Bəxt üzüyü və... başqa itirdiklərimiz... 

AZƏRBAYCAN KİNOSU – 120

 

PƏRVİN

 

XX yüzil son onilliyini yaşayırdı. Bizimçünsə həyat təzədən başlanırdı sanki... Ölkə lap yeni-yeni qazanırdı müstəqilliyini. 20 yanvarın acısı millətin canından çıxmamışdı.

 

Azadlığın gətirdiyi rahatlıq da qarışıq bir ovqat yaratmışdı; çaşqınlıq, vahimə, ruhsuzluq, həvəssizlik, amma həm də eyforiya... Kimsə uzun illərdir xülya hesab etdiyi arzusuna çatdığı üçün bütün istəklərinin bax beləcə, zamanı gələndə həyata keçəcəyinə inanırdı. Amma başqa birisi də, bəlkə elə o cür yaxşıydı deyə düşünürdü; bəlli rejimdə, çərçivələr içində yaşamaq, iddiasız ömür sürmək?! Bəzisi heç nəyin yaxşılığa doğru dəyişməyəcəyinə görə pessimist, bəzisi isə hər şeyin əla olacağına uşaq kimi ümidliydi... Bax belə təzadlı duyğular, düşüncələr içində başladı müstəqillik. Bizlər üçün tarix yenidən yazılmaqdaydı, dünyanınsa tarixi davam edir, axarını dəyişmirdi.

 

Belə bir dönəmdə sənət nə deməliydi bəs? İnsanların reallıqdan bir azacıq aralanmağa, düşüncələrini seyrəltməyə ehtiyacları vardı. Bu gün olanlara gülmək, keçmiş haqqında fikirləşmək də yerinə düşərdi. Bunu isə əsl, gerçək sənət edə bilərdi, daha populyar olan kino sənəti...

 

Məhz bu məqamda “Bəxt üzüyü” filmi çəkilir, həm dünənin ovqatını, həm də azadlığın havasını çatdırır insanlara. Güldürür daha çox, amma altdan-altdan düşündürür də... Fantastik bir şöhrət qazanır film. Səbəbi həm sadədi, həm də dərin.

 

SUMQAYITDAN EKRANA...

 

Vaqif Səmədoğlunun “Bəxt üzüyü” pyesi ilk gündən uğur qazanır. Hələ 1986-cı ildə Sumqayıt Dövlət Dram Teatrında rejissor Yusif Əkbərovun quruluş verdiyi tamaşa müəlliflərinə inanılmaz şöhrət gətirir. Moşu rolunu canlandıran Valeh Kərimovla Söylünü ifa edən Afaq Bəşirqızı qısa müddətdə xalqın sevimlisinə çevrilir. İllərlə repertuardan düşməyən tamaşa az qala hər dəfə anşlaqla qarşılanır. Dialoqlar, qəhrəmanların dilindən çıxan replikalar dillər əzbəri olur. Təkcə paytaxtdan yox, bütün bölgələrdən, hətta Gürcüstandan belə avtobuslarla adamlar tamaşaya baxmaq üçün Sumqayıta axışırlar. Qrafoman şairlər Vaqif Səmədoğludan inciyirlər... Özlərini Moşunun simasında, dövrün dəbdə olan deyimi ilə söyləsək, “tənqid hədəfi” kimi görmək xoş gəlmir onlara. Amma deyəsən, inciyən təkcə qrafomanlar olmur. Vaqif Səmədoğlu bütün personajlarını real həyatdan götürdüyü üçün çoxları özünü görür əsərdə... Hətta premyeradan sonra Yusif Səmədoğlu kiçik qardaşına zarafatyana bir irad da bildirir: “Ay Vaqulya, neyləmisən, qohumlarımız inciyəcək bizdən...” Bir bölgənin məişətini, ləhcəsini, yaşam qaydalarını olduğu kimi, həm də şübhəsiz, ən istedadlı, bədii formada əsərinə köçürən Vaqif Səmədoğlu uşaqlıqdan ailəsində, qohum-əqrəbasında gördüyü, eşitdiyi hadisələrdən bol-bol bəhrələnibmiş. Eyni zamanda, şəhər mühitini yaxşı bilməsi, Sedaya çevrilən Sədaqətləri, qaynata hesabına hörmətə minən Rasim Qafaroviçləri əla tanıması, həm də bütün bunları son dərəcə təsirli şəkildə qələmə alması da dramaturqa uğur gətirir. Eyni millətə mənsub olan insanlar arasındakı fərq, “sinfi bərabərsizlik”, “birinə hər şey, o birinə heç nə” kimi ədalətsizliklər, cəmiyyətin yadlaşması və s. problemlər bu qəhrəmanların vasitəsiylə çatdırılır. Amma bütün bu sadaladıqlarım əsərin zahiri qatında olan hadisələri, qəhrəmanları xarakterizə edir. Alt qat isə çox-çox dərindədir. Və bu dərinliyi tamaşaçıya çatdırmağın daha effektiv üsulu ekran ola bilərdi... 

 

“QARAQAYA”NIN HƏDİYYƏSİ

 

Çətin və təzadlı bir dövrdə, böhran vəziyyətində, maddi problemlərin məngənəsində sənətə pul ayırmaq bir qədər qəribə gəlir adama. Əslində, qəribə heç nə yoxdu, bütün zamanlarda və zəmanlərdə ən çətin vəziyyətlərdən çıxış yolu,  məhz sənət olub. Dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” filminin çəkilişini misal göstərmək olar. İkinci dünya savaşından dərhal sonra belə bir filmin çəkilməsi həm də millətin ovqatını dəyişmək üçün vasitə idi. Elə haqqında söz açdığım “Bəxt üzüyü” də bu cür missiyanı daşımalı idi. Təbii ki, müəlliflərin belə bir iddiası, niyyəti olmaya bilərdi, amma film məhz bu taleyi yaşamış oldu.

 

“Qaraqaya” Assosiasiyasının prezidenti Sədrəddin Daşdəmirov Afaq Bəşirqızının pərəstişkarı imiş. Aktrisaya nə isə bir jest etmək, ona sənət yolunda dəstək olmaq təklifini verəndə Afaq Bəşirqızı “Bəxt üzüyü”nün filminin çəkilməsini istəyir. 90-cı illərin başlanğıcında özəl şirkətlərin, şəxsi bizneslərin yeni-yeni qurulmağa başladığı dönəmdə “Qaraqaya” tək-tük pullu firmalardan olub. Təəssüf ki, fəaliyyəti haqqında nə qədər araşdırsam da, bir məlumat əldə edə bilmədim. İnternet şəbəkəsində bu adla bağlı bütün axtarışlar “Bəxt üzüyü” filminə aparıb çıxarır. Bu da iş adamları üçün örnəkdi əslində, məhz gerçək sənətə ayrılan vəsait, qoyulan kapital əbədidi, heç vaxt itmir və bankrot olmur. Görünür, o ağıllı kişilər - Messenatlar teatr tikəndə, məktəb açanda, gəncləri oxumağa göndərəndə nə etdiklərini bilirlərmiş... Bir yanda imarətlər ucaltsalar da, o biri tərəfdə belə ölməz işlər də görüblər. Adlarını tarixə, millətin yaddaşına bu yolla yazıblar. İndi isə...

 

Xalq artisti Afaq Bəşirqızı Sədrəddin Daşdəmirovun jestini, nəcib hərəkətini çox yüksək qiymətləndirir və bütün müsahibələrində söhbət filmdən düşüncə mütləq onun zəhmətini minnətdarlıqla qeyd edir. Filmin rejissoru Ramiz Əzizbəyli isə “Bəxt üzüyü”nə ayrılan vəsaitdən artıq qalan pulun da aktyorlar arasında bölüşdürüldüyünü deyir: “Mən hər ehtimala qarşı həmin vəsaitdən bir az ayırıb saxlamışdım. Filmin çəkilişləri başa çatandan sonra o məbləği Sədrəddin bəyə verəndə dedi ki, öz aranızda bölüşdürün. Mən də o pulla çəkiliş qrupunun hər bir üzvünü mükafatlandırdım”. Elə bir çətin vaxtda sənət adamları üçün bu cür qayğının nə demək olduğunu təsəvvür etmək çətin deyil... Bu mənada “Bəxt üzüyü” ümumi sənət ab-havasını dəyişir, incəsənət adamlarının ovqatına təsir edir.

 

REJİSSOR... 

 

“Bəxt üzüyü” Ramiz Əzizbəylinin kinoda rejissor olaraq ikinci və əslində, ən irihəcmli və maraqlı işidi. Hələ 9 yaşından kino aləminə gələn Ramiz Əzizbəyli uzun illər ərzində bu sahənin incəliklərinə yiyələnib. Təxminən 57-ci ildə televiziyanın uşaq redaksiyasında fəaliyyətə başlasa da, tezliklə istedadına, gözəl səsinə görə dublyajlara cəlb olunub. O zamana, kimi uşaqların da yerinə böyüklər “danışırmışlar”. Amma Ramiz Əzizbəyli 10 yaşında dublyaj redaksiyasında işə başlayır, uşaqları səsləndirir və bu həvəsi ilə bir çox dostlarını, həmçinin, sevilən aktyorumuz, mərhum Həsənağa Turabovu da sənətə çəkib gətirir. Böyüdükcə sənət şövqü, peşəkarlığı da böyüyür, aktyorluğun sirlərini öyrənir və “Mozalan”da, “Dərviş Parisi partladır”, “Şeytan göz qabağında”, “Gümüşgöl əfsanəsi”, “Kişiləri qoruyun”, “Bağ mövsümü”, “Bəyin oğurlanması” kimi filmlərdə canladırdığı rollarla tamaşaçı sevgisini qazanır. Rejissor kimi isə 1987-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının “Debüt” studiyasında Mirzə Cəlilin eyniadlı hekayəsi əsasında “Pirverdinin xoruzu” qısametrajlı bədii filmi ilə fəaliyyətə başlayır. Ramiz Əzizbəylinin “Bəxt üzüyü”nə qədərki fəaliyyətini qısaca sadalayanda məlum olur ki, o, kəmiyyətin yox, keyfiyyətin tərəfində olub. Və bu keyfiyyət də filmdə özünü göstərir.

 

Ramiz Əzizbəyli filmin rejissoru olmaqdan əlavə, həm də bəzi mahnılarını ifa edir. Bəstəkar Eldar Mansurovun bəstələdiyi mahnılar ekran əsərinin ab-havasını tamamlayır, üstəlik, hələ “Bəyin oğurlanması” filmindən yadımızda qalan İsabalanın - Ramiz Əzizbəylinin səsi də ayrı bir ovqat yaradır. “Bəyin oğurlanması”nda qızına verilən hədiyyəyə görə əsib-coşan İsrafili - Yaşar Nurini İsabalanın “Aman tello”su sakitləşdirir... “Bəxt üzüyü”ndə isə bu səs, bu ifa, bu mahnılar özümüz haqqında düşünməyə çağırır... 

 

DÖVRÜN GÜZGÜSÜ... 

 

“Bəxt üzüyü”nün ssenari müəllifləri Vaqif Səmədoğlu, Ramiz Əzizbəyli və Orxan Fikrətoğludu. Hələ Sovet dövründə yazılmış əsərə film üçün xeyli əlavələr olunub. Daha doğrusudövrə uyğun elementlər, həmçinin, qəhrəmanların xarakterinə müəyyən ştrixlər artırılıb. Pyesi yenidən oxuyanda və filmlə uzlaşdıranda bu əlavələrin əsərin xeyrinə olduğunu görürük. Filmin əsas özəlliyi Sovet dövrünü geridə qoymuş, amma hələ azadlığını da tam dərk etməmiş bir toplumu, cəmiyyəti göstərməsidir. Qəhrəmanlardan birinin dediyi kimi, “Camaat partbiletini tullayır”, amma hələ də pioner düşərgəsi qalmaqdadı. Sərhədlər açılıb, ingilislər Xəzərin sahilində dincələ bilirlər, amma müharibə veteranı Tanrıbəy dayı hələ də Stalindən, Lenindən danışanda “dahi rəhbər” ifadəsini işlədir. Azadlığın dadını ən çox çıxaran Rasim Qafaroviçdi, alver edir, Mersedesdə gəzir, arvadı Seda - Sədaqət də (nədənsə bir çox yazılarda bu qəhrəmanın adı yanlış olaraq Sevda kimi yazılır...) müğənnidir, atasının hesabına eyş-işrət içində yaşayır. Amma bütün bu müstəqillik elementləri gerçək azadlıqdan, həqiqi rahatlıqdan xəbər vermir, əksinə!

 

Vaqif Səmədoğlu müsahibələrindən birində - bütün əsərlərimi, hətta komediyalarımı belə yazanda şairəm - deyirdi. Doğrudan da, istər “Bəxt üzüyü”, istərsə də başqa pyeslərinin alt qatında şeir kimi bir hüzün var. Bu hüzün təkcə Tanrıbəy dayının tənhalığından, Saranın ehtiyac içində yaşamasından, Hüseynin içkiyə qurşanmasından yox, hətta Moşunun “xoşbəxtliyə” qafiyə axtarmasından da duyulur. Həmçinin, film nə qədər gülməli olsa da, Moşunun, Söylünün hər sözü xalqın dilində lətifəyə çevrilsə də, ümumi ab-havası, hadisənin özü kədərlidir. Və bu kədəri görən, duyan Hüseyn var, sonradan əsərə əlavə olunmuş, mərhum aktyorumuz, xalq artisti Muxtar Maniyevin canlandırdığı Zırpı var...

 

Zırpı geyimdə, əlində binokl, dəniz kənarında oturub elə hey uzaqlara baxan, insanları kənardan seyr edən qəribə bir adamdı. Onun xarakteri, az danışması, təkliyi, sonda dözməyib intihar eləməsi ekzistensial fəlsəfə haqqında düşündürür. İnsanların yadlaşması, bir-birindən uzaq düşməsi, biganəliyi, soyuqluğu, bütün bunlar elə ekzistensializmin müddəaları deyilmi?! Zırpı adicə dənizin sahili yuyub aparmasından tutmuş vəzifəlilərin hegemonluğuna qədər hamısının acısını çəkir... Həm də filmdə bir qədər mistik, simvolik şəkildə göstərilir. Ağ geyimdə, əlində binokl... Elə bu binoklun özü uzaqlığın, bütün dünyaya uzaqdan baxmağın simvolu kimi qavranır.

 

Simvollardan danışmışkən bir məqamı xüsusi qeyd etmək istərdim. Vaqif Səmədoğlu yaradıcılığının özəlliklərindən biri də həm yeni, özünəməxsus olması, həm də ənənələrə söykənməsidi. Elə daha öncə söz açdığım güldürərək düşündürmək, ağrıya ironiya etmək Mirzə Cəlil ənənəsinin davamıdır. Eyni zamanda, filmdə açar rolunu oynayan Hüseyn obrazı da Kefli İskəndərin xələfidi. Filmin sonunda Hüseynin təsirli monoloqu onun içkiyə dərddən, ağrıdan, əslində, daha çox çarəsizlikdən qurşandığını açır. Cəmisi bircə yerdə, müstəntiqin “atanızın adı” sualına cavabında  Detdom uşaqlarının atası olmur, nəçəlnik!” deyən Hüseyn acı taleyi haqqında təsəvvür yaradır. Və film boyu adi bir əyyaş kimi görünən adamın əsl mahiyyəti, daha dəqiq desək İskəndərliyi sonda açılır: “Salam hasar müəllim, gözlərin aydın olsun, haqqın sadiq qulu bu gün öldürdü özünü, boğdu özünü dəryada. Haqsızlığa, biganəliyə dözəmmədi. Dərdini deməyə adam tapmadı, içini yeyə-yeyə öldü. İnsanlar öldürdü onu. Bu daş hasar öldürdü onu...”  Zırpının ölümündən sonra üsyan edən Hüseyn əslində, zamanın mənzərəsini göstərir bir neçə cümlədə. Tanrıbəy dayı müharibədə ayaqlarını itirib ki, Hüseyn doyunca içib kef eləsin, Moşu “gic-gic şeirlər yazsın”, Rasim geninə-boluna alver eləsin?! Yox, əlbəttə, amma...  Müəlliflər böyüklərimizdən aldıqlarımıza sahib çıxa bilməməyimizə işarə vururlar bu sözlərlə.

 

Ayşad Məmmədovun son dərəcə böyük istedadla, dəqiqliklə canlandırdığı Hüseyn çarəsizliyin, çıxılmazlığın simvoludu... Deyir ki - “Mən bu ağacı böyüdəcəyəm, böyüdəcəyəm, ağırlığıma tab gətirsin, sonra da özümü ordan asacağam”... Və gecənin bir aləmində mətbəx bıçağı ilə ağacı kəsməyə çalışan balaca qızı elə o cür ağlaya-ağlaya yuxuya gedir ağacın dibində. Müəlliflər bu priyomla çarəsizliyin davam etdiyini, sonrakı nəslə ötürüldüyünü göstərirlər. Bütün günahlar isə o daş hasarda imiş...

 

DAŞ HASAR

 

O yerdə ki, maddiyyat ortaya çıxır, mehribançılıq yox olur. İnsanları birləşdirən bütün dəyərlər ayıran tək səbəbə - maddiyyata uduzur. Bütün zamanlarda və dövrlərdə belə olub. Can deyib, can eşidən adamlar dünyada qalacaq dünya nemətindən ötrü düşmən olublar. Aralarından su keçməyən adamları pul ayırıb, yadlaşdırıb. Saranın (Gülşad Baxşıyeva) bəxt üzüyünün itməsi isə  bunun kiçik bir simvoludu. Əslində, bəxtindən narazı adamın, əyyaş Hüseynə getdiyi günə gecə-gündüz qarğışlar yağdıran qadının da “axı bu mənim bəxt üzüyüm idi” - deyib sızlaması qəribədi. Həm də insanların “saman çöpündən” yapışmasına işarədi; demə, bəxtini çoxdan itirmiş, özünü dünyanın bədbəxti sayan qadının üzüyü olsaydı, hər şey dəyişəcəkdi... Əslində, heç nə dəyişməyəcəkdi, amma bu hadisə, artıq söylədiyim kimi, insanları ayıran maddiyyatın simvolu olan bəxt üzüyünün itməsi hasarların çəkilməsinə səbəb imiş. Nə qədər qəribədi, azadlığımızı qazandığımız gündən başladı hasarların çəkilməsi... Buxovları, çərçivələri sındırdıq ki, yenilərini quraq. Film də bunu deyir. Dünən bir süfrədə çörək yeyən, balaca çəpərlə həyətlərini bir-birindən ayıran, kimin nəyi var, ortaya qoyan qonşular  maşın-maşın daşları aralarına düzdülər. Hündürlüyü buludlara ucalan hasarlardan göy üzü də görünməz oldu. Bu, inkişafınmı göstəricisi idi? Hələ bir az əvvəl qonşunun nə bişirdiyini bilirdinsə, sənin-mənim yox idisə, bu gerilik sayılırdı, eləmi?! Hasarları çəkdik ki, hər kəs öz dünyasında, aləmində sərbəst olsun, heç kəs heç kəsin işinə qarşımasın... Amma elə olmadı, hasarların üstündən söydük bir-birimizi, öz evimizə, hasarlı dünyamıza çəkildik ki, başqasının həyatını rahat-rahat müzakirə edək... Ürəyimizi soyumadı, təbiəti də, dənizi də, havanı, suyu da paylara böldük. “Maşınımı cızıq-cızıq elədiz” deyib aşağıladıq kasıbın uşağını, əlinin zəhmətiylə çörək qazanana “onun-bunun paltarın yuyursan” - deyə əzdik... Bütün bu dərdləri, problemləri müəlliflər “Bəxt üzüyü”nün qəhrəmanlarının vasitəsiylə çatdırır... Amma biz film boyu gülməkdən özümüzü saxlaya bilmirik...

 

“QABAĞI AĞLAMALIDI... DALI HIRILDAMALI!” 

 

Qəribədi ki, “Bəxt üzüyü” filmini təhlil edərkən gülməli məqamlardan daha çox təsirli, kədərli tərəflər önə çıxır. Amma axı Söylü də “Qabağı ağlamalıdı, dalı hırıldamalı” demişdi “hindiski” film haqqında. Elə bu filmdə də gülməli səhnələr qat-qat çoxdu. Əsas gülüş elementlərini şəhərli Seda ilə əyalətli Söylünün dialoqları yaradır. Qadınlığı çoxlu uşaq doğmaqda görən Söylü ilə ideal bədən quruluşunu qoruyub saxlamaq istəyən Seda arasında ciddi fərq var. Axı Söylünün kəndində “arvadı ildə doğmayan kişiyə millət birtəhər baxır...” Seda Moşunu tələyə salıb “Sazan otdelno, fazan otdelno”, “ölürəm səndən ötrü” dediyi vaxtda Söylü Sara ilə birgə bazardan gəlir və son dərəcə gülməli bir etiraf edir: “Dedilər Moşu səni istəyir, istədim özümü yandıram...” Bununla da geriliklə aşırı yeniliyin “qarşıdurması” göstərilir... Həmçinin, Sedanın Moşunu otağına salıb qapını bağladığı səhnə tamaşaçıların ən çox müzakirə etdiklərindəndi. Bu səhnə hələ 1968-ci ildə ekranlaşdırılan, rejissor Leonid Qaydayın “Brilyant əl” filmindəki məşhur “Pomoqi mne” epizoduna eyhamla çəkilib. Hələ o illərdə “Brilyant əl” filmindəki rəqsinə görə aktrisa Svetlana Svetliçnaya tamaşaçıların, əsasən də kişilərin rəğbətini qazansa da,  Sovet kinosu üçün son dərəcə açıq-saçıq sayılan səhnə birmənalı qarşılanmamışdı. “Bəxt üzüyü”ndə də müğənni-aktrisa Firəngiz Rəhimbəyovanın Sedası açıq-saçıqlığı, cəsarəti ilə tamaşaçını təəccübləndirdi. Həmçinin, elə “Brilyant əl” filmində səslənən mahnını sözləri dəyişdirilərək “Hər yan gül-çiçək, yarım gəl içək” şəklində oxuması, Tanrıbəy dayının doğum günündə ifa etdiyi “Aramızda nə qalır ki” mahnısı filmə şuxluq gətirdi. 

 

Elə haqqında söz açdığım səhnədə - Moşunun Sedanın əlindən qaçıb arvadına xəyanət etməməsi ciddi bir xarakter detalıdır. Münasibətlərinin bütün qəribəliyinə, Fatma cijisindən sitat gətirən Söylünü Moşunun söyməsinə, girləməsinə baxmayaraq, bu iki insan bir-birini sevir. Sadəcə öz bildikləri, anladıqları kimi... Söylü qrafoman ərini böyük şair sayır, milis idarəsində özünü “Şair Moşu Göyəzənlinin uşaqlarının anası” deyə təqdim edir, Moşunun saz çalmasından tutmuş, poema yazmasına kimi hər şeyi bəyənir... Moşu Söylüyə xəyanət etmir və özünəməxsus gülməli leksikonu ilə “Biqeyrət şairə millət heykəlmi qoyar?” - deyib işin içindən çıxır. Bir sözlə, Vaqif Səmədoğlu əslində, bu komik qəhrəmanların vasitəsiylə ideal bir ailə  yaradıb... Həmçinin, Valeh Kərimov və Afaq Bəşirqızının klassikaya çevrilmiş ifaları bütün bu ideyaların ən üst səviyyədə tamaşaçıya çatdırmağa imkan verib.

 

KİM SULAYACAQ BULVARDAKI SÖYÜDLƏRİ?

 

Vaqif Səmədoğlu hələ gənclik şeirlərindən birində “Kim sulayacaq bulvardakı söyüdləri?” - deyə nigaranlıqla soruşurdu. Şair bir vaxt dünyadan köçəndə həyatın necə olacağından narahatlığını dilə gətirirdi bu şeirdə. “Bəxt üzüyü”ndə Tanrıbəy dayı meyvəsiz, barsız, hələ ki, kölgəsiz ağacların gələcəyi üçün narahatdı, onları suvarmaq, gələcək nəsillər üçün böyütmək istəyir. Amma əlil olduğu üçün bunu qonum-qonşudan xahiş edir... Sonda hamı gedir, amma Hüseynin balaca qızı “Tanrıbəy dayı, yağış yağacaq” - deyir. Bu da müəlliflərin sonda bir işıq, ümid yeri göstərmələridir. Axı hər şey yerdəkilərin əlində deyil, ağacları suvaran tapılmasa, Allah var, o mütləq yağış yağdıracaq... Pyes də, film də belə nikbin mesajla bitir. Və bununla da Ramiz Əzizbəylinin “Bəxt üzüyü” filmi yaddaşda yalnız xoş izlər buraxır.

 

Yazımın əvvəlində “Bəxt üzüyü”nün müəlliflərə tamaşaçı sevgisi, şöhrət gətirdiyini vurğuladım. Amma bu film Vaqif Səmədoğlunun taleyində ayrı yöndən də rol oynayıb. Şairin ömür-gün yoldaşı Nüşabə xanım Vəkilova müsahibələrindən birində  ilk telefon söhbətlərinin, tanışlıqlarının, mövzularının məhz bu film olduğunu etiraf etmişdi:

 

“May ayı idi, Cavanşir (V.Səmədoğlunun əmisi oğlu - P.) zəng elədi ki, televizorda “Bəxt üzüyü” kinosu gedir. Dedi ki, kinoya bax, sonra Vaqif sənə zəng eləyəcək, heç olmasa danışmağa mövzun olsun. Dedim ki, sən narahat olma, mən mövzu taparam, amma sonra oturub kinoya baxdım. Kino qurtaran kimi Vaqif zəng elədi, dedi ki, axşam sizə zəng edəcəyəm. Axşam zəng elədi, həmin vaxtdan bizim gecə zənglərimiz və sabaha qədər söhbətlərimiz başladı”.

 

P.S. BƏXT ÜZÜYÜ - 2

 

Bugünlərdə “Planet Parni iz Baku” KVN Teatrının təşəbbüsü ilə çəkilən “Bəxt üzüyü - 2” filmi tamaşaçılara təqdim edildi. Şəhər kinoteatrlarımızın repertuarında olan film tamaşaçı marağına səbəb oldu. Sevimli qəhrəmanların sonrakı taleyi hər kəsə maraqlıdı. Əlbəttə, bu yeni film “Bəxt üzüyü” ilə heç bir cəhətdən müqayisə oluna bilməz; nə peşəkarlıq, nə dramaturji materialın səviyyəsi, hətta eyni aktyorlar oynasalar belə, nə də aktyor oyunu baxımından... Görünür,  nə zaman o zamandı, nə də ovqat o ovqatdı... Amma bununla belə, çağdaş nəslin o cür filmlərə maraq göstərməsi, onları yenidən bu şəkildə aktuallaşdırması sevindiricidi. Elə Vaqif Səmədoğlunun xanımı Nüşabə Vəkilova da saytlara müsahibəsində bunu deyib: “Bəxt üzüyü”nün davamı üçün Vaqif müəllimin sağlığında  çox müraciətlər olunub. Ancaq o, gələn təklifləri rədd edirdi. Ölümündən sonra da bir neçə dəfə müraciət edildi. Əvvəl-əvvəl razı olmadım. “Planet Parni iz Baku”nun komandası istedadlı uşaqlardı. Onlara razılıq verdim. Təbii ki, bu razılıq da elə-belə olmadı. Onlar da dəfələrlə müraciət etdilər. Axır dedim, görürəm çox istəyirsiniz bunu, çəkin. Bilirəm ki, Vaqif müəllim sağ olsaydı, o da eyni belə edərdi. Filmin təqdimatına mən də dəvət olunmuşdum. İzlədim. Maraqlı alınıb, yaxşıdır, üzdə gülüş yaradır”.

 

Bəli, müasir komediyaların yeganə üstün cəhəti elə budur, üzdə gülüş yaradır, vəssalam... O da həmişə yox! Amma “Bəxt üzüyü” filmi 120 yaşlı Azərbaycan kinomatoqrafının incilərindən hesab olunur. Ən azı milli xarakterləri, milli problemləri ən orijinal şəkildə ifadəsinə görə bu film yeni bir mərhələnin başlanğıcı sayıla bilər.

 

525-ci qəzet.-2018.-17 fevral.-S.14-15.