Azərbaycan prezidenti 2018-ci ili

 

Azərbaycan Xalq Cümhuriyyəti İli elan etmişdir

 

Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək.

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Yürüdügümüz yol

 

İgirminci əsrin bariz təcəllisi aydın və açıqca isbat etdi ki, bəşəriyyətin ümumi məfkurəsi hər dürlü qeydlərdən uzaq bir hürriyyət və hər cür təhəkküm və təzyiqlərdən arı milli bir müsavat almaqdır. Bu hürriyyət bir həqqi-təbii olduğu kibi o təbiiyyətin bir xüsusiyyəti demək olan milliyyət dəxi müsavat şüarlarına görə qüvvət və inkişafını əldə edə bilir. İgirminci əsr bəşəriyyətin tarixi həyatına misli görülməyən hadisə və vəqeələr yazdı. Fəqət bu yazılar arasında ən gözə çarpan bir həqiqət, ən vazeh oxunan bir səhifə, milliyyətin elmi və fənni varlığı oldu. Atəşlər saçan, dəhşətli gumburtular çıxaran, qələlər, istehkamları devirən, orduları pozan, şəhərləri xak ilə yeksan edən, bir millətin qalibiyyət və məğlubiyyət höccətini qaralayan toplar eyni zamanda milliyyətin həyati-bəşəriyyədə müstəsna bir üzv, ayrı bir ünsür olduğunu da rəna göstərdi. Hər millətin milli bir həyat daxilində qalması tarix, elmi-ictimai, elmi-iqtisad amillərilə olduğu kibi bu amillərin həqiqi bir tərz və əsas ilə paydar ola bilməsi dəxi siyasi bir hüquq ilə qabildir.

 

Avropa müharibəsi bəşəriyyətə milli mübarizəyi, milliyyəni ögrətdi. Bu milli təarüfün əsrimizdə hər şeyin üstündə qaldığını izah və isbat etməkdən isə onu paydar edəcək, qiymət və etibarını yük-səldəcək əsaslardan bəhs eləmək daha mətlub keyfiyyətdir.

 

Bilxassə bizim kibi həm məhkum, həm də milli bilgilərdən nis-bətən məhrum bir millət üçün xaricdən dəlil və vaqeələr araşdırıl-maqdan isə mövcudiyyətimizdə, daxildə duran xüsusiyyətlərimizi, milli amallarımızı vicdani bir etiraf ilə ortaya çıxarmaq, və əsl simamızla yolumuza yürümək daha müstəhsən və məqbul bir istiqamətdir.

 

Milli bir mövcudiyyət və təarüfdən məhrum qalmış hər hanki bir qalib millət üçün bu qalibiyyət bir fəlakət olduğu kibi, bu milli təarüfə nail olmuş hər hanki bir məğlub millətin də məğlubiyyəti həqiqi bir fəlakət olamaz. Çünki birinci qalib millət daxili və xüsu-si amil və əsaslardan məhrum olduğu halda ikinci məğlub fəqət bir təarüfi-milliyyəyə məzhər olmuş millətin gələcəgi daima aydın və parlaqdır. Tarixi, bəşəriyyətin müstəsna üzvlərindən olan hər hanki bir millətin şanlı və şərəfli mədəniyyətli sənət və ürfanını qeyd edər ikən o millətin bəşəriyyət hüzurundakı böyük və alicənab xidmətini yad etməkdən də əl çəkəmiyor. Çünki bəşəriyyət və insaniyyət cameəsini hasil edən əsaslar milliyyət cameəsidir. Din cameəsinin milliyyət cameəsindən ayrı olduğunu da qəbul edəməyiz. İbtidai insan əvvəl bavəl özlügünü dərk etdikdən sonra bir qüvveyi-müdrikəyə iman etmişdir. Halbuki insanın özlügünü dərk etməsi milli bir halətdir. Çünki bu haləti-dərk tarixi, irqi-aləm və zaifi-əlaəza, aləmi-heyvanat kibi mövzulara bağlı olduğu kibi millət dəxi bu mövzuların ümumiyyətinə daxildir. Din cameəsi isə milliyyət cameəsinin bir kəmal və qayəsi olduğu üçün milli halət ilə dini halət arasında təbii bir surətdə münasibət daim oluyor. Bu münasibət millətlər arasında pək doğru denildigi üzrə dini bir beynəlmiləliyyət əsasını ortaya çıxarıyor. İnsanların hürriyyəti nə qədər geniş bir dairədə olursa bəşəriyyətin ümumi tərəqqisi də o qədər möhkəm və qüvvətli əsaslarda cərəyan ediyor. Dini azadəlik, milli müsavat isə bu hürriyyətin qəti və lazım ərkanındandır. İnsanların hürriyyəti bizcə hər dürlü təhəkküm və təzyiqlərin ortadan qalxması və hüquqi-ənam əsas və üsullarının hakim olması şərtilə mümkün ola biləcəgi kibi millətlərin müsavatı da ədəmi-mərkəziyyət və muxtariyyət amilləri ilə qabildir. Bu əsas və amilləri təyin etməyin ilk sayısını sizə təqdim etdigimiz “Müsavat”ın bundan sonrakı saylarında ifa ediləcəgi üçün tutacağımız yol və məsləkin əsaslarını imdilik bu qədər göstərmək ilə vəzifəmizə başlıyoruz...

 

Millət yoludur, həqq yoludur tutduğumuz yol,

Ey həqq, yaşa, ey sevgili millət, yaşa, var ol!

 

Heyəti-təhririyyə

“Müsavat”, 10 sentyabr 1917, ¹1

 

Təhəkküm - hakim olma, məhkum etmə

 

Mətlub - arzu olunan

 

Bizim nöqteyi-nəzərdən Rusiyada cümhuriyyəti-ənam (xalq cümhuriyyəti)

 

Şərq ilə Qərb arasındakı “Çin hasarı” uçuruldu. Rusiya istibdadı yıxıldı. Bu istibdadın sonuncu bədbəxt nümayəndəsi Nikolay bütün Rusiya millətlərinin alqışları içində təxtindən düşürülüb arvadı ilə bərabər həbsə alındı. Romanov sülaləsi getdi. Onunla bərabər qaba rus imperializmi də səhnəyi-siyasətdən çəkildi.

 

Bu vaqeə yalnız Rusiya təqdiratı degil, tarixi-ümumi nöqteyi-nəzərindən dəxi son dərəcədə mühüm bir məsələdir.

 

Rusiya tarixi digər Avropa millətlərinə nisbət həmişə geridə qalmış, Rusiya kəndçilərinin azadlığı Avropadan tam yüz il sonra gəlmiş, üsuli-idarədəki cəmaətçilik fikri dəxi burada o nisbətdə ağır yayılmışdır. Hər bir ağır kütləyə məxsus olan bu hərəkətsizlik yalnız Rusiyaya degil, Rusiyaya mərbut olan Şərq aləminə də böyük zərərlər toxundurmuşdur. Şərq aləmi deyincə, burada hər şeydən əvvəl müsəlman və türk aləmindən bəhs etmək lazım gələcək.

 

İslam məmləkətlərinin axırıncı tarixləri daima Rusiya ilə çarpışmaqdan ibarət olub türkl qismi-mühümmi bu dövlətin qələmrovuna daxil olmuşdur. Müsəlman təbəəsinin çoxluğuna nəzərən məcazi məna ilə İngilis hökumətinə birinci islam hökuməti adını verənlər var. Bu mülahizə ilə Rusiya hökumətinə də birinci türk və ikinci müsəlman hökuməti demək olar. Sayı 60-70 milyona varan türk cinsinin 25-30 milyonu, təqribən yarısı Rusiya vətəndaşıdır. Ən böyük müsəlman padşahlığı olan Türkiyə müsəlmanlarının sayı 25 milyona varamaz. Bütün İran 10 milyondan artıq degildir. Bu iki müstəqil islam məmləkətlərindəki türklügün cəmi belə Rusiya türkləri qədər olamaz. Bir o qədər türk və müsəlman təbəəyə malik olduğu halda əski Rusiyanın siyasəti müsəlman məmləkətləri üzərinə icrayi-təzyiq etməkdən ibarət olmuş, Rusiya istibdadı daxildə təmsil, xaricdə də istila politikasını yeritmişdir. Bir vəqt bu istila politikası “müdafiə” ünvanını almışsa da, axırda haman qaba imperializmdən başqa bir şəkil almamışdır.

 

Rusiyanın ən iləri gələn namdar hürriyyətçiləri, rus millətinin səlamət ruhuna inanan tərəqqipərvər pişrovları Rusiya səltənəti üçün Qərb naminə Şərqdə bir mədəniyyət amalı olmaq vəzifəsini təsəvvür edərlər. Azad Rusiyadan böylə bir vəzifə gözlənməkdədir. Müstəbid Rusiya isə Şərqi-islamda göstərdigi siyasəti ilə Qərb mədəniyyətinə ancaq ayı xidməti göstərə bilmişdir. “Debi-Əkbər” səmimi olmaq istədigi zamanlarda belə məşhur Krılov əfsanəsindəki milçək qovan ayıdan o tərəfə keçməmişdir.

 

Dini siyasət oyuncağı edən çarizm bütün Rusiyayı rəhbanxanəyə döndərmək, bütün rusiyalıları bir ikonaya ibadət etdirmək və bu geniş ölkəyə daxil olan bütün millətləri dəxi bir cinsiyyətə qəlb etdirib var qüvvəsilə ruslaşdırmaq istiyordu. Bu məqsədlə hərəkət edən rus çarizmi təmsil politikasında o qədər iləri gediyor, o qədər ğəllu ediyordu ki, başqa məzhəb və dil sahibi olmaq günahına batan insanlar heyvanların belə malik olduqları ən təbii hüquqdan - azadlıqla bir tərəfdən o tərəfə hərəkət etmək həqqindən məhrum edilir, kəndi dindaşları yanına buraxılmıyor və babaları yurdunda yer-yurd almaqdan belə mən ediliyorlardı.*

 

Təmsil politikası yolundan bütün qeyri millətlərlə bərabər Rusiya müsəlmanlarının dini, milli və hüquqi nə kibi təzyiqat və təhqiratə uğradıqları isə əyandır və möhtaci-bəyan degildir.

 

Daxilən böylə bir irtica ruhuna malik olan dövlətdən müsəlmanların nə kibi bir tərbiyəyi-mədəniyyə ala biləcəkləri məlumdur. Vəqtilə əcnəbilərdən məhfuz qalmaq üçün hətta məmləkəti, ölkəsini məşhur “Çin hasarı” ilə sarmışdı. Bu hasarı cəbr ilə sındırıb çinlilərin “bəkarətini” zail edən avropalılar daha yaxındakı digər bir hasarı görməmiş, yaxud görməgə meyl etməmişlərdi. Yaxındakı bu hasar uzaqdakı o hasardan daha keçilməz, daha sarsılmazdı. Bu, Rusiya istibdadı idi. Türküstan kibi geniş bir məmləkət sənələrcə bu hasar arxasında qalıb mədəniyyət aləmindən ayrılmış Vanperi kibi elm və fənn müştaqları belə ancaq qiyafələrini dəgişmək surətilə buralara nüfuz edə bilmişlərdi.

 

Daxildəki türklərini böylə qara pərdə altında saxlayan rus istibdadı xaricdəki müsəlmanlarla türklərə dəxi hər zaman əngəl olmuş, buralarda zühura gələn hürriyyət hərəkatını basdırmağa tələsmiş, can atmışdır. Midhət Paşa məşrutiyyəti İqnatov intriqası, Aleksandr istilası ilə qanlara qərq edilmiş, Müzəffərəddin məşrutiyyəti də Lyaxov idarəsindəki kazak topları ilə dağıdılmış və bu gün mehmanımız olan Məhəmmədəli şah məh-busumuz bulunan Nikolayın ən səmimi iltifatlarına və ən ciddi təhriklərinə məzhər olmuşdur.

 

Şübhəsiz müasir Qərb ilə əski mədəniyyət sahibi Şərq arasında bulunan Rusiya bu iki aləmi yekdigərilə tanışdıracaq bir amili-mədəni ola bilər. Fəqət o Şərq hər halda imperialist Rusiyaya, qanlı çarizmə degil, demokrat və işıqlı Rusiyaya aiddir. O Rusiya ki, bu gün:

 

- Yaşasın cümhuriyyəti-ənam! - deyə bağırıyor və bu şüar ilə bütün qövm və millətləri - hətta kəndisilə hali-hərbdə bulunan millətləri belə - ittihada dəvət ediyor.

 

1905-ci ildə Rusiya ancaq təprənmiş və bu təprənişdən 17 oktyabr fərmanının kölgəsi ilə iyunun üçü cəzasına uğrayan bir Duma qalmışdı. Bununla bərabər 1905 inqilabı daxilindəki millətlərin həyatına təsirsiz qalmadığı kibi xaricdə də Çin, İran və Osmanlı inqilablarını törətmişdi. 1917-ci il inqilabı həm zaman, həm də nəticə etibarı ilə 1905-ci ildən binlərcə faiq və layiqdir. Şübhəsiz ki, böyük dünya müharibəsi qədər əhəmiyyətli olan bu böyük vaqeənin böyük də təsirləri olacaq, bu təsirlər indidən görünməkdə və yuxarıdan bəri mütaliə etdigimiz türk və müsəlman baxışından nə qədər böyük faidələrə şamil olduğu dərk olunmaqdadır.

 

Böyük vaqeələr böyük də nəticələr verir, dedik. Böyük Rusiya inqilabının ən böyük nəticələrindən birisi, heç şübhəsiz ki, İslam Şərqi ilə Türk Asiyasının intibahından və bu iki böyük aləmin bir an əvvəl hərəkətə gəlib də müasir Avropa mədəniyyəti ilə ünsiyyət tapmaq üzrə əl-qol açmalarından ibarət olacaqdır.

 

Fəqət təkrar ediyoruz, bu ancaq o zaman hasil olacaqdır ki, bu gün elan olunan azadlıq əsasları bütün səmimiyyət və saffiyyəti ilə baqi qalıb Rusiya dövlətinin əldəyməz əsaslarını təşkil eləsin. Bunu təmin edəcək bir qüvvət varsa, o da qüvvəti-ənam və bir şəkli-idarə varsa, o da cümhuriyyəti-ənamdır!

 

Var olsun cümhuriyyəti-ənam!

 

M.Ə.Rəsulzadə

“Qardaş köməgi”, may 1917, ¹1

 

Ğəllu - riyakarlıq

Məhfuz - mühafizə edilmiş

 

* Bu tərəf türkləri Türküstanda yer ala bilməzlərdi.

 

Bakı uyezdi həqqində üç nəzər

 

Bunlardan ikisi əvvəldən vardı. Birisi də tazə çıxdı.

 

Məqsəd Bakı uyezdinin özünü idarə etməsidir. Qafqasiyaya zemstvo vermək məsələsi köhnə üsuli-idarə zamanında da vardı. Bu məsələ köhnə idarənin dəftərxanələrində müzakirə ediliyordu; ara-sıra müşavirələrə də salınıyordu. O zamanlar Bakı uyezdi bir zemstvo vahidimi olsun? Yoxsa mədənlər kəndlərdən ayrılıb özlərinə məxsus bir idarə halınamı qoyulsun? - deyə bir mübahisə vardı.

 

Neft mədənlərinin idarəsini inhisara almış Sovet syezdçilər, başqa sözlə erməni burjuaları var qüvvələrilə səy ediyordular ki, mədənlərin kəndlərdən ayrı özlərinə məxsus bir idarəsi olsun. Məqsədləri də bəlli idi. İstəmiyorlardı ki, əllərinə almış olduqları işə başqaları da qarışsın. Onlar neft milyonlarına hakimi-mütləq olub qalmaq arzusunu bəsliyor; başqa heç bir mətləbə qulaq vermək istəmiyorlardı. Öz mətləblərini həqli çıxarmaq üçün diyorlardı ki: mədənlərin özünəməxsus ehtiyacı, özünəməxsus həyatı var. Halbuki kəndlər - onlarca - “hər növ mədəniyyətdən ari qara müsəlman cəmaətindən ibarətdir. Onlara idarə lazımsa zemstvo idarəsi verilməlidir”.

 

Məlum işdir ki, o zamanlar bu “qara müsəlman cəmaətindən” ötrü dəftərxanələrə getmək, müşavirələrdə bulunmaq imkanı yox idi. Fəqət bir dərəcəyə qədər və dəftərxanə və müşavirələrdə bulunmaq imkanında olan müsəlman ürəfası erməni neftçilərinin bu həqsiz tələblərinə laqeyd qalamazlardı. Həm qalmadılar da. Sovet Syezdin mədən idarəsi təsəvvürünə qarşı müsəlman ürəfası uyezd zemstvosu layihəsini müdafiə elədi. Mədənlər kəndlərdən ayrılmaz dedi. Çünki mədənlər Bakı kəndlərindən ayrılarsa, o zaman kəndlər qüvveyi-maliyəcə zəif düşərlər; zəif düşən bu zavallı kəndlər isə axıra qədər zavallı olub qalarlar. Hər növ mədəniyyət və abadlıqdan məhrum edilərlər.

 

Bakı uyezdinə, uyezddəki toprağın bərəkətsizliginə, kəndlərin nə dərəcədə sərvət və samansız olduğuna bələd olanlar bilərlər ki, müsəlman ürəfasının bu nəzəri əsas etibarilə kəndistan demokratiyasının mənafeyini müdafiədən ibarət idi.

 

Kəndlərin mədənlərdən ayrılmaması - iştə, müsəlman ürəfasının tələbi, iştə, müsəlman demokratiyasının eyni mənfəəti!

 

Mədən əmələsinin mənfəətlərini müdafiə adıyla meydana çıxanlar birinci nəzərə erməni burju nəzəri deyib, ikincisinə də müsəlman bəylərinin fikri-əzasının adını  verdilər. Üçüncü bir nəzər çıxardılar: mədənlərin şəhərə bitişdirilməsi.

 

Köhnə idarə zamanındakı zemstvo üsullarına görə bu tənqid bəlkə də doğru idi. Çünki kəndlərə veriləcək seçki həqqi ümumi olmayacağından yəqin bu həqdən kəndlilər degil, bir takım qolu güclülər, mütəqəllibələr faidə görə biləcəklərdi. Buna görə də zənn etmək olardı ki, mədən ayrı bir idarə olursa, əmələlərin işi yalnız mədənçilərlə olacaq; halbuki kəndlər də buraya qatışsa burjualar ilə mülkdarlar əlində qalacaqlardır.

 

Fəqət inqilabdan sonra iş böylə olmamalıydı. Artıq dördquyruqlu seçki üsulu Rusiya idarələrinin guşə daşını təşkil etmişdi. Demək ki, mədəndə də, kənddə də ixtiyar məhdud adamların degil, çoxluğu təşkil edən fəhlə ilə rəncbərlərin əlindədir.

 

Buna görə dəxi əslində siyasi bir intriqa qəsdilə meydana çıxan üçüncü nəzərin müdafeləri, yəni mədənlərin kəndlərdən ayrılıb da hökmən şəhərə bitişməsini istəyənlər nahaq yerə ortaya müğalitə atıyorlar. Onların müqəllidi “Hümmət” qəzetəsi dəxi bihudə yerə hər kəsi inandırmaq istiyor ki:

 

“Bu gün mədən və bunlara bağlı kənd əhalisi nə zemstvoda müsəlman bəylərinin əlinə düçar olmaq və nə xüsusi mədən zemstvosunda erməni sərmayədarlarına giriftar olmaq istəməyib özü uca səs ilə şəhərə bitişmək xahişini izhar edir”.

 

Hər şeydən əvvəl təkzib edəlim ki, kəndlərdən heç biri şəhərə bitişməyi yüksək degil, alçaq səslə olsa belə istəməmişdir. Biləks “Hümmət” qəzetəsinin qulağı açıq olsaydı Suraxanıdan, Ramanadan, Xilədən, Keşlədən və sair kəndlərdən gələn sədaları eşidərdi. Göz-ləri bir az da kəndçilərin mənfəətini görə bilsəydi məzkur kəndlərin bu xüsusda aldıqları qətnamələri oxurdu. Bu qətnamələrdə mədənlərin şəhərə bitişməsi degil, uyezd zemstvosu tələb olunuyor. Bu mitinqlərdə kəndlərin şəhərə bitişməsi degil, mədənlərdən ayrılmaması tələb olunuyor. Bu iki tələb arasında bir “azca” fərq olsa gərək.

 

Uyezd zemstvosu olursa, yəni mədənlərlə kəndlər bir idarəyə tapşırılırsa, erməni sərmayədarları ilə müsəlman bəyləri əmələlərlə rəncbərləri sıxacaqlarmış. Buna görə də həm mədənlər, həm də onlara bağlı olan kəndlər şəhərə bitişmək istiyorlarmış. Onlar bu bitişməklə əcəba, düşmənləri burjua ilə bəyə qarşı hanki qüvvəyi qazanmaq istiyorlar? Şəhər demokratiyasınımı?

 

Anlaşılmıyor. Mürşidləri Şaumyan mədənləri şəhərə bitişdiriyor ki, burada şəhər burjualarını, “bəhimi mübarizə” ilə məşğul olan “əhalini” (obıvatel) əqlləndirsin; buraya sinfi mübarizə köçürsün. Fəqət müridlərin sözündən çıxır ki, hayır, mədən əmələsi ilə onlara bağlı olan rəncbərləri ağaların əlindən qurtarmaq üçün mədənləri şəhərə bitişdiriyorlar.

 

Mürşidmi mötəbərdir, yoxsa mürid? Onu artıq siz özünüz ayırd ediniz!

 

Uyezd zemstvosu müsəlman bəylərinin nəzəriyyəsi imiş, “Açıq söz” ilə “Müsavat” da bu nəzəriyyəyi müdafiə edərkən bəylərlə müsəlman sərmayədarlarının mətləbinə rəvac veriyorlarmış. “Hümmət”in əvam firibligi (demaqogiyası) böylə iqtiza ediyor. Fəqət bu nəzəriyyənin bəy nəzəriyyəsi degil, bitərəf və biqərəz bir mühakimə nəticəsi olduğunu bəndən degil, keçən mart intihalarında müvəqqəti inqilab hökumətinin təşəbbüsilə daxiliyyə vəzarətində vəzir müavininin riyasəti altında cəmaət müəssisələrinin, siyasi firqələrin, milli nümayəndələrin iştirakilə ictima edən xüsusi məhəll və zemstvo islahatı komitəsindən eşitdiniz. Bu komissiyanın Zaqafqasiya zemstvosu həqqində aldığı qərarlardan  11-ci maddəsi diyor ki:

 

“Bakı mədən dairəsi nə xüsusi bir idarə halına qoyulsun, nə də Bakı şəhərinə bitişdirilsin. Çünki mədənlər şəhərə bitişməli olseydi, o zaman şəhər qərardadı bilatəxir onlara da şamil olmalıydı ki, bu da Zaqafqasiyada zemstvo işini gecikdirər. Digər tərəfdən də mədən dairəsinin daimi və müəyyən sərhəddi olmamaq və bu dairədəki ərazinin zemstvo ərazisi ilə arındırmamaq surətdə qarışıq olduğu, həmçinin, mədənsiz uyezdin maliyyəcə zəifligi mədənlərin xüsusi bir idarə halına qoyulması əleyhindədir”.

 

Yoxsa inqilab hökuməti tərəfindən təşkil olunan Petroqrad komisyonu Bakı bəylərinin mənafeyini müdafiə ediyor?

 

Hər bitərəf bir adam üçün məsələ aşkardır; bir takım firqə mülahizələrindən ötrü 80 minlik kəndistanı həyat sərçeşməsindən məhrum etmək, əti sümükdən ayırmaq olmaz. Petroqrad komisyonu da böylə düşünmüş, yalnız “Hümmət”dəki füqərayi-kasibə tərəfdarı bunu qanmaq istəmiyorlar. Kəndlilərin degil, mədəndəki müsəlman əmələlərin səsini belə eşitməyib məsələni bütün mənasilə müğalitəyə salıyorlar. Qövlü degil, qaili (sözü degil, söyləyəni) çürütmək məqsədinə düşüyorlar. “Müsavat”çı Rəsulzadə həqiqətən də kəndçi tərəfdarı isə, neçün toprağını müftə olaraq əkinçilərə vermək istəmiyor da mənsub olduğu firqənin topraq həqqində “yerlər adilanə bir qiymətlə kəndçilərə veriləcək” maddəsinə iştirak ediyor, deyə səmimiyyətimizi şübhələndirmək istiyorlar. Fəqət hafizəsizlikdənmi, yoxsa diqqətsizlikdənmi, nədən isə, Türk Ədəmi-Mərkəziyyət firqəsi “Müsavat” proqramının başına yazılan ixtarı oxumuyorlar. Bu ixtarda deniliyor ki: “Müsavat toprağın bilaəvəz alınıb toprağı işlədənlərə verilməsi rəyindədir”.

 

Bundan keçəndən sonra anlamaq istiyoruz görək ki, bəy və xəzinə yerlərini kəndçilərə müftə vermək surətilə kəndistan zemstvosunun halı necə düzələcəkdir?

 

Əgər yerin altındakı sərvət qəsd edilərsə, bu sosial-demokrat nəzəriyyəsi ilə kəndçilərə degil, dövlətə mal ola bilər.

 

Mürşidləri Şaumyan “Tiflis komisyonu” hüzurunda bəni bu qəziyyə ilə cərh etmək istiyordu. Toprağın üstündən əkib-biçmək vasitəsilə istifadəyə gəlincə, yel aparmış dağlar, bitkisiz şoranlardan ibarət, təbiətdən yoxsul yaranmış topraq istər kəndçi əlində olsun, istərsə mülkədar, zemstvo kassasının halına heç bir faidə etməz. Ələlxüsus ki, Bakı uyezdində təsəvvür olunan böyük mülkdarlar da, böyük mülklər də yox.

 

Qəribədir, mədənlərin kəndlərdən ayrılması ilə Bakı uyezdinin nə kibi səfil bir hala düşdügünü söylədigimiz zaman sosial-demokrat Roxlinlər mətləbi anlıyor, heç olmasa kəndçilərə təzminat vermək fikrini düşünüyorlar. Gözləməlidir ki, bu dərd aşinalığını “aşinalar” edəydi. Fəqət onlar həqiqəti görməmək və ya daha doğrusu kəndi vəziyyətlərindən ötrü sərfəsiz olan həqiqəti göstərməmək üçün göz örtüyor, örtünüyorlar.

 

Varsın kəndlər səfil qalsın; varsın uyezd viran olsun, onlar başqa rəydə olamaz. Mürşidlərindən ayrılamazlar: aman demokratlıqlarına şübhə gələr!

 

İştə, məntiq, iştə, ruh!

 

Kimdə bu məntiq yoxsa - sərmayədar, kimdə bu ruh yoxsa - bəydir!..

 

Görüyorum o günü ki, dünyaları sərvətə tutan neft mədənləri, yanındakı Bakı kəndçiləri yoxsul zemstvo daxilində səfil qalaraq:

 

Mən əz bikakan hərgiz nə naləm,

Nə naləm ki, bər mən hər ke kərdan aşina kərd! -

 

kilayəsini virdi-zəban ediyorlar.

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 19 sentyabr 1917, ¹569

 

Bəhimi - sərt

Təqid - anlaşılmazlıq

Mütəqəllibə - aferist, dələduz

Cərh - yaralama, qəlb sındırma,

sancma, təhqir etmə

Virdi-zəban - dilin(in) əzbəri

Rəfi-iştibah (böyük yanlışlıq)

 

“Novbahar” qəzetəsinin 86-cı nömrəsinə cavab

 

“Müsavat” nədir?

 

“Müsavat” Qafqasiya Azərbaycan türklərindən təşkil olunmuş siyasi bir firqə olub möhkəm və mətin bir proqrama daradır. Mərkəzi Bakıda, şöbələri isə bütün Rusiyada və qeyri məmləkətlərdədir.

 

“Müsavat” nə diyor?

 

“Müsavat” diyor: bütün millətlər öz müqəddəratlarını təyin etməgə muxtardırlar.

 

“Müsavat” diyor: bütün millətlərin öz müqəddəratlarını təmin etməgə həqləri vardır.

 

“Müsavat” diyor: gərək cəhangirlik zənciri kəsilsin.

 

“Müsavat” diyor: necə ki, insan əfradı bir arzu və amala daradır, haman tövr də bir millət arzu və amala dara olmaq istiyor.

 

Pəs lazım degil ki, zəif millətlərin tərəqqi edib amal və arzularına çatmalarının qabağına sədd çəkib onların siyasi və ictimai tərəqqilərinə mane olsunlar.

 

“Müsavat” diyor: bütün millətlər özlərinin meyl və arzularına görə öz vətənlərini, evlərini idarə etməgə və öz səliqələrilə onlara bəzək və zinət verməgə haqlıdırlar.

 

“Müsavat” diyor: bəşəriyyət aləmi bir bağdır ki, haman bağda bütün millətlər özlərinə məxsus bir baxça ayırıb o bağçada özləri üçün rəngbərəng ədəbi, tarixi və ictimai güllər əkib özlərinin varlıqlarını bildirməlidirlər.

 

Heç bir millətə demək olmaz ki, bəşəriyyət aləmindən xaric olub bu bağda özünəməxsus baxça tutma.

 

“Müsavat” diyor: bəşəriyyət aləmini təşkil edən millətlərin biri də Qafqasiya Azərbaycan türkləridir. Azərbaycan türkləri də bəşəriyyət gülüstanında özlərinə məxsus bir baxça ayırıb Rusiya istibdadının zülm pəncələri altında məhv və nabud olan mədəni, ədəbi, ictimai və siyasi güllərini əkib özlərinin də varlıqlarını bütün dünyaya bildirmək istiyorlar.

 

“Müsavat” diyor: bütün islam millətləri hazırki vəqtdən istifadə edib gələcəkdə avropalılara qul və əsir olmamaq üçün öz milli və siyasi həyatlarını təmin etsinlər.

 

“Müsavat” diyor: islam aləmi bir ev mənziləsindədir ki, haman evdə islam millətləri hərənin özünə görə məxsusi bir otağı var və bu islam millətləri öz əxlaq və adətləri mucibincə özlərinin otaqlarını təməddün və ədəbiyyatları ilə zinət və tərtib verə bilərlər.

 

O evdə qardaşlar biri-birisinin otağına müdaxilə etmək həqqinə malik degildir. Fəqət bu evi mühafizə etməgə bu evdə yaşayanların cümləsi borcludur. Hərgah bu evə xaricdən bir sədəmə və yainki bir qeyrisinin təcavüzi təhlükəsi olsa, bu evi müdafiə və mühafizə, ətrafdan gələn bəlaları rəf etmək cümləsinin borcudur. Daha deməsinlər ki, mana məxsus olan otaq səlamət qalsın, qeyrilərini dağıdıb talan edirlərsə də etsinlər, mənə dəxli yoxdur, xeyr!

 

“Müsavat” nə istiyor:

 

“Müsavat” bütün Avropa hökumətinin zülm və məşəqqət zənciri altında yaşayan və özlərinin milli və ictimai həyatlarına vida etmiş olan bütün islam millətlərinin azad olub hürr yaşamalarını arzu ediyor.

 

“Müsavat” İran dövlətinin tamam istiqlalına nail və qüdrətli bir dövlət olub tərəqqi tapmasını xahan və arzumənddir.

 

“Müsavat” Bakı, Gəncə, İrəvan və qeyri əyalətlərdən ibarət olan Qafqasiya Azərbaycanı üçün muxtariyyət və istiqlal istiyor.

 

“Müsavat” Türküstan, Qırğızıstan, Başqırdıstan, Krım və İdilboyunda yaşayan tatar qardaşları üçün muxtariyyət tələb ediyor.

 

“Müsavat” Rusiyada yaşayan bütün islam milləti üçün əgər məhəlli muxtariyyət mümkün olmasa, milli və mədəni muxtariyyət tələb ediyor.

 

Bəli: “Müsavat” yuxarıda zikr olan məsələləri diyor və istiyor!

 

“Novbahar” qəzetəsinin möhtərəm müdiri Məliküşşüəra nə demək istədigini bilmiyoruz! Lakin bu qədər bizə məlumdur ki, Məliküşşüəra cənablarının müdiriyyətilə nəşr olunan “Novbahar”ın 86-cı nömrəsində Qafqasiya Azərbaycan türklərinin bəşəriyyət aləmi gülüstanında özlərinə məxsus baxça tutub orada özləri üçün mədəniyyət gülləri əkməgə ixtiyarları olmadığını bildiriyorlar.

 

Möhtərəm “Novbahar” müdiri diyor: Qafqasiya Azərbaycan türklərinin islamiyyət evində özlərinə məxsus otaq tutmağa həqləri yoxdur: məgər inke özlərinə məxsus olan bu otağı bizə, yəni İrana, yainki Osmanlı türklərinə ilhaq edələr. Vəlainə sabiqki qərar üzrə imrari-həyat etməlidirlər.

 

Əcəba: biz Qafqasiya Azərbaycan türklərinin arzuları əksinə olan bu qədər məhəbbətsizlik haradan nəşət etmişdir?

 

“Müsavat” islam aləminin mərzəsində ittihad toxumu səpdigi zamanda böylə məna və imkanlara rast gəldigi acınacaq bir haldır. Təəssüflər! Təəssüflər!

 

“Novbahar” özünün bir səhv və iştibahı ilə bu müqəddəs toxumları öz səhifəsində puç edir! Bütün bizim bədbəxtliklərimiz cəhalətdən naşıdır. Əlbəttə, bir vəqt gələcək ki, “Novbahar” müdiri özünün tutduğu və yazdığı şeylərdən peşiman olub öz vicdanı yanın-da məsul olacaqdır.

 

“Novbahar” diyor ki: bizi təcəlli ediyorlar.

 

“Müsavat” firqəsinin məslək və proqramına büsbütün zidd və müxalif olduğu üçün biz bunu ciddən təkzib ediyoruz. Yuxarıda zikr olunduğu kibi “Müsavat” firqəsi İran dövlətinə və onların hüququna təərrüz və təcavüz edən dövlət və ya millətin böyük bir düşmənidir:

 

Budur ki, “Novbahar” müdiri möhtərəm Azərbaycan adından nahaq xof və dəhşətə düşmüşdür. Hərçəndi “Açıq söz” qəzetəsində Məhəmməd Əmin Rəsulzadə cənabları “İrşad” qəzetəsinin yazdıqlarına cavab olaraq bəyanat vermişdilər və bu bəyanatı “Rədd” qəzetəsi tərcümə və inşa etdikləri üçün nəzərimizcə bir şübhə yeri qalmamışdı.

 

Bununla bərabər təkrar ediyoruz, Azərbaycan yüz on il bundan qabaq havayi-ruzigardan təqsim olundu və Araz çayının Şimal tərəfində olan qitələri rus aldıqdan sonra Azərbaycan adını götürüb Zaqafqasiya adlandırdılar ki, Məvarayi-Qafqaz olsun.

 

“Açıq söz”, 2 fevral 1918, ¹671

 

İştibah - səhv, yanlış

Dara - sahib

Nabud - yox

Təməddün - mədəniyyət

Xahan - istəyən

Mərzə - sərhəd, hüdud

 

(Ardı var)

 

525-ci qəzet.-2018.-17 fevral.-S.20-21.