Ədəbiyyat tarixçiliyinin Əhməd Kabaklı konsepsiyası

 

İsa HƏBİBBƏYLİ

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik

Türkiyədə ədəbiyyatşünaslıq elminin ədəbiyyat tarixçiliyi istiqaməti geniş inkişaf etmişdir. Fuad Köprülüzadə, Nihat Sami Banarlı, Abdulbaqi Gölpınarlı, Əhməd Həmdi Tanpınar, İsmayıl Hikmət Ertaylan, Mehmet Kaplan və başqalarının yazıb nəşr etdirdikləri ədəbiyyat tarixləri əsasən ali məktəblər üçün dərslik kimi hazırlanmışdır.

 

Ədəbiyyat tarixçiliyi baxımından professor Əhməd Kabaklının Türk Ədəbiyyatı Vəqfi tərəfindən 2008-ci ildə İstanbulda “Sirkəçi” nəşriyyatında çap olunmuş “Türk ədəbiyyatı” adlı 5 cilddən ibarət olan kitabı fərqli xüsusiyyətlərə və mühüm əhəmiyyətə malikdir. “Türk ədəbiyyatı” çoxcildliyi ədəbiyyat tarixçiliyinin Əhməd Kabaklı konsepsiyasını meydana qoyur.

 

Dünyaya gəldiyi Elazığda lisə təhsili alan Əhməd Kabaklı (1924-2001) İstanbul Universitetinin Türk dili və ədəbiyyatı fakültəsini bitirmişdir. Tələbə ikən “Son saat” qəzetində çap etdirdiyi “Yunis Əmrəmi yalan söylüyor, Gölpınarlı mı?” məqaləsi ilə ədəbi aləmdə tanınmışdır. Diyarbəkirdə  müəllimlik etməklə bərabər, “Karacadağ” adlı jurnalın nəsri ilə də məşğul olmuşdur. Sonra Aydın Ticarət məktəbində türk dili və ədəbiyyatı dərsləri vermişdir. “Tərcüman” qəzetinin 1956-cı ildə keçirdiyi lətifə müsabiqəsində “Universitetdə münazaralar” adlı yazısına görə birincilik qazanmışdır. Milli Təhsil Nazirliyi xətti ilə 1957-ci ildə Parisdə bir illik stajirovka keçməsi onun elmi-ədəbi həyatına müəyyən istiqamət vermişdir.

 

Sonrakı illərdə Əhməd Kabaklı Çapa Təhsil İnstitutunda, İstanbul Yüksək Təhsil Məktəbində, İstanbul Türk Dövlət Musiqi Konservatoriyasında ədəbiyyat müəllimliyi  fəaliyyətini davam etdirmişdir. Eyni zamanda, uzun illər “Tərcüman” və “Türkiyə” qəzetlərində köşə yazıları ilə tanınmışdır. Türk Dil Qurumunun həqiqi üzvü kimi səmərəli fəaliyyət göstərmişdir. Onun 1978-ci ildə yaratdığı və ömrünün sonuna qədər başçılıq etdiyi Türk Ədəbiyyatı Vəqfi Türkiyənin əsas ədəbiyyatşünaslıq mərkəzlərindən birinə çevrilmişdir. Müasirləri ona “şeyxülmühərririn”, yəni yazıçıların mənəvi rəhbəri fəxri adı vermişlər.

 

Əhməd Kabaklı ədəbiyyatşünaslıq və siyasi məsələlər üzrə bir sıra elmi əsərlərin müəllifidir. “Mehmet Akif”, “Mövlana”, “Yunis Əmrə”, “Şeir təhlilləri”, “Divan ədəbiyyatı”, “Aşıq ədəbiyyatı”, “Nazim Hikmət”, “Şairlər sultanı Nəcib Fazil”, “Təsəvvüf, təriqət və ədəbiyyat” adlı kitabları onun ədəbiyyatşünaslıq fəaliyyətinin geniş əhatə dairəsini təsəvvür etməyə imkan verir. Həm də Ankara Universitetinin hüquq fakültəsini bitirmiş Əhməd Kabaklının siyasi mövzularda yazdığı kitablar cəmiyyətdə rəğbətlə qarşılanmışdır. Onun “Təməllərin çəkilməsi”, “Qazi və Atatürkçülər”, “Mədəniyyət imperializmi”, “Məbəd və millət”, “Millətə vurulan canlı buxov: bürokratiya”, “İnsan və irfan”, “Türkiyəni yoğuranlar”, “Sərhədlərin o tayı” kitablarında yaşadığı dövrdə Türkiyədə və ətrafında cərəyan edən hadisələrin təhlili və təqdimatı əsas yer tutur.

 

Ədəbiyyat tarixçiliyinə xüsusi diqqət yetirən professor  Əhməd Kabaklının  “Türk ədəbiyyatı” adlı 5 cildlik kitabı ali məktəblərdə istifadə üçün də əhəmiyyətli olsa da, dərslik deyildir. Əslində, çoxcildliklər adətən akademik nəşr hesab olunur. Əhməd Kabaklının “Türk ədəbiyyatı” çoxcildliyi akademik səviyyədə yazılsa da, kitab geniş oxucu auditoriyası üçün hesablanmışdır. Ona görə də son nəticədə professor Əhməd Kabaklının kitabı elmi-populyar xarakterli akademik nəşr kimi hazırlanmış və daha çox elm və ədəbiyyat adamlarının istifadəsi üçün yazılıb nəşr edilmişdir. Müəllif ali məktəblərdə dərs dediyi üçün türk ədəbiyyatının əsas simalarından hər biri haqqında yığcam oçerklər verməklə, burada yazıçı və şairlərin həyatı və yaradıcılığının ən zəruri məsələlərindən söz açmaqla “Türk ədəbiyyatı”nın universitetlər üçün də faydalı olmasına çalışmışdır. Lakin Əhməd Kabaklı uzun illər ərzində həm də müxtəlif qəzetlərdə çalışdığı, “köşə yazıları” çap etdirdiyinə görə onun qələmindən çıxmış “Türk ədəbiyyatı”nda publisistika da müəyyən dərəcədə özünə yer qazanmışdır. Hətta yeri gəldikcə Əhməd Kabaklı az da olsa müxtəlif  portret-oçerklərində yazıçı və şairlərin həyatında baş vermiş hadisələrdən də epizodik şəkildə bəhs etmişdir. Elm ağırlıqlı publisist üslub Kabaklı ədəbiyyat tarixinin səciyyəvi xüsusiyyətidir. Lakin üslubdakı publisist üslubi çalarlar kitabın elmiliyini, nəzəri səviyyəsini qətiyyən azaltmamışdır. Ədəbiyyat tarixinin bu formatda təqdimi elmi-nəzəri qənaətləri akademik çevrələrlə yanaşı, geniş oxucu auditoriyasına çatdırmağa uğurla xidmət edir. Əhməd Kabaklının “Türk ədəbiyyatı” çoxcildliyi geniş mənada “Ədəbiyyat maraqlıları üçün Əl kitabı” səviyyəsində qəbul olunur.

 

Bununla belə, Əhməd Kabaklı öz kitabını necə adlandırmaq üçün ciddi axtarışlar aparmışdır. O, “Türk ədəbiyyatı” əvvəlcə “Aydınlar üçün ədəbiyyat” adlandırmaq istəmiş, lakin həmin anlayışın kitabdan istifadənin dairəsini məhdudlaşdıra biləcəyini düşünərək bu addan vaz keçməli olmuşdur. İnformasiya tutumuna və ədəbi-tarixi məlumatlarla zəngin olduğuna görə  nəşrin “Ədəbiyyat ensiklopediyası” adlandırılması da məqbul sayılmamışdır. Sırf ədəbiyyat tarixçiliyi istiqamətində yazılmadığı üçün Əhməd Kabaklı  kitabını “Türk ədəbiyat tarixi” də adlandırmamışdır. “Türk ədəbiyyatı” adı ilə təqdim olunması kitabda Türkiyədə və çevrəsində ədəbiyyatın bütün inkişaf mərhələləri üzrə oxuculara çatdırılması mənasını daşıyır. Bu, Anadolu türklərinin ədəbiyyatını, qismən də Azərbaycan ədəbiyyatını əsas simaları və elmi-nəzəri mahiyyəti ilə birlikdə təqdim edən yeni tipli ədəbiyyat tarixidir. Professor Əhməd Kabaklının “Türk ədəbiyyatı”na yazdığı “Ön söz”də kitabın mahiyyəti aşağıdakı kimi izah olunur: “Türk ədəbiyyatının bilinməyən köşələrini aydınlatmaq üçün hörmətli universitet müəllimlərinin apardıqları tədqiqatlar və incələmələr ancaq “ixtisas etibarı” olan dar bir çevrəyə səslənməkdədir. Bunların mövzuları çox sınırlı olduğu üçün ədəbiyyat maraqlısı olan gənclərə və başqa məslək sahiblərinə maraqlı olacağını söyləmək çətindir. Yetişən gəncliyə türk ədəbiyyatının bilik və sevgisini verməyə borclu olan lise kitablarına gəlincə, bunların hörmətli müəllifləri bütün ədəbiyyatımızı bir neçə ədib və onlardan seçilmiş iki-üç mətn ilə tanıdıb sevdirmək möcüzəsi göstərməyə məcburdurlar. Yarısı Batı ədəbiyyatına ayrılan kitabların səhifələri onsuz da sınırlıdır... Sənətləri mətnlərlə ortaya qoymaqla onların tarixi, sosial, estetik, iqtisadi düşüncə qaynaqlarını araşdırmaq imkanı yoxdur”.

 

Professor Əhməd Kabaklının ilk dəfə 1965-1972-ci illərdə çap olunmuş “Türk ədəbiyyatı” kitabı Türkiyədə çoxəsrlik ədəbiyyat tarixinin seçilmiş təmsilçilərini deyil, demək olar ki, bütün əsas simalarının həyatı və yaradıcılığını oxuculara çatdıran və bu sahədəki boşluğu dolduran birinci genişhəcmli nəşrdir. Yazıldığı vaxtdan yarım əsrdən çox vaxt keçməsinə baxmayaraq, “Türk ədəbiyyatı” kitabı indi də Anadolu türkləri və digər türk xalqları ədəbiyyatının bütöv mənzərəsini tam əhatə edən geniş, ümumiləşdirilmiş və fərqli tədqiqat əsəri kimi qəbul olunur. Təkbaşına yazdığı “Türk ədəbiyyatı” adlı 5 cildlik kitabı ilə Əhməd Kabaklı böyük bir elmi-tədqiqat institutunun işini yerinə yetirmişdir.

 

Haqqında bəhs olunan “Türk ədəbiyyatı” kitabı 6 cilddə yazılmış, hələlik 5 cildi nəşr olunmuşdur. Əhməd Kabaklının “Türk ədəbiyyatı”nın səkkizinci və doqquzuncu nəşrlərinə yazdığı müqəddimədən aydın olur ki, kitabda mifologiya və ilk dastanlar çağından 1994-cü ilə qədərki dövrdə yaşayıb-yaratmış şair və yazıçılardan söz açılmışdır. Kitabın I cildində Ədəbiyyat nəzəriyyəsi məsələləri, II cilddə şifahi xalq ədəbiyyatının başlanğıc dövründən, Orxon yazılarından XIX əsrin ortalarındakı Tənzimata qədərki mərhələdən bəhs olunur. III cild isə “Tənzimat, “Sərvəti-fünun”, Milli ədəbiyyat, Qurtuluş savaşı və ilk Cümhuriyyət dövrü ədəbiyyatlarını ehtiva etmişdir”. IV cild 1930-1994-cü illərin ədəbi cərəyanları və şairlərinə, V cild isə həmin dövrün hekayə və romanlarına həsr olunmuşdur. Hələlik çap edilməmiş altıncı cilddə isə göstərilən mərhələdə digər janrlarda, ədəbi tənqid, xatirə ədəbiyyatı, reportaj və məqalə janrlarında yaranmış ədəbiyyatdan bəhs edilmişdir. Uzun bir dövr ərzində, yəni 1966-1994-cü illərdə “Türk ədəbiyyatı” 9 dəfə təkmilləşdirilərək təkrar nəşr olunmuş, “tükənməz bir xəzinə kimi” qəbul edilmişdir. Türkiyə mətbuatı və ədəbi tənqidi Əhməd Kabaklının “Türk ədəbiyyatı” kitabını “mənəvi bir abidə” kimi dəyərləndirmişdir. Fransa və Hindistan alimləri bu çoxcildlik nəşrə yüksək qiymət vermişlər.

 

“Türk ədəbiyyatı” kitabı ilə yaxından tanışlıq göstərir ki, Əhməd Kabaklı bütün dövrlər və mərhələlər üzrə ədəbi materiala dərindən bələddir. Kitabda haqqında danışılan yüzlərlə yazıçıların, demək olar ki, əksəriyyətinin tərcümeyi-halından əsas tarixlər, əsərlərindən isə misallar və sitatlar verilmişdir. Bədii əsərlərin təhlili prosesində Əhməd Kabaklı hər hansı bir hazır sxemdən yox, ədəbi mətnin daxili məntiqindən çıxış edir. Təhlillərdə nəzəri baxış, təqdimatlarda isə müəyyən elmi-publisistik cizgilər müşahidə olunur. Ayrı-ayrı dövrlər üzrə onlarla yazıçılar haqqında məlumat ilk dəfə Əhməd Kabaklının “Türk ədəbiyyatı” çoxcildliyində özünə yer almışdır. Xüsusən, Əhməd Kabaklı müasirləri olmuş yazıçı və şairləri ədəbiyyat tarixinə daxil etməklə həm də onların yaradıcılıq məsuliyyətini artırmış, ədəbiyyatla daha ciddi surətlə məşğul olmalarını təşviq etmişdir.

 

Əhməd Kabaklının türk ədəbiyyat tarixini dövrləşdirmək konsepsiyası  Türkiyədəki digər ədəbiyyat tarixçiləri ilə müqayisədə bir qədər genişdir. Türkiyənin ədəbiyyat tarixçiliyində ənənəvi dövrləşmə prinsipi kimi islamdan əvvəl və sonrakı mərhələlər, habelə Batı yönlü ədəbiyyat mərhələsi əsas götürdüyü halda, Əhməd Kabaklının təsnifatında bu bölgüyə XVIII əsrdən sonrakı dövrün ədəbiyyat tarixinin reallıqlarını əks etdirən müəyyən əlavələr də edilmişdir. Beləliklə, Əhməd Kabaklı dövrləşməsində Türkiyədə qəbul edilmiş İslamilik öncəsi ədəbiyyat, islam təsiri ilə yaranan ədəbiyyat və Qərb yönlü ədəbiyyat bölgülərindən başqa Divan və xalq ədəbiyyatları, Türkiyə xaricindəki türklər arasında meydana gələn ədəbiyyatlar, Tənzimat və Sərvəti-fünun dövrləri ədəbiyyatı, Milli ədəbiyyat (1940-1966) və Yeni ədəbiyyat (1966-dan sonra) mərhələlərinin də çox qısa şəkildə, bəzən bir cümlə ilə adı çəkilmişdir. Doğrudur, Əhməd Kabaklı türk ədəbiyyatı tarixinin dövrləşməsi üzrə təsnifat aparmağı qarşısına məqsəd kimi qoymamışdır. Lakin çoxcildlik nəşrin ayrı-ayrı cildlərinə yazdığı müqəddimələrdən yuxarıdakı məlumatları axtarıb tapmaq  mümkündür.

 

Əhməd Kabaklının “Türk ədəbiyyatı” çoxcildliyində ədəbiyyat nəzəriyyəsi  özünəməxsus yer tutur. Kitabın birinci cildi tam olaraq ədəbiyyat nəzəriyyəsi anlayışlarına həsr edilmişdir. Bu, sonrakı cildlərdə əks etdiriləcək proseslərin mahiyyətini aydın surətdə başa düşmək üçün açar rolunu oynayır. Əhməd Kabaklı “Ədəbiyyat nədir” sualından başlayaraq, ədəbi növlər və janrlar, bədii təsvir və ifadə vasitələri, ədəbi cərəyanlar və vəznlər haqqında yığcam elmi məlumatları kitaba daxil etmişdir. Ədəbiyyat nəzəriyyəsinə dair anlayışlar şərh edilərkən Qərb ədəbiyyatından, xüsusən fransız elmi-nəzəri fikrindən də misalların gətirilməsi, istinadların verilməsi Əhməd Kabaklının geniş elmi dünyagörüşə, əhatəli bilik və məlumata malik olduğunu göstərir. Analitik təhlil və şərhlər kitabdakı nəzəri materialı elmi səviyyədə çatdırmağa şərait yaradır. Əhməd Kabaklı türk təfəkkürlü və Qərb dünyagörüşlü ədəbiyyat nəzəriyyəçisidir. O, hətta bəzi hallarda Avropa ədəbiyyat terminlərini türkləşdirmək baxımından yeni sözlər icad etmişdir. Əhməd Kabaklı Qərbdə geniş yayılmış Eksiztensializm cərəyanının adını türk ədəbiyyatşünaslığına uyğunlaşdıraraq “varoluşçuluq akını” adlandırmışdır. O, ədəbiyyatın tərifindən bəhs edərkən də Qərbçi baxışlara nəzər salmaqla yanaşı, özünün yaratdığı aşağıdakı tərifi diqqətə çatdırır: “Ədəbiyyat - bilik, ehtimal və müşahidələrə dayanan duyğular, düşüncələr və xəyalların yardımı ilə gözəl söz və yazı əsərləri meydana gətirmə sənətidir”. Digər ədəbiyyat anlayışları haqqında da Əhməd Kabaklının özünəməxsus baxışı vardır. Kitabdakı təriflərin əksəriyyəti Əhməd Kabaklıya məxsusdur. Bunlar Əhməd Kabaklının geniş mənada ədəbiyyatı dərindən qavradığını, hər ədəbi anlayışın mahiyyətinə işıq salmaq imkanlarını və ümumiləşmiş elmi-nəzəri mülahizələr irəli sürmək istedadına malik olduğunu göstərir.

 

Ədəbiyyat nəzəriyyəçiliyi “Türk ədəbiyyatı” kitabının ağır tərəfidir. Əhməd Kabaklının “Türk ədəbiyyatı” ədəbiyyat nəzəriyyəsi ağırlıqlı ədəbiyyat tarixidir. Doğrudur, ədəbiyyat nəzəriyyəsinə, daha doğrusu, ədəbi cərəyanlara üstünlük vermək ədəbiyyat tarixçiliyində istinad ediləcək yeganə meyar deyildir. Burada başqa zəruri amillər də olmalıdır. Dünyanın əksər ölkələrində, o cümlədən, Türkiyədə, eləcə də Azərbaycanda təbii olaraq ədəbiyyat tarixçiliyində ədəbi-tarixi prosesin gedişatı, yazıçı və şairlərin həyatı və yaradıcılığının təqdim olunması aparıcı mövqeyə malik olmuşdur. Dövrləşmə baxımından ictimai formasiyalar üzrə bölgülərə istinad etmək meyli də uzun zaman yaşamışdır. Sadəcə xronoloji ardıcıllıqla əsrlərdən-əsrə ədəbiyyat tarixinin təqdim olunması asan yol olduğu üçün daha geniş yayılmışdır. Son illərdə Azərbaycan elmində ədəbiyyat tarixinin dövrləşməsinin kompleks yanaşmalar əsasında yeni elmi konsepsiyası da təklif olunur... Professor Əhməd Kabaklı isə ədəbiyyatın inkişaf yolunu ədəbi axınlar və qruplar üzrə təqdim etməyə üstünlük vermişdir. Daha doğrusu, ədəbiyyatın əsrdən-əsrə inkişafı çərçivəsində, lakin yazıçıların ədəbi axınlara və yaradıcılıq qruplarına görə tədqiqata cəlb edilməsi və təhlil olunması Əhməd Kabaklı konsepsiyasının mahiyyətini təşkil edir. Əhməd Kabaklı “Türk ədəbiyyatı” kitabının özünəməxsusluğunu izah edərkən bir neçə yerdə burada ədəbiyyat tarixi və mətnşünaslıqla ədəbiyyat nəzəriyyəsinin hansı miqyasda verilməsindən söz açmaqla tədqiqatında nəzəri istiqamətin aparıcı olmasını nəzərə çatdırır. “Türk ədəbiyyatı” kitabının sonrakı cildlər üçün də proqram xarakteri daşıyan birinci cildindəki “Ön söz”ündə bu çoxcildlikdə ədəbiyyat tarixi ilə nəzəriyyənin balansı aşağıdakı kimi öz əksini tapmışdır: “Nəhayət, bu kitab nə sırf tarixi bilgilər və lüzumsuz həyat hekayələriylə doldurulmuş, nə də yalnız mətn açıklamalara həsr edilmişdir. Yazıçı və şairləri, onlardan seçilmiş mətnlərə birlikdə vermiş və sənətkarları anlatmaq üçün təqdim etdikləri görüşləri mətnlərlə dəstəklənmişdir. Yazıçıların həyatları qısaca və ancaq əsərlərinə aydınlıq gətirən ölçüdə verilmiş, daha önəmli olan xarakterləri, fikirləri, üslubları üzərində durulmuşdur... Bir ədibin özünəməxsusluğunu və fikirlərini tanımadan əsərlərinin və əsərləri bilinmədən özünün anlaşılmayacağı görüşü əsas tutulmuşdur”.

 

Bu baxış Əhməd Kabaklının ədəbi-elmi mövqeyini, həm də “Türk ədəbiyyatı”nın mahiyyətini açan nəzəri tezislərdir. Əslində, yuxarıdakı fikirlərdən “Türk ədəbiyyatı  onun müəllifinin fərdi siması ilə əlaqədar əsas mətləblər aydın olsa da, kitabın ikinci cildindən gətirdiyimiz aşağıdakı sitatla müşahidə etdiyimiz qənaətləri daha konkret şəkildə aydınlaşdırmaq istəyirik: “Yazıçı və şairləri tanıdarkən onların həyat hekayələri (bioqrafiyaları) üstündə az durulmuşdur. Kitabın rahat oxuna bilməsi üçün tarix, rəqəm və şərhlərin çoxluğundan yan keçilmişdir. Araşdırmalarımızda ağırlıq nöqtəsini yazıçıların kim olmaları, fikirləri, sənət anlayışları, üstünlük verdikləri başlıca janrlar və o janrlarda göstərdikləri özünəməxsusluqlar təşkil etməkdədir. Yazıçıların iç dünyalarını araşdıran bu tərzdə çalışmalar əsl məqsədimiz olan mətnlərə daha asan yanaşmaq imkanı verir. Sənətkarların həyatları ancaq əsərlərinə işıq tutacaq qədər və sırf o məqsədlə uzun və ya qısa təqdim olunmuşdur. Bütün cildlərdə eyni xətt görünəcəkdir”.

 

Deməli, professor Əhməd Kabaklı türk ədəbiyyatşünaslığında ədəbiyyat nəzəriyyəçiliyi ağırlıqlı ədəbiyyat tarixçiliyi elmi məktəbinin yaradıcısıdır. Ədəbiyyat nəzəriyyəsi ilə ədəbiyyat tarixçiliyinin qovşağında nəzəri tərəfə üstünlük verməklə ədəbiyyat tarixi yaratmaq Əhməd Kabaklının ədəbiyyat tarixçiliyi konsepsiyasının əsasını təşkil edir. Onun “Türk ədəbiyyatı” çoxcildliyinin bütün cildlərində ədəbiyyat tarixçiliyinin yeri gözlənilməklə ədəbiyyat nəzəriyyəsi məsələləri özünün geniş əksini tapmışdır. Türk ədəbiyyatı tarixinin müxtəlif dövrlərində ədəbiyyatda baş vermiş dəyişikliklərə, meydana çıxmış ədəbi axınlara, yazıçı və şairlərin qruplaşdırılmasına dair Əhməd Kabaklının baxışları kitaba nəzəri dərinlik gətirmiş, təqdim olunan ədəbi simaların xidmətlərini, onların bədii yaradıcılığının mahiyyətini aydın başa düşməyə şərait yaradır.

 

Yazıçıları qruplaşdıranda Əhməd Kabaklı dünyagörüşü və bədii-sənətkarlıq xüsusiyyətləri etibarilə yaxın olan sənətkarlardan eyni bəhs altında söz açır. Məsələn, “XIII yüzillikdə din və təhkiyə şairləri”, “XIV yüzilin hökmdar şairləri”, “XV yüzilin Divan şairləri”, “XVI əsrin xalq şeiri”, “Tənzimat dönəminin şairləri”, “Sərvəti-Fünun”un çağdaşları” kimi geniş qruplaşdırmalarla yanaşı, Əhməd Kabaklı “Beş hecaçılar”, “İlk sosialist şairlər”, “Türkçu milliyyətçilər”, “Yeni islamçı axın”, “Bağımsız şairlər”, “Əruzu davam etdirənlər”, “Sosial gerçəkçilər”, “Köyçülər” və sair kimi bölgülərində də ədəbi materialdan çıxış etmişdir. Qeyd edilən ədəbi qruplaşdırmaların əksəriyyəti ilk dəfə Əhməd Kabaklı tərəfindən ədəbiyyat tarixində müəyyən edilmiş, oradan elmi dövriyyəyə daxil olmuşdur. Bu mənada ümumiyyətlə türk ədəbiyyat tarixinin dövrləşməsində mövcud ənənədən bir qədər irəli gedən Əhməd Kabaklı yazıçı və şairləri mövzuları, ideyaları və üslublarına görə qruplaşdırarkən  orijinallıq nümayiş etdirir.

 

Əhməd Kabaklı kitabını “Türk ədəbiyyatı” adlandırsa da, əsasən Anadolu türklərinin ədəbiyyatından bəhs etmişdir. Doğrudur, kitabın birinci-ikinci cildlərində göytürklər və uyğurlar, habelə çağatay ədəbiyyatı haqqında müəyyən məlumatlar verilmişdir. “Türk ədəbiyyatı”nda ortaq türk şairləri və mütəfəkkirlərinin həyatı və yaradıcılığından da danışılmışdır. Əhməd Kabaklı “Türk ədəbiyyatı”nın coğrafi bölümləri”nin təsnifatını apararaq, “Doğu Türk ədəbiyyatları” anlayışı çərçivəsinə aid olan Şərqi Türküstan ədəbiyyatından bəhs etmişdir. Yusif Balasaqunlu, Ədib Əhməd ibn Mahmud Yüknəki, Xoca Əhməd Yasəvi, Mahmud Kaşğari, habelə “Alpər Tonqa” və “Manas” dastanları haqqındakı təhlillər və məlumatlar “Türk ədəbiyyatı”nın ortaq türk başlanğıcının möhkəm bünövrəsini təşkil edir. Eyni zamanda, özbək-çağatay ədəbiyyatından Əlişir Nəvai, Babur Şah, Əbülqazi Bahadır xana dair verilmiş təhlillər kitabın ümumtürk xarakterini bir qədər də genişləndirir.  Burada eyni zamanda, Azərbaycan ədəbiyyatının görkəmli ədəbi simalarından da söz açılmışdır. “Türk ədəbiyyatı”nın ayrı-ayrı cildlərində çoxəsrlik Azərbaycan ədəbiyyatından “Kitabi-Dədə Qorqud” dastanları, klassik poeziyadan İmadəddin Nəsimi, Məhəmməd Füzuli, yeni dövrdən Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Əhməd Cavad, müasir dövrdən Səməd Vurğun, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Hüseyn Hüseynzadə (Hüseyn Arif), Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Məmməd Aslan barəsində kiçik oçerklər verilmişdir. Azərbaycan ədəbiyyatından materialın az olması sovet hakimiyyəti illərində Türkiyə ilə yaranmış məhdud siyasi-ideoloji mühitlə əlaqədar idi. Nəhayət, Əhməd Kabaklı XX əsrin ikinci yarısında ədəbiyyat dünyasında parlamış Krım-tatar yazıçısı Çingiz Dağçı və məşhur qırğız ədibi Çingiz Aytmatovun həyatı və yaradıcılığından bəhs etməklə “Türk ədəbiyyatı”nın ümumi türkoloji mənzərəsini tamamlamışdır. Professor Əhməd Kabaklının məşhur qırğız yazıçısı Çingiz Aytmatov haqqında dediyi “çox güclü romançılar yetişdirən rus ədəbiyyatını və dünya ədəbiyyatını da çox yaxşı oxuyan Aytmatov təbii bir təməl milli ünsürlərdən dünyaca oxunan kitablar yazmaq gücünə yetişmişdir” - kimi obrazlı və gerçək mülahizəsi ilə ümumiyyətlə, türk dünyası ədəbiyyatının hansı qüdrətə malik olmasını elmi surətdə ifadə etmişdir.

 

Professor Əhməd Kabaklının “Türk ədəbiyyatı” kitabında həm ədəbiyyat nəzəriyyəsi anlayışlarını izah edərkən, həm də ayrı-ayrı yazıçıları təqdim etdikdən sonra heç də həmişə olmasa da, amma əksər məqamlarda oçerkin sonunda bədii nümunələrin verilməsi kitabda əhatə edilən mövzuların və ya ədəbi şəxsiyyətlərin  yaradıcılığının da aydın surətdə və əyani şəkildə dərk olunmasına kömək edir. Bu yolla kitabın daxilində sanki kiçik bir ədəbiyyat müntəxəbatı da yerləşdirilmişdir. Seçilmiş bədii nümunələrin kitaba daxil edilməsi ondan istifadə edənlərin işini asanlaşdırmaq baxımından da əhəmiyyətlidir. Türkiyədəki ədəbiyyat tarixlərində bədii nümunələrin kitaba daxil edilməsi demək olar ki, qəbul edilmiş ənənədir. Heç şübhəsiz, məsələlərin bu cəhəti bütün faydalı tərəfləri ilə birlikdə Türkiyə ədəbiyyat tarixçiliyində yaşamaqda davam edən türk təzkirə ədəbiyyatı ənənəsindən irəli gəlir. Bu, bir tərəfdən ədəbiyyat tarixçiliyindəki varislik ənənəsini diqqət mərkəzinə çəkir və faydalı görünürsə, digər tərəfdən Türkiyə ədəbiyyat tarixçiliyində təzkirəçilik ənənəsindən hələ də istifadə olunduğunu nəzərə çarpdırır. Bundan başqa, “Türk ədəbiyyatı”nda hər bəhsdən sonra istifadə olunan ədəbiyyat siyahısının diqqətə çatdırılması həm kitabın elmi mənbə baxımından zənginliyini göstərir, həm də bu nəşrdən istifadə edənləri, xüsusən ali məktəb tələbələrini ədəbi-tarixi qaynaqlara doğru istiqamətləndirir.

 

Ümumiyyətlə, professor Əhməd Kabaklının ümumi həcmi 4313 səhifədən ibarət olan 5 cildlik “Türk ədəbiyyatı” kitabı Türkiyədə nəşr olunan fərqli ədəbiyyat tarixidir. Bu, xronoloji ardıcıllıq gözlənilməklə yazıçı və şairlərin ədəbi cərəyanlar və yaradıcılıq qrupları üzrə təqdim olunması əsasında yazılmış ədəbiyyat tarixi kimi orijinal əsərdir. Bu isə o deməkdir ki, Əhməd Kabaklı nəticə etibarilə türk ədəbiyyatının inkişaf yolunu müəyən edərkən ədəbi qruplar və cərəyanlar üzrə təsnifata üstünlük vermişdir. Məsələnin bu cəhəti nəinki Türkiyədə, bütövlükdə türk xalqları ədəbiyyatında yeni bir yanaşmadır. Ədalət naminə demək lazımdır ki, Əhməd Kabaklının “Türk ədəbiyyatı” kitabında bu alınmışdır. Bütün bunlara görə Əhməd Kabaklının “Türk ədəbiyyatı” adlı 5 cildlik kitabı Türkiyə ədəbiyyatşünaslarının son bir əsr ərzində ədəbiyyat tarixi baxımından apardıqları elmi axtarışların möhtəşəm yekunu, həm də yeni başlanğıcıdır. Belə demək mümkündür ki, Əhməd Kabaklı Türkiyədə ədəbiyyat tarixçiliyini ənənəvi təzkirəçilikdən, mətnşünaslıqdan, tarixi-xronoloji inkişaf mərhələsindən ədəbiyyat nəzəriyyəsi səviyyəsinə çatdırmışdır. Professor Əhməd Kabaklı ədəbiyyat tarixini fərqli formatda təqdim etməklə Türkiyə ədəbiyyat tarixçilərini qabaqlamışdır. Bu gün də ədəbiyyat tarixçiliyində ədəbi cərəyanlar üzrə təsnifat dövrləşmənin mühüm prinsiplərindən biri hesab olunur.

 

Haqqında söz açılan professor Əhməd Kabaklının 5 cildlik “Türk ədəbiyyatı” kitabı bu qiymətli əsərin on dördüncü nəşridir. Türk ədəbiyyatı Vəqfi indi kitabın altıncı cildini və on beşinci nəşrini çapa hazırlayır. Bu qədər ardıcıl nəşr olunmaq və populyarlıq qazanmaq Əhməd Kabaklının ədəbiyyat tarixçiliyini yeni istiqamətdə inkişaf etdirmək ideyasının eksperiment yox, elmi reallıq olduğunu nümayiş etdirir.

 

Əhməd Kabaklının 5 cildlik “Türk ədəbiyyatı” kitabı türk dünyası ədəbiyyat tarixçiliyinin mühüm elmi hadisəsi sayılmağa layiqdir. “Türk ədəbiyyatı” kitabı Türkiyə ədəbiyyat tarixçiliyində Əhməd Kabaklı mərhələsinin fərqli və mükəmməl nümunəsidir. Böyük zəhmətin, dərin və geniş elmi dünyagörüşün nəticəsində formalaşmış ədəbiyyat konsepsiyası əsasında yaranmış “Türk ədəbiyyatı” müasir dövrdə çoxcildlik, ümumiləşdirilmiş ədəbiyyat tarixləri yazmaq üçün əhəmiyyətli elmi mənbə olmaqla bərabər, həm də yeni ədəbiyyat konsepsiyaları hazırlamaq baxımından düşündürücü elmi-nəzəri örnəkdir.

 

11 fevral 2018

525-ci qəzet.-2018.-17 fevral.-S.10-11.