Mehriban Zəki Beynəlxalq müsabiqədə
münsif olacaq
Türkiyənin İstanbul şəhərinin
Çəkməköy bələdiyyəsi
artıq üçüncü
ildir ki, Beynəlxalq qısa film festivalı keçirir.
Keçən il 15 iyun hadisələrilə bağlı “Xəyanət
və müqavimət”
mövzusunda keçirilən
festival bu il “Qonşular”a həsr olunub. Beynəlxalq arenada böyük
marağa səbəb
olan, dövlətin nəzarəti ilə təşkil edilən müsabiqəsinin münsiflər
heyəti də artıq bəllidir.
İlkin
mərhələnin idarə
və münsiflər
heyəti Çəkməköy
bələdiyyə başqanı
Əhməd Poyrazın
ev sahibliyində
İspinoz Sosial Təsislərində keçirilən
iclasda iştirak ediblər. Layihənin yol xəritəsinin
müzakirə olunduğu
iclasa Azərbaycandan Əməkdar artist, kino və teatr aktrisası
Mehriban Zəki də qatılıb.
O, builki festivalda Azərbaycan tərəfindən
münsif kimi layihədə iştirak edəcək. Ondan başqa, layihədə
Fərhad Eşsiz, Adnan Ərdoğan, Əhməd İmamoviç,
Betül Soysal Bozdoğan, Burak Haqqı da iştirak
ediblər.
Çəkməköy bələdiyyə
başqanı Əhməd
Poyraz çıxışında
layihə haqqında geniş məlumat verib və diqqəti
builki festivalın mövzusuna çəkib:
“Çəkməköy çox
şükür ki, hələ də qonşuluq münasibətlərinin
davam etdiyi bölgədir. Bizim hələ də
bir-birinin köməyinə
gedən, evinin açarını bir-birinə
əmanət edə bilən qonşularımız
var. Bir şəhərin
sadəcə iqtisadi olaraq deyil, sosioloji
olaraq da inkişafını təmin
etmək bizim vəzifəmizdir. Biz də bu düşüncə
ilə hərəkət
edir, mövcud vəziyyəti qorumağa,
itirdiyimizi düşündüyümüz
dəyərlərimizi yenidən
diriltməyə çalışırıq.
Biz Məhəmməd Peyğəmbərin
“Qonşusu aç ikən tox yatan
bizdən deyil” - nədisi-şərifini heç
bir zaman unutmayan millətik. Sadəcə
fərd olaraq deyil, dövlət olaraq da hər
zaman qonşularımıza
əl uzadırıq.
Bu il bu mövzunu kinoşünasların,
rejissorların gözündən
görməyi və itirməkdə olduğumuz
bəzi duyğuları
gün üzünə
çıxarmağı hədəfləyirik”.
Türkiyənin Azərbaycandakı səfirliyinin
mədəniyyət və
tanıtma müşaviri
İrfan Çiftçi
ona Türkiyədən
bir sənətçinin
münsifliyinə namizəd
göstərilməsi təklifi
gələrkən Əməkdar
artist, kino və teatr aktrisası Mehriban Zəkinin namizədliyini daha uyğun gördüklərini
deyib. O qeyd edib ki, Mehriban
Zəki həm nəzəri, həm də praktik təcrübəsi ilə
Azərbaycanın sayılıb-seçilən
aktrisalarından biri olaraq, mədəniyyətimizi
bu cür beynəlxalq müsabiqədə
layiqincə təmsil edəcək: “Biz inanırıq
ki, bu layihə
də iki qardaş ölkənin mədəni-ədəbi əlaqələrinin
inkişafına, bir-birinə
daha sıx tellərlə bağlanmasına
səbəb olacaq”.
Belə
bir mötəbər tədbirdə Azərbaycanı
bir münsif kimi təmsil etmək təklifini məmnuniyyətlə qəbul
etdiyini deyən Mehriban Zəki kinonun, xüsusən, türk kinosunun inkişafında bu cür layihələrin önəmini vurğulayıb.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2018.-17 fevral.-S.12.