Bəstəkarlar İttifaqında Elza İbrahimova
anıldı
Fevralın 15-də Azərbaycan Bəstəkarlar
İttifaqında tanınmış
bəstəkar, Xalq artisti Elza İbrahimovanın
anadan olmasının
80 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC
xəbər verir ki, Bəstəkarlar İttifaqının katibi,
Əməkdar İncəsənət
Xadimi, professor Zemfira Qafarova bəstəkarın həyat
və yaradıcılığı
haqqında məlumat verib.
Bəstəkarın anadan olmasının 80 illiyinin ölkə başçısının müvafiq
Sərəncamı ilə
silsilə tədbirlərlə
qeyd edildiyi bildirilib.
Zemfira Qafarova deyib ki, Elza
İbrahimova ömrünün
50 ildən çoxunu
bəstəkarlıq sənətinə
həsr edib. O, bənzərsiz
yaradıcılığı ilə ən yüksək zirvələri
fəth edərək musiqisevərlərin ürəyində
özünə əbədi
heykəl ucaldıb. Elza İbrahimovanın mahnıdan
tutmuş operayadək
musiqinin müxtəlif
janrlarında bəstələdiyi
əsərlər arasında
lirik mahnılar, simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara
yazdığı musiqiləri
xüsusi yer tutur. Onun yazdığı bütün əsərlər
dərin məzmunu, yüksək bədiiliyi ilə seçilirlər.
Tədbirdə sənətşünaslıq elmləri doktoru, professor Ceyran Mahmudovanın “Elza İbrahimovanın həyat və yaradıcılığının əsas məqamlarının
səciyyəsi”, Əməkdar
Mədəniyyət İşçisi,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru Səadət Şirinovanın “Elza İbrahimovanın yaradıcılığının
televiziya və radio kanallarında təbliği”
və digər mövzularda məruzələri
dinlənilib.
Tədbirdə bəstəkarın həyat
və yaradıcılığını
əks etdirən videomaterial nümayiş olunub.
Sonda Azərbaycan Dövlət Triosu, Gülarə Əliyeva adına
“Dan ulduzu” instrumental ansamblının
müşayiəti ilə
bəstəkarın “Gecələr
bulaq başı”, “Sevgilim, tut əlimdən”,
“Sən yadıma düşəndə”, “Mehribanım”
və digər mahnıları səsləndirilib.
525-ci qəzet.-2018.-17 fevral.-S.13.