Əhməd Qəşəmoğlu
sən ona oxşayırsan...
... eşitsən qəfil ölmüşəm
çəkilib bir tərəfə, tənha
elə mənim sözlərimlə
zildən bir ağı deyərsən...
heç olmasa bir saatlıq
qara paltar geyinərsən...
Ramiz demiş, hər kişinin
öləndən sonra
qara paltarlı bir qadının
göz yaşına ümidi var...
ömrüm boyu ürəyimdə
həsrəti yatan qadını,
neçə dəfə
gül dəstəsi
almaq istədiyim qadını,
heç bir yanda tapmadığım,
heç adını
tutmadığım,
kəlmə kəsmədiyim
qadını,
çox olsa da ehtiyacım
ətrini duymadığım
qadını
hardan tapım ki, ağlasın məni...
ümidsizəm...
ömrümə bir şey qalmadı...
qəlbimdəki o qadını
ha çağırdım, gəlmədi...
gecə-gündüz səssiz-səssiz
dedim ona:
mən sənsizəm...
mən sənsizəm...
çox işim
yarımçıqdı onsuz,
çox sevdam qalxmamış, solmuş...
kim bildi ki, tənhalıqda
qəlbim necə
viran olmuş...
o olsaydı qəlbimdəki
tellər ona köklənərdi,
neçə sevgi dastanı, neçə uğur
yer üzünə
gələrdi...
nəğmə-nəğmə dillənərdi...
nə olsun ki, o deyilsən
sənki ona oxşayırsan.
qəfil öldüyümü
eşitsən
çəkilib bir tərəfə, tənha
elə mənim sözlərimlə
zildən bir ağı deyərsən...
həm mənə ağı deyərsən,
həm də qəlbimdəki,
yer üzünə
gəlməyən gözələ....
heç olmasa bir saatlıq
qara paltar geyinərsən...
ömrümün gözəl insanları
ürəyim sək-səkədə,
ömrüm təhlükədə...
dünyadan keçirəm
indi...
...gecədən xeyli keçib,
küçənin ortasında
təkəm.
kövrəlmişəm...
bu şəhərdəki
insanlar düşür
yadıma.
bu şəhərdə
üç-beş insan var ki,
onlar yadıma düşdükcə,
təpər gəlir
ürəyimə.
o doğma işıq
üzünə silah tuşlanmış
bir insan günündəyəm...
dövranın əlindədir
silah...
görürəm zamanın
ötdüyünü,
güllələrin sinəmi
necə
al-qan etdiyini...
düşüb qaldığım
yerdə
doğma bir işığı düşünürəm,
üz-gözümə çilənmiş
qanın
sifətimə verdiyi
yaraşığı düşünürəm.
...ömrüm boyu
eşqinə üz tutub getdikcə getdim,
bir xəbər yox səndən,
yer üzündəmisən?
mən səni -
o doğma işığı düşünürəm,
ömrüm həsrət
qaldığı şirin
bir çağı düşünürəm...
Kainat verəcək hökmünü
adil
Yer üzü yaşamaz belə nizamla
Nizam dəyişəcək,
yol dəyişəcək.
Kainat verəcək hökmünü
adil
Əllərin üstündə əl dəyişəcək.
Bütün fəlsəfələr etmədən tərslik,
Çiçəklər olacaq ən gözəl dərslik,
Məhəbbət hər qəlbdə
bir nur, üzərrik
Acı söz keçəcək, dil dəyişəcək.
İblisin hökmündən insan
arınıb,
Axır biləcək ki, niyə yaranıb?
Uca kəhkəşəndən nümunə
alıb
Allahın yolunda el dəyişəcək.
O vədə səmalar olacaq yerim,
Yenidən dillənər mənim
hər şeirim,
Ruhumdan
boy verər o ilham pərim
Dövran
dəyişəcək, il dəyişəcək.
inam
qıran qırır,
quran qurur...
fələk də öz hörgüsünü
astaca, aramca hörür...
qıranlar pozur ahəngi,
ahəngə aparır
yer üzünü
quran...
hələ
nadanlıq çox
olduğundan
iblisin gümrah vaxtıdı...
amma
heç vədə
yer üzünü tamam
qıranın əlinə
verməz quran...
yaltaq adam
özündən yuxarı
yaltaqlananlar
yaltaqlıq gözləyir
aşağılardan.
bununla qəlbində rahatlıq tapır,
özünə afərin
deyir də hərdən.
nə qədər kiçilsə, nə qədər ensə,
nə qədər hər əmrə, o ləbbeyk desə,
daha çox istəyir ona baş əysin,
önündə inləsin,
kim tabedirsə.
odur ki, yaltaqlıq təhlükəlidir,
iblisin işıqlar üstə əlidir.
hər əməl gözlə sən yaltaq adamdan,
qəlbi xərabədir,
şirin, dilidir.
gecikdin...
üşümə qızılgülüm,
bağbanın olammıram...
nəhs düşübdü
araya
ağrını alammıram...
sən bir günəş şəfəqi,
gah əlimdə, gah baqi.
eşq şərbəti
ver, saqi!
yıxıldım, qalxammıram.
yağan nurmu, yağışmı?
ya bir cadu, qarğışmı?
ağ buludlar ağ daşmı?
üstümdən atammıram....
yar dedi: - dərdin gözəl,
sən vüsaldan üzmə əl,
en göylərdən, yerə
gəl.
- gecikdin, gələmmirəm.....
yer üzünə nurun
düşüb
yeri... yeri...
yer üzünə
nurun düşüb,
bilsən hansı
məqamdayam?
yadıma gözlərin
düşüb.
nə olar, məni qınama
tellərin, əllərin
düşüb.
sən göy üzünün qızısan,
elə səsindən bilinir.
ağ buludlar tən-tətənə tək
sənin yanınca
sürünür...
ömrüm boyu qəlbimdəki
tellər belə
dillənmədi,
heç bir vədə bu yer üzü
bu qədər doğma gəlmədi...
hər sözünlə
ürəyimdə
say-hesabsız arzu qalxır,
nə biləsən indi Əhməd
burda nə qədər darıxır...
yeri... yeri...
yer üzünə
nurun düşüb,
qəlbim eşqin alovunda
bilməzdim ki, kimsə məni
bu qədər valeh edər,
talenin işinə bax,
gör hələ bir, nələr edər?!
tellərindən, əllərindən,
dilbərim, bir nur qalxır...
şövq verir üz-gözündən,
sənin dörd
yanından axır
hansı sirrin işığıdı,
göyün hansı
yerindən?
nə deyir sehrinlə axı,
göylərin dərinindən?
kimsən belə?
Bilməm.
yer üzündə
neyləyirsən?
yer üzü dəysə xətrinə,
qurban elə məni sən.
Qüdrətin bilirsən ki, yar
Allahdan əmanətdi
Valeh eylədi hər kəsi,
biri də bu Əhməddi.
Gəl, nur içində
Ömrümə xoş gəldin,
gəl nur içində,
Xərabə ömrümə bir həyat gətir.
Tulla bir tərəfə daşı, kəsəyi
Öz qəlbinə
oxşar bir busat gətir.
Bir qəsr ucaldaq dağlar başında,
Dörd yanı bağ-bağat, ən zərif güllər.
Ağaclar boy versin nəğmələrin
tək,
Bulaqları sənin qəlbinə bənzər.
Ağappaq buludlar göm-göy
səmada,
Baharın günəşi-nur yağışı
tək.
Mən sənin qarşında - əmrinə tabe,
Sən mənim
qarşımda ilahi mələk.
Muğamın ən şirin məqamı olaq,
Sözləri mən olum, avazı - sən ol.
Sənin
hər bir nəğmən duamız
olsun
Yerin, kahkaşanın ta özü sən ol.
sən də sevdin, nur çiçəyi...
sən də sevdin, nur çiçəyi!..
sən də sevdin, gözün aydın!
o əlvan, ümman qəlbinlə
sənin kimi qəlbi ümman,
sənə heyran, sənə fəda
hər an sənə qurban olan
qəlbi sevdin...
yer üzünün
güzgüsünə baxa-baxa
qorxma belə...
tellərini dəstələ
sən,
gözlərini sürmələ
sən,
öz qəlbində bu sevgiyə
ən ilahi nəğmələri
bəstələ sən...
qəlbindəki o ümmanın
telləriylə
hərdən bir
söhbət elə sən...
ümman ümmana
vurulub
bu eşqin toyu, düyünü
göyün üzündə
qurulub...
duymursanmı, məlakələr
çiçək səpir
göy üzünə,
çiçək səpir
qəlbimizə...
yer üzünü
yaddan çıxart,
vətənimiz göy üzüdü.
sən də sevdin nur çiçəyi!
sən də sevdin, gözün aydın!
Hələ şəfəq-şəfəq göy üzündəsən
Sübh
üzü qalıbdı
hüsnünə heyran,
Sənsə yuxudasan, göy üzündəsən.
Yataqda yayılıb tellərin ürkək,
Təbəssüm içində, gül mislindəsən.
Qəlbin
arzu dolu, nurundan bəlli,
Mələklər aləmi sənin
aləmin,
Hələ şəfəq-şəfəq göy üzündəsən,
Hələ uzaqlardan yol gəlir gəmin.
Ilahi aləmdə ilahi gözəli,
Qəlbinin hər teli nura köklənib,
İndi
xəbərin yox, bu sübh üzü
də
Sənə xeyir-dua verməyə gəlib.
Həvvanın ətri...
bir dağın döşündəydim,
dünya çıxmışdı
yadımdan....
dünyaya yeni gəlmiş,
hələ Həvvası
yaranmamış
Adəmin
günündəydim...
Həvvanın ətri gəlirdi
çiçəklərdən, otlardan,
səmadan....
göy üzüylə
birdi qəlbim...
göy üzündə
fırtınalar vardı,
ildırımlar vardı,
bir-birilə vuruşan
buludlar vardı.
qəlbim bir ilahi sirrə,
ilahi duyğuya intizardı...
qəfildən yarıldı
göy üzü,
axdı bir işıq lələyi..
ağappaq bulud üstə
əl elədi
məlakələr mələyi...
bütün yer üzü itirdi özünü
buludların üstündəki
gözələ heyrətdən...
rəngbərəng
işıqlar axdı,
nəğmələr axdı
yer üzündən
göy üzünə...
buludun üstündəki
gözəlin
gözəlliyi düşdü
yer üzünə,
gözəlləşdi yer üzü...
əlimi uzatdım
əlinə tərəf, telinə tərəf,
ildırımlar töküldü
əlimin üstə...
itdi, batdı, yoxa çıxdı,
göylərin üzündən gəldi səsi:
- mən Həvva deyiləm,
Həvva deyiləm...
525-ci qəzet.-2018.-17 fevral.-S.23.