun namizəd göstərilməsi və prezident seçilməsi üçün fəaliyyətə girişdi. Lakin onun müharibəni tənqid etməsi öz ştat konqressinin dairəsində olan seçicilər arasında heç də populyar deyildi. 40 yaşı olanda Linkoln siyasətdə iştirak etməsinin nəticəsinə görə ruhdan düşdü. Bu, onda siyasi karyerasının artıq bitdiyi təsəvvürünü yaradırdı. Beş ilə yaxın müddətdə o, siyasətdə ancaq kiçik rolda iştirak etdi. Lakin yeni sektsiya böhranı ona yenidən üzə çıxmaq və dövlət xadimliyinə yüksəlmək şansı verdi. 1854-cü ildə onun gələcək siyasi rəqibi Stefen Duqlas satın alınmış bütün Luiziananı Konqress vasitəsilə quldarlıq üçün yenidən açmaq, Kanzas və Nebraskanın sakinlərinə öz ərazilərində quldarlığın tətbiqi məsələsini həll etməyə icazə vermək barədə olan qanun layihəsi ilə manevr edirdi. Kanzas-Nebraska Aktı İllinoysda və köhnə Şimali-Qərbin digər ştatlarında kəskin müxalifət yaratdı. Viq partiyasının parçalanması sürətləndi, bu proses Respublikaçılar partiyasının yüksəlməsinə imkan verdi. Minlərlə digər viqlər kimi, Linkoln tezliklə Respublikaçıya çevrildi. 1856-cı ildə artıq yeni partiyanın üzvü olmaqla, o, qət etdi ki, heç də Demokrat Duqlas yox, özü ştatda və sektsiyada Respublikaçıların nümayəndəsi kimi lider olacaqdır. Onların hər ikisi nə abolyutsionist, nə də quldarlıq tərəfdarı deyildi. Lakin Duqlasdan fərqli olaraq, Linkoln təkid edirdi ki, Konqress Ərazilərdən (“Ərazi” adlananlar hələ ştat statusu almamışdılar, yalnız gələcəkdə ştat hüququ qazanacaqdılar) quldarlığı xaric etməlidir. Duqlas isə inanırdı ki, Ərazilər təbiət etibarilə quldarlıq iqtisadiyyatına yararlı deyillər və onlarda quldarlığın yayılmasının qarşısını almaq üçün Konqressin qanunvericiliyinə elə bir ehtiyac yoxdur.

 

Linkoln üçün ilk böyük sınaq 1858-ci ildə senator seçilmək yarışı idi. Demokrat Duqlas Senata yenidən seçilmək üçün mübarizə aparanda, ona qarşı olan yeni partiya özü kimi yeni bir adamı irəli sürdü. Bu, Abraham Linkoln idi, onun bu vaxt 49 yaşı var idi. Lakin Linkoln millətin gözü qarşısında xeyli gec göründüyündən o, bircə dəfə Konqressə üzv seçilmişdi, bu siyasi yarışa təkcə möhkəm əqidə və ağılla deyil, həm də bədəninə, fiziki imkanlarına görə bir atlet kimi gəlmişdi. O, bir şey əldə etmək vəzifəsinin həyata keçirmək üçün istedadı hesabına köhnə proseslərdəki misallardan istifadə etməklə yanaşı, yeni və böyük tipə mənsub olan adam kimi göründü. O, özü üçün natiqlik və sözdən istifadə etmək qabiliyyəti icad etmişdi və onun bu xüsusiyyəti adamlara daim işıq təsiri bağışlayırdı. Çıxışlarında o, katanadan (yapon qılıncından) məharətlə istifadə edən samuraylar kimi, ətrafındakılardan tamamilə seçilən bir adama bənzəyirdi.

 

Lakin Duqlas da onu pis tanımırdı və eşidəndə ki, senatorluq mübarizəsində onun rəqibi Linkoln olacaqdır, demişdi: “Mən əlimi dolu saxlayacağam. O, öz partiyasının güclü adamıdır, - beyni iti cavabla, faktlarla, tarixi misallarla doludur və Qərbdə ən yaxşı xitabət kötüyünə malikdir. O, vicdanlı və hiyləgər adamdır”.

 

Linkoln bu rəqabətin çətin olacağını əvvəlcədən bilirdi. Debat vaxtı o, çox sayda səfərlər etmiş, təkcə Nyu-Yorkun Kuper İnstitutunda üç dəfə çıxışlar etmişdi. “Evening Post” qəzetinin liberal naşiri həmin görüşü çox tərifləmişdi. Səhərisi gün Linkoln bütün millət arasında tanındı.

 

1858-ci ildə Linkoln çıxışında öz məşhur bəyanatını etmişdi: “Öz ziyanına bölünmüş ev dayana bilməz. Mən inanıram ki, hökumət yarıqul və yarıazad vəziyyətə daim dözməyəcəkdir”. O, hələ əvvəldən deyirdi ki, ölkə hökmən “bütünlüklə bir şey və ya bütünlüklə başqa bir şey olacaqdır”. Bir daha və təkrarən o, təkid edirdi ki, Birləşmiş Ştatların hər bir vətəndaşının, istər o, və ya qara olsun, mülki azadlığı mərcə qoyula bilməz. O, bu fikrinə davam edərək deyirdi ki, Ərazilər azad olmalıdır, çünki yeni azad ştatlar “kasıb adamın gedə biləcəyi və onlar üçün yaxşı şəraitə malik olan yerlərdir”. Linkoln hiss edirdi ki, bütün dünyada nəsə etmək səviyyəsinə o, gəlib çatmışdır. Lakin bu böyük dünya barədə o, hələ olduqca az şey bilirdi.

 

Həm də o, Tomas Ceffersonla və digər Bani-Atalarla tam razılaşırdı ki, quldarlıq sadəcə məhdudlaşacaqdır, ona birbaşa hücum olmayacaqdır. 1858-ci ildəki Linkoln - Duqlas debatlarında Senata üzv seçilmək uğrunda qızğın rəqabət gedirdi. Linkoln məğlub oldu, lakin milli miqyasda tanınma əldə etdi və tezliklə, 1860-cı il prezident seçkilərində yada salınmağa başlandı.

 

Seçki ərəfəsində Demokrat partiyası ümidsiz qaydada parçalandı. Respublikaçılar partiyası sürətlə böyüyən şəhər olan Çikaqoda 16 mayda toplaşdı. Partiyanın tanınmış lideri, Nyu-Yorkdan olan Uilyam Syuard idi, o, bu ştatın qubernatoru olmuşdu. İllinoys ştatından olan Abraham Linkoln onunla qızğın rəqabətə girməli oldu. Linkolnun bu vaxt 50 yaşı var idi. Duqlasla məşhur disputlardan sonra o, böyük ictimai natiq kimi tanınmışdı. İlk səsvermədə Syuard irəlidə idi. Linkoln ikinci yeri tutmuşdu. Üçüncü səsvermədə Linkoln namizəd göstərildi. Çikaqo çox sevinmişdi. Syuardın adamları isə olduqca kədərlənmişdilər.

 

Linkoln vəkillik praktikasını kənara atıb bütün vaxtını öz kampaniyasına həsr etdi. O, Respublikaçıların parçalanmasına qarşı hasar çəkməyə, ona mane olmağa çalışırdı və buna da nail olurdu.

 

6 noyabrda prezident seçkiləri keçirildi, bu böyük siyasi döyüşdə Linkoln Nyu- Cersi istisna olmaqla, bütün Şimal ştatlarının səsini aldı. Həmin ştatda isə o, 7 elektordan 4-nün səsini qazanmışdı, qalan 3-ü Duqlasın xeyrinə idi. Cənubun içəri regionlarından heç kəs ona səs verməmişdi. Linkolnun elektorlarının sayı 180-ə çatdı, seçilmək üçün isə 152 elektor kifayət idi. Digər namizəd Con Brekinric 72 elektor səsi almışdı. Viq Con Bell üç qul ştatının - Virciniya, Kentukki və Tennessini götürmüşdü, bu, 39 elektor səsi edirdi. Vaxtilə Senata seçkilərdə Linkolnu məğlub edən Duqlas daha populyar olmasına baxmayaraq, vur-tut 20 elektoral səs almışdı, onlar da bütünlüklə Missuri ştatının səsi idi. Xalqın müdafiəsini gözləyən Linkoln,  seçkidəki qələbəsinə baxmayaraq, heç də buna nail ola bilmədi.

 

Ümumilikdə, 4,5 milyon səsdən o, yalnız 1,2 milyonunu almışdı, bu da seçicilərin sayının 40 faizindən çox deyildi. Linkoln azlığın prezidenti olsa da, ancaq əsas məqsəd həyata keçirilmişdi, o, prezident seçilmişdi. Bu vaxt o, Axillesin Odisseyə dediyi sözü xatırlaya bilərdi: “Bütün ölülərin kralı olmaqdansa, yaşayanların arasında bir təhkimçi olsaydım, daha yaxşı olardı”. O, həm də böhran tufanında boğulan bir ölkəyə demokratik yolla prezident seçilmişdi, heç də kral deyildi. Keçmişin mirası olan monarxiyadakı kral taxt-tacına deyil, dünyaya demokratik İntibah bəxş edən bir dövlətə başçılıq edəcəkdi.

 

Linkoln prezident seçilir 

 

Linkoln prezident seçildikdən sonra və onun inauqurasiyasından əvvəl Cənubi Karolina ştatı özünün Birlikdən çıxmasını bəyan etdi. Digər Cənub ştatlarının buna bənzər hərəkətlərinin qarşısını almaq üçün Konqresdə müxtəlif kompromislər təklif edildi. Onlardan ən mühüm sayılanı Qritenden Kompromissi özündə quldarlığın artıq mövcud olduğu ştatlarda onun qorunmasını və Ərazilərin quldarlıq və azadlıq arasında bölünməsini əhatə edirdi. Linkolnun bu düzəlişlərdən birincisinə etirazı olmasa da, ikincinin əleyhinə idi. O, özəl qaydada yazmışdı: “Mən sarsılmazam”. O, qorxurdu ki, plantasiya imperialistləri Amerikanın cənub sərhədində yeni qul əraziləri axtarmağa həvəslənəcəklər və bu, “bizi yenidən qul imperiyasının baş yoluna çıxaracaqdır”.

 

Linkoln Sprinqfilddəki öz evindən Konqresdə Respublikaçılara məsləhət görürdü ki, Ərazilərin quldarlıq və azadlıq üzrə bölünməsi əleyhinə səs versinlər. Təklif komitədə ləğv olundu. Birliyi qoruyub saxlamaq cəhdləri də uğursuzluqla başa çatdı. Altı əlavə ştat Birlikdən ayrıldı və onlar Cənubi Karolina ilə birlikdə Amerika Konfederat Ştatlarında birləşdilər.

 

1861-ci il fevralın 4-də ayrılmış ştatların təyin etdiyi nümayəndələr Alabamadakı Montqomeridə qurultaya toplaşdılar. Onların məqsədi Konfederasiya üçün icra orqanı seçmək idi. Bir neçə həftə əvvələ qədər Missisipidən Birləşmiş Ştatların senatoru olan Cefferson Devis Konfederatın prezidenti seçilmişdi, iki il əvvələ qədər Corciyadan federal Nümayəndələr Palatasının üzvü olan Aleksandr  Stefens vitse-prezident oldu. Mart ayında isə Konfederatın Konstitusiyası qəbul olundu.

 

Prezident seçilmiş Linkolnun Vaşinqtona gəlməsi də maraqlı əhvalatlarla dolu idi. O, paytaxta gələndə Şimalın iri şəhərlərindən keçməli idi və bu şəhərlərdəki qısa müraciətlərində o, elə bil ki, bütün ölkə ilə danışırdı. Elan edirdi ki, qorxmaq üçün əsas yoxdur və heç bir qan tökülməsi baş verməyəcəkdir. 22 fevralda Filadelfiyada o, Syuarddan və general Skottdan məktublar aldı, onlar məsləhət görürdü ki, onun dərc edilmiş səfər proqramı dəyişdirilsin. Çünki o, həmin proqram üzrə Baltimordan keçən vaxt onun qətlə yetiriləcəyi barədə ciddi hədələr gəlib çatır.

 

Həqiqətən də, Baltimorda qəsd törədiləcəyinə heç bir şübhə yox idi. Lakin buna cəhd olunmadı, çünki hamıya Linkolnun artıq şəhərdən keçib getməsi məlum olmuşdu.

 

Həm də onu xəbərdar etmişdilər ki, Vaşinqtona gecə gəlsin ki, heç kəs bunu bilməsin. Linkoln bildirdi ki, mən bununla razılaşa bilmərəm. Gecə oğrusu kimi paytaxta gizlin girən prezident barədə millət nə düşünəcəkdir? Lakin dostları onun həyatına təhlükə olmasına görə Vaşinqtona gecə çatmasını təkid etdikdə, Linkoln razılaşmalı oldu. Pennsilvaniyanın paytaxtı Harrisburqda yuxusuz gecə keçirən dostları səhər tezdən şifrə teleqramı aldılar ki, “Palmalar sağlam bar gətirmişdir”. Bu, ona işarə idi ki, Linkoln artıq Vaşinqtondadır. “Star” qəzeti seçilmiş Prezidentin şəhərə gizli gəlməsi əhvalatını yazmışdı, lakin məqalədə heç bir fakt göstərilməmişdi. Doğrudan da, missis Linkoln (Meri Todd) və onların üç oğlu günortadan sonra Vaşinqtona gəlməli idilər. Hansısa bir səbəb bilinmirdi ki, niyə Linkoln və onu müşayiət edən iki xəfiyyə faytonu paytaxta gecə yarısı gəlmişdir.

 

Linkoln Vaşinqtonda Ağ Evin yaxınlığında yerləşən “Uilyard” hotelində (bu hotel indi də mövcuddur) məskunlaşdı. Onu burada mister Prezident kimi salamlayanda o, bu səhvi düzəldib, özünün “seçilmiş Prezident” olduğunu dedi. Əlavə etdi ki, taleyi gəlin şirnikləndirməyək. Hələ on gün keçməlidir ki, fəaliyyətdə olan Prezident Ceyms Byukenen Ağ Evi tərk etdikdən sonra onun özü ora köçə bilsin.

 

Linkolnun gələcək Dövlət katibi Syuardla oteldə etdikləri söhbətdə ona dedi ki,  o, heç vaxt belə aşağı səviyyədə olmamışdır, paytaxta oğru kimi gizlin şəkildə gəlmişdir. Hələ Çikaqodan yola düşəndə onu xəbərdar etmişdilər ki, Vaşinqtonda sui-qəsd baş verə bilər. Siyasi məsələlərin müzakirəsinə keçəndə isə Syuard bildirdi ki, sən demisən ki, hətta 6 ştat Birliyi tərk etsə də və hətta daha çoxu hökuməti bu qaydada hədələsə də, Birliyə elə bir xətər toxunmamışdır. Elə bu vaxt isə qiyamçılar Floridadan tutmuş Şimali Karolinaya qədər hər yerdə federal mülkiyyəti qəsb etməklə məşğul idilər. Floridada Ki Uesti və Pensakoladakı mülkiyyəti, Cənubi Karolinada Federal fort Maultrini qiyamçılar tutmuşlar. Byukenen isə buna heç bir müqavimət göstərməmişdi.

 

(Ardı var)

525-ci qəzet.-2018.-17 fevral.-S.22.