Azərbaycançılıq
ideyasının təbliği
MİLLİ
DÜŞÜNCƏNİN, DOĞMA YURD SEVGİSİNİN
İLMƏLƏRLƏ İFADƏSİ
Qədim
köklərə malik Azərbaycan incəsənətinin elə
ən az özü qədər
keçmişdən gələn bir qolu da
xalçaçılıq sənətidir.
Azərbaycan dünyanın ən qədim
xalçaçılıq mərkəzidir. Milli
xalça sənətimizin tədqiqi tarixi böyük bir
dövrü əhatə edir. Xalçaçılıq
ənənəsinin yaşadılması və qorunması məqsədilə
hələ 1967-ci ildə Xalça və Tətbiqi Sənət
Muzeyi yaradılıb. Bu gün həmin
muzeydə 6 mindən artıq xalça, 15 mindən artıq
eksponat mühafizə olunur. Onların hər
biri müxtəlif bölgələrin xalça ənənələrini
özündə ehtiva edir.
Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü
ilə 1983-cü ildə Bakıda Şərq Xalça Sənəti
üzrə I Beynəlxalq Simpozium keçirildi. Bu Simpoziumun nəticəsi
olaraq, xalçaçılıq sənətinə olan diqqət
və qayğı daha da artırıldı, bu sənətlə
bağlı kitablar, tədqiqat işlər nəşr
olunmağa, ayrı-ayrı bölgələrimizin
xalçaçılıq ənənələri daha dərindən
öyrənilməyə başlanıldı.
Azərbaycanda xalça sənətinin elm sahəsi kimi
öyrənilməsi və professional rəssamların
yaradıcılığında müasir inkişafı Azərbaycanın
mərhum Xalq rəssamı Lətif Kərimovun adı ilə
bağlıdır. L.Kərimov uzun illər xalçaları
tədqiq edib, Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə
zənginləşdirib, ənənəvi bəzək elementləri
əsasında yeni dekorativ motivlər yaradıb.
Bütün bunların nəticəsində 2004-cü
ildə qəbul edilən “Azərbaycanda xalça sənətinin
qorunması və inkişaf etdirilməsi haqqında” qanundan irəli
gələn vəzifələrin icrası Azərbaycanda
xalçaçılığın inkişafına inam
yaradıb. Nəhayət, 2010-cu ilin noyabr ayında Azərbaycan
xalçası UNESCO-nun “Qeyri-maddi Mədəni İrs”
siyahısına salınıb.
Azərbaycan xalçaçılıq sənəti
ayrı-ayrı bölgələrda daha çox yayılıb
və inkişaf etdirilib. Onlardan Təbriz, Qarabağ, Qazax, Şamaxı, Bərdə,
Muğan, Naxçıvan, Abşeron xüsusi yeri tutur.
Naxçıvan qədim köklərə malik tarixi,
klassik ənənələri özündə ehtiva edən mədəniyyəti
ilə Azərbaycanın əzəli əbədi
diyarlarından biridir. Xalçaçılıq, toxuculuq kimi qədim
el sənətinin Naxçıvandan uzaq düşməsi əlbəttə
ki, mümkün deyildi. Hələ VII əsrdə
tarixçi Sebos Bizans hökmdarı Herakliusun 628-ci ildə
Naxçıvanda əldə etdiyi qənimətdən
danışarkən qızıl və gümüş saplarla
naxış vurulmuş çoxlu xalçalardan söz
açır. X əsrə aid “Hüdud əl-aləm”
(“Dünyanın sərhədləri”) əsərində naməlum
müəllif Muğanda toxunulan palaz və çullardan,
Naxçıvanın zili toxunuşlu xalılarından məlumat
verir.
Naxçıvan
xalçaçılığı özünün bugünə
qədərki ən sanballı və hərtərəfli
araşdırmasını 2017-ci ildə işıq
üzü görən “Naxçıvan
xalçaçılığı: ənənə və
müasirlik” kitabında tapıb. Bütünlükdə
xalçaçılıq haqqında fundamental tədqiqat
işi olan kitab təkcə Naxçıvan bölgəsi ilə
kifayətlənmir, ümumilikdə Azərbaycan
xalçaçılığı haqqında oxucuda bitkin təsəvvür
yaradır.
Yüksək
poliqrafik səviyyədə, nəfis şəkildə
hazırlanan kitabın müəllifləri AMEA-nın
vitse-prezidenti, Milli Məclisin deputatı akademik İsa Həbibbəyli
və xalça sahəsində tanınmış mütəxəssis,
tarix üzrə fəlsəfə doktoru Vidadi Muradovdur. İriformatlı, 284 səhifəli kitabı “Elm” nəşriyyatının
qrifi ilə “Bestpack” MMC çap edib.
Kitab “Azərbaycan xalçaları-bütün
qrupları ilə” elmi-fundamental layihə çərçivəsində
Azərbaycan, ingilis və rus dillərində nəşr
olunub. Onun üç dildə olması nəinki azərbaycanlıların,
eləcə də digər millətlərin nümayəndələrinin
də kitabdan rahatlıqla yararlanmasına və məlumat əldə
etməsinə şərait yaradır. Bu
da həmçinin kitabın oxucu auditoriyasının qat-qat
genişlənməsi deməkdir. Azərbaycan
Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı
ilə çap edilən bu fundamental əsərin redaktoru AMEA
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıdır.
Nəşrdə Naxçıvan
xalçaçılığı elmi-təcrübi yönləri
ilə iri planda araşdırılıb.
AMEA-nın
müxbir üzvü, sənətşünaslıq doktoru,
professor Ərtegin Salamzadə kitab haqqındakı məqaləsində
diqqəti əsərin adına çəkərək
qeyd edir ki, kitabın adında yer alan ənənə və
müasirlik deyimi həm Naxçıvan mədəniyyətinin
qədim köklərindən, həm də onun bugünkü
nailiyyətlərindən, ənənələrin
qayğı ilə qorunub saxlanılmasından, zəmanəyə
uyğun inkişaf etdirilməsindən xəbər verir.
Kitab
birinci səhifəsində ulu öndər Heydər
Əliyevin müdrik sözləri ilə başlayır: “Xalq
bir çox xüsusiyyətləri ilə tanınır,
sayılır və dünya xalqları içərisində
fərqlənir. Bu xüsusiyyətlərdən ən
yüksəyi, ən böyüyü mədəniyyətdir”.
Buradan aydın olur ki, tədqiqatın məqsədi
yalnız bir bölgənin xalçaçılıq ənənələrini
deyil, ümumilikdə bu vasitə ilə Azərbaycan mədəniyyətini
ön plana çəkməkdir.
Əsər həmçinin növbənöv və
keyfiyyətli fotolarla zəngindir. Bu fotolarda yalnız
Naxçıvanda toxunan xalçalar deyil, eləcə də
bu torpağın keçmişi, adət-ənənəsi, mədəniyyət
və incəsənəti ilə bağlı materiallar yer
alıb. Bu şəkillər vasitəsilə
oxucu Naxçıvan incəsənətinin keçmişi, bu
günü haqqında geniş məlumata sahib olur,
keçmişdən bu günə kimi hazırlanan xalça
nümunələri haqqında geniş təsəvvür əldə
etmiş olur.
Kitabın
annotasiyasında qeyd olunur ki, tədqiqat işində
2013-2017-ci illərdə Naxçıvan Muxtar
Respublikasının Babək, Şərur, Şahbuz, Ordubad, Sədərək,
Kəngərli, Culfa rayonlarında aparılmış etnoqrafik
tədqiqatlar zamanı əldə edilmiş materiallardan, o
cümlədən, Naxçıvan Dövlət Xalça
Muzeyinin fondunda saxlanılan xalça və xalça məmulatlarının
fotoşəkillərindən istifadə olunub.
Kitab Azərbaycan tarixi məsələləri,
xalçaçılıq sənəti ilə məşğul
olan mütəxəssislər, tələbələr,
xalça həvəskarları, həmçinin, geniş
oxucu kütləsi üçün nəzərdə tutulub.
Tədqiqat işinin əsas üstünlüklərindən
biri də odur ki, burada müəlliflər
xalçaçılığa yalnız sənət
növü, incəsənət nümunəsi kimi deyil, həmçinin,
Naxçıvan əhalisinin bir həyat tərzi kimi
yanaşmışlar, onu daha geniş aspektdən öyrənmiş,
təhlil etmişlər. Əsərdən də görünür
ki, tədqiqatçılar yalnız xalçalarla deyil,
onların yarandığı tarixi şərait, həmin
dövrün əhval-ruhiyyəsi, ab-havası, həyat şəraiti
ilə də maraqlanmış, beləcə həmin sənətin
bədii-estetik xüsusiyyətlərini daha dərindən və
dəqiqliklə öyrənmək şansı əldə
etmişlər.
Kitabın ilk fəsli “İlkin sivilizasiyadan müasir
intibaha” adlanır. Bu fəsildə Naxçıvanın ta qədimdən
başlamış bugünə qədərki tarixinə
işıq tutulur. Naxçıvanın yalnız Azərbaycanın
deyil, eləcə də dünyanın ən qədim insan məskənlərindən
biri olduğunu qeyd edən müəlliflər burada ibtidai
insanların 300-500 min il əvvəl məskunlaşdığını
vurğulayırlar. Birinci fəsildə Naxçıvanın
orta əsrlər tarixi, XIX əsrin əvvəllərində
çar Rusiyası tərəfindən işğala məruz
qalması, XX əsrin əvvəllərində erməni
daşnaklarının buranı ələ keçirmək cəhdləri,
sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvanda fəaliyyət
göstərən Hərbi İnqilab Komitəsinin yerli əhalinin
iradəsini həyata keçirərək Azərbaycanın tərkibində
qalmaq haqqında bəyanatla çıxış etməsi barədə
məlumatlar öz əksini tapır.
Fəsildə, həmçinin, Naxçıvanın
yeni tarixi, müasir dövrü də diqqətdən kənarda
saxlanılmayıb. Xüsusilə Ulu öndər Heydər
Əliyevin Naxçıvandakı fəaliyyəti,
apardığı böyük quruculuq işləri ilk fəsildə
hərtərəfli şəkildə əks etdirilib.
Kitabın ikinci fəsli “Naxçıvanın siyasi və
sosial-iqtisadi inkişaf tarixi” adlanır. Adından da
göründüyü kimi, bu fəsildə bölgənin həmin
sahələrdəki tarixindən bəhs olunur. Burada da xronoloji ardıcıllıqla
Naxçıvanın qədim zamanlardan bu günədək
olan iqtisadi inkişafının əhatəli mənzərəsi
öz əksini tapıb. Şübhəsiz ki, hər iki
fəsildə yer alan məlumatlar
xalçaçılığın inkişaf xüsusiyyətlərinin
aydınlaşdırılması üçün vacib və
gərəklidir.
“Boyaqçılıq” adlanan üçüncü fəsildə
isə boya üçün xammal əldə edilməsi və
onun hazırlanmasının texnoloji üsullarından söz
açılır. Burada müəlliflər təbii
materiallardan, bitkilərdən, güllərdən
boyaqçılıq üçün istifadə edilməsini
də ətraflı şəkildə nəzərdən
keçirirlər. Təbii ki,
boyaqçılığın inkişafı
xalçaçılığın inkişafı ilə birbaşa
əlaqədardır.
Tədqiqat işinin əsas məğzi
“Xalçaçılıq” fəslində ön plana çəkilir. Bu fəsil sənətşünaslıq
baxımından da kitabın əsas fəsli hesab oluna bilər.
Burada sözügedən sənət nümunəsi
hərtərəfli şəkildə tədqiq olunaraq,
Naxçıvan xalçaçılığının hərtərəfli
mənzərəsi yaradılır. Müəlliflər
bu fəsildə xalçaların kompozisiya, ornament və
kolorit xüsusiyyətləri ilə yanaşı,
xalçaçılığın ümumi inkişaf
xüsusiyyətləri, toxuculuq alət və materialları,
xalçaların sərgilənməsi və başqa
maraqlı tarixi faktlara da yer verirlər.
Ə.Salamzadə
məqaləsində diqqəti kitabın olduqca mühüm
xüsusiyyətinə çəkərək yazır: “Qeyd
olunan kulturoloji, tarixi, sosial-siyasi və sənətşünaslıq
yanaşmaları ilə yanaşı, kitabda olan daha iki
yanaşma tərzini qeyd etmək vacibdir. Bunlar etnoqrafik
və biblioqrafik metodologiyaların tətbiqindən ibarətdir.
Tamamilə aydındır ki, bunlarsız
xalçaçılığın bitkin mənzərəsini
yaratmaq mümkün olmazdı. Çünki
xalça öz-özlüyündə maddi mədəniyyətlə,
məişətlə bağlı sənət sahəsidir.
Bu isə onun etnoqrafik məzmununu şərtləndirir.
Ənənəvi azərbaycanlı ailəsini,
azərbaycanlı məişətini, interyerini
xalçasız təsəvvür etmək
qeyri-mümkündür. Bu, təkcə
Naxçıvan bölgəsinə, yaxud ümumən Azərbaycana
xas deyil. Eyni cəhəti qardaş türk
ellərində - Türkiyə, Türkmənistan, Özbəkistan,
Qırğızıstan və Qazaxıstanda müşahidə
etmək olar”.
Xalçaçılıqda azərbaycanlı qız-gəlinlərin,
sənətkarların, nənələrimizin zəhməti
danılmazdır. Onlar haqqında dəyərli məlumatlar
kitabın “Xalçaçılar” adlanan xüsusi bölməsində
yer alıb.
Kitabın sənətşünaslıq cəhətinə
görə böyük önəm daşıyan hissələrindən
biri də “Xalça və xalça məmulatları” fəslidir. Bu fəsildə
Naxçıvanın yuxarıda adlarını çəkdiyimiz
müxtəlif bölgələrinə məxsus çoxlu
sayda xalça və xalça məmulatı barədə məlumatlar
öz əksini tapıb.
“Xalçaların
qiymətləndirmə indeksi” bölməsində
kolleksiyaçılar, eləcə də xalça sənəti
mütəxəssisləri üçün gərəkli olan
məlumatlar, “Simvollar Azərbaycan xalçasının əlifbasıdır” bölməsində isə daraq, əjdaha,
göz, gül, quş, ox, ulduz, yarpaq, heyvan kimi bəzək
elementlərinin təsviri və təhlili öz əksini
tapır.
Kitabın
son bölümü olan “Xalçaçılıq məntəqələri”
Naxçıvanın 7 rayonunun-Babək, Şərur, Ordubad,
Culfa, Kəngərli, Sədərək və Şahbuzun kəndləri
əsasında, sxem formasında qurulub. Sxemdə
hər rayonun əsas xalçaçılıq məntəqələri
aydın şəkildə göstərilib.
Əvvəldə
də qeyd etdiyimiz kimi, “Naxçıvan
xalçaçılığı: ənənə və
müasirlik” kitabı təkcə Naxçıvanın
xalçaçılıq sənətini deyil, bir bölgənin
timsalında böyük və qədim dövlətin və sənət
nümunəsinin tarixinə işıq salır. Burada xalça sənətinin fonunda Azərbaycanın,
xüsusən Naxçıvanın mədəni-tarixi mənzərəsi
sərgilənir. Bu əsərin gələcəkdə
incəsənətimizin və xüsusən
xalçaçılıq sənətinin tədqiqində
mühüm mənbə olacağına inanırıq.
Şahanə
MÜŞFİQ
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
edilir
525-ci qəzet.-2018.-17fevral.-S.17.