“Qarabağın səsi”nə təqdim olunan rəsmlər seçildi
Fevralın 15-də Dövlət Təhlükəsizliyi
Xidmətinin Mədəniyyət
Mərkəzində “Qarabağın
səsi” aksiyasına təqdim olunan rəsm əsərlərinin
seçim mərhələsi
keçirilib. Aksiya Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə
reallaşdırılan “Xocalıya
ədalət!” beynəlxalq
təbliğat-təşviqat kampaniyası çərçivəsində
təşkil olunur.
AZƏRTAC xəbər verir ki, seçim
mərhələsindən əvvəl
layihənin rəhbəri
Murad Qulubəyli Xocalı soyqırımının
xalqımızın qan
yaddaşı olmasından
söhbət açıb. Qeyd edib
ki, seçim mərhələsinə 300-dən çox əsər qəbul olunub. Münsiflər heyətinin seçəcəyi
ən təsirli və diqqəti cəlb edən əsərlər fevralın
24-də Dövlət Təhlükəsizliyi
Xidmətinin Mədəniyyət
Mərkəzində nümayiş
etdiriləcək. Sərgidə iştirak uçun yaş məhdudiyyəti qoyulmayıb. İştirakçıları 4-8 yaş, 8-14 yaş
və 14 yaşdan yuxarı olmaqla, üç kateqoriyada qruplaşdırmaq olar.
Seçim mərhələsinə həm qeyri-peşəkar,
həm də peşəkar rəssamlar əsərlərini təqdim
ediblər. Nəinki ölkə
daxilində, hətta Rusiya, Türkiyə, İsveç və İsraildən bu mövzu ilə bağlı əsərlər
göndərilib.
Tədbirdə münsiflər heyətinin
üzvləri - Beynəlxalq
Qadın Rəssamlar Assosiasiyasının üzvü
Nərminə Vəliyeva,
Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Nərgiz Cəlilova, Mehriban Zəki, Tünzalə Ağayeva, layihənin rejissoru Ranar Musayev aksiya
haqqında məlumat veriblər.
Çıxış edənlər sərgidə
yaş məhdudiyyəti
qoyulmamasının, eləcə
də peşəkar və qeyri-peşəkarların
iştirakının hər
kəsə Xocalı faciəsi barədə öz fikirlərini fırçanın köməyilə
ifadə etməyə
imkan yaratdığını
söyləyiblər. Qeyd edilib ki, hər
bir iş orijinaldır və onlara baxan zaman
insan ağrılı-acılı,
fərqli hisslər yaşayır. Təqdirəlayiq və gərəkli
təşəbbüs olan
bu layihənin reallaşdırılması həm
də çox məsuliyyətli bir işdir. Seçim mərhələsi əslində rəmzi xarakter daşıyır.
Buraya təqdim edilən əsərlərin hamısı
dəyərlidir. Çünki yaşından və peşəkarlığından asılı olmayaraq, hər kəs təqdim etdiyi əsərə ürəkdən
yanaşaraq, bu faciə barədə hisslərini rənglərin
dili ilə nümayiş etdirməyə
çalışıb.
Diqqətə çatdırılıb ki,
layihə həm də sənət adamlarını bu mövzu ətrafında bir araya gətirib. Aksiyada iştirak
etmək hər kəsin vətəndaşlıq
və mənəvi borcudur. Münsiflər heyətinin üzvləri
tədbirin beynəlxalq
müstəviyə çıxacağına
ümidvar olduqlarını
bildiriblər.
Çıxışlarda “Xocalıya ədalət!” kampaniyası çərçivəsində
görülən işlərin
əhəmiyyəti vurğulanıb.
Xocalı faciəsinin dəhşətlərini
yaşamış Rəhilə
Quliyeva acı xatirələrini tədbir
iştirakçıları ilə bölüşüb.
Sonra “Qarabağın
səsi” aksiyasına işlərini təqdim etmiş iştirakçılar
əsərləri haqqında
məlumat veriblər.
Xatırladaq ki, “Xocalıya ədalət!” beynəlxalq
təbliğat-təşviqat kampaniyası 2008-ci ildə
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə
başlanılıb. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında
həqiqətlərin dünyada
yayılmasına, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır.
İndiyədək Avropa, Asiya,
Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox
ölkəsində bu
faciə ilə əlaqədar tədbirlər
keçirilib. Müxtəlif ölkələrin parlamentləri
və dövlət qurumları qarşısında
etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar təşkil edilib, kitablar nəşr olunub, filmlər çəkilib. “Xocalıya ədalət!” kampaniyası sayəsində
Xocalı faciəsi bir sıra dövlətlər
və beynəlxalq təşkilatlar tərəfindən
soyqırımı kimi
tanınıb.
525-ci qəzet.-2018.-17 fevral.-S.13.