Polkovnik İsrafil bəyin xatirələri

 

Azərbaycan Xalq Cümhuriyyəti-100

 

Vilayət QULİYEV

 

1932-ci ilin payızında özünü “Baş qərargah polkovniki” kimi təqdim edən İsrafil bəy Varşavada Şimali Qafqaz dağlıları Xalq Partiyasının mətbu orqanına -  Azərbaycan-türk və rus dillərində çap olunan “Kafkasiya dağlıları-Qortsı Kafkaza” jurnalının redaksiyasına məktubla müraciət etmişdi.

 

Əvvəlcə bir neçə kəlmə məhdud partiya maraqlarından çox ümumqafqaz mövqeyində dayanan “Kafkasiya dağlıları-Qortsı Kavkaza”   jurnalı haqda.

 

Jurnalın nəşrinə 1929-cu ildə Parisdə başlanmışdı. Onun 1-29-cu sayları Fransa paytaxtında, 30-50-ci sayları isə Varşavada çap olunmuşdu. 1934-1939-cu illərdə nəşrini “Şimali Kafkasiya-Severnıy Kavkaz” adı ilə davam etdirmişdi. Beşiyi başında Şimali Qafqaz dağlılarının knyaz Elmurza Bekoviç-Çerkasskiy (adıgey),  Barasbi Baytuqan (osetin) kimi tanınmış ictimai-siyasi xadimlərinin dayandığı nəşr Azərbaycan siyasi mühacirətinin Avropadakı irsini və fəaliyyətini öyrənmək baxımından da mühüm qaynaqlardan biridir. “Bizim dağlı sıralarımızda türk ünsürü əhəmiyyətli yer tutur” - etirafında bulunan jurnal öz səhifələrində Qafqazın aparıcı milli-siyasi qüvvəsi kimi xarakterizə etdiyi Azərbaycan  mühacirəti nümayəndələrinə geniş yer  ayırırdı.

 

Görünür, bu amili nəzərə alan İsrafil bəy də Azərbaycan Cümhuriyyəti ordusu haqqındakı qeydlərini ictimaiyyətə təqdim etmək üçün “Kafkasiya dağlıları-Qortsı Kavkaza” jurnalını seçmişdi.

 

Bəs dörd ordunun (Rusiya imperiyası, Azərbaycan Xalq Cümhuriyyəti, Polşa Respublikası, Hitler Almaniyası) zabiti olmuş İsrafil bəy  kim idi?

 

İsrafil bəy Məhəmmədnəbi oğlu İsrafilov (İsrafil bəy Məhəmməd, İsrafil bəy Yadigarov, (polyak hərbi mənbələrində Bey Muchamed İsrafil, Bey İsrafil Yedigar), İsrafil bəy İsrafilbəyli kimi  tanınır) 1924-cü ildə Polşa ordusunda xidmətə başlayarkən yazdığı tərcümeyi-halda göstərdiyinə görə, 1888-ci ildə Tiflisdə anadan olmuşdu. Rus ordusuna bir neçə yüksək rütbəli zabit (o cümlədən, M.F.Axundzadənin dostu, general-leytenant İsrafil bəy Yadigarov, 1815-1885) vermiş məşhur Yadigarovlar ailəsinə mənsubluğunu təxmin etmək mümkündür. Tiflis kadet korpusunda təhsilini tamamladıqdan sonra 1910-cu ildə podporuçik rütbəsi ilə hərbi xidmətə başlamışdı.

 

Birinci Dünya müharibəsində Varşava altında avstriyalılara qarşı vuruşmuşdu. 1915-ci ildə eskadron komandiri kimi Qafqaz cəbhəsinə göndərilmişdi. Daha sonra döyüş yolu Odessadan, ingilislərlə çiyin-çiyinə vuruşduğu Fars körfəzindən keçmişdi. 1916-cı ildə rotmistr rütbəsi ilə Qafqaz süvari diviziyasının tərkibində Rumıniya cəbhəsinə göndərilmişdi. 1918-ci ilin baharından yenicə təşəkkül tapan Azərbaycan ordusundə xidmətə başlamışdı. Təxminən eyni vaxtda Gürcüstan ordusunda xidmət keçməsi, hətta 1918-ci ilin dekabrında gürcü-erməni müharibəsində gürcü tərəfdən iştirakı haqqında məlumat da mövcuddur. Lakin istər bu, istərsə də guya hərbi xidmətdən tam uzaqlaşıb doğma kəndinə çəkilməsi haqqındakı versiyanı (N.Yaqublu) həqiqətə uyğun saymaq qeyri-mümkündür. Çünki xatirələrindən də göründüyü kimi, o, 1918-ci ilin ikinci yarısından etibarən qurulmaqda olan Azərbaycan milli ordusunda aparıcı simalardan biri idi. Bakının erməni-bolşevik işğalından azad olunması uğrunda mübarizədə yaxından iştirak etmişdi.

 

Milli hökumətin süqutu yüzlərlə silah və əqidə yoldaşı kimi İsrafil bəyi də dilemma qarşısında qoymuşdu: ya vətənini işğal etmiş bolşeviklərin tərəfinə keçməli, ya da onlara qarşı əks cəbhədə dayanmalı idi. İsrafil bəy çətinlik və məhrumiyyətlərlə dolu ikinci yolu seçmişdi. 1924-cü ildə tale onu Polşaya aparıb çıxarmışdı. Burada Polşa ordusunda (Voysko Polskoe) müqavilə əsasında xidmətə başlamışdı. 1926-1928-ci illərdə Varşava Ali Hərbi Məktəbində təhsil almışdı. Əvvəlcə 36-cı piyada alayında xidmət etmişdi. 1939-cu ilin yazında isə artıq Qrodno şəhərində yerləşən 29-cu piyada diviziyasında qərargah zabiti idi. Podpolkovnik rütbəsində Polşa ordusunun 11-ci süvari alayında xidmət etməsi haqda da məlumat  mövcuddur.

 

Bolşevik rejiminə sonsuz nifrət keçmiş rus ordusunun və milli orduların bir sıra zabitlərini Hitler Almaniyası ilə əməkdaşlıq yoluna çəkmişdi. Polkovnik İsrafil bəy də belələrinin sırasında idi. Amma onu hitlerçilərin Avropa ağalığı xülyasından daha çox vətəni Azərbaycanın yenidən istiqlalına qovuşması düşündürürdü. Bu məqsədlə də 1943-cü ildən Berlində Şərq nazirliyi yanında fəaliyyət göstərən Azərbaycan komitəsinə rəhbərlik etmişdi. Eyni zamanda,  hərbi əsirlərdən ibarət 162-ci Türküstan piyada diviziyasının 314-cü piyada alayına komandanlıq etmişdi. 1944-cü ilin dekabrından  vaffen ştandarterfürer (rus ordusunda podpolkovnik) rütbəsində III Reyxin Qafqaz hərbi birləşməsinin “Azərbaycan” döyüş qrupunun komandiri idi. 1945-ci ilin martında Berlindəki Azərbaycan Milli Komitəsinin hərbi məsələlər üzrə müşaviri idi.

 

İsrafil bəy müharibənin sonunu Amerikan işğal zonasında qarşılamışdı. Lakin bu sovet xüsusi xidmət orqanlarının cəngindən qurtarmağa imkan verməmişdi. Amerikalılar azərbaycanlı zabiti SSRİ-yə qaytarmışdılar. Onu Azərbaycana gətirib Bakı Hərbi Dairəsinin tribunalında mühakimə etmişdilər. İsrafil bəy irəli sürülən “vətənə xəyanət” ittihamı ilə razılaşmamışdı. Çünki nə SSRİ-ni, nə də keçmiş Sovet Azərbaycanını özünə vətən sayırdı. Amma buna baxmayaraq, haqqında ölüm hökmü çıxarılmışdı - tələsik hökm eyni tələskənliklə də yerinə yetirilmişdi. Azərbaycan Cümhuriyyəti ordusunun qurucularından biri 1945-il iyulun 11-də Bakıda güllələnmişdi.

 

Azərbaycan ordusunun yaranma prosesi haqda bildiklərini yazmağı ona 1923-cü ildən siyasi mühacir kimi İstanbulda yaşayan və mühacir qüvvələri vahid ideya ətrafında birləşdirməyə çalışan Məhəmməd Əmin Rəsulzadə tövsiyə etmişdi. Bu, 1931-ci ildə, hər ikisinin Azərbaycan davasını Polşada davam etdirdikləri dövrdə baş vermişdi.

 

İsrafil bəy özü xatirələrini “Kafkasiya dağlıları - Qortsı Kavkaza  redaksiyasına göndərərkən  bu barədə jurnalın naşiri və redaktoru, əski silah yoldaşı knyaz Elmurza Bekoviç-Çerkasskiyə yazırdı:

 

“Mərhəmətli cənab redaktor! 1920-ci ildə Azərbaycan bolşevik işğalına uğrayandan sonra iki ilə yaxın müddət ərzində İran, Ərəbistan, Hindistan və Misirdə səfil-sərgərdan gəzib dolaşandan sonra nəhayət İstanbula gəlib çıxdım. Burada 1923-cü ilin əvvəllərində Azərbaycan milli təşkilatının rəhbəri Məhəmməd Əmin bəy Rəsulzadə mənə müraciət edib Azərbaycan ordusu haqda xatirələrimi yazmağımı istədi.  Xahişi yerinə yetirdim; amma görülən işi tam və dolğun saymaq olmaz, çünki əlimin altında lazımi material yox idi”.

 

Polkovnik İsrafil bəy böyük hörmətlə yanaşdığı M.Ə.Rəsulzadənin xahişini dərhal yerinə yetirmişdi. Nəticədə Cümhuriyyət dövrü hərb tariximizin diqqətəlayiq bir sənədi ortaya çıxmışdı.

 

Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan ordusunun 100 illiyinin bayram olunduğu ərəfədə sadəcə yaddaşa əsaslanaraq yazılmış və milli ordumuzun çətin doğuluş prosesini göz önündə canlandıran xatirələri  rus dilindən tərcümədə “525-ci qəzet”in oxucularına təqdim edirəm.

 

Yanvar, 2018, Budapeşt

 

“Azərbaycan ordusu haqda xatirələr”

 

İSRAFİL BƏY

 

1919-cu il avqustun sonlarında 2-ci süvari diviziyanın komandiri general İ.Usubov ordu üçün qış geyim forması (35 000 dəst), sursat, avtomobillər və hərbi sahədə ehtiyac duyulan digər müxəlləfat almaq üçün İtaliyaya ezam edildi. 2-ci diviziyaya komandanlıq müvəqqəti olaraq bu hərbi birləşmədəki əsgər və zabitlərin məhəbbətini qazanmış general Makaevə (gürcü) tapşırıldı.

 

1919-cu il avqustun 18-də tərkibinə 5-ci Bakı piyada alayı, 5-ci Bakı süvari alayı və 2-ci artilleriya briqadası daxil olan hərbi birliklər Lənkərana yürüşə çıxmaq əmrini aldı. Dəstənin rəisi general Səlimov Hacıqabul stansiyasını hərbi birliklərin toplanış məntəqəsi təyin etmişdi.              

 

LƏNKƏRANA YÜRÜŞ

 

Hərbi hissələrlə eyni vaxtda general Səlimov da qərargahla birlikdə Hacıqabul stansiyasına gəlmişdi. Burada 3-cü Şəki süvari alayının igid komandiri polkovnik, şahzadə Xosrov Mirzə Qacar gözəl bir təşəbbüs göstərdi: dəstədəki zabitləri biri-birinə tanıtmaq, bu yolla da aralarında mənəvi əlaqə yaratmaq məqsədi ilə ümumi şam yeməyi təşkil etdi. Yeməyə qərargahının bütün rütbələrdən olan üzvləri, eləcə də komandiri olduğum 5-ci Bakı süvari alayının  zabitləri çağırılmışdı. Polkovnik Xosrov Mirzə özünəməxsus ev sahibi rolunu üzərinə götürdü; həmin axşam zabitlərin çoxu nəinki qarşılıqlı şəkildə tanış oldular, həm də gec yarısına qədər davam edən dostcasına söhbət zaman bir-birləri ilə xeyli yaxınlaşıb doğmalaşdılar. Bunun da nəticəsində yürüş zamanı artıq hər bir zabit üzərinə qoyulan döyüş tapşırığını yerinə yetirir, həm də şərait tələb etdiyi təqdirdə “qonağı” olduğu alaya imkanı daxilində yardım göstərməyə çalışırdı.

 

Lənkəran yürüşü bir ay çəkdi. Hava bürkü idi. Hədsiz isti hərəkəti çox  çətinləşdirirdi. Yürüş zamanı bir neçə günvurma hadisəsi oldu. Amma buna baxmayaraq, hər gün 35-45 verst məsafə qət edirdik. Gənc əsgərlər iradə və dözümlülükləri ilə çox şeylər görmüş zabitləri də heyran qoyurdular.

 

Dəstəmiz bu şəkildə irəliləyərək heç bir müqavimətlə üzləşmədən Prişib kəndinə çatdı. Sən demə, burada kənd sakinləri keçmiş sərhəd dəstəsinin döyüşçüləri ilə birlikdə müdafiə olunmaq fikrinə düşübmüş. Öndə gedən əsgərlərimiz tüfəng və pulemyotlardan açılan yaylım atəşi ilə qarşılandı. Lakin düşmən təxribatı hərbi dəstə komandirini çaşdırmadı. O, sakit səslə kəndi cənub və şərq tərəfdən əhatə edən yüksəklikləri tutmağı əmr etdi. Eyni zamanda, hissə komandirlərinə hədər yerə qan axıdılmasına mümkün qədər yol verməməyi tapşırdı. Özü isə həyatını təhlükəyə atıb kənd tərəfdən aramsız atəş açılmasına baxmayaraq, irəli çıxdı, işarə edib sakinlərlə danışmaq istədiyini bildirdi. Atəş dayandırıldı. Müəyyən danışıqlardan sonra sərhəd dəstəsinin üzvləri silahlarını təhvil verməyə razı oldular. Beləliklə, dəstəmiz bir damla da qan axıtmadan üsyançılara məxsus 6 top, Maksim sistemli 24 pulemyot, habelə çoxlu sayda silah, sursat, patron və 150 baş süvari atı ələ keçirdi. İlk böyük qələbənin ardınca başqa ciddi uğurlar da qazanıldı. Prişib kəndinin nümunəsi bölgədəki digər rus kəndlərinə də gənc Azərbaycan ordusunun yerli sakinlərin  həyatına təhlükə törətmədən, heç kəsin  dinclik və sakitliyini pozmadan yalnız öz respublikasının sərhədləri daxilində normal qayda-qanun yaratmaq olduğunu göstərdi. Bu ilk nümunə nəticəsində hərbi dəstənin sonrakı yolu tam sakit şəraitdə keçdi. Rus əhali və sərhədçilər artıq qətiyyən müqavimət göstərmək fikrinə düşmədən topları, pulemyotları, digər silah və sursatı, döyüş atlarını  təhvil verirdilər.

 

Beləliklə, general Səlimovun dediyi kimi, hərbi dəstə “təntənəli marşla” Prişibdən əhalisi istisnasız şəkildə azərbaycanlı-müsəlmanlardan ibarət Lənkəran şəhərinə qədər bir yol keçdi. Şəhər sakinləri bizi böyük təntənə və ehtişamla qarşıladılar; bir neçə yerdə zəfər tağı qurulmuşdu, küçə və meydanlarda gecənin gec saatlarına qədər hər tərəfdən eşidilən coşqun “Yaşasın!” sədaları sakitləşmək bilmirdi.

 

Hərbi nazirin əmri ilə 5-ci Bakı piyada alayı tərkibindən bir batalyon ayırdı. Əlahiddə Lənkəran batalyonu adını alan hərbi hissə yeni yaradılacaq Lənkəran qarnizonunun əsasını təşkil etməli idi. Əsgərlərimiz 1919-cu il sentyabrın ilk günlərində geriyə qayıtmağa hazırlaşırdılar. Keçdiyimiz hər yerdə artıq rus əhali bizi xeyirxahlıqla yola salırdı. Onlar azərbaycanlıların  qısa müddər ərzində belə mütəşəkkil və yüksək nizam-intizama malik ordu qurmalarına heyrət etdiklərini deyirdilər. Sentyabrın 13-də hərbi dəstəmiz Hacıqabul stansiyasına çatdı. Burada istiqamətlərimiz ayrıldı və alaylar özlərinin daimi dislokasiya yerlərinə yollandılar.

 

5-ci Bakı piyada alayı paytaxta çatan kimi dərhal Lənkəranda qoyub gəldiyimiz 3-cü batalyonun yerinə yeni batalyon formalaşdırmağa başladı.

 

Yürüşün nəticələri hərbi nazirin Azərbaycan ordusunun yüksək nizam-intizamını əks etdirən aşağıdakı əmrindən çıxarışda əksini tapmışdı:

 

... ”Paraqraf 2. Lənkəran şəhərinə nəzarəti ələ keçirmək, bölgədə qayda-qanunu və Azərbaycan dövlətinin hakimiyyətini təmin etmək məqsədi ilə mənim əmrimə əsasən, Baş qərargah rəisi general Səlimovun komandası altında 3 qoşun  növündən ibarət hərbi birləşmə təşkil edilmiş və Lənkərana göndərilmişdir.

 

Hacıqabul stansiyasından Lənkərana qədər susuz düzənliklərdən keçən 430 verst məsafəni havanın çox isti olmasına baxmayaraq, əsgərlərimiz heç bir xəstəlik və gecikmə hallarına yol vermədən  15 günə qət ediblər. Yürüş zamanı dəstədə qayda-qanun pozuntusu hallarına təsadüf olunmayıb. Yerli sakinlərdən heç birinə zərrə qədər də ziyan vurulmayıb. Yol üzərindəki şəhər və kəndlərin əhalisi əsgər və zabitlərimizin nümayiş etdirdikləri son dərəcə nəzakətli münasibət haqda minnətdarlıq hissi ilə söz açırlar. Hərbi dəstə Lənkəranı tərk etdikdən sonra bölgəyə səfərim zamanı mən bunun həqiqətən də belə olduğuna şəxsən bir daha inandım.

 

Özünün əsgəri görkəmi və nümunəvi intizamı ilə hər kəsdə güclü təsir buraxan dəstə Lənkəran qəzasını və Muğanı böyük hərbi qənimətlə yenidən doğma Azərbaycanın ağuşuna qaytarmış, özbaşınalıq və hərc-mərclikdən əzab çəkən əhalini sakitləşdirərək onlara dinc həyat bəxş etmişdir.

 

Bu münasibətlə Hərbi nazirlik adından general Səlimova təşəkkür elan edirəm.

 

Hərbi birliyin tərkibinə daxil olan alay komandirlərinə, bütün zabitlərə və tibbi personala yürüşün uğurla keçdiyinə, yollarda və düşərgələrdə qayda-qanunun təmin olunduğuna görə təşəkkür edirəm.

 

Azərbaycan ordusunun ilk  yürüşündə özlərini qəhrəman və şərəfli hərbçilər kimi göstərmiş gənc əsgərlərimizə ürəkdən sağ ol deyirəm”.

 

Əmri hərbi nazir, artilleriya generalı S. Mehmandarov imzalamışdı.

 

III

 

ZƏNGƏZUR YÜRÜŞÜ

 

Bolşevik agentləri yalnız Bakıda və Şamaxıda bir milləti başqasının üstünə qaldırmaqla kifayətlənmirdilər. Onlar eyni işi Qarabağda da görürdülər. Zəngəzurun erməni əhalisi də bu təbliğata uyub Azərbaycan hakimiyyətinə tabe olmamağa çalışır, dövlətin nəzarətindən çıxmağa can atırdılar. Milli düşmənçilik hissləri ilə məharətlə oynayan bolşeviklər hədə-qorxu gələrək Qarabağı anarxiya və hərc-mərclik ocağına çevirəcəklərini bəyan edirdilər. Bu xəyanətkar fəaliyyətin qarşısını almaq üçün Azərbaycan hökuməti 1919-cu il oktyabrın əvvəllərində general C.Şıxlinskinin komandası altında Qarabağa hərbi ekspedisiya göndərməyi qərara aldı. Onun qarşısına bölgədə sakitliyi bərpa etmək, əhalini günü-gündən güclənməkdə olan özbaşınalıq və anarxiyadan qurtarmaq vəzifəsi qoyulmuşdu.

 

Ekspedisiyanın tərkibinə 1-ci Cavanşir piyada alayı, 2-ci Zaqatala piyada alayı, 2-ci Qarabağ süvari alayı və bir artilleriya divizionu daxil idi.

 

Yürüş iki aydan çox davam etdi. Çünki rəhbərlik məqsədə  qan tökmədən nail olmaq istəyirdi. Lakin təəssüf ki, bu, mümkün olmadı.  Məqsədyönlü təbliğatın başdan çıxardığı, üstəlik də yalnız tüfənglə deyil, top və pulemyotlarla silahlanmış erməni əhali Azərbaycan ordusuna hərb sənətinin bütün qanunlarına uyğun müqavimət göstərməyə başladı. Nəticədə general C.Şıxlinski də qətiyyətli hərəkətlərə əl atmalı oldu. Hərbi əməliyyatlar nəticəsində üsyançı ermənilər qaçıb son istinadgah saydıqları Dıka (çox güman, Dağlıq Qarabağın Tuğ kəndi nəzərdə tutulur - V.Q.) sığınmalı oldular. Arxalarından isə general C.Şıxlinskinin komandası altında xüsusi hərbi dəstə gəlirdi. Həmin vaxt Şuşa ətrafından generala kömək məqsədi ilə 5-ci Bakı piyada alayı   Gəncə piyada alayının 3-cü batalyonu hərəkət edirdi. Üsyançı ermənilər mühasirəyə düşmək təhlükəsi qarşısında qalmışdılar. Onlar vəziyyəti belə görüb erməni hökumətinə üz tutdular. Sonuncu isə vasitəçilik xahişi ilə Gürcüstandakı Britaniya nümayəndəsi cənab Şatelvorta müraciət etdi.

 

Britaniya nümayəndəsinin işə qarışması nəticəsində hərbi nazirimizin göstərişinə əsasən, xüsusi dəstə hücum əməliyyatını dayandırdı.

 

Qarabağda sakitlik bərpa olundu və ordu dislokasiya yerinə qayıtdı.

 

1920-Cİ İLDƏ NOVRUZ BAYRAMININ QEYD EDİLMƏSİ

 

Zəngəzur yürüşündən qayıdan ordu hissələri intensiv şəkildə qarşıdan gələn Novruz bayramı münasibəti ilə keçiriləcək hərbi parada hazırlaşmağa başladı. Alaylara yeni adamlar cəlb edilir, onlar hərbi geyimlə təchiz olunurdu. Davamlı sıra təlimi keçirilirdi. Hər alay özünün hazırlıq səviyyəsi, dözümlülüyü, səliqə-sahmanı ilə başqalarını kölgədə qoymağa çalışırdı.

 

Nəhayət, çoxdan gözlənilən Novruz bayramı çatdı. Həmin gün Hərbi nazirlik önündəki meydanda (indiki Azneft meydanı - V.Q.) keçirilən paradda aşağıdakı hərbi hissələr vardı: Hərbi məktəb, 5-ci Bakı piyada alayı, 6-cı Göyçay piyada alayı, 4-cü Quba biyada alayının bir batalyonu, 1-ci Tatar süvari alayı, 2-ci artilleriya briqadası, süvari-dağ artilleriya divizionu, topçu bölməsi, “Qars” və “Ərdəhan” gəmiləri (meydanın bir tərəfi dənizə açılırdı - Müəllif), istehkamçılar məktəbi və ehtiyat polis alayı. Meydan ətrafındakı küçələr, balkonlar, hətta evlərin damı da adamlarla dolu idi.

 

Əsgərlərin hazırlığı və cəsur görkəmi hər kəsə böyük təsir bağışlayırdı. Hətta xaricilər də heyrətlərini gizlədə bilmirdilər. Azərbaycanlıların çoxunun isə sevincdən gözləri yaşarmışdı.

 

Bu milli Azərbaycan hərbi hissələrinin parlaq, amma çox təəssüf ki, sonuncu paradı idi. Əsgər və zabitlər o günü heç zaman unutmayacaqlar. İndi də onların qulaqlarında sevinc və ruh yüksəkliyi ilə dolu milli marşımız səslənir. Hökumət başçısını və sevimli hərbi nazir general Mehmandar bu marşın sədaları altında qarşılanıb hərbi qaydada salamlanmışdılar.

 

Martın 20-də komandam altındakı 5-ci Bakı piyada alayının zabitləri ziyafət düzəltmişdilər. Hərbi nazir, Ümumi və Baş Qərargah rəisləri, 2-ci diviziyanın komandiri, habelə paradda iştirak edən bütün hərbi hissələrin komandirləri ora dəvət olunmuşdular.

 

Hərbi nazir ziyafətə gec gəldi (təxminən axşam saat 10-da) və bizimlə yalnız bir neçə dəqiqə qalacağını bildirdi. Çünki hökumətin çox vacib iclası varmış. Sonra general Səlimova nə isə deyib vidalaşdı və məclisi tərk etdi.

 

Ziyafət başa çatandan sonra, təxminən gecə saat 12 radələrində general Səlimov məni başqa otağa çağırıb təxminən aşağıdakıları dedi: “Gündüz saat 11-də komandiri olduğunuz 5-ci Bakı piyada alayı Yevlax stansiyasına yola düşməlidir. Məsələ belədir: dünən gecə erməni quldurları Şuşa və Xankəndi qarnizonlarındakı zabitlərimizin Novruz şənliyinə toplaşmalarından duyuq düşüb yatan əsgərlərə basqın ediblər. Xoşbəxtlikdən layiqli cavablarını alıblar. Amma bununla belə, Əsgəran keçidini tutublar. Əsgəran qalasındakı qarnizonumuzun döyüşçüləri sayca az olduqlarından onların qarşısını ala bilməyiblər. Beləliklə, indi Qarabağı Azərbaycanın digər hissələri ilə bağlayan yeganə yol ermənilərin əlindədir. Vəziyyəti düzəltmək  lazımdır. Hökumət bu məqsədlə Qarabağa üç qoşun növündən ibarət xüsusi hissə göndərmək qərarına gəlib. Komandanlıq mənə həvalə olunub. Dəstənin tərkibinə sizin 5-ci Bakı piyada alayı, 8-ci Ağdam piyada alayı, 1-ci Tatar süvari alayı, 4-cü Quba piyada alayının bir batalyonu, Parlament mühafizəsinin iki eskadronu, 2-ci artilleriya briqadası və mortir (topçu) bölüyü daxildir”.

 

Təxminən saat 2-yə yaxın general Səlimov getdi. Digər qonaqlar da dağılışdılar. Ara sakitləşən kimi mən batalyon komandirlərini və təsərrüfat hissəsi rəisini çağırıb onlara sabahkı yürüşlə bağlı lazımi tapşırıqlar verdim.

 

Martın 21-də səhər saat 10-da 5-ci Bakı piyada alayı şəhərdən çıxdı. Axşam dəmir yolu ilə Yevlax stansiyasına gəlib çatdıq. Əşyalarımızı vaqonlardan boşaldıb yola çıxdıq. Yevlaxla Ağdam arasındasındakı məsafəni (85 verst) iki günə qət etdik.

 

(Ardı var)

 

“Kafkasiya dağlıları -Qortsı Kavkaza”

1932,  ¹ 33, s.22-25

 

525-ci qəzet.-2018.-17 fevral.-S.18-19.